Saf su, torpaq boya, dananın ödü, mərmər tozu... və min il öncə Təbrizdən dünyaya yayılan ebru sənətinin əsrlər boyu yaşayacaq nümunələri
"Qəribə görünsə də, öz əslimlə, həyatımla sevib-seçdiyim, cani-könüldən bağlandığım ebru sənəti arasında yaxınlıq görürəm. Özbəkistanın Buxara şəhərində dünyaya göz açdım. Atamın işi ilə əlaqədar ailəmiz orda yaşayırdı. Atam da, anam da qədim Azərbaycan şəhərlərindən biri olan İrəvanda doğulub, boya-başa çatıblar. Anam əslən irəvanlı, atam isə təbrizlidir. Ata babam İrəvana Təbrizdən gedib. Bildiyimə görə, ebru sənəti də VIII-IX əsrlərdə Buxarada "doğulub". Bu sənəti yaşadan, inkişaf etdirən türk xalqları, o cümlədən Təbriz xəttatları olub. Yəni mənim kimi, ebru sənətinin də bir tərəfi təbrizlidir..."
Ebruçu Sevinc Əliyeva ilə emalatxanasında görüşüb söhbətləşirik. Rəssamlığa həvəs göstərməsinin səbəbini izah etməyə çətinlik çəkir: "Nə ana, nə də ata tərəfimdə heç kim rəssam olmayıb. Rəssamlığa məndə maraq oyadan bəlkə də sözlə ifadə edə bilmədiyim duyğularım oldu".
Ebrunu canlı görmək arzusu...
Çoxumuz sonralar həyat yolumuza yoldaşlıq edən sənəti uşaq yaşlarından, bəzən elə Sevinc Əliyeva kimi fərqinə varmadan seçirik. Kiçik yaşlarında onu ən çox heyran edən, ecazkar təsir bağışlayan rənglər, naxışlar olub. Kədərlə, dərdlə, ayrılıqla üzləşməsi ən çox sevdiyi şəhərdə - İrəvanda başlayıb: "Səkkiz yaşım olanda İrəvana döndük. Əslində, mənim uşaq təsəvvürümdə heç nə dəyişmədi. Buxara xalqın tarixi ənənələrini, milli-mənəvi dəyərlərini qoruyub saxladığı yerdir. İrəvanda da həmin ruhu gördüm. Türk xalqının qədim adət-ənənələrinə bağlılıq İrəvanda çox yüksək idi..."
Deyir ki, biz Zəngibasar mahalının Uluxanlı elindənik, Uluxanlı İrəvana çox yaxındı, evimizin eyvanından şəhəri izləyirdik. Amma Sevinc ikicə il yaşaya bilib o gözəl, o doğma yerlərdə: "Buxarada orta məktəbdə rus dilində oxuyurdum. İrəvanda Azərbaycan məktəbinə getdim. 1988-ci il idi. Vəziyyətin ağır olduğunu əvvəl ailə böyüklərimin danışıqlarından eşitdim, sonra da gözlərimlə gördüm. Erməni quldurları azərbaycanlıların evlərinə hücum çəkir, insanlara işgəncə verir, onları qətlə yetirir, ya da şikəst edirdilər. Atamın valideynləri çoxdan vəfat ediblər. Onu nənəsi böyüdüb. Anamın ata-anası sağ idi. Onların məni, balaca qardaşımı, hamilə anamı qorumağa çalışmaları, bizə görə qorxmaları, canımızı götürüb evdən qaçmağımız, qamışlıqda gizlənməyimiz indi də gözlərimin önündən çəkilmir. Çox böyük çətinliklə Gürcüstana getdik. Orda qısa müddət qaldıq. Sonra Bakıya gəldik, burda məskunlaşmalı olduq".
Sevinc Bakıda 80 saylı orta məktəbdə təhsilini davam etdirib. Doqquzuncu sinfi bitirib sənədlərini Bakı Mədəni Maarif Texnikumuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) verib. Texnikumda həmin il açılan xalçaçı rəssam şöbəsinin tələbəsi olub. Xalçaçı rəssam Mətanət Aslanovadan, Xalq rəssamı Arif Hüseynovdan dərs alıb. O, müəllimlərindən minnətdarlıqla danışır...
Texnikumu bitirdikdən sonra emalatxana açmaq arzusunu gerçəkləşdirə bilməyib. Uzun illər ixtisasına aid olmayan işlərdə çalışıb. "Görünür sənət ruhu bizi tərk etmir. Sosial şəbəkələrdə ebru sənəti üzrə ustad dərsi elanına rast gəldim. Mən isə ebru sənətini yaxından, canlı görmək istəyirdim. Ebru ilə məşğul olan Umruzər xanımla tanış oldum, daha sonra dərslərinə qatıldım. Ebru sənətini canlı görəndən sonra ona aşiq oldum. O gündən bu sənətdən ayrıla bilmirəm... Bir neçə dərsdən sonra Umruzər xanım Azərbaycandan getdiyi üçün dərslərə davam edə bilmədim. Ebru sənəti ilə bağlı yenə videoları izləyirdim. İnternet vasitəsilə boyalar sifariş verdim. Öyrəndiklərimi tətbiq etməyə çalışırdım, gah alınırdı, gah da alınmırdı... Ebru sənətinə bağlandıqca onun çətinliklərini görürdüm. Amma öyrənmək, tətbiq etmək marağım üstün gəldi. Öyrəndim ki, ən yaxşı ebru ustaları Türkiyədədir. Mən türkiyəli ebru ustası Bəkir Özsu ilə tanış oldum. Otuz ilin ebruçusudur, bu sənətin ustadıdır. Türkiyədə öz sözünü demiş ebru ustalarından biridir. Ona internet vasitəsilə ebrularımın fotolarını, videolarını göndərirdim. Bəkir Özsu əl işlərimə baxırdı: "Təkbaşına bu qədər bacarmısansa, halal olsun, amma sən mütləq canlı görüb tətbiq etməlisən" deyirdi. Türkiyəyə getməli oldum, ustanın özü ilə görüşdüm. Bursanın Qaracabəy qəsəbəsində yaşayır. Orda emlatxanası var. Bir həftə ərzində ustanın tətbiq etdiklərini izlədim və öyrənməyə səy göstərdim. Çalışırdım ki, heç nəyi unutmayım. Geri döndükdən sonra onları tətbiq etməyə çalışdım... Bəkir Özsu indi də mənə internet vasitəsilə dəstək olur".
Türklərə xas sənət...
Söhbətimizi Sevinc Əliyeva, necə deyərlər, iş başında davam etdirir. O, yeni bir ebru əsəri yaratmaq üçün hazırlıqlara başlayır: "Bəziləri ebru sözünün "suyun üzü", bəziləri "üz üçün su"... mənalarını ifadə etdiyini deyiblər. Heç biri doğru deyil. Ebru fars dilindəki əbri sözündən götürülüb. Əbir bulud, əbri buludvari deməkdir".
Ebruçu suyun üstünə kağız sərir, onu səliqə ilə hamarlayır. Sonra kağızı çıxarıb atır. Fırçanı götürüb yaşıla çalan boyaya batırır və suyun üstünə səpir. Boya yayıldıqca suyun üzərində buludabənzər forma yaranır. Sevinc Əliyeva danışır: "Ebru, əslində, xəttatların yaratdıqları kağız boyama, kağız bəzəmə sənətidir. Məsələn, keçmişdə bir xəttat digərinə deyə bilərdi ki, mənə ebrulu, yəni buludvari, yaxud bulud naxışlı kağız ver. Sadəcə, alınan formaya görə belə deyiblər. Xəttatlar ebru qaydasında boyadıqları kağızlardan kitabların üzlüyü kimi və ya onların içərisində istifadə ediblər. Açıq rəngdə olubsa, xəttatlar onun üzərində yazılar yazıblar".
Bu sənətin tarixindən söz salırıq. Ebru sənətini daha çox cığatayların adı ilə bağlayırlar. Ancaq başqa fərziyyələr də var. Sevinc Əliyeva deyir ki, Hindistanın, Çinin və digər ölkələrin də adlarını çəkənlər olub: "Əsas fərziyyəyə görə, bu sənət VIII-IX əsrlərdə Buxarada yaransa da onu yaşadan ən mükəmməl xəttatlar Təbrizdə olublar. Təəssüf ki, türkiyəli ustalar ebruya İrandangəlmə bir sənət kimi yanaşırlar. Bu sənətdən farsların istifadə etmədikləri hamıya məlumdur. Ebru sənətini Təbriz xəttatları yaşadıblar. Altı əsrə yaxındır ki, Osmanlı türkləri ebruya sahib çıxıb yaşatdıqlarına görə, bu sənət günümüzə qədər gəlib çatıb. Elə ebru sənətinin XVI əsrə aid olan ən qədim nümunəsi də İstanbulda Topqapı sarayında saxlanılır".
Sevinc Əliyeva bildirir ki, ümumiyyətlə, ebru sənətini yalnız türk xalqları tətbiq ediblər. Bu günə qədər də belə davam edir. Başqa ölkələrdə, digər xalqlar arasında bu sənətlə məşğul olanlar var. Amma heç biri naxışlarını, tətbiqolunma qaydalarını, boyalarını tam şəkildə yerinə yetirə bilmir: "Sanki türklərə xas bir sənət olduğuna görə biz bu sənəti doğru-dürüst yaşada bilirik".
Sevinc Əliyeva diqqətimizə çatdırır ki, çinlilərdə suminaqaşi sənəti var, ebru sənətindən daha qədimdir: "Çində bizim xəttatlar kimi gözəl yazı yazanlar sabunla mürəkkəbi yuyarkən suyun üzərində təsadüf nəticəsində alınan formanı kağıza köçürüblər. Suminaqaşi sənəti belə yaranıb. Suminaqaşi ustaları bir rəngdən, bir mürəkkəbdən və adi yağış suyundan istifadə edirlər. Amma ebruçular nə adi sudan, nə sabundan, nə də mürəkkəbdən istifadə edirlər. Ebru üçün şirin su olmalıdır. Çeşmədən su alıb istifadə edə bilmərik. Cod suyun üzərində boya çat verir. Şirin sudan da necə varsa, elə də istifadə etmirik. Keçmişdə selik yaradan məhlullar kimi heyvanın çəyirdəyindən, kətan toxumundan, gəvən otunun kökündən istifadə ediblər və onun ömrünün azlığına, tez xarab olmasına görə sonralar dəniz yosununa keçiblər. İndi ebruçular suya dəniz yosunu qatır".
Əvvəllər boyanın hazırlanmasında saqqız ağacından alınan şirədən istifadə ediblər. O da keyfiyyətli olmayıb. Sonra dananın ödünü fikirləşib tapıblar. Ebruçu deyir ki, öddəki turşuluq həm boyanı incəldir, həm də yapışqanlıq yaradır və suyun üzərində genişlənir. Dananın ödü ilə torpaq boyaların birləşməsi sayəsində ebru sənəti nümunələri yaranır.
Ebru sənətində süni heç nədən istifadə olunmur. Sevinc Əliyeva əlindəki fırçanı göstərərək deyir: "At quyruğundandır, ebruçunun su üstündə saldığı naxış, ebrunun ilk forması battaldır. Sonra ebruçu son dərəcə səliqə ilə, ehtiyatla su üzərinə fırça ilə yaşıl, sarı, çəhrayı boyalar qoyur. Və onları biz aləti ilə formaya salır. Su üzərində boyaları şəkilləndirməyə başlayır".
Ən yaxşı ebru ustaları belə özlərini mükəmməl hesab etmirlər...
Masanın üstündəki digər boyalara da baxırıq. Rəngarənglikləri göz oxşayır. Hamısı təbiidir. Ebrunun rəngləri də torpağın bağrından süzülür. Sevinc Əliyeva bizi məlumatlandırır: "Torpaqdan alınma piqment və oksid boyalarıdır. Ebru sənətində yalnız təbii boyalardan istifadə olunur. Çünki süni boyaların keyfiyyəti olmur, uzunömürlü də deyil. Süni boyaların tərkibinə öd qatılanda da dərhal büruzə verir. Boyalar palçıq, daha doğrusu, toz şəklində satılır. Böyük mərmər daşın üzərində mərmər əl daşı ilə, o toz halında olan boya su ilə saatlarla əzilərək o qədər incəldilməlidir ki, axa bilsin. Sonra damlalarla öd və saf su qatırıq".
Sanki su üzərində çiçək "açır". Ebruçu tələsmədən ağ kağız götürüb suyun üstünə sərir. Ebrulu kağızı qaldırıb havada saxlayır və ehtiyatla masanın üstünə qoyur. Biz elə bilirik ki, əsər artıq hazırdır və ebruçunun işi bununla bitir. Sevinc Əliyeva deyir ki, ebrulu kağız quruyundan sonra ebruçu onun üzərinə "ahər" dedikləri yumurtanın ağından hazırlanan və zəy daşı ilə qarışdırılan mayeni sürtür, kağızın üzü hamarlanır: "Əlinizi sürtsəniz belə boya əlinizə çıxmayacaq. Zəy daşının sayəsində kağızı qurd yeməyəcək. Ahərdən sonra xüsusi yapışdırılma qaydası var. O da təbii olmalıdır. Buğdanın nişastası ilə yapışqan hazırlayıb kartona yapışdırırıq. Karton üzərində olan ebru əsrlər boyu yaşaya bilir. Yalnız təbii fəlakət olarsa, sel apararsa, dənizdə, çayda batarsa, korlanar, ya da odda yana bilər. Başqa heç bir təhlükəsi yoxdur".
Sevinc Əliyeva kağız, taxta, şüşə üzərində də digər sənət növlərində əsərlər yaradır. Deyir ki, onların hər birində ölçünü özüm müəyyənləşdirirəm: "Amma suyun üzərində işləyəndə onu ebruçudan çox su təyin edir. Su canlıdır, yaddaşı var. Elmi tədqiqatlar da bunu təsdiq edib. Ebruçu suyun üzərinə boyanı qoyduğu zaman bilmir ki, o nə qədər açılacaq. Ebruda siz Su ilə Yaradan arasında olan sənətin vasitəçisi olursunuz. Sizin vasitənizlə ebru ərsəyə gəlir".
Ruha yaxın sənətdir ebru. İnsanı sakitləşdirir. Ebruçu danışır: "Kağız, taxta, şüşə üzərində işləyəndə heç vaxt beynim susmur. Hətta yaddaşımdan silinənlər belə geri qayıdır. Amma ebru işləyəndə bir də işim başa çatdıqdan sonra fərqində oluram ki, mən heç nə düşünməmişəm. Ebru yeganə sənətdir ki, beyni susdurur, heç nəyi - içərisində olduğun zamanı, məkanı hiss etmirsən. Yorulmursan. Bu sənət sevgi və səbir tələb edir. Sevgi və səbriniz varsa, bu sənətlə bütünləşdinizsə, nə zamanın, nə dünyada baş verən pisliklərin fərqində olursunuz. Heç bir hadisə artıq sizə o dərəcədə təsir eləmir. Mən bunları öz təcrübəmdən deyirəm. İllər əvvəl çox böyük bir stress yaşadım. Ebru sənətinə gəldikdən sonra həyata baxışım dəyişdi. Ebru məni sakitləşdirdi, həyatı sevdirdi. Deyə bilərəm ki, ebru sənəti sayəsində ikinci dəfə həyata gəldim. Ebrunun sayəsində ayaq üstəyəm. Mən bu sənəti yaşatmağa çalışdığım qədər də o məni yaşadır".
Əslində, Sevinc Əliyeva müəllimsiz başlamayıb bu sənətə. Umruzər xanımın sayəsində ebru sənətini yaxından tanıyıb. Bəkir Özsudan isə bu sənətin dərinliyini öyrənib. "Nə qədər içərisində çabalasam da, ustam olmasa, bunları edə bilməzdim", - deyir. - Özüm də müəlliməm. Dərs dediklərim Azərbaycanda artıq ebruçu kimi tanınırlar". İstəyi odur ki, tələbələri şöhrət xatirinə onun əməyini yerə vurmasınlar. Bir də heç zaman ebru sənətinə qarşı nankor olmasınlar.
"Mən Cənubi Azərbaycandan Türkiyəyə getmiş bir sənətin adını yaşatmağa çalışıram. Bütün dünyaya hayqırmaq istəyirəm ki, baxın, bu sənət bizdə yaranıb. Dahi Nizami Gəncəvi "Xosrov və Şirin" poemasında ebrudan bəhs edərək:
Zirək, şəkil çəkən, qələmi iti,
Xəyalən çəkərdi min bir surəti.
İncə, zərif işdə xeyli pərgardı,
Suların üstündə naxış salardı.
- yazıb. Bəzi araşdırmaçıların məlumatına görə, dahi Azərbaycan şairi özü də bu sənət növü ilə məşğul olub". Azərbaycanda ebrunun artıq XI-XII əsrlərdə yayıldığını təsdiq edən faktlardan biri də budur. Ebruya yalnız şöhrət naminə yox, xalqımızın tarixi keşmişinə ehtiramımız olaraq sahiblənib, onu yaşatmalı və tanıtmalıyıq.
Emalatxananın divarından iri çərçivədə "Xarıbülbül" rəsmi asılıb. Sevinc Əliyeva söhbətimizin sonunda bu əsərin yaranmasından danışır: "Azərbaycan Ordusunun Şuşa zəfərindən sonra Mədəniyyət Nazirliyi tərəfindən Şuşa yaradıcılıq emalatxanası yaradıldı. Ora bəstəkar, şair, rəssam və digər sənət sahələri üzrə yaradıcı insanlar dəvət olundu. Onlardan biri də mən idim. Hər birimiz öz sahəmiz üzrə bir əsər təqdim etməli idik. Mən "Xarıbülbülü" seçdim. Zatən üzərində uzun zaman idi işləyirdim. Ebruda ən çox çəkmək istədiyim xarıbülbül idi, onu da iki il qabaq çəkdim. Ancaq ebru sənətində öyrənmək, tətbiq etmək istədiyim işlər hələ çoxdur. Mən özüm-özümə hələ usta yox, ebruçu deyirəm. Bu elə sənətdir ki, ən yaxşı ebru ustaları belə özlərini bu işdə mükəmməl hesab etmirlər. Ebru sənətində nə qədər usta olsan belə öyrənəcəklərin öyrəndiklərindən çoxdur"...
Zöhrə FƏRƏCOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"