11 Mart 2026 08:35
160
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi

Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi


Müasir dünya nizamında transformasiyalar turbulent xarakter daşıyır. Başqa sözlə, onlar özlərində ziddiyyətləri, mürəkkəblikləri və gözlənilməzlikləri ehtiva edirlər. Bu zaman qeyri-müəyyən risklər və çağırışlar dünyanın inkişaf perspektivlərinə ciddi əngəllər törədə bilər.

Belə bir vəziyyət politologiyada yeni "normallıq" və ya yeni "anormallıq" anlayışlarının tədqiqini aktuallaşdırır. Yeni dünya düzəni indiki mərhələ üçün "normal" sayılan, lakin tarixi-siyasi rakursda "anormal" olan parametrlərdənmi formalaşır? Bu sualın cavablandırılması əhəmiyyətlidir. Çünki o, yalnız cari situasiyaya aid deyil, həm də strateji qeyri-sabitliyə təkan verir. Geosiyasi aspektdə strateji qeyri-sabitlik isə milli dövlətçilik qarşısında prinsipial çətinliklər yarada bilər. 

Məsələnin digər tərəfi müstəqil dövlətlərin xarici siyasət kursunun qlobal geosiyasi düzənin formalaşmasında rolunun daha da artması ilə bağlıdır. Xüsusilə dünyanın ən həssas regionlarının liderlərinin xarici siyasətlərinin mahiyyəti, məzmun və məqsədləri ciddi əhəmiyyət kəsb edir. Baş verən proseslər göstərir ki, Azərbaycanın xarici siyasəti vurğulanan istiqamətdə getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bunu konkret faktlar üzrə görmək olar. Öncə son dövrlərdə dünya siyasətində önə çıxan bir sıra toplantılara və orada aparılan müzakirələrin geosiyasi kontekstinə nəzər salaq.


Beynəlxalq düzənin "dağılma prosesi"


2026-cı ilin fevralında Münxen Təhlükəsizlik Konfransı üçün hazırlanan məruzədə birmənalı vurğulanmışdır: "İkinci Dünya müharibəsindən sonra qurulan beynəlxalq düzən "dağılma prosesi"nə daxil olmuşdur və ABŞ artıq qlobal sistemin müdafiəçisi deyildir, əksinə, özü onun ləğv edilməsi faktoru olmuşdur".

Ancaq məsələnin daha düşündürücü cəhəti dünyanın özlüyündə dağılma prosesinə düçar olmadığı haqqında fikrin mövcudluğu ilə bağlıdır. Belə ki, həmin məruzədə göstərilir ki, "dünya dağılma siyasəti dövrünə qədəm qoymuşdur". Buradan maraqlı sual yaranır: "Dağılma siyasəti nə deməkdir və onu hansı dairələr aparırlar?"

Məruzədə göstərilir ki, onu "buldozer Vaşinqton" aparır və mahiyyəti beynəlxalq hüquq və institutları inkar etməklə dünyanın universal normalar məkanından "güclülərin və zənginlərin sözləri"nin hökmranlığı meydanına çevirməkdən ibarətdir. "Pax Americana" dövrü başa çatır.

Lakin ekspertlər başqa bir məqama da diqqət yetirirlər. Onlar ABŞ-nin Dövlət katibi Marko Rubionun Münxendə faktiki olaraq "Avropanın yaralarına məlhəm qoyduğu"nu vurğulayırlar. Yəni o, vitse-prezident Cey Di Vensdən fərqli olaraq, Vaşinqtonun "qapılarını tamamilə Brüsselin üzünə qapatmadığı" mesajını vermişdir. Bununla yanaşı, dəhlizlərdə avropalı siyasətçilər pıçıldaşırmışlar ki, "Amerikaya etibar etmək olmaz!" Sosial sorğuların nəticələri kimi göstərirlər ki, almanların 66 faizi, britaniyalıların 52 faizi ABŞ-ni NATO-da daha az etibar olunan müttəfiq adlandırmışlar. Almanların 72 faizi, fransızların isə 63 faizi Donald Trampın apardığı siyasətin onların ölkələrinə zərər verdiyini ifadə etmişdir. Almaniyanın kansleri Fridrix Mers isə "ABŞ ilə dostluğu pozmadan D.Tramp idarəetməsini "yola vermək" və sonra Avropanın özünün müdafiə sistemini yaratmaq" kimi daha yığcam bir fikir səsləndirmişdir.

Qərb siyasətçilərinin və ekspertlərinin qarşılıqlı ittihamedici fikirləri və dünya düzəninin dağılması ilə bağlı proqnozların daha çox müzakirə edilməsi Münxen Təhlükəsizlik Konfransının başlıca mövzusu deyildi. Orada enerji təhlükəsizliyi də əsas müzakirə predmetlərindən biri idi. Ayrılıqda "açıq dəhlizlər siyasəti" diqqət mərkəzində olmuşdur. Bunun fonunda "Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" müzakirə edilmişdir. Bu iki mövzu bir-biri ilə sıx bağlıdır. Eyni zamanda onların kompleks halda reallaşmasında Azərbaycanın yeri və rolu diqqət mərkəzində olmuşdur.

Daha geniş kontekstdə yanaşdıqda hər bir müstəqil dövlətin Münxen Təhlükəsizlik Konfransına öz xarici siyasət kursunun əsas məqsədlərinə uyğun mövqe ilə qatıldığını arxa plana atmaq olmaz. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin məqsədini bu müstəvidə olduqca dəqiq ifadə etmişdir. Ölkəmizin rəhbəri Münxendə Azərbaycan jurnalistlərinə verdiyi müsahibədə vurğulamışdır: "Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt - yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır".

Bütün bunlar müasir qlobal geosiyasətin mövcud mənzərəsi fonunda Azərbaycanın xarici siyasətində əməkdaşlıq, sülh və təhlükəsizlik məsələlərinə sistemli yanaşmanın daha doğru olduğunu əks etdirir. O cümlədən Sülh Şurasının qurucu dövlətlərindən biri kimi Azərbaycanın indiki mərhələdə xarici siyasətinin başlıca özəlliklərinin təhlili xüsusi aktuallıq kəsb edir. Bunun üçün Münxendən sonra Serbiyaya səfər edən Prezident İlham Əliyevin xarici siyasət aspektində ifadə etdiyi fikirlərə nəzər salmağa ehtiyac vardır. Çünki onlar yeni mərhələdə Azərbaycanın xarici siyasətində sülh və əməkdaşlığın tutduğu yerlə bağlı bir sıra məqamlara aydınlıq gətirir.


Sürətli dəyişkənlik və gözlənilməz ssenarilər


Azərbaycanın xarici siyasətinin Avropa istiqaməti üçün yüksək əhəmiyyətli məqamlar mövcuddur. Onların bir qismi haqqında Prezident İlham Əliyev 15-16 fevral 2026-cı il Belqrad səfərində bəhs etmişdir. Bizim üçün əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, dövlət başçısı dünyada müşahidə olunan sürətli dəyişikliklər fonunda xarici siyasətin səmərəliliyini şərtləndirən amilləri ön plana çıxarır. Burada gözlənilməz ssenarilərin nəzərə alınması xarici siyasətin məzmununa və prioritet istiqamətlərinin müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verir. Belə çıxır ki, sürətli dəyişikliklər fonunda xarici siyasətdə risk və gözlənilməz situasiyaların nəzərə alınması məharətli yanaşma tələb edir.

Azərbaycan Prezidenti məhz bu səbəbdən Avropa istiqamətində siyasətdə davamlı əməkdaşlığa xüsusi önəm verir. Bu tezisin əsaslı olduğunu ölkə rəhbərinin sürətli dəyişiklik və gözlənilməzlik faktoru fonunda vurğuladığı fikirlər də təsdiq edir.

Dövlət başçısı demişdir: "Prezident Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Hesab edirəm ki, bu, bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə - bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir".

Bu fikirləri biz ümumilikdə Azərbaycanın xarici siyasətinin bir mühüm və strateji xarakterli xüsusiyyətinə aydınlıq gətirmək üçün təqdim edirik. Yəni məsələ yalnız Serbiya ilə əlaqəli deyil, burada söhbət Azərbaycan Prezidentinin xarici siyasət kursunun mahiyyətindən gedir. Prezident İlham Əliyev hər bir situasiyada, o cümlədən yüksək riskli və böhranlı vəziyyətlərdə belə əməkdaşlıqla təhlükəsizliyin vəhdətində konstruktiv təşəbbüslər irəli sürür və həmin istiqamətdə də konkret addımlar atır.

Bu tezisin işığında Azərbaycanın dövlət başçısının Münxen konfransından Serbiyaya strateji əməkdaşlıq məsələlərini müzakirə etməyə keçməsi və oradan da tarixi hadisə olan Sülh Şurasının ilk toplantısına qatılması davamlı və məqsədyönlü fəaliyyətin təzahürü kimi qiymətləndirilməlidir.


Hüquqi inamsızlıq və məsuliyyət


Həm ümumilikdə Sülh Şurasının, həm də Prezident İlham Əliyevin Sülh Şurasının Vaşinqtondakı ilk iclasında iştirakının geosiyasi mənasını tam dərk etmək üçün ölkəmizin rəhbərinin bir fikrinə nəzər yetirmək gərəkdir. Münxendə Azərbaycan jurnalistlərinə verdiyi müsahibədə dövlətimizin başçısı Sülh Şurasının yaradılması ilə bağlı demişdir: "Bilirsiniz, əgər xatırlayırsınızsa, mən bu haqda danışmışam, ola bilsin təfərrüatı ilə yox, amma ümumiyyətlə, demişəm ki, beynəlxalq hüquq artıq etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü".

Sülh Şurasında qurucu üzvlərdən biri kimi təmsil olunmaq Azərbaycanın xarici siyasətinin çox ciddi uğurudur. Bununla Azərbaycan son 300 illik tarixində ilk dəfə beynəlxalq miqyasda söz sahibi olmaq iddiasında olan bir qurumun təsisçilərindən - qurucu üzvlərindən biri statusunda çıxış edir. Söhbət sülh, əməkdaşlıq və təhlükəsizlik istiqamətlərində dünya miyqasında təsir imkanlarına malik olan bir qurumdan gedir. Bu xüsusiyyət artıq Sülh Şurasının ilk sammitində özünü göstərməli idi. Azərbaycan lideri bununla bağlı demişdir: "Əlbəttə ki, hər şey gündəlikdən asılı olacaq. Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir".

Belə görünür ki, Sülh Şurasının məqsədləri çox genişdir. Bu qurumda dövlətlərin birgə fəaliyyəti nəticəsində yeni dünya nizamının formalaşması mexanizmləri işlənib hazırlanmalıdır. O, sivil dünyanın münasibətləri olmalıdır və beynəlxalq hüquq prinsipləri üstünlük təşkil etməlidir. Burada Ulu Öndər Heydər Əliyevin 1994-1995-ci illərdə BMT Baş Məclisinin iclaslarında səsləndirdiyi bir tezisi xatırlamaq yerinə düşər. Həmin tezis BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti ilə bağlı idi. Ümummilli Lider bunun səbəbi kimi böyük dövlətlərin hüquqa deyil, güc faktoruna dayandıqlarını göstərirdi. Belə qənaətə gəlmişdi ki, dünya miqyasında həmin tendensiya davam etsə, bütövlükdə qlobal nizam və BMT-nin özü "iflic" olacaq.

BMT Baş Məclisinin BMT-nin 50 illiyinə həsr edilmiş xüsusi təntənəli iclasındakı nitqində Heydər Əliyev bəyan etmişdi: "…dünya hələ də tam təhlükəsiz, mükəmməl və ideal vəziyyətdə deyildir. Elə problemlər var ki, bunlar köklü şəkildə həll olunmalıdır. Dövlətlər arasındakı münasibətlərdə beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, aclıq və səfalətin aradan qaldırılması, ekoloji fəlakətlərin qarşısının alınması məhz belə problemlərdir. Dünyanın bir çox regionunda qanlı müharibələrə, milyonlarla insanların saysız-hesabsız əzab-əziyyətlərinə səbəb olan təcavüzkar millətçilik və separatizm halları sülh üçün böyük təhlükədir".

Deməli, əgər keçən əsrin 90-cı illərində dünyanın böyük gücləri tərəfindən Heydər Əliyevin tövsiyələri nəzərə alınsaydı, indi Vaşinqtonda D.Tramp başda olmaqla çoxlu sayda dövlət başçıları "BMT iflasa uğradı, heç bir iş görə bilmir" deməzdilər.

Reallıq ondan ibarətdir ki, BMT-ni "əzab çəkən nəhəng" kimi "silkələməmək" üçün D.Tramp dünyanın 50 ölkəsinin başçısını bir araya gətirmişdir. 27 ölkə Şuranın qurucularıdırlar və Avropa İttifaqı (Aİ) müşahidəçi statusunda iştirak edir.

Bizcə, məqsəd aydındır. Ona çatmaq üçün də, obrazlı desək, Sülh Şurasının "yeni nizamlayıcı kodlar"a ehtiyacı vardır. Azərbaycan faktoru bu məqamda Sülh Şurası üçün xüsusi əhəmiyyət kəsb edir.


Yeni düzən kodları


Azərbaycanın xarici siyasətini araşdıran mütəxəssislər və ekspertlər artıq bir sıra parametrlər haqqında onları "kod kateqoriyası"na daxil etməklə danışırlar. Məsələn, "sülh", "suverenlik", "strateji dəhlizlər" kimi faktorlar indi Azərbaycanın xarici siyasətinin yeni nizam yaradan kodları kimi təqdim olunur. Bu sıraya əməkdaşlıq platformalarını, sərbəst enerji gücünü, enerji strategiyasının yeni mərhələsini, sülhsevər dövlət identikliyini, açıq dəhlizlər strategiyasını və başqa faktorları da daxil edə bilərik.

Burada başlıca prinsip ondan ibarətdir ki, Azərbaycan Prezidenti davamlı olaraq vurğulanan anlayışlar da daxil olmaqla sistemli və konseptual siyasəti ilə ölkənin öncə regional lider statusuna, sonra regionlararası aparıcı rola malik orta gücə, daha sonra isə qlobal miqyasda təsiri olan geosiyasi aktora çevrilməsinə nail olmuşdur. Bütün bunlar Azərbaycanın Sülh Şurasının qurucularından biri olmasına imkan yaratmışdır.

Azərbaycan Prezidentinin sülhsevər siyasəti baxdığımız aspektdə dünyada gedən proseslərə çox ciddi təsir göstərməkdədir. ABŞ Prezidenti Donald Tramp bundan çox təsirlənmişdir. TRIPP-ın Azərbaycan Prezidentinin təklif etdiyi beş baza prinsipi əsasında işə salınması haqqında qərarın qəbul edilməsi bunun bariz nümunəsidir.

Bizim üçün çox qürurvericidir ki, dünyanın yeni nizam qaydalarını quranlardan biri də Azərbaycan olacaqdır. Bu, Azərbaycan Prezidentinin dünya miqyasında səmərəli siyasət yürütməsinin əyani sübutudur! Bakı indi həmin səbəbdən regional diplomatiyanın paytaxtlarından biri kimi qəbul edilir! Yalnız enerji marşrutları deyil, diplomatiya yolları da Bakıda kəsişir! 


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

Dəniz sahilində, göydələnlər arasında

08:55
11 Mart

FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb

08:50
11 Mart

"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır

08:45
11 Mart

"Dünya hərb sənətinin Nadir şah zirvəsi"

08:40
11 Mart

Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi

08:35
11 Mart

Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq

08:30
11 Mart

Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır

08:25
11 Mart

İlham Əliyevin sülh strategiyası real nəticələr verir

08:20
11 Mart

Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır

08:15
11 Mart

İran böhranı

08:10
11 Mart

Humanizm və xeyirxahlıq nümunəsi

08:05
11 Mart

Güclü siyasi iradənin və qətiyyətin təzahürü

08:00
11 Mart

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!