İkinci Qarabağ müharibəsini zəfərlə bitirəndən dərhal sonra işğaldan azad edilmiş ərazilərə uğurla Böyük qayıdışı həyata keçirən Azərbaycan dövlətinin qarşısındakı növbəti hədəf erməni şovinistləri tərəfindən etnik təmizləməyə məruz qalaraq dədə-baba torpaqlarından zorla didərgin salınan qərbi azərbaycanlıların öz tarixi yurdlarına dönüşünü gerçəkləşdirməkdir.
Bu mövzunu siyasi gündəliyə gətirən və yüzminlərlə soydaşımızın qayıdış hüququnu yüksək tribunalardan səsləndirən Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində qətiyyətlə vurğuladı ki, bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.
Tarix olduğu kimi
Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri XIX-XX əsrlər ərzində mərhələli şəkildə soydaşlarımızı indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovublar.
1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz İrəvan Ermənistana bağışlanıb. 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra digər torpaqları sovet hökumətinin xain siyasəti nəticəsində Ermənistana birləşdirilib, 1948-1953-cü illərdə qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalıblar. 1987-ci ildən erməni millətçiləri sovet hökumətinin dəstəyi ilə azərbaycanlıları tarixi diyarları Qərbi Azərbaycandan deportasiya ediblər.
Ermənilər Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər, toponimlərimizi dəyişdirib uydurma adlar qoyublar, türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər.
Qondarma Ermənistan dövlətinin faşist ideyalı daha bir prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də - Ağdamın işğalı günündə "Yerkrapa" könüllülər birliyinin toplantısında etdiyi çıxışının videoyazısı bu günlərdə üzə çıxıb. Faşist Petrosyan açıq şəkildə ermənilərin həyata keçirdikləri işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı etnik təmizləmədən bəhs edib, düz 6 əsrdir ki, ermənilərin Qarabağ, indiki Ermənistan ərazisini yad millətlərdən, yəni əsrlərdir bu ərazilərdə yaşayan yerli azərbaycanlılardan tamamilə təmizlədiklərini bildirib.
Eyni zamanda Petrosyan adlı bu murdar məxluq etiraf edib ki, indiki Ermənistan ərazisində üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda isə onların sayı həddindən artıq çox idi.
Göründüyü kimi, faşist Robert Koçaryan, Serj Sarkisyan kimi, qondarma Ermənistanın birinci prezidenti də milli nifrət zəminində azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiklərini həyasızlıqla etiraf edib. 30 ildən sonra olsa da üzə çıxan Petrosyanın bu qanlı etirafları beynəlxalq məhkəmələrdə erməni faşistlərinin əleyhinə işləyəcək əsaslı dəlildir. Həm də bu təkzibedilməz faktlar əsasında qərbi azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar.
Beynəlxalq norma və prinsiplərə uyğun tələb
Azərbayan dövlətinin gündəliyində duran vacib məsələlərdən biri Ermənistandan qovulmuş yüzminlərlə soydaşımızın hüququnun bərpası, onların tarixi torpaqlarına qaytarılmasıdır.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Prezident İlham Əliyevin 2024-cü il 5-6 dekabr tarixlərdə Bakı şəhərində "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.
Qərbi azərbaycanlıların doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı söylədi ki, bu məsələ artıq beynəlxalq gündəliyə salınmışdır: "Bundan sonra, əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir".
Dövlət başçısı onu da vurğuladı ki, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin: "Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir?"
Paşinyanın "sülhsevər hekayəsi"
Ancaq özünü "sülh göyərçini" kimi qələmə verən baş nazir Nikol Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların haqlı tələblərini yerinə yetirmək əvəzinə bu məsələ ətrafında manipulyasiyalar edərək beynəlxaq ictimaiyyəti çaşdırmağa çalışır. N.Paşinyan bu günlərdə sosial şəbəkələrdə yaydığı statusda da növbəti dəfə sözügedən məsələ ilə əlaqədar cəfəng, tarixi və coğrafi faktları danan məlumatlar verib.
Eyni zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu il yanvarın 8-də keçirilən mətbuat konfransında Qərbi Azərbaycan İcması və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı saxta iddialar səsləndirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın iddialarına cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bununla bağlı sosial mediada paylaşım edib: "Maraqlıdır ki, sizin "sülhsevər hekayəniz" regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.
Əgər Ermənistan həqiqətən də qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınızın "Qərbi Ermənistan" və "Dağlıq Qarabağ Respublikası" adlandırdığınız ərazilərə iddialarından konstitusiyanız və milli qanunvericiliyiniz çərçivəsində imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edirsiniz? Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın "xoş niyyətinin" təsdiqi sayıla bilməz".
Qayıdışa mane ola bilməyəcəklər
Həmçinin XİN-in Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı Qərbi Azərbaycan İcması ilə bağlı səsləndirilən iddialara dair şərhində bildirilir ki, Ermənistanın Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə olunmasını "beynəlxalq hüquq pozuntusu", "ərazi iddiası" kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi azərbaycan ərazilərini "erməniləşdirmək" və azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.
Göründüyü kimi, indiki Ermənistan hökumətinin başında dayananlar da açıqlamaları ilə heç də Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan kimi faşist ideologiyalı keçmiş liderlərdən fərqlənmədiklərini nümayiş etdirirlər. Ancaq hələ də davam etməkdə olan erməni şovinizminin bütün bu murdar planları, niyyətləri tarixə, beynəlxalq hüquqa dayanan gerçəkləri dəyişdirə bilməyəcək. Qərbi azərbaycanlılar layiqli və təhlükəsiz şəkildə dədə-baba torpaqlarına - Qərbi Azərbaycana qayıdacaqlar.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"