Yeni təşkilata üzvlük yeni əlaqələr, əməkdaşlıq üçün yeni imkanlar yaradır. 2024-cü il dekabrın 19-da Azərbaycan Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı yekdilliklə D-8 təşkilatının üzvü seçilib .
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə də xüsusi toxunmuşdur.
Xatırladaq ki 1996-cı il oktyabrın 22-də "İnkişafda əməkdaşlıq konfransı"ndan sonra onun qurulmasına hazırlıq işləri görülməyə başlanılıb. 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının zirvə toplantısında D-8-in qurulduğu rəsmən elan olunub. Sammitdə təşkilatın yaradılması ilə bağlı İstanbul qətnaməsi qəbul edilib.
Birliyin məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara, əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etməkdir.
Üzv ölkələr arasında iqtisadiyyatı ən çox inkişaf edəni Türkiyədir. Onun ardınca İndoneziya, İran, Misir, Pakistan, Malayziya, Nigeriya və Banqladeş gəlir.
Avropa, Asiya və Afrikanı - üç qitəni əhatə edən səkkiz ölkənin (Azərbaycan daxil olanadək) ümumdaxili milli məhsulun həcmi 4,5 trilyon dolları ötüb. Təşkilata üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dollardır.
Azərbaycan təşkilata üzv olana qədər ixracat 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxalat 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.
Azərbaycanın üzvlüyü ilə artıq təşkilat D-9 adlandırılır. D-9 regional yox, qlobal mahiyyətli təşkilatdır. Təşkilat qrupun məqsədlərini, prinsiplərini qəbul edən və ümumi əlaqələri paylaşan inkişaf etməkdə olan başqa ölkələr üçün də açıqdır. D-8 regional və beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərə heç bir mənfi təsir göstərməyən bir forumdur.
Azərbaycanın belə bir nüfuzlu təşkilata üzv olması beynəlxalq aləmdə etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü təsdiq edən amil olmaqla ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir .
Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində ölkəmizin bu nüfuzlu beynəlxalq təşkilata üzvlüyünü yüksək dəyərləndirərək deyib: "Bizim namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə olmuşdur. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mən hətta bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdim, təqribən 7-8 il bundan əvvəl. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi. Biz əlbəttə ki, üzv ölkələrlə daha sıx təmasda olacağıq. Halbuki bu günə qədər də bütün üzv ölkələrlə bizim çox fəal münasibətlərimiz var. Biz bu qərarı yenə də uğurlarımızın qəbul olunması hesab edirik və yenə də deyirəm, bu, sadəcə olaraq, birinci addımdır. Əsas məsələ D-8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. Əlbəttə ki, bizim öz fikirlərimiz, öz gündəliyimiz var. Biz üzv ölkələrlə daim təmasda olaraq öz təkliflərimizi verəcəyik. Düşünürəm ki, D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır. Hesab edirəm ki, bir halda, artıq genişlənməyə start verildi, bu, Azərbaycanla məhdudlaşmayacaq və ola bilsin ki, digər ölkələr dəvət ediləcək. Əlbəttə ki, bu məsələlərə konsensus əsasında baxılacaq".
Tarixən Şərq ilə Qərb arasında körpü rolu oynamış, islam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın bu beynəlxalq təşkilata üzvlüyü dövlətlərarası əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, islam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"