12 Yanvar 2025 09:10
738
CƏMİYYƏT
A- A+
Torpağı və orqanizmi zəhərləyən torbalar

Torpağı və orqanizmi zəhərləyən torbalar


Polietilen torbalardan və birdəfəlik plastik qablardan istifadənin ətraf mühitlə yanaşı, insan sağlamlığına da mənfi təsirlərinin olduğu hər kəsə - həm istehlakçıya, həm də istehsalçıya məlumdur. Belə torbaların zərərləri nəzərə alınaraq "Ətraf mühitin mühafizəsi haqqında" qanuna əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olundu. "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na  edilən dəyişikliklərə əsasən, qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməyə başlandı. Beləliklə, 2023-cü il fevralın 15-dən marketlərdə polietilen torbalar ölçülərinə görə ödənişli əsaslarla təklif olundu. 

Bioçantalardan istifadənin stimullaşdırılması məqsədilə sahibkarlara müraciətlər olundu, həmçinin yeni qaydaların tətbiqi ilə bağlı xüsusi tapşırıqlar verildi. Qanuna dəyişikliyə əsasən, qaydaları pozan sahibkarları İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən, qeyd olunan məhsulların ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçılara satılması və ya verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxsləri min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxsləri isə üç min manatdan dörd min manatadək məbləğdə cərimə gözləyirdi.

Amma müşahidələr göstərir ki, nə qanun, nə də onun cəzası zərərli polietilen torbalardan geniş istifadənin qarşısını alıb. Bunu gündəlik həyatımızda daim görürük. Böyük market şəbəkələri tərəfindən bioçantalardan istifadənin genişləndirilməsi məqsədilə stimullaşdırıcı, geniş və yaddaqalan kampaniyanın keçirildiyini də xatırlamaq olmur. 

Qonşu Türkiyədə 2019-cu ildən polietilen torbalar müəyyən məbləğ qarşılığında alıcılara təklif olunmağa başlanılıb. İlkin mərhələdə sellofanların qiyməti 25 kuruş təyin olunmuşdu. Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin məlumatına görə, bununla adambaşına aylıq plastik torba sayında 3 dəfədən çox azalma müşahidə edilib. Beləliklə, 2019-cu ildən 2024-cü ilin birinci ayına qədər olan dövrdə 1,5 milyon ton plastik tullantının əmələ gəlməsinin qarşısı alınıb. 25 kuruş inflyasiya səbəbindən əvvəlki dəyərini itirməsi plastik torbaların qiymətini yenidən artırıb. Belə ki, qərara əsasən, yanvarın 1-dən 50 kuruş olaraq müəyyənləşib.  

Ölkəmizdə polietilen torbaların ödənişli olmasından sonra istifadəsində nə kimi dəyişikliklər olduğunu, eyni zamanda qiymətlərdə artım olub-olmayacağını araşdırdıq.


Plastik torbalardan istifadə 70 faizədək azalıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekosiyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev qəzetimizə açıqlamasında bildirdi ki, polietilen torbaların marketlərdə pullu satışı ilə bağlı qərar 2021-ci ilin fevralında qəbul olunub və sahibkarlar bu qərarın tətbiqinə 2023-cü ilin fevralından başlayıblar: "İki ilə yaxın müddət keçməsinə baxmayaraq, belə torbalardan istifadə azalıb. Bunu adi müşahidələrlə də qeydə almaq mümkündür. Əvvəllər alıcılar kassadan ayrılarkən 4-6, bəzi hallarda 8 torba götürdüyü halda indi 1-2 torbadan istifadə edirlər". 

Sektor müdiri qeyd etdi ki, market şəbəkələrində aparılan monitorinqlərin nəticələrinə görə, qərarın qəbulundan ötən müddət ərzində plastik torbalardan istifadə 40-60 faiz, bəzi marketlərdə 70 faiz azalıb. Həmin plastik torba tullantılarının da bu qədər azalması deməkdir. 

M.Nəbiyev bildirdi ki, plastik torbaların ödənişli olması bu istiqamətdə atılan addımlardan yalnız biridir. Bununla yanaşı, alternativ materialdan olan qablaşdırma istehsalçıları üçün də güzəştli şərtlər qəbul edilir. Belə ki, bu il yanvarın 1-dən kvars kağız xammalı gömrük rüsumundan azad edilib ki, bu da kağız torba istehsalçıları üçün əlverişli imkan yaradır. Eyni zamanda bioplastik istehsalı sahəsinə maraq göstərən sahibkarlar da nazirliyə müraciət edərək, bazarın qiymətləndirilməsini aparırlar. "Hazırda plastik torbaların satış qiymətinin öz dəyərinə uyğunlaşdırılması ilə bağlı təkliflərimiz aidiyyəti qurumlara və bu sahədə fəaliyyət göstərən sahibkarlara təqdim olunub. Digər ölkələrin təcrübəsi göstərir ki, plastik torbalar pullu olduqdan və qiyməti artırıldıqdan sonra bu torbalardan istifadə 60-70 faiz, bəzi hallarda 90 faiz azalıb. Ölkəmizdə də bu istiqamətdə ardıcıl addımların atılması nəzərdə tutulur.

Polietilen torbaların qiymətinə gəlincə isə sektor müdiri bildirdi ki, qiymətləri sahibkarlar özləri müəyyən edirlər: "Qeyd etdiyim kimi, torbaların azaldılması təkcə onun qiymətinin artırılması ilə məhdudlaşdırılmır. Bu, atılan addımlardan yalnız biridir. Qiymət artımında məqsəd alternativ materialdan qablaşdırma istehsalına maraq göstərən sahibkarlara rəqabət mühiti yaratmaqdır. Məqsəd də odur ki, onlar da bu bazara daxil ola bilsinlər və yekunda marketlərdə təkcə plastik torbalar deyil, digər materialdan olan, ətraf mühitə zərərli təsir göstərməyən qablaşdırma məhsulları da təklif olunsun".

M.Nəbiyev vurğuladı ki, yerli sahibkarlar bioplastikin ölkədə istehsalına maraq göstərirlər. Ölkəyə idxal olunan bioplastik çantaların qiyməti yüksək olduğundan sahibkarların diqqətini o qədər də çəkmirdi.Yerli istehsal qurulandan sonra isə marketlərdə daha ucuz qiymətə bioplastik məhsullar təklif oluna bilər. 


Polietilen torbalarla bağlı indiyədək cərimə tətbiq edilməyib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sorğumuza cavab olaraq bildirildi ki, "Ətraf mühitin mühafizəsi haqqında" qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan, qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi onlara bildirilməli və satış qiyməti haqqında istehlakçıya əvvəlcədən məlumat verilməlidir. 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci yanvarın 1-dək dayandırıldığından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həmin tarixədək sözügedən hallarla bağlı yoxlama və monitorinqlər həyata keçirilməyib. "Buna baxmayaraq, Dövlət Xidməti tərəfindən Bakı şəhəri və regionlarda ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarların iştirakı ilə mütəmadi maarifləndirmə tədbirləri keçirilir. Sahibkarlıq subyektlərinə müvafiq sahədə qanunvericiliyin tələbləri izah olunur və sözügedən məhsulların satılmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verilir", - deyə əlavə olunub.

Xidmətdən o da bildirildi ki, müvafiq dəyişikliyin tətbiqindən sonra Dövlət Xidmətinə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların sahibkarlar tərəfindən ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi ilə bağlı əsaslı müraciətlər daxil olmadığından cərimə tətbiq edilməyib.

"Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkar qanunvericiliyə əməl etməklə öz malları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir: "Nazirlər Kabinetinin qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilir. Həmin siyahıya daxil olan malların qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların qiymətləri, o cümlədən polietilen torbalar və birdəfəlik istifadə üçün plastik qabların qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında mövcud qanunvericiliyin tələblərinə əməl etməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.


Polietilen torbalar fauna və flora sisteminə ciddi ziyan vurur


Polietilen torbaların ətraf mühitə ciddi zərərlərindən danışan ekoloq Cəmşid Quliyev bildirdi ki, belə torbalar gec parçalanmasına görə daha təhlükəlidirlər. Polietilenin parçalanması yüz illər, bəzən 2 min ilə qədər vaxt tələb edir. "Bu müddətdə polietilen torbalar torpağı, suyu təhlükəli şəkildə çirkləndirir, fauna və floraya mənfi təsir göstərir. Sellofan torbaların parçalanarkən yaratdığı əsas təhlükə onların mikroplastiklərə çevrilməsidir. Mikroplastiklər torpağın məhsuldarlığını aşağı salır, su mənbələrini çirkləndirir, həmçinin suda və quruda yaşayan canlılar üçün ciddi təhlükəyə çevrilir. Dənizdə, quruda yaşayan heyvanlar çox vaxt polietilen torbaları qida bilib yeyirlər ki, bu da onların həyatı bahasına başa gəlir. Hətta ev heyvanlarının polietilen torbalarla qidalanması nəticəsində ölməsi artıq adi hal alıb. Bəzi hallarda zəhərləndikləri deyilir, amma nədən zəhərləndiklərini müəyyənləşdirə bilmirlər. Bütün bunlar polietilen torbaların, ümumiyyətlə, plastik tullantıların ətraf mühitdə yaratdığı fəsadlarla əlaqədardır", - deyə C.Quliyev əlavə etdi.

Onun sözlərinə görə, polietilen torbalar yandırılaraq utilizasiya edilir, amma bu proses özü də bir çox halda təhlükəli şəkil alır. Çünki bu zaman ətrafa çoxlu miqdarda karbon qazı və zərərli qazlar yayılır ki, onun tüstüsü belə təbiətdə yüz illərlə qalmağı bacaran zərrəciklərdən ibarətdir. Bu zərrəciklər ətraf mühitdə uzun müddət qalaraq təbiəti çirkləndirməyə davam edirlər. Həmçinin karbon qazı iqlim dəyişiklikləri prosesinə daha da təkan verir. 

Ekoloq qeyd etdi ki, polietilen torbalar təbiətdə yayılan əleyhqaz sistemi balansını da pozur: "Bu da onların təbiətə vurduğu əsas zərbələrdən biridir. Bitki və heyvan populyasiyalarına mənfi təsir göstərir. Digər tərəfdən polietilen torbaların təkrar emalı bahalı və çətin prosesdir. Ona görə də bunlar təkrar emaldan keçirilmədən atılır. Polietilen torbalardan istifadə zərurəti onların verdiyi zərərləri göz qabağına alarkən aydın olur ki, bu o qədər də faydalı çıxış yolu deyil. Ona görə alternativ yollar axtarılmalıdır. Əslində, alternativlər var, sadəcə insanlar daha rahat, ucuz başa gələn üsullara meyillidirlər. Amma bu ucuz başa gəlmə sadəcə olaraq məhsulun istehsal xərcləri ilə bağlıdır. Zərərləri göz qarşısına alanda bunun cəmiyyətə və təbiətə necə baha başa gəldiyini təsəvvür etmək, hətta hesablamaq da olar".


Xəstəlik törədir, ətraf mühiti çirkləndirir


Ümumilikdə polietilen torbalardan istifadə ətraf mühiti çirkləndirməklə yanaşı, insan orqanizminə də mənfi təsir göstərir. Bununla yanaşı, polietilen paketlər ümumi tullantıların təxminən 10 faizindən çoxunu təşkil etməklə ekologiyaya zərər vurur. 

Beləliklə, sellofanların hərtərəfli zərərlərini nəzərə alaraq istifadəsinin minimuma endirilməsi, bioparçalanan çantalara üstünlük verilməsi sağlamlığımızı qorumaqla yanaşı, hədsiz tullantı yaranmasının qarşısını almaqla təbiəti də çirklənmədən qoruyacaq. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17:38
14 İyun

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib  

17:23
14 İyun

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

16:47
14 İyun

Ebola virusu Konqoda sürətlə yayılır

16:04
14 İyun

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

15:57
14 İyun

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdi

15:49
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!