"Ağ ölüm"ə qarşı mübarizə daha təsirli olar
Müasir dünyamızı təhdid edən qlobal problemlər sırasında geniş miqyasa, dağıdıcı təsirə və sürətli yayılma tempinə malik narkomaniya xüsusi yer tutur. O, artıq yalnız ayrı-ayrı fərdlərin, ailələrin və ya cəmiyyətlərin faciəsi deyil, sosial rifahı, ictimai sağlamlığı, iqtisadi inkişafı və dövlətlərin təhlükəsizliyini sarsıdan qlobal çağırışdır.
Narkotik maddələrin istifadəsi hər il milyonlarla insanın həyat keyfiyyətini aşağı salır, gənc nəslin gələcəyini risk altına alır, cinayətkarlığın artmasına, dolayısı ilə bu cinayətlərə məruz qalan insanların həyat və mülkiyyətinin təhlükə altına düşməsinə zəmin yaradır. Statistikaya görə, hazırda bütün dünyada 15-64 yaş aralığında 320 milyona yaxın insan narkotik asılılığından əziyyət çəkir. Bu, dünya əhalisinin təxminən 6 faizindən çoxdur. Məyusedici göstərici həm də budur ki, son 10 ildə narkotik asılılığına mübtəla olanların sayı artmaqdadır. Baxmayaraq ki, hər il bütün dünyada narkotik maddələrin təsirindən yüz minlərlə insan həyatını itirir, hazırda da təxminən 70 milyon nəfərə yaxın şəxs narkotik asılılığı səbəbilə ciddi sağlamlıq və sosial problemlərlə üz-üzədir.
Dünyada ən çox istifadə olunan narkotik maddə marixuanadır, onun istifadəçilərinin sayı 244 milyona çatır. Bundan əlavə, 61 milyon insan opioidlərdən, milyonlarla insan isə amfetamin, kokain və sintetik narkotiklərdən istifadə edir. Narkomaniya problemi regionlar üzrə fərqli səviyyələrdə yayılıb. ABŞ bütün dünyada opioid böhranının ən kəskin səviyyədə olduğu ölkələrdən biri kimi tanınır. Burada hər il on minlərlə insan narkotikdən aşırı dozada istifadə nəticəsində həyatını itirir. Əfqanıstan qlobal heroin istehsalının əsas mərkəzi kimi tanınır və bu həm daxili, həm də beynəlxalq narkotik dövriyyəsinə ciddi təsir göstərir. Rusiya və İran kimi ölkələrdə opioid və sintetik narkotiklərdən istifadə geniş yayılmışdır. Braziliya və Meksika isə narkotik tranziti və mütəşəkkil cinayətkarlıqla bağlı yüksək risk zonaları hesab olunur.
BMT-nin bədbin proqnozu
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin proqnozlarına əsasən, 2030-cu ilədək dünyada narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artacağı gözlənilir. Bu göstəricilər narkotik istifadəsinin qlobal səviyyədə necə böyük problem olduğunu bir daha təsdiqləyir və onunla mübarizə sahəsində daha təsirli mexanizmlərin tətbiqini zəruri edir, eləcə də dövlətlər üçün milli təhlükəsizliyin qorunması baxımından yeni risklər və çağırışlar formalaşdırır.
Narkomaniya problemi dünyanın bütün ölkələri kimi Azərbaycan üçün də son dərəcə aktualdır. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, 2024-cü ilin sonuna ölkəmizdə dispanser qeydiyyatına düşən narkotik istifadəçilərinin sayı 40490 nəfər olub. Onlardan 39485 nəfəri kişi, 1005 nəfəri qadındır. Qeydiyyatda olanların 20182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11697 nəfəri eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.
Rəqəmlərin müqayisəsi Azərbaycanda da narkotik asılılığından əziyyət çəkənlərin sayının ildən-ilə artdığını göstərir. 2024-cü ildə ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata düşənlərin sayı 4 967 nəfər olub. 2023-cü ildə isə bu qərəm 3 796 nəfər idi. Onu da qeyd edək ki, bu rəqəmlər yalnız rəsmi qeydiyyat sənədlərinə əsaslanır, real say çox böyük ehtimalla bu rəqəmlərdən də yüksəkdir. Ölkəmizdə narkotik maddələrdən istifadənin gənclər arasında artım tendensiyası xüsusilə narahatedici məqamdır.
Azərbaycanda narkomaniyaya qarşı effektiv tədbirlər görülür
"Ağ ölüm"ə qarşı mübarizə Azərbaycan hökuməti üçün əsas prioritetlərdəndir və son onilliklərdə bu istiqamətdə ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin mühüm hissəsi ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətinə yönəlib.
Azərbaycan BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyasına, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasına, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasına, eləcə də digər beynəlxalq müqavilələrə qoşulub. Bu addımlar narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin beynəlxalq norma və prinsiplər əsasında gücləndirilməsinə hüquqi zəmin yaradıb.
Müasir dünyamızda müşahidə olunan qlobal trendlər və müasir çağırışlar narkotiklərlə mübarizədə rəqəmsal nəzarət mexanizmlərinin genişləndirilməsini və hüquqi müstəvidə innovativ yanaşmaların tətbiqini qaçılmaz edir. Belə yanaşma mövcud risklərə çevik reaksiya verən və uzunmüddətli dayanıqlılığı təmin edən müasir mübarizə sisteminin formalaşdırılmasına imkan yaradır. Azərbaycan da narkomaniya bəlasına qarşı mübarizədə bu yanaşmaya əsaslanır, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha sistemli və kompleks şəkildə təşkil etməyə çalışır. Bu istiqamətdə yüksəkixtisaslı kadr potensialı formalaşdırılır, narkoloji xidmət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, innovativ texnologiyaların tətbiqi və antinarkotik maarifləndirmə fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi götürülür.
Ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının vaxtında aşkarlanması, qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də bu fəaliyyətin doğura biləcəyi mənfi təsirlərin minimuma endirilməsi məqsədilə mexanizmlər, müalicə vasitələri davamlı olaraq təkmilləşdirilir, beynəlxalq müstəvidə əməkdaşlıq imkanları genişləndirilir.
Əsas hədəflər
Son onilliklər Azərbaycanda bu problemə qarşı mübarizə sahəsində kompleks tədbirləri əhatə edən bir sıra dövlət proqramları qəbul edilərək icra olunmuşdur. Prezidentin 2000-ci il 15 iyul tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən, 2007-ci il 28 iyun tarixli sərəncamı ilə 2007-2012-ci illər üzrə, 2013-cü il 24 iyun tarixli sərəncamı ilə 2013-2018-ci illər üzrə və 2019-cu il 22 iyul tarixli sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dövlət proqramları təsdiqlənərək ardıcıl şəkildə həyata keçirilmişdir.
Bu dövlət proqramları çərçivəsində atılan addımlar nəticəsində sahə üzrə normativ-hüquqi baza müasir çağırışlara uyğun təkmilləşdirilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvi prosesində təşkilati işlər və nəzarət mexanizmləri gücləndirilmiş, narkomaniya ilə bağlı müalicə alan şəxslər üzərində daha səmərəli tibbi nəzarət təmin edilmiş, müalicə metodlarının müasirləşdirilməsi, narkoloji tibb müəssisələrinin kadr potensialının artırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq genişləndirilmiş, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyalarının fəaliyyətinin effektivliyi yüksəldilmiş, maarifləndirmə və təbliğat tədbirlərinin davamlılığı təmin olunmuşdur.
Bütün bunlara paralel olaraq narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış və istintaq fəaliyyətləri də gücləndirilmiş, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər genişləndirilmişdir. Sağlam həyat tərzinin təşviqi, narkomanlığın zərərli nəticələri barədə ictimai məlumatlandırma işi, xüsusilə uşaq və gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə tədbirləri daha geniş miqyasda həyata keçirilmişdir. Bu tədbirlər hazırda da ardıcıl şəkildə davam etdirilməkdədir.
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu qlobal bəlaya qarşı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət göstəricilərin əldə edilməsi, narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsinin fəaliyyətinin təmin edilməsi, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər çərçivəsində effektiv əməkdaşlığın yüksəldilməsi bu gün dövlətimizin əsas hədəflərindəndir. Bundan başqa, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində səmərəliliyin artırılması, narkomaniyadan xilas olan şəxslərin cəmiyyətə inteqrasiyasını və məşğulluğunu hədəfləyən layihələrin həyata keçirilməsi, uşaq və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşmasına töhfə verilməsi qarşıya mühüm hədəflər kimi qoyulub.
Güc birlikdədir
Bütün bunlarla yanaşı, qlobal təcrübə də göstərir ki, problemin miqyasını, təsir dairəsini nəzərə alaraq narkomaniyaya qarşı mübarizə təkcə dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə və səhiyyə orqanlarının fəaliyyəti ilə məhdudlaşa bilməz. "Ağ ölüm"ə qarşı effektiv, dayanıqlı nəticələr yalnız cəmiyyətin bütün təbəqələrinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində mümkündür. Bu baxımdan ümumən cəmiyyət narkomaniyaya qarşı sağlam və prinsipial mövqe formalaşdırmalı, bu bəlanın normallaşdırılmasına və ya laqeyd yanaşılmasına imkan verməməlidir. İctimai mühitdə sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtının səmərəli təşkili və risk qruplarına qarşı diqqətin artırılması narkomaniyanın yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Cəmiyyətin ümumi münasibəti narkotik istifadəsinə qarşı aydın və birmənalı mövqe ortaya qoyduqda, profilaktik tədbirlərin təsir gücü də yüksəlir.
Narkomaniyanın sosial, psixoloji, mədəni fəsadları müxtəlif vasitələrlə davamlı şəkildə geniş ictimaiyyətə çatdırılmalı, xüsusilə ailədəki, təhsil müəssisələrindəki erkən tərbiyədən gənc nəslin düzgün dəyərlər sistemi formalaşdırılmalıdır. Cəmiyyətimizdə rol modellərin formalaşması və mənəvi dayaq yaratması narkomaniyaya qarşı mübarizədə mühüm amillərdəndir.
Medianın üzərinə düşən vəzifələr də az deyil. Kütləvi informasiya vasitələri narkomaniya mövzusunu sensasiya və romantikləşdirmədən uzaq, məsuliyyətli və maarifləndirici formada işıqlandırmalıdır. Real faktlara, ekspert rəylərinə və elmi əsaslara söykənən materiallar cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edir. Bununla yanaşı, uğurlu müalicə, reabilitasiya nümunələrinin təqdim edilməsi narkomaniyadan çıxış yolunun mümkün olduğunu göstərərək ümid və motivasiya yaradır.
Fərdi vətəndaşların rolu da burada çox mühümdür. Hər bir şəxs ailəsində, yaxın ətrafında və sosial mühitdə narkomaniyaya qarşı maarifləndirici mövqe tutmalı, şübhəli hallara biganə qalmamalı, sağlam həyat tərzini şəxsi davranışı ilə təşviq etməlidir. Xüsusilə valideynlərin və müəllimlərin gənclərlə açıq ünsiyyəti, etimad mühiti yaratması profilaktik baxımdan böyük əhəmiyyət kəsb edir.
Nəticə etibarilə narkomaniyaya qarşı mübarizə yalnız inzibati və cəza tədbirləri ilə deyil, ictimai şüurun formalaşdırılması, mənəvi dəyərlərin möhkəmləndirilməsi və sosial həmrəyliyin gücləndirilməsi yolu ilə uğur qazana bilər. Dövlətin məqsədyönlü siyasəti ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin məsuliyyətli və fəal mövqeyi bu təhlükəli problemin qarşısının alınmasında həlledici rol oynayacaq.
İradə ƏLİYEVA,
"Azərbaycan"