12 Mart 2026 08:15
135
CƏMİYYƏT
A- A+
Vətənə şərəfli xidmətin nümunəsi

Vətənə şərəfli xidmətin nümunəsi


Onlar ilk dəfə 1992-ci ilin 12 mart tarixində əzəli yurd yerimiz olan Qarabağda erməni işğalçılarına qarşı döyüşə atılıblar. Onlar həm Birinci, həm İkinci Qarabağ savaşında, həm də antiterror tədbirlərində və digər döyüş əməliyyatlarında nümunəyə çevrilən qəhrəmanlıqlar göstəriblər, hərb tariximizə yeni salnamələr yazıblar. Onlar hər zaman dövlətə və xalqa sədaqətlə xidmət ediblər, ictimai asayişin, sabitliyin, dövlətimizin konstitusion əsaslarının qorunmasında üzərlərinə düşən vəzifələri şərəflə, məsuliyyətlə yerinə yetiriblər.

Söhbət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından gedir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Daxili Qoşunların bölmələrinin ilk dəfə erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - martın 12-si Azərbaycan Respublikasının Daxili Qoşunları Günü elan edilib. Bu gün onların tarixi günüdür…

Qeyd etdiyimiz kimi, Daxili Qoşunların döyüş yolu Birinci Qarabağ müharibəsindən başlayıb. Yaranması və formalaşması Azərbaycanın siyasi-hərbi baxımdan olduqca çətin və qarışıq bir dövrünə təsadüf etsə də, Daxili Qoşunların şəxsi heyəti öz vəzifə borcunu layiqincə yerinə yetirərək torpaqlarımızın işğaldan azadlığı uğrunda döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdir.  Birinci Qarabağ savaşında Daxili Qoşunların şəxsi heyətindən 682 nəfər şəhid olmuş, 4 nəfər itkin düşmüş, 1179 nəfər isə yaralanmışdır. Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 

Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən hərbi quruculuq Daxili Qoşunların da tarixində yeni mərhələnin əsasını qoydu.  Bu mənada, Daxili Qoşunların müasir tələblər əsasında inkişafı və peşəkar döyüş hazırlığına malik hərbi quruma çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilmişdir. Atəşkəs dövründə Daxili Qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, mühüm dövlət obyektlərinin mühafizəsinə yönəlmişdir. Onun təyinatından irəli gələn vəzifələrin icrası ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri qurulmuş, Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılmışdır. 12 mart tarixinin Daxili Qoşunlar Günü kimi təsis edilməsi isə bu qurumun dövlət və xalq qarşısındakı xidmətlərinə verilən ali qiymətin təcəssümüdür. 

Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılması və modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Daxili Qoşunların da döyüş imkanlarının daha da yüksəldilməsinə böyük töhfələr vermişdir. Bütün bunların nəticəsi olaraq Daxili Qoşunların arsenalına ən modern silah və texnika daxil olmuş və beləliklə, şəxsi heyətin döyüş hazırlığı daha da güclənmişdir. Döyüş hazırlığının ən müasir səviyyəyə çatdırılmasında, peşəkarlığın artırılmasında taktiki və xüsusi təyinatlı təlimlər də böyük rol oynamışdır. Nəticə etibarilə Daxili Qoşunların hərbi hissələrinin döyüş hazırlığı və peşəkarlığı dünyanın qabaqcıl ölkələrinin analoji hərbi strukturları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlmişdir. O cümlədən Daxili Qoşunların infrastrukturu da yenilənmiş, şəxsi heyətin xidmət və məişət şəraiti, sosial rifahı hər zaman diqqət mərkəzində saxlanılmışdır.

Xatırladaq ki, respublikamızda dünyanın böyük maraqla izlədiyi "Avroviziya-2012" Mahnı Müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlər keçirilmişdir. Bu tədbirlər zamanı Daxili Qoşunların şəxsi heyəti Azərbaycan polisi ilə birlikdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etmiş, öz xidməti vəzifəsini layiqincə və yüksək peşəkarlıqla yerinə yetirmişdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Daxili Qoşunların yüksək döyüş hazırlığının təntənəsinə çevrildi. Müharibənin ilk günündən Daxili Qoşunların şəxsi heyəti ən mürəkkəb döyüş əməliyyatlarının uğurla həyata keçirilməsində qəhrəmanlıqlar göstərərək torpaqlarımızın işğaldan azad edilməsinə və tarixi Zəfərimizin qazanılmasına böyük töhfə verdi. Bu baxımdan 44 günlük savaş həm də Daxili Qoşunların şəxsi heyətinin vətənpərvərliyini nümayiş etdirdi. Döyüşlərdə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid oldu, 346 nəfər isə yaralandı. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli müvafiq sərəncamı ilə respublikamızın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusuna "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. 

2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən, Qarabağdakı erməni separatizminin darmadağın edilməsi və bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunması ilə nəticələnən antiterror tədbirləri Daxili Qoşunların qəhrəmanlıq dolu tarixinin yeni salnaməsi oldu. Ermənistan ordusunun bölmələrinə və separatçılara qarşı aparılan hərbi əməliyyatlarda Daxili Qoşunların əsgər və zabitləri öz vəzifələrini şərəflə yerinə yetirdilər. Antiterror tədbirləri zamanı Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhidlik zirvəsinə yüksəldi, 24 nəfər yaralandı.

Ümumiyyətlə, həm Vətən müharibəsi, həm də antiterror tədbirləri zamanı Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulan vəzifələri dəqiqliklə icra etmişdi.  Bu isə illərlə təlimlərdə formalaşmış döyüş hazırlığının, mükəmməl idarəetmənin, o cümlədən şəxsi heyətin yüksək nizam-intizamının göstəricisidir. Şərəfli döyüş yolları həm də ondan xəbər verir ki, Daxili Qoşunlar ən ekstremal döyüş şəraitində belə əlaqələndirilmiş və çevik xidmət aparmaq imkanlarına malikdir. Əlbəttə ki, rəşadət və zəfər səhifələri olan Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan böyük təcrübə Daxili Qoşunların döyüş hazırlığının hər zaman yüksək səviyyədə saxlanılmasında və qarşıda dayanan hər bir vəzifənin uğurla yerinə yetirilməsində böyük rol oynayacaq.

Artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Daxili Qoşunların isə işğaldan azad edilmiş ərazilərimizdə dövlətə xidmət missiyası davam edir. Bu baxımdan Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra Qarabağ və Şərqi Zəngəzurda polis əməkdaşları ilə birgə həyata keçirilən xidmət Daxili Qoşunların tarixinin növbəti şərəfli səhifəsidir. Bu xidmətin əsas göstəriciləri kimi işğaldan azad edilmiş ərazilərdə ictimai qayda və təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur, mühüm əhəmiyyətli obyektlər mühafizə edilir. Beləliklə, Daxili Qoşunların bölmələri həm də "Böyük qayıdış" proqramının uğurla və sürətlə həyata keçirilməsi işinə layiqli töhfələr verirlər. 

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ötən 34 ildə böyük inkişaf yolu keçib, şərəfli tarixini yaradıb.  Hər zaman dövlətə və xalqa layiqli xidmət məramını rəhbər tutan Daxili Qoşunlar  bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!