ABŞ Prezidenti Donald Trampın nümayəndələri - xüsusi elçi Stiv Uitkoff, Ağ Evin baş müşaviri Coş Qrünbaum və Amerika liderinin kürəkəni Cared Kuşner Kremldə qapalı qapılar arxasında Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoymağın mümkün yolları ilə bağlı növbəti müzakirə üçün görüşüblər. Danışıqlar yanvarın 23-nə keçən gecə başa çatıb.
Kreml Mətbuat xidmətinin məlumatına görə, görüş üç saat yarımdan çox davam edib. Vladimir Putinin köməkçisi Yuri Uşakov, Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) xüsusi nümayəndəsi və baş direktoru Kirill Dmitriyevin iştirak etdikləri danışıqlardan sonra Y.Uşakov media üçün brifinq keçirib. Onun dediyinə görə, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner arasında keçirilən görüş olduqca məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı olub. Y.Uşakov jurnalistlərə bildirib ki, görüş zamanı həm S.Uitkoff, həm də C. Kuşnerin şəxsən qatıldıqları ABŞ Prezidentinin Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ilə bağlı təəssüratlarını birbaşa bölüşüblər. "Ümumiyyətlə deyərdim ki, Rusiya Prezidentinin ABŞ nümayəndələri ilə görüşü xüsusilə Amerikanın ukraynalılar və avropalı tərəfdaşlarla təmasları haqqında məlumat əldə etməyə və birlikdə gələcək fəaliyyət üçün parametrləri müəyyən etməyə yönəlmişdir", - deyə Y.Uşakov izah edib. Tərəflər həmçinin Qəzza Sülh Şurası, Qrenlandiya və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər və Ukrayna və digər məsələlər üzrə sıx əlaqələr saxlamaq barədə razılığa gəliblər.
"Vladimir Putinin vurğuladığı kimi, biz Ukrayna böhranının siyasi və diplomatik yollarla həllində səmimi şəkildə maraqlıyıq. Lakin buna nail olana qədər Rusiya strateji təşəbbüsü əlində saxladığı döyüş meydanında xüsusi hərbi əməliyyat üçün müəyyən edilmiş məqsədləri ardıcıl olaraq həyata keçirməyə davam edəcək", - deyə Kremlin Mətbuat xidməti Y.Uşakovun sözlərini sitat gətirib.
V.Putinin görüş ərəfəsində verdiyi açıqlamalara istinadən TASS-ın yaydığı məlumata görə, tərəflər digər məsələlərlə yanaşı, Rusiyanın D.Tramp tərəfindən Fələstin-İsrail və digər münaqişələrin həlli üçün yaradılan "Sülh Şurası"na dəvət edilməsini, eləcə də ABŞ-də dondurulmuş Rusiya aktivlərinin taleyini müzakirə etməyi planlaşdırıblar. Daha əvvəl - yanvarın 21-də V. Putin Rusiyanın bu aktivlərdən 1 milyard dollarını "Sülh Şurası"na göndərə biləcəyini və qalan məbləği Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı zərərçəkmiş ərazilərin bərpası üçün istifadə edə biləcəyini bildirib. Prezident bunun Kiyevin nəzarətində olan və ya Rusiya tərəfindən işğal edilmiş ərazilərə aid olduğunu dəqiqləşdirməyib.
Yanvarın 23-də axşam Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna üçtərəfli təhlükəsizlik məsələləri üzrə İşçi qrupunun ilk iclası başlayıb. Uzun müddətdən sonra ilk dəfə olaraq Moskva və Kiyev nümayəndələri birbaşa görüşüblər. BƏƏ-də iki gün davam edəcək danışıqlarda ABŞ vasitəçi kimi çıxış edir.
Bu arada Prezident Volodimir Zelenski Əbu-Dabidə Rusiya və Amerika tərəfləri ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətini genişləndirib. Heyətə Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski də daxil olunub. "Mən komandanı genişləndirmişəm. Əlbəttə ki, danışıqlarda nümayəndə heyətinin rəhbəri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident ofisinin rəhbəri Kirilo Budanov, hakim "Xalq xidmətçisi" Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Andrey Qnatov, Prezident ofisinin rəhbərinin birinci müavini Sergey Kislitsa və daha bir neçə nəfər iştirak edəcək", - deyə V.Zelenski Ukrayna mediasına bildirib. O həmçinin etiraf edib ki, həmişə avropalı tərəfdaşların danışıqlarda iştirak etməsini arzulayıb, lakin yanvarın 23-24-də keçiriləcək görüşlər üçtərəfli olacaq. V. Zelenski qeyd edib ki, ərazi məsələsi danışıqların əsas mövzusu olacaq və danışıqlardan sonra avropalı müttəfiqlərinə hesabat verəcək.
Daha əvvəl İtaliyanın "Corriere della Sera" qəzeti mənbələrə istinadən Rusiya, ABŞ və Ukraynanın danışıqlar qruplarının Əbu-Dabidə keçiriləcək görüşündə sülh müqaviləsinin əsası olacaq gözlənilən dörd sənədin təqdim ediləcəyini bildirib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"