16 Aprel 2026 08:35
3044
İQTİSADİYYAT
A- A+
Qardaş ölkə, strateji tərəfdaş

Qardaş ölkə, strateji tərəfdaş


Azərbaycanla Özbəkistan arasında illik ticarət dövriyyəsi üzrə hədəf - 1 milyard dollar


Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişafında ölkələrimizin dövlət başçılarının siyasi iradəsi, yüksəksəviyyəli qarşılıqlı səfərləri, keçirilən görüş və tədbirlər xüsusi əhəmiyyət daşıyır. İqtisadi əlaqələrin inkişafında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya mühüm platforma kimi çıxış edir.

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistanla Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Əlaqələrimiz həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri özünü ticarətdə, investisiya tərəfdaşlığında bariz şəkildə göstərir. Enerji, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd təsərrüfatı, nəqliyyat, tranzit, turizm və digər sahələrdə əlaqələr iqtisadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdir.

Azərbaycanın Avropaya "yaşıl enerji" dəhlizi çəkmək məqsədini qardaş Özbəkistan da dəstəkləyir. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Qazaxıstan və Özbəkistan da qərara gəliblər ki, Azərbaycan üzərindən bu dəhlizə özlərinin istehsal etdikləri bərpaolunun enerjini qoşsunlar (Bununla ölkəmiz "yaşıl enerji"nin həm də tranzitini həyata keçirəcək). 

Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2024-cü il noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlmişdi. Səfər çərçivəsində noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Æomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü oldu. Sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i imzaladılar.

Enerji əməkdaşlığından söz düşmüşkən onu da deyək ki, bununla bağlı əldə edilmiş razılaşmalar, bu çərçivədə İşçi qrupunun keçirdiyi iclaslar, hər iki ölkənin müvafiq nazirlikləri, eləcə də neft-qaz və elektrik enerjisi sahəsində fəaliyyət göstərən strukturları arasında müxtəlif layihələrlə əlaqədar aparılan müzakirələr getdikcə daha çox bəhrə verir. Bir sözlə, Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı çoxistiqamətlidir. "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi" imzalanıb və sənəd 14 istiqaməti əhatə edir. Yol xəritəsi hər iki ölkədə karbohidrogen ehtiyatlarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur. Bu sənədə əsasən, hazırda Azərbaycan və Özbəkistan bərpaolunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edirlər. Bir neçə il əvvəl "Azərenerji" ASC ilə "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, hər iki ölkənin sistem operatorlarının əməkdaşlığının davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi sözügedən yol xəritəsində əks olunub.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti arasında əlaqələr getdikcə genişlənir. Özbəkistanın neft-qaz sənayesinin mütəxəssisləri azərbaycanlı həmkarlarına böyük hörmətlə yanaşır, onların bu sahədəki təcrübəsini yüksək qiymətləndirirlər. Azərbaycanda keçirilməsi artıq ənənə halını almış Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində son illər Özbəkistanın geniş təmsil olunması buna aydın misaldır. Burada özbək mütəxəssisləri Azərbaycanın və bir sıra digər ölkələrin neft-qaz işçiləri ilə sıx təmasda olur, işgüzar söhbətlər apararaq gələcək uğurlu əməkdaşlığın, tərəfdaşlığın konturlarını müəyyənləşdirirlər.

SOCAR və "Uzbekneftegaz" arasında əməkdaşlığa dair imzalanan sənədlərin də sayı getdikcə artır. O cümlədən 2004-cü ilin avqust ayında Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində bu iki şirkət arasında Əsas Şərtlər Sazişi imzalanıb.

Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət Evinin rəhbəri Ramin Şərifov vurğulayıb ki, Mərkəzi Asiya respublikaları böyük iqtisadi potensiala malikdir. Özbəkistanın digər dövlətlərlə yanaşı, Azərbaycan ilə tarixi, dini, milli dəyərləri çox yaxındır və bu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına stimul verir.

O həmçinin bildirib ki, ötən il ərzində Azərbaycanın Özbəkistanla ümumi ticarət dövriyyəsi 2024-cü ilə nisbətdə 3,1 dəfə artaraq 795,1 milyon dolları ötüb. Cari ilin yanvar ayında isə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətən 75,1 faiz artaraq 25,5 milyon dolları üstələyib.

Lakin bu, son hədd deyil. Ticarət dövriyyəsinin ildən-ilə artması onu göstərir ki, bu istiqamətdə hər iki ölkənin böyük potensialı var. Özbəkistanla ölkəmiz arasında ticarət dövriyyəsinin 2030-cu ilə qədər 1 milyard dollara çatdırılması planlaşdırılır və bunun üçün perspektiv var. 

R.Şərifovun məlumatına görə, Özbəkistan və Azərbaycan investorları arasında tərəfdaşlıq sazişi də imzalanıb. Artıq bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Fondu fəaliyyətə başlayıb: "Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir. Eyni zamanda hazırda iki ölkə arasında 100-dən çox investisiya layihəsi təhlil edilir. Ümumi dəyəri 80 milyon dollardan çox olan 6 layihə isə artıq təsdiqlənib. 2024-cü ildə Daşkənd şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" dövlətlərarası münasibətlərin hüquqi-siyasi əsasını formalaşdıraraq əməkdaşlığın ən yüksək səviyyəyə çatdığını təsdiqləyir. Müqavilə yalnız diplomatik münasibətlərin deyil, eyni zamanda siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sistemli əməkdaşlığın genişlənməsinə zəmin yaradıb".

Əlavə edək ki, Özbəkistanın da Orta dəhlizin əsas nəqliyyat istifadəçilərindən olması bu ölkə ilə iqtisadi əməkdaşlığımızın məcrasının daha da genişlənməsinə zəmin yaradır.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi

13:32
26 May

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər kənd təsərrüfatında inkişafı daha da sürətləndirəcək  

12:54
26 May

Latifə Orujun “Sirli yürüşlər” romanında insan, cəmiyyət, zaman və əxlaq, mənəvi dərslər

12:37
26 May

DMX Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxış edən əcnəbilərə müraciət edib  

11:48
26 May

Altıillik fasilədən sonra sərnişin qatarı Bakıdan Tbilisiyə gəlib 

11:41
26 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:02
26 May

Keçmiş məcburi köçkün: Demişdim ki, mən Ağdama qonaq kimi yox, birdəfəlik qayıdanda gedəcəyəm 

10:51
26 May

Ağdam sakini: Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür 

10:50
26 May

Keçmiş məcburi köçkün: Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması idi

10:49
26 May

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib 

10:43
26 May

Tacikistan su məsələləri üzrə Düşənbə çərçivə proqramını hazırlamağı təklif edir

10:42
26 May

Minskdə 28 May–Müstəqillik Günü münasibətilə rəsmi qəbul

10:36
26 May

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik başa çatıb

10:32
26 May

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

10:16
26 May

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

10:14
26 May

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır

10:04
26 May

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib 

10:03
26 May

Rubio: ABŞ və İran arasında razılaşmanın yekunlaşdırılması bir neçə gün çəkə bilər

09:51
26 May

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!