15 Yanvar 2025 08:05
135
SİYASƏT
A- A+
"Bu ərazilərə sanki atom bombası atılıb"

"Bu ərazilərə sanki atom bombası atılıb"


Meşələr Tanrının insanlara bəxş etdiyi nadir nemətlərdəndir.

Meşələr planetimizin yaşıl ciyəridir.

Meşələr sərvətdir, var-dövlətdir, gözəllikdir.

Meşələr həm də dünyamızın iqlim  tənzimləyicisidir.

Dünyanın harasındasa meşələrin yaranmasına yüz illər, neçə-neçə əsrlər sərf olunur.

Meşə itkisi tək bir dövlətin deyil, bütün planetin itkisi sayılır.

Meşələr həm də heyvanlar aləminin qoruyucusu, etibarlı yaşayış məskənidir.

Təbiətə tarazlıq gətirən vəhşi heyvanlar,  quşlar burada yaşayır, özlərinə yuva qurub, yem tapırlar.

Milyonlarla hektar əraziləri əhatə edən ucsuz-bucaqsız  meşələrin doxsan  doqquz faizinə insan ayağı dəymir.

Amma insanlar imkan tapan kimi meşələrə yaxın ərazilərdə, lap meşənin içərisində özlərinə yurd salırlar.

Meşə yaxınlığında və meşə içərisində olan yaşayış məntəqələrinin  gözəllik və təmiz hava baxımından  tayı-bərabəri olmur.

Meşənin iki böyük düşməni var: 

Vəhşi xislətli tamahkar insan və yanğın!

***

ABŞ-nin Kaliforniya ştatında güclü meşə yanğınlarının törətdiyi nəticələrdən danışan  şerif maraqlı bir ifadə işlətdi:

"Bu ərazilərə sanki atom bombası atılıb".

Bu söz  qulağıma bir qədər yaxın və "doğma" gəldi.

Vətənim Ağdamı xatırlatdı!

Erməni işğalından azad edilmiş Ağdamı!

Bir  salamat evi, binası, tikilisi, bağ-bağatı qalmayan Ağdamı!

Xarici  qonaqların  bu vandallıqdan  və  vəhşilikdən sarsılaraq təəccüb və təəssüflə "Qafqazın Xirosiması"  adlandırdıqları Ağdamı!

Biz, məcburi köçkünlər bir günün içində  hər şeylərini itirən kaliforniyalıları daha yaxşı  başa düşürük.

Başımıza gətirilənlər, yaşadığımız tanış hisslərdir.

Yəqin ki, yaşadıqları yer atom bombası  atılıbmış kimi  düzlənənlər belə dəhşətli mənzərəni seyr edərək bizi də, həm də daha dərindən anlayacaqlar!

Və günlər keçdikcə itkilərin təkcə maddi deyil, mənəvi tərəflərini də  duyacaq, sarsıntı, şok keçirəcəklər.

***

"Öküz nə çəkir, qayışdan soruşun" - Azərbaycan  atalar sözüdür.

Bir günün, bir neçə saatın içində  ömrün boyu qazandığını itirmək böyük dərd, böyük bəladır.

Amma bu, hələ  hamısı deyil!

Bu, yalnız başlanğıcdır!

Əsl dərd itirdiklərinin dərki, göynərtisi, yerini heç nə ilə doldura  bilməməyindir!

Çünki itirilən təkcə maddiyyat  olmur!

Bunun mənəvi tərəfi  daha ağrılı, daha tükənməz, daha dözülməzdir!

Evindən didərgin düşənlərin gecə çatmamış həll etməli olduğu ən böyük problem harada, necə gecələməsi,  kimə pənah gətirib,  kimə sığınmasıdır.

Dərd təkcə sənlik olanda dərmanı daha tez və asan tapılır.

Lakin eyni vaxtda yüzlərlə sənin kimi insan evsiz, ocaqsız, çörəksiz, yataqsız, ən nəhayət, ümidsiz  qalırsa, bax, əsl faciə onda başlayır!

Qucağındakı  körpə uşaq süd üçün haray çəkib ağlayır!

Gün ərzində dilinə bir tikə çörək dəyməmiş ananın isə südü çəkilib, uşaq boş döşləri ha sortuqlasa da, ağzına bir şey getmir...

Qocalmış, taqətdən düşmüş ata-analar özlərini  itirdiklərindən yerimək iqtidarında da deyillər!

Onları atıb getmək olarmı?!

Namərd gülləsi neçə insanı  candan eləyib.

Nə yumağa su, nə basdırmağa  kəfən, nə də  qəbir qazmağa  yer və "lopatka" var.

Hərə öz başının həşirindədir.

Nə ayrıla bilirsən, nə də özünlə apara!

Üstəlik, hər an yağı düşmən səni haqlaya, aman vermədən öldürə bilər.

 ...1993-cü ilin iyulunda  ağdamlılar Uzundərədən  Bərdəyədək yolların kənarlarına tökülüb qalmışdılar.

Əksəriyyəti arvad-uşaq, qoca-qarı...

Kişilər hələ də atışma yerindən aralanıb gələ bilmirdilər.

Bir çoxunun "başıpapaqlısı"  özünümüdafiə batalyonlarında döyüşürdü.

Yaxınlıqdakı kəndlərə pənah aparmağın mənası yox idi.

Onlar da başlarının hayında idilər...

Bu gün də olmasa, sabah özləri də doğma yurddan didərgin düşəcəkdilər.

Uzaqlarda isə kimləri vardı?

Tanıdıqlarının hamısının qapısına gedə  bilərdilərmi?!

Belə ümidsiz qeyri-müəyyənlik təkcə insanlarla bağlı deyildi.

Dövlət də başını itirmişdi, nə  edəcəyini kəsdirmirdi.

Aca çörək, evsizə ev, xəstəyə dərman və xəstəxana çarpayısı, işsizə isə iş  vermək  iqtidarında deyildi.

***

Nə olsun ki, ABŞ dünyanın birnömrəli dövlətidir.

Yanğını söndürə, insanları ölümdən xilas edə, milyonlarla dollar dəyərində olan malikanələri alovun əlindən ala bilmədi.

Sabah milyardlarla dollar xərcləyərək insanları yerləşdirəcək, itirdikləri maddiyatı ödəyəcək, yeni iş yeri ilə təmin edəcəklər.

Ağac əkib illər ərzində meşələri də bərpa etmək mümkündür.

Lakin bu ev həmin ev olmayacaq!

Bu qonşular, bu ağaclar həmin qonşular, köhnə ağaclar olmayacaq.

Alov təkcə yana bilənləri deyil, yanmayanları da,  xatirələri də külə döndərir!

* Bax, onda  anlayacaqlar ki, doğma yurddan qopub getmək nə deməkdir.

* Bax, onda anlayacaqlar ki, uzun illər yaşayaraq isinişdiyin evindən, bağ-bağçandan  həmişəlik ayrılmaq nə deməkdir.

* Bax, onda anlayacaqlar ki, haqsızlıq, ədalətsizlik, zorakılıq nə deməkdir!

Yurdu talanıb, var-yoxu əlindən çıxanlara  907-ci düzəlişi tətbiq etməyə  nə var ki?!

Öz başına gələndə anlamaq isə (əgər anlasan) çox gec olur!

***

Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə  Konvensiyasının Tərəflər  Konfransının 29-cu  sessiyasına  çox böyük  uğurla evsahibliyi etdi.

Buna qədər Cənubi  Qafqazda belə  möhtəşəm  tədbir keçirilməmişdi.

Dünya miqyaslı bu tədbirə Azərbaycanın evsahibliyi edəcəyi 2023-cü ilin  dekabrında bəlli oldu.

Əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxt qalmışdı.

Lakin Azərbaycan az vaxtda hazırlıq işlərini elə sürətlə  apardı ki,  tədbiri elə səviyyədə  təşkil etdi ki, bu hamıda böyük  məmnunluq hissi doğurdu.

Çünki biz tədbirin mahiyyətini də, bütün dünya üçün faydasını da, iqlim  dəyişmələrinin  getdikcə artan  fəsadlarını, ölkələrin  və insanların bundan böyük zərər gördüklərini, habelə  ekoloji fəlakətlərin  qarşısının irəlicədən  alınması üçün  qabaqlayıcı   tədbirlərin  görülməsinin  zərurətini də yaxşı  başa düşürdük.

Faktlar da iqlim  dəyişmələrinin  ciddiliyindən xəbər  verir:

* 2024-cü il bəşər tarixinin ən isti ili olub və  orta qlobal  temperatur əvvəlki illərlə  müqayisədə 1,5 dərəcədən çox  artıb.

* Zəlzələlər, qasırğalar, leysan yağışları, sel suları, meşə yanğınları varlı və ya kasıb, böyük və kiçik,  güclü və ya  zəif ölkə tanımır!

Gələndə hamısına  ziyan  vurur,  hamısına insan  tələfatı yaşadır.

* Odur ki,  iqlim dəyişmələrinə qarşı  mübarizədə  hamı  əlbir olmalı, hamı əl-ələ  verərək birgə tədbirlər görməlidir.

Təəssüf ki,  bunu anlamayan ambisiyalı  ölkələr və insanlar da var.

Onlar nə etdilər?

COP29-u boykot yolunu  tutdular.

Lakin Azərbaycan bu  müxənnətliyin də qarşısını aldı!

Boykot  uğursuz oldu!

197 ölkədən 76 min  iştirakçı qeydiyyatdan keçdi, 80 dövlət və hökumət başçısı  Bakıya gəldi.

COP29-da  qazanılan  nəticələri isə çoxları Bakı Nailiyyəti adlandırır!

İki vacib uğur COP29-un qələbəsi hesab edilir.

Birincisi, on il idi ki, tərəflər  karbon emissiyaları ilə bağlı  razılığa gələ bilmirdilər, COP29-un ilk günlərində uğur qazanıldı, Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə olundu.

İkincisi, əsas  mövzulardan biri  maliyyələşmə məsələsi idi.

Doğrudur, 1 trilyon dollar civarında gözləntilər vardı, lakin bu, qeyri-real  görünürdü.

Nailiyyət isə odur ki,  qarşıdan  gələn illər üçün  məbləğ 3 dəfə artırılaraq 100 milyard dollardan 300 milyard dollara  çatdırıldı!

Bəli, COP29-a kimlərsə gəlmədi,  boykot çağırışı kimi mənasız  cəhdlər oldu.

Azərbaycan  isə dünyanı təhdid edən  iqlim dəyişmələrindən   qorunmağa, təbii  fəlakətlərin  qarşısının  qabaqcadan  alınmasına və dünya  dövlətlərinin  imkanlarının  bu  məqsədlə səfərbər olunmasına öz töhfəsini verdi.

ABŞ-nin maliyyə yardımlarına ehtiyacı olmasa da,  təbiətin  kataklizmlərindən  qorunmasına ehtiyacı var!

***

Son illər yanğınlar meşələrdə, meşə ərazisində yaşayan insanların da qəniminə çevrilib.

* Meşə yanğınları yanvarın 7-də Kaliforniya ştatının Los-Anceles şəhərində başlayıb.

* Ən güclü yanğınlar Los-Ancelesin İton və Paliseyds  bölgələrində qeydə alınıb. 

* Minlərlə yanğınsöndürən hələ də 116,5 kvadratkilometr ərazidə bir neçə böyük meşə yanğını ilə mübarizə aparır. 

* ABŞ-də Kaliforniya ştatında qopmuş elektrik xəttinin yanğına səbəb ola biləcəyi bildirilib. Məftil Eagle Rock Sylmar elektrik xəttinə qoşulmuş qüllədə tapılıb. Bu qüllə Edison International şirkətinə məxsusdur.

* Los-Anceles Tibbi Ekspertiza İdarəsinin hesablamalarına əsasən, yanğınlarda azı 24 nəfər  həlak olub, 10-dan çox adam isə itkin düşüb. 

* Təqribən 105 min nəfər məcburi evakuasiya olunub, daha 87 min nəfər isə təxliyə xəbərdarlığı alıb. 

* Fəlakətdən gələn zərərin məbləği təxminən 275 milyard dollara çatıb, 12300-dən çox tikili məhv olub.

* Hazırda 56 kvadratkilometr ərazini əhatə edən Los-Ancelesin İton bölgəsindəki yanğının 15 faizi lokallaşdırılıb, 97 kvadratkilometr ərazini əhatə edən Paliseyds bölgəsindəki yanğının isə 11 faizini lokallaşdırmaq mümkün olub.

***

ABŞ  güclü dövlətdir, oturuşmuş sığorta sistemi var.

Evlərini itirənlər əvəzində pul alacaqlar, çöldə qalmırlar və qalmayacaqlar da.

Yanan meşənin əvəzində yeni,  planlı qaydada təzə  meşəliklər salınacaqdır.

İnsanların maddi itkilərinin yeri doldurulacaqdır.

Amma yaşadıqları dəhşətli günləri heç zaman unutmayacaqlar!

İtirdikləri doğmalarının, əzizlərinin  yeri heç zaman dolmayacaqdır!

Keçirdikləri mənəvi sarsıntı, şok vəziyyəti ömürlük yaddaşlarından silinməyəcək, beyinlərində izləri  qalacaqdır.

Bir qismi də yəqin köçüb başqa yerə gedəcək, bərpa işlərini gözləmədən özünə yeni ev, mənzil alacaqdır.

Amma hər şey əvvəlki  kimi olmayacaqdır!

Həyatlarında baş verən bu dəhşətli  dəyişiklik  köhnə - yeni xatirələr kimi iki hissəyə bölünərək daim onları izləyəcəkdir.

Bunları  biz  özümüz yaşadığımız üçün  dərindən bilirik!

Dövlətimiz məcburi köçkünlük dövründə daim yanımızda oldu, yardım əlini əsirgəmədi, yeni yaşayış məntəqələri salaraq  bizi rahat mənzillərdə yerləşdirdi.

Amma o rahat evlər və mənzillər doğma yurdda qoyub gəldiyimiz köhnə komaların əvəzini vermədi.

Doğmalardan, qohumlardan, qonşulardan ayrı düşmək həsrətini daim yaşadıq.

Şəhidlərimiz  ürəyimizi göynətdi, qəlbimizi sızlatdı!

Şükür, Prezidentimiz İlham Əliyevin yaratdığı möcüzə  sayəsində yenidən doğma yurda, yeni yaşayış məntəqələrinə, müasir evlərə köçürük!

Prezidentimizə gecə-gündüz duaçıyıq!

Bizə bu möhnəti yaşadanlardan isə qarğışlarımızı əskik  etmirik!

Daim Tanrıdan  buynuzsuz qoçun qisasını buynuzlu qoçda  qoymamağını istəmişik!

Tanrı dualarımızı da, istəklərimizi də gerçəkləşdirir!

***

Özünü nə qədər güclü saysan da, bil ki, səndən də güclüsü var!

Hər zaman hər şeyi görən, bilən Tanrının mövcudluğunu heç vaxt unutma!

Gücünə və imkanlarına güvənərək nə qədər zalımlıq və ədalətsizlik etsən də, ilahi ədalətin bərqərar olacağını yaddan çıxarma!

Dinimiz və xalqımızın milli-mənəvi dəyərləri kiminsə pis gününə sevinməyi  günah sayır, qəbahət hesab edir.

Qəhrəmanmaraşda  zəlzələ böyük dağıntıya və insan itkisinə səbəb olanda türk qardaşlarımız qədər biz də ağrıdıq, üzüldük.

Güclü qasırğalar və sel suları insanları yersiz-yurdsuz qoyanda  onları qəlbən başa düşdüyümüzdən daxilən narahat oluruq.

Təbiətə isə güc gəlmək, onun doğurduğu fəlakətlərin  qarşısını dərhal almaq insanların imkanları xaricindədir.

İstəyimiz isə odur ki, güclü gücünü zəiflərin üzərində sınamasın!

İnsanlar da, beynəlxalq təşkilatlar da, dövlətlər də ədalətli hərəkət etsinlər!

Bir də nə vaxtsa haqqın  divanının qurulacağını yaddan çıxarmasınlar!

Tanrının da, təbiətin də qisası amansız olur!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!