Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans davam edir.
AZƏRTAC xəbər verir ki, konfrans öz işini Milli Məclisin deputatı Rizvan Nəbiyevin moderatoru olduğu “Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində” mövzusunda ikinci panel iclası ilə davam etdirib.
Rizvan Nəbiyev çıxışında Qərbi Azərbaycana qayıdış məsələsinin yalnız tarixi və siyasi deyil, eyni zamanda, beynəlxalq hüquq və fundamental insan hüquqları məsələsi olduğunu vurğulayıb. O qeyd edib ki, məcburi köçkünlərin və deportasiya olunmuş şəxslərin öz doğma torpaqlarına qayıtmaq hüququ beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Moderator insan hüquqlarının bərpasının müasir beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu bildirərək, Qərbi Azərbaycan məsələsinin də məhz bu kontekstdə qiymətləndirilməsinin vacibliyini qeyd edib.
Panelin ilk məruzəçisi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damjan Krnyeviç Mişkoviç beynəlxalq münasibətlər sistemində tarixi ədalət, kollektiv yaddaş və siyasi transformasiya proseslərinin əhəmiyyətindən danışıb. O bildirib ki, davamlı sülhün qurulması yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda, keçmişdə baş vermiş haqsızlıqların tanınması və hüquqi mexanizmlər vasitəsilə aradan qaldırılması ilə mümkündür. Onun sözlərinə görə, Qərbi Azərbaycan məsələsi regional sabitlik və uzunmüddətli barışığın vacib elementlərindən biri kimi qiymətləndirilməlidir.
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver çıxışında bildirib ki, Türkiyə ictimaiyyəti və vətəndaş cəmiyyəti institutları Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdış hüququnu dəstəkləyir: “Qərbi Azərbaycan həqiqətləri yalnız azərbaycanlıların deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqət yetirməli olduğu bir məsələdir. İnsanların milli, etnik, dini və mədəni hüquqlarının qorunması müasir dünyanın əsas prinsiplərindən biridir. Münaqişələrin əksəriyyətində üçüncü tərəflərin müdaxiləsi mühüm rol oynayıb və bu səbəbdən regionda davamlı sülhün təmin olunması üçün tarixi həqiqətlərin obyektiv şəkildə araşdırılması vacibdir. Qərbi Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizm faktlarının və deportasiya tarixinin beynəlxalq auditoriyalara daha geniş şəkildə çatdırılması vacibdir”.
Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov mövzuya hüquqi aspektdən yanaşaraq Qərbi Azərbaycan məsələsinin beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb: “BDU-nun Hüquq fakültəsi və onun alimləri son illərdə bu istiqamətdə bir sıra elmi təşəbbüslər həyata keçirib, beynəlxalq elmi platformalarda və nüfuzlu “Web of Science” bazasına daxil olan jurnallarda mövzu ilə bağlı tədqiqatlar dərc etdiriblər. Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə və insan hüquqlarına əsaslanır. Məcburi köçürülmüş insanların geri qayıtmaq hüququ beynəlxalq hüququn tanıdığı fundamental hüquqlardan biridir və bu prinsip dünyanın müxtəlif regionlarında tətbiq olunub”.
Paneldə çıxış edən türkiyəli diplomat və beynəlxalq münasibətlər üzrə ekspert Ferit Murat Özkaleli regionda sülh quruculuğu proseslərinə toxunaraq uzun illər ərzində fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyətini xatırladıb. O qeyd edib ki, onilliklər ərzində aparılan danışıqlara baxmayaraq, münaqişənin həlli istiqamətində real nəticələr əldə olunmamışdı və regionda yeni reallıqlar məhz Azərbaycanın öz siyasi iradəsi nəticəsində formalaşıb: “Qərbi Azərbaycana qayıdış məsələsi yalnız Qərbi Azərbaycandan olan insanların deyil, bütün Azərbaycan cəmiyyətinin ortaq məsələsidir. Bu məsuliyyət yalnız həmin torpaqlarda doğulmuş və ya orada yaşamış insanların üzərinə düşmür. Əksinə, Azərbaycanın gənc nəsli, ziyalıları, alimləri və vətəndaş cəmiyyəti nümayəndələri də bu ideyanın yaşadılması və beynəlxalq müstəvidə tanıdılması prosesində fəal iştirak etməlidirlər. Tarixi yaddaşın qorunması, hüquqi əsasların gücləndirilməsi və beynəlxalq məlumatlandırma fəaliyyətinin genişləndirilməsi Qərbi Azərbaycana qayıdış konsepsiyasının uğurla reallaşmasına töhfə verəcək əsas amillərdəndir”.
Panel iştirakçıların sualları və geniş fikir mübadiləsi ilə başa çatıb.