Yaxın Şərqdə artan gərginlik dünya ticarət marşrutlarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə Qırmızı dəniz və Süveyş kanalı ətrafında yaranan risklər alternativ nəqliyyat yollarının əhəmiyyətini artırır. Bu baxımdan Orta dəhliz son illərdə daha çox diqqətçəkən marşrutlardan birinə çevrilib.
Milli Məclisin deputatı Aydın HÜSEYNOV qəzetimizə açıqlamasında deyib ki, Orta dəhliz Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat xəttidir. Bu marşrut Şərqlə Qərbi birləşdirən ən qısa və təhlükəsiz alternativlərdən biri hesab olunur. "Hazırda dünya ticarətinin təxminən 12 faizi Süveyş kanalı vasitəsilə həyata keçirilir. Bölgədə hər hansı hərbi və ya siyasi gərginlik yükdaşımaların gecikməsinə, nəqliyyat xərclərinin artmasına və təchizat zəncirlərində problemlərə səbəb olur. Son aylarda baş verən hadisələr bunu bir daha təsdiqlədi. Belə şəraitdə Orta dəhliz yükdaşımaların şaxələndirilməsi baxımından strateji əhəmiyyət qazanır. Bu marşrut vasitəsilə Çin ilə Avropa arasında yüklərin daşınma müddəti orta hesabla 15-20 günə qədər azalır. Müqayisə üçün qeyd etmək olar ki, bəzi dəniz marşrutlarında bu müddət 35-45 günə qədər uzana bilir", - deyə o əlavə edib.
Azərbaycanın Orta dəhlizin əsas iştirakçılarından biri olduğunu deyən deputat qeyd edib ki, son illərdə ölkədə nəqliyyat və logistika infrastrukturuna böyük investisiyalar yatırılıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücü hazırda ildə 15 milyon ton təşkil edir və gələcəkdə bunun 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu da bu marşrutun əsas həlqələrindən biridir.
A.Hüseynov bildirib ki, 2024-cü ildə Orta dəhliz üzrə yükdaşımaların həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım göstərib: "Beynəlxalq təşkilatların proqnozlarına görə, yaxın illərdə bu marşrutla daşınan yüklərin həcmi daha da yüksələcək. Bu isə region ölkələri üçün əlavə gəlirlər, yeni investisiyalar və iqtisadi imkanlar deməkdir".
Deputat vurğulayıb ki, Yaxın Şərqdə davam edən qeyri-müəyyənlik fonunda Orta dəhliz təkcə alternativ nəqliyyat xətti deyil, həm də qlobal ticarətin dayanıqlılığını təmin edən vacib strateji marşrut kimi önə çıxır. Azərbaycanın bu dəhlizdə oynadığı rol isə ölkənin beynəlxalq logistika və nəqliyyat mərkəzi kimi mövqeyini daha da gücləndirir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"