Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə irəli sürülən strateji təşəbbüslər bu gün həm regional, həm də qlobal səviyyədə öz real bəhrələrini verir. Bu fəaliyyətin ən mühüm institusional uğurlarından biri kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunmasını göstərmək olar. Parlament Şəbəkəsi QH-nin prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədini daşıyır.
Bu mənada aprelin 15-də Türkiyənin İstanbul şəhərində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı zamanı sözügedən şəbəkənin qərargahının Bakı şəhərində yaradılması barədə qəbul edilmiş qərar xüsusi tarixi əhəmiyyət daşıyır. Bakının bu beynəlxalq platformanın mərkəzi statusunu alması, Azərbaycanın dünya siyasətindəki artan nüfuzunun və hərəkat daxilindəki əvəzsiz liderliyinin növbəti təsdiqidir.
Prezident İlham Əliyevin təşəbbüsləri ilə
"... Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib".
Prezident İlham Əliyevin 2022-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında səsləndirdiyi bəyanatlar, hərəkatın institusional inkişafı və gələcəkdə tammiqyaslı təşkilata çevrilməsi məqsədi artıq konkret əməli işlərdə özünü göstərir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə təsis edilən Parlament Şəbəkəsi və Gənclər Təşkilatı Qoşulmama Hərəkatını siyasi məsləhətləşmə platformasından çıxararaq, daha çevik və təsirli beynəlxalq instituta çevirib.
Xatırladaq ki, QH-nin Bakıda keçirilmiş 18-ci sammitində dövlət və hökumət başçıları Qoşulmama Hərəkatının parlamentariləri arasında qarşılıqlı fəaliyyəti, əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi qərara alıblar. 2021-ci ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib.
Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. 120 ölkəni birləşdirən QH-yə üzv olduğu ilk gündən etibarən ölkəmiz bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş siyasət həyata keçirir və hərəkatın bütün təşəbbüslərinə çox fəal cəlb olunub. Buna görədir ki, Azərbaycan hərəkata üzv olduğu çox qısa zamanda yürütdüyü xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb.
2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürüb. Yenə də ölkəmizə böyük hörmət və yüksək etimadın nəticəsi olaraq 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilin axırınadək uzadılıb. Hərəkata sədrlik etdiyi dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib. Xüsusən dövlətimizin rəhbərinin təşəbbüsləri ilə QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olunub. 2021-ci ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib.
Qoşulmama Hərəkatının təməl ideyasını sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılması təşkil edir. Bu baxımdan QH Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edən nümayəndə heyətlərinin üzvlərinin 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər etmələri də bir daha bu bəşəri ideyalara sadiqliyi göstərir.
Təşkilatın beynəlxalq rolu artır
Bu günlərdə İstanbulda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı təşkilatın beynəlxalq rolunun nə dərəcədə artdığını bir daha sübut etdi. 50-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan olan 130-a yaxın nümayəndənin iştirak etdiyi konfrans "Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu" mövzusuna həsr edilib.
Azərbaycan Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova konfransda deyib ki, Parlament Şəbəkəsi çərçivəsində aparılan dialoq və birgə səylər parlament vasitələri ilə sülhə, sabitliyə, inkişafa və rifaha nail olmaq öhdəliyinin sübutudur.
Çıxışda qeyd olunub ki, 2025-ci ilin aprel ayında Daşkənddə keçirilmiş son konfransdan keçən dövrdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi fəaliyyət dairəsini və beynəlxalq rolunu genişləndirməyə davam edib.
Bildirilib ki, 2025-ci ilin aprelindən bu günədək üzv ölkələrin parlament rəhbərləri və hökumət rəsmiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə təxminən 35 görüş keçirilib. Bu görüşlərdə platformanın effektivliyinin daha da artırılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilib.
Konfrans çərçivəsində çıxış edən Türkiyə, Özbəkistan, Misir, Əlcəzair və digər ölkələrin parlament rəhbərləri, eləcə də beynəlxalq qurumların nümayəndələri Azərbaycanın və onun rəhbərinin fəaliyyətinə yüksək dəyər veriblər. Çıxışçılar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Azərbaycan Milli Məclisinin sədrliyi ilə institusional inkişafı və təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Konfransın sonunda İstanbul Bəyannaməsi qəbul olunub. Tədbirdə həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahının yaradılması və Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərarlar qəbul olunub.
İstanbulda keçirilən konfransda mühüm addım olaraq, Ərəb Parlamentinə şəbəkədə müşahidəçi statusunun verilməsi, təşkilatın beynəlxalq əməkdaşlıq coğrafiyasını daha da genişləndirməsi anlamına gəlir. Bu qərar şəbəkənin digər nüfuzlu parlament təşkilatları ilə sıx iş münasibətləri qurmaq hədəfinə xidmət edir. Bu həm də Azərbaycanın təşəbbüsü ilə yaradılan adıçəkilən platformanın artıq qlobal mərkəzə çevrildiyini, eyni zamanda beynəlxalq parlament diplomatiyasının əsas hərəkətverici qüvvələrindən biri olduğunu göstərir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın qlobal həmrəylik və tərəfdaşlıq mərkəzi statusunu daha da möhkəmləndirəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"