26 May 2026 08:40
167
İQTİSADİYYAT
A- A+
Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər


BTC-yə ilk neftin vurulmasından 21 il ötür


2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinə Səngəçal terminalından ilk neft vuruldu. Bu həm də kəmərin Azərbaycan hissəsinin istifadəyə verilməsi demək idi. 

Təkcə ölkəmizin deyil, bütün regionun həyatında mühüm əhəmiyyəti olan bu hadisə ilə bağlı Bakıda və Səngəçalda keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etmişdilər. Bu, BTC-nin salnaməsində ən əhəmiyyətli günlərdən biridir. 

Kəmərin tarixi isə qısa olsa da, zəngindir. Belə ki, keçən əsrin 90-cı illərinin ikinci yarısında "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artdıqca mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in Zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Saziş Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.

Əvvəl "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə onun baş tutmasına mane olmaq istəyənlər bu dəfə BTC-ni hədəfə aldılar. Lakin Ümummilli Lider Heydər Əliyev özünün şah əsərlərindən biri olan bu kəməri bütün mərhələlərdən keçirdi. İnamla dedi ki, "BTC olacaq, olacaq, olacaqdır!" 

Doğrudur, 2002-ci il sentyabrın 18-də BTC-nin təməlini qoyan Ulu Öndər onun istifadəyə verilməsini görə bilmədi. Bu işi Prezident İlham Əliyev uğurla başa çatdırdı. 2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı və 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində kəmər tam sistem kimi istifadəyə verildi. 

Çox zaman haqlı olaraq vurğulanır ki, digər qlobal ixrac infrastrukturlarına da yolu BTC açdı. Növbəti marşrutlar çəkilərkən məhz bu kəmərin təcrübəsindən istifadə edildi. Eləcə də bütün dünya Azərbaycanın gücünü, onun yaratdığı əməkdaşlıq və tərəfdaşlıq platformasının nəyə qadir olduğunu gördü. 

Yol sözü həmçinin birbaşa mənasında işlədilir. Belə ki, az sonra çəkilən və "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycanda və Gürcüstanda BTC ilə eyni xəndək boyu uzanır. Həmin CQBK ki, Bakı-Tbilisi-Ərzurum kəmərinin, daha sonra genişləndirilərək "Cənub qaz dəhlizi"nin ön hissəsini təşkil etdi.

BTC üçüncü minilliyin nəhəng mühəndis qurğusudur. Xatırladaq ki, bu boru xətti Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində yerin altı ilə 1768 kilometr məsafə qət edir. Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə də Azərbaycanın ərazisində - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyədədir. 

Xəttin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq BTC 46, 42 və 34 düymlük borulardan çəkilib. Belə ki, kəmər öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrə çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən çox su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən kəmər yenidən dəniz səviyyəsinə enir. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin 9 rayonunda 1076 kilometrlik yolboyu uzanır. 

2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq" yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir".

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları BP (30,10 faiz), SOCAR (32,97 faiz ), MOL (8,90 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz ), "TotalEnergies" (5 faiz), ITOCHU (3,40 faiz), "ONGC Videsh" (3,10 faiz), "ExxonMobil" (2,50 faiz) və INPEX (2,50 faiz) şirkətləridir.

BTC-nin idarəedicisi BP şirkətinin məlumatına görə, 2006-cı ilin yayında istismara veriləndən 2026-cı ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6210 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 

Bu ilin ilk üç ayı ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6 milyon ton (təxminən 49 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 65 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

 BTC həm də təhlükəsiz kəmərdir. Qeyd edildiyi kimi, bu xəttin boruları bütün marşrutboyu torpaq altında basdırılıb. Bu da müasir dövrdə karbohidrogenlərin ən etibarlı nəql vasitəsi sayılır. Onu da əlavə etmək yerinə düşər ki, BTC-nin bir hissəsi 2023-cü ildə Türkiyənin zəlzələyə məruz qalan ərazilərindən keçir. Bununla belə, kəmərin istər boruları, istərsə də yerüstü qurğuları heç bir zədə almadı. Bu da xəttin çəkilişinin mükəmməl olduğundan xəbər verir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

Musiqinin canlı ruhu

08:55
26 May

Həkim, alim və dövlət xadimi

08:50
26 May

"Yaşıl dünya"nın xilaskarları

08:45
26 May

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

08:40
26 May

Bakı yenidən qlobal enerji və logistika mərkəzinə çevrilir

08:35
26 May

Avropa Parlamenti reallıq hissini çoxdan itirib

08:30
26 May

WUF13-ün tarixi zəfəri

08:27
26 May

WUF13 bir çox ilkə imza atdı

08:25
26 May

Daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

08:20
26 May

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub

08:15
26 May

Ağdam şəhərinə növbəti köç yola salınıb

08:12
26 May

Regional liderlikdən qlobal aktorluğa 

08:10
26 May

Müstəqilliyimiz güclü və əbədidir

08:05
26 May

Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi 

08:00
26 May

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!