14 Aprel 2026 08:25
322
SİYASƏT
A- A+
Mütləq qələbənin Azərbaycan nümunəsi

Mütləq qələbənin Azərbaycan nümunəsi


Qətiyyətli lider, güclü ordu, milli birlik və aydın strateji hədəf


Dünyamız tarixinin daha bir gərgin və mürəkkəb mərhələsini yaşamaqdadır. Müasir beynəlxalq münasibətlər sistemində sabitlik və təhlükəsizlik anlayışı getdikcə daha çox sarsılır. Planetimizin müxtəlif regionlarında baş verən münaqişələr, uzun sürən müharibələr artıq lokal xarakterdən çıxaraq qlobal təsir gücünə malik proseslərə çevrilib. Bu proseslər yalnız iştirakçı dövlətlərin deyil, bütövlükdə beynəlxalq sistemin iqtisadi, siyasi və humanitar dayaqlarını zəiflədir, qeyri-müəyyənliyi artırır və gələcəyə dair riskləri dərinləşdirir.


Səbəblər və nəticələr


Belə kritik vəziyyət bir neçə fundamental amilin kəsişməsindən təsirlənir. Müasir beynəlxalq münasibətlər sistemində sabitlik və təhlükəsizliyin zəifləməsi ilk növbədə qlobal güc balansının dəyişməsi ilə bağlıdır. Uzun illər beynəlxalq sistemə nisbətən sabitlik gətirən təkqütblü düzən zəifləyir, yeni güc mərkəzləri formalaşır və bu, dövlətlər arasında rəqabəti daha da kəskinləşdirir. Nəticədə böyük güclər arasında qarşıdurma riski artır, regional münaqişələr isə daha geniş geosiyasi qarşıdurmaların tərkib hissəsinə çevrilir.

Gərginliyin digər mühüm səbəbi beynəlxalq hüququn öz təsir gücünü xeyli dərəcədə itirməsi, beynəlxalq institutların fəaliyyət effektivliyinin azalmasıdır. Belə bir reallığa hər birimiz şahidik ki, BMT və digər beynəlxalq təşkilatlar əksər hallarda münaqişələrin qarşısını almaqda və ya onları operativ şəkildə həll etməkdə yetərli təsir göstərə bilmirlər. Bu isə dövlətlər arasında güc amilinin yenidən ön plana çıxmasına, diplomatik mexanizmlərin isə arxa plana keçməsinə səbəb olur.

Eyni zamanda iqtisadi amillər də dünyanın yeni münaqişələrə sürüklənməsində mühüm rol oynayır. Enerji resursları, nəqliyyat dəhlizləri və strateji xammal uğrunda rəqabət getdikcə sərtləşir. Qlobal iqtisadi qarşılıqlı asılılıq artsa da, bu asılılıq bəzən əməkdaşlıq deyil, əksinə, təzyiq və təsir alətinə çevrilir. Enerji və ərzaq təhlükəsizliyi məsələləri bir çox ölkə üçün milli təhlükəsizlik prioritetinə çevrildiyindən, bu sahələrdəki risklər birbaşa siyasi və hərbi gərginliklərə yol açır.

Bütün bunlarla bərabər, texnologiyaların inkişafı da münaqişələrin xarakterini dəyişməkdədir. Kiberhücumlar, informasiya müharibəsi və pilotsuz sistemlərin geniş tətbiqi müharibələri daha qeyri-müəyyən və davamlı prosesə çevirir. Artıq münaqişələr yalnız cəbhə xəttində deyil, informasiya məkanında, iqtisadi sahədə və texnoloji platformalarda da aparılır.

Nəhayət, milli identiklik, etnik və dini faktorlar bir çox regionda gərginliyin daha da dərinləşməsinə səbəb olur. Bu amillər siyasi manipulyasiya alətinə çevrildikdə münaqişələr daha emosional və kompromisə qapalı xarakter almağa başlayır. 


Geosiyasi yanlışlıq


Beləliklə, müasir dünyanın üzləşdiyi gərginlik bir səbəbin deyil, bir-biri ilə sıx bağlı olan siyasi, iqtisadi, institusional və texnoloji faktorların nəticəsidir. Bunun ən tipik nümunələrindən biri son illərin ən dramatik münaqişələrindən sayılan Rusiya-Ukrayna müharibəsidir. Artıq dörd ildən çoxdur ki, davam edən bu müharibə minlərlə insanın həyatına son qoymuş, milyonlarla insanı məcburi köçkün vəziyyətinə salmış, qurulu şəhərləri dağıtmış, xarabazara çevirmişdir. Hər iki ölkənin infrastrukturuna vurulan zərbə, sənaye və enerji obyektlərinin dağıdılması onların iqtisadi potensiallarını ciddi  zəiflətmişdir. Eyni zamanda bu münaqişə qlobal ərzaq və enerji bazarlarına da mənfi təsir göstərərək inflyasiya təzyiqlərini artırmışdır. Müharibənin nə zaman və hansı şərtlərlə başa çatacağı isə əfsus ki, hələ də qeyri-müəyyən olaraq qalmaqdadır.

Digər bir gərginlik ocağı son aylar Yaxın Şərq regionunda ciddi böhran vəziyyəti yaradan ABŞ və İsrail-İran gərginliyidir. İlkin mərhələdə çox qısa müddətdə və az itkilərlə başa çatacağı ehtimal edilən bu gərginliyin də sonu görünmür. Bu münaqişə yalnız tərəflər üçün deyil, həm də qlobal iqtisadiyyat üçün ciddi təhlükə mənbəyidir. Xüsusilə enerji bazarlarında qiymətlərin dalğalanması, ticarət marşrutlarının risk altına düşməsi və investor etimadının azalması dünya iqtisadi sistemində qeyri-sabitliyi daha da gücləndirir. Atəşkəs və sülh təşəbbüslərinin taleyi isə hələlik qaranlıq olaraq qalır.

Həm Rusiya-Ukrayna, həm ABŞ və İsrail-İran qarşıdurması nümunəsindən görünür ki, son illərin xarakterik geosiyasi yanılmalarından biri məhz hərbi münaqişələrin "qısa və sürətli" olacağına dair gözləntilərin doğrulmamasıdır. Qeyd etdiyimiz hər iki müharibə ilkin mərhələdə sürətli nəticə ilə yekunlaşacaq lokal qarşıdurma kimi qiymətləndirilsə də, reallıq bu proqnozların əksini göstərdi, münaqişələr uzanan, çoxşaxəli, mürəkkəb proseslərə doğru istiqamətləndi.

Bu yanlışlığın səbəblərinə diqqət yetirsək görərik ki, əsas səbəblərdən biri müharibələrin ilkin mərhələsində tərəflərin potensialının, gücünün düzgün qiymətləndirilməməsidir. Çox vaxt hərbi güc yalnız texniki göstəricilər əsasında analiz edilir. Lakin nəzərə almalıyıq ki, müasir müharibələrdə siyasi iradə, cəmiyyətin müqavimət qabiliyyəti və xarici dəstək amili həlledici rol oynayır. Ukrayna nümunəsindəki kimi - bu müharibənin uzanmasına səbəb gözləniləndən daha güclü müqavimət və beynəlxalq dəstək oldu.

Digər mühüm amil geosiyasi maraqların toqquşmasıdır. Son münaqişələr yalnız iki və ya üç ölkə arasında deyil, daha geniş güc mərkəzlərinin maraqlarını əhatə edir. Nəticədə tərəflərdən heç biri tez bir zamanda geri çəkilmək istəmir, çünki bu, yalnız hərbi deyil, həm də siyasi və strateji məğlubiyyət kimi qiymətləndirilə bilər. Bu isə kompromis imkanlarını məhdudlaşdırır və münaqişəni uzadır.

Yanlışlığın başqa bir səbəbi müasir müharibələrin xarakterinin dəyişməsidir. Əvvəllər klassik hərbi əməliyyatlar daha qısa müddətdə nəticə verə bilirdisə, indi müharibələr hibrid xarakter alır. İnformasiya müharibəsi, iqtisadi sanksiyalar, kiberhücumlar və dolayı qarşıdurma formaları prosesi uzadır və onu daha qeyri-müəyyən edir.

Eyni zamanda beynəlxalq ictimaiyyətin reaksiyası da gözləntilərdən fərqli olur. Sanksiyalar, hərbi və maliyyə dəstəyi, diplomatik təzyiqlər münaqişələrin gedişatına birbaşa təsir göstərərək onların tez başa çatmasının qarşısını alır. Bu isə göstərir ki, müasir dünyada heç bir böyük münaqişə yalnız lokal çərçivədə qalmır. Nəticə etibarilə bu yanılmaların kökündə yeni müharibələri köhnə yanaşmalarla qiymətləndirmək cəhdinin dayandığını iddia edə bilərik. Müasir münaqişələr daha mürəkkəb, çoxsəviyyəli və uzunmüddətli xarakter daşıyır. Bu reallıq isə gələcəkdə analitik proqnozların daha ehtiyatlı və çoxşaxəli aparılmasını zəruri edir.


44 gün - mütləq qələbə örnəyi


Belə mürəkkəb və qeyri-sabit beynəlxalq mühit fonunda Azərbaycanın təcrübəsi xüsusi diqqət cəlb edir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və onun cəmi 44 gün ərzində Azrbaycanın parlaq qələbəsi - təxminən 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın işğalçılardan təmizlənməsi, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə başa çatması müasir müharibə tarixində nadir nümunələrdən biri kimi qiymətləndirilə bilər. Bu gün dünyanın müxtəlif bölgələrində illərlə davam edən və sonu görünməyən hərbi münaqişələr fonunda Azərbaycanın cəmi 44 gün ərzində Ermənistanı diz çökdürmüş, təslim olaraq faktiki kapitulyasiya aktına imza atmağa məcbur etmiş qələbəsi yeganə mütləq qələbə örnəyi kimi bütün dünyada həssaslıqla öyrənilir.  Azərbaycan bu müharibədə yalnız hərbi üstünlük nümayiş etdirmədi, eyni zamanda siyasi və diplomatik müstəvidə də strateji üstünlüyünü qoruyaraq mütləq qələbəyə nail oldu. Müasir dünyamızdakı müharibələrin xarakteri göstərir ki, sabitliyin əldə olunması üçün yalnız hərbi və ya siyasi deyil, həm də sistemli, çoxşaxəli yanaşmalar tələb edilir. Azərbaycan da Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji baxışı, qətiyyət və iradəsi, ordumuzun gücü sayəsində qazandığı tarixi qələbəyə məhz qələbəni şərtləndirən çoxşaxəli amillərin hər birini nəzərə almaqla nail oldu. 

Bu qələbə ilk növbədə Ali Baş Komandan İlham Əliyevin düzgün hesablanmış əmrləri ilə, mətin, qətiyyətli sərkərdənin mahir komandanlığı altında hərəkət edən Azərbaycan əsgərinin qəhrəmanlığı və rəşadəti sayəsində qazanıldı. Hərbçilərimizin döyüş meydanında nümayiş etdirdikləri yüksək ruh, vətənpərvərlik, peşəkarlıq qələbənin əsas sütunlarından birini təşkil etdi. Azərbaycan bu müharibəyə illərlə hazırlaşmışdı. Hərbi əməliyyatların cəmi 44 gün içində öz əsas hədəfinə çatması illərboyu səbirlə, təmkinlə, gələcəyə strateji baxışla aparılmış ciddi hazırlıqlara söykənirdi. Ordumuzun hərbi potensialı, təchizat səviyyəsi, müasir texnologiyaların, innovativ hərbi strategiyaların tətbiqi nəticəyə birbaşa təsir göstərdi. Təsadüfi deyil ki, Azərbaycan 44 günlük Vətən savaşında XXI əsrin innovativ müharibəsini apardı. Mülki əhaliyə, infrastruktura heç bir xətər yetirmədən, hərbi münaqişələrlə bağlı beynəlxalq qanunvericiliyə ciddi riayət etməklə yalnız legitim hədəflərə yönələrək öz məqsədlərinə çatdı.  


"Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı"


Bu qələbənin ən mühüm amillərindən biri hərbi komandanlıqla yanaşı, eyni zamanda siyasi liderlik faktıdır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, uzun illər ərzində formalaşdırılmış güclü iqtisadi baza və müasir ordu quruculuğu strategiyası bu qələbənin möhkəm təməlini formalaşdırdı. Dövlətimizin başçısının döyüş meydanında olduğu kimi, diplomatik arenada da qətiyyətli və prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanan legitim arqumentləri, apardığı effektiv fəaliyyət Azərbaycanın mövqeyini daha da gücləndirdi. 2023-cü ildə Qarabağda separatçı cinayətkarlara qarşı həyata keçirilmiş 23 saatlıq antiterror əməliyyatı isə prosesi məntiqi sonluğuna gətirdi. Qısa müddətdə, çox yüksək dəqiqliklə aparılmış bu əməliyyat ölkənin suverenliyinin tam bərpasını təmin etdi və bölgədə yeni reallıqlar yaratdı. Bu əməliyyat həm də göstərdi ki, Azərbaycan yalnız müharibəni qazanmaqla kifayətlənmir, eyni zamanda postmünaqişə mərhələsində də strateji məqsədlərinə nail olmaq qüdrətindədir. 

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı.

Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir.

Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir".

Nəticə etibarilə müasir dünyada uzanan və nəticəsi qeyri-müəyyən olan münaqişələr fonunda Azərbaycanın təcrübəsi fərqli bir model kimi çıxış edir. Bu model qətiyyətli siyasi liderlik, güclü ordu, milli birlik və aydın strateji hədəfin sintezindən ibarətdir. Azərbaycanın əldə etdiyi mütləq qələbə göstərir ki, düzgün planlaşdırılmış və ardıcıl həyata keçirilən siyasət nəticəsində hətta uzun illər davam edən münaqişələr belə qısa müddətdə həll oluna bilər. Bu isə beynəlxalq münasibətlər sistemində yeni yanaşmaların və nümunələrin formalaşmasına zəmin yaradır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci rübdə neft-qaz sektoru üzrə 10 milyard manata yaxın sənaye məhsulu istehsal edilib

14:01
14 Aprel

Türkiyə siyasətçisi Ankaranın iştirakı ilə Ümumdünya Sülh Şurasının yaradılmasına çağırıb

13:54
14 Aprel

Yağış insan psixologiyasına necə təsir edir? - mütəxəssis izah edir

13:48
14 Aprel

Türk ekspert: Yaxın Şərqdəki risklər fonunda Orta Dəhlizin əhəmiyyəti artır  

13:39
14 Aprel

BTQ: Qvadelupada baş vermiş ölüm hadisəsi cəmiyyətdə ciddi narahatlıq yaradıb  

13:18
14 Aprel

Sabah bəzi yerlərdə arabir yağış yağacaq, duman müşahidə ediləcək

13:13
14 Aprel

Tədqiqat: Süni intellekt ilkin diaqnozların azı 80 faizində səhvə yol verir  

13:09
14 Aprel

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNİB

13:08
14 Aprel

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialının açılışı olub

13:06
14 Aprel

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNƏCƏK  

13:01
14 Aprel

Media: İran-ABŞ danışıqlarının yeni mərhələsi Türkiyədə və ya Misirdə keçirilə bilər  

12:57
14 Aprel

Türkiyənin enerji naziri: Türkmənistandan təbii qazı Azərbaycandan boru kəməri ilə tədarük etməyi planlaşdırırıq  

12:42
14 Aprel

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

12:41
14 Aprel

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNƏCƏK  

12:38
14 Aprel

Argentinada futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı yeni məhkəmə prosesi başlayır

12:33
14 Aprel

Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həyatını itirib 

12:21
14 Aprel

Azərbaycanda “Ədalətli İdman Ayı”na start verilir

12:16
14 Aprel

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

12:16
14 Aprel

İsraildə raket hücumları nəticəsində yaralananların sayı açıqlanıb

12:10
14 Aprel

Xəzərdə baş verən zəlzələlər seysmik aktivliklə bağlıdır - AÇIQLAMA

12:03
14 Aprel

Gəncədə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

11:54
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!