Ermənistan növbədənkənar seçkilərə gedə bilər
Ümumiyyətlə, indiki mərhələdə Ermənistan iqtisadi, siyasi, geosiyasi və hərbi sferalarda çox çətin duruma düşüb. Hər sahədə yaranmış problemlərin altında əzilən ölkənin baş naziri Nikol Paşinyan çıxış yolunu Qərbə sığınmaqda görür, onun verdiyi vədlərə güvənir. Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyi görünür, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə israrlı davranmağa çalışır. Elə bunun nəticəsidir ki, artıq Qərb Ermənistandan növbədənkənar parlament seçkilərini ən yaxın zamanda keçirməyi tələb edir.
Bu günlərdə Nikol Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan yaxın aylarda baş nazirin istefaya gedəcəyini və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bildirib. O, hazırkı xarici siyasi hadisələrin erkən seçkilərin hakimiyyətin maraqlarına uyğun şərait yaratdığını düşünür: "Nikol Paşinyanın indi yenidən etimad mandatı almaq və planlarını irəli sürmək şansı daha çoxdur. Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var".
Ağazaryan keçən ilin sonuna qədər baş nazir Nikol Paşinyanın komandasında yer alıb və hakimiyyət dairələrində baş verənlərdən xəbərdar olub. "Vətəndaş müqaviləsi" partiyasının ən yaşlı üzvlərindən biri oan Ağazaryan Paşinyanın mandatını təhvil vermək tələbini yerinə yetirməkdən imtina etdiyi üçün komandadan xaric edilib. Növbədənkənar seçkilərlə bağlı proqnozlar fonunda Ağazaryan öz partiyasını yaradır və hakimiyyəti öz əlinə almağa hazırlaşır.
Yerli medianın verdiyi xəbərlərə görə isə Nikol Paşinyan və "Vətəndaş müqaviləsi" partiyası növbədənkənar seçki məsələsini ən azından yaya qədər dayandırmağa qərar verib. Belə ki, "4rd.am" nəşri yazıb ki, Paşinyan növbədənkənar seçkilərdə qələbəsini tam təmin edə biləcək xüsusi müvafiq ciddi strukturlara və məmurlara malik olmadığını anlamağa başlayıb. Qeyd olunub ki, regional strukturlarda vəziyyət xüsusilə ağırdır, əksəriyyəti hələ tam formalaşmayıb, ona görə də ən azı mövcud hakimiyyət orqanları regional fəaliyyətləri gücləndirəcəklər. İstənilən halda hər bir nazirə hər hansı bir vilayətin "şefliyi" tapşırılır və ümumi koordinasiyanı müdafiə naziri Suren Papikyan həyata keçirəcək.
Hazırda Paşinyan müxtəlif qərbyönümlü fiqurlarla qızğın danışıqlar aparır, baş nazirin birinci müavini postuna təyinatla bağlı müzakirələr gedir.
Ümumiyyətlə, hazırkı şərtlərdə Paşinyanı seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil. Çünki hakim qüvvə çox tez bir zamanda seçkini saxtalaşdırmaq üçün bütün mexanizmləri mənimsəyib və təkmilləşdirib. Növbədənkənar seçki İrəvan Ağsaqqallar Şurasına seçkidə olduğu kimi, parlament müxalifətinin dəyişməsinə, anti-Rusiya qüvvələrinin təsirinin artmasına səbəb ola bilər.
Ermənistanda Rusiyanın reytinqi Paşinyanın reytinqindən də sürətlə aşağı düşür. Bu, mübaliğə deyil, obyektiv reallıqdır. Xalqı isə siyasi proseslər deyil, məhz getdikcə daha da çökməkdə olan ölkənin sosial-iqtisadi vəziyyəti düşündürür. Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış yolunu mühacirətdə görür.
Əhalinin sayı yenə sürətlə azalmaqda davam edir, xaricə köçənlərin sayı günbəgün artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olur. Real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.
Beləliklə, gedən proseslər Ermənistanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.
Elçin CƏFƏROV,
"Azərbaycan"