"Ermənistan tərəfi Minsk qrupunun buraxılması ilə bağlı fəaliyyətə başlanılmasının nəzərdən keçirildiyini bildirib. Lakin Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə bağlı ziddiyyətli addımları, regionumuzda sülhə və təhlükəsizliyə təhdid yaradan əməlləri Minsk qrupu ilə bağlı sərgilədiyi mövqeyin səmimiliyinə inamı azaldır".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Zaur Şükürov deyib. Deputat bildirib ki, Azərbaycan davamlı sülhə nail olunması və etibarlı sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında yer almış ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, Ermənistan rəhbərliyi hər vəchlə bu tələbin yerinə yetirilməsindən boyun qaçırır. Bildiyimiz kimi, bir neçə gün öncə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə keçirilmiş və "Yerkrapa" hərbi təşkilatının, Müdafiə Nazirliyinin təmsilçilərinin də iştirak etdiyi toplantı zamanı etdiyi çıxışı yayıldı. Levon Ter-Petrosyanın bu çıxışı Ermənistanın faşist, irqçi, işğalçı siyasətini bir daha təsdiq etdi. "İclasda Ter-Petrosyan Azərbaycana qarşı 6 əsrlik planları barədə danışaraq, hədəflərinə çatdıqlarını, azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləməni qürurla, fəxarətlə ifadə edir. Həmin dövrdə müdafiə naziri olmuş Vazgen Sarkisyan iclasda iştirak edənlərə müraciət edərək bildirir ki, prezidentin çıxışı məxfiləşməlidir, bu çıxış sadəcə iclasda iştirak edən dostları üçündür. Belə ki, Levon Ter-Petrosyanın çıxışında digər məsələlərlə yanaşı, Ağdamın işğalı faktı qeyd edilib və bu faktlar ölkənin beynəlxalq imicinə ciddi zərər vura bilər. Bu çıxışlar artıq onu deməyə əsas verir ki, ermənilər öz cinayətkar əməllərini, terrorçu və irqçi siyasətini hər vəchlə gizlədir, özlərinin uydurduqları "yazıq və əzabkeş xalq" imicinin ifşa olunmasından çox ehtiyat edirdilər. Bu çıxış Ermənistanın bizə məlum olan yalanlarını bir daha nümayiş etdirir", - deyə o əlavə edib.
Z.Şükürov xatırladıb ki, Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, bizə qarşı 30 illik işğalçılıq siyasəti sadəcə olaraq Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur: "Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Əsrlər boyu belə bir ideologiya ilə bəslənmiş erməni cəmiyyəti, nəhayət, öz qonşuları ilə sülh şəraitində yaşamaqda maraqlıdırsa, bu faşist ideologiyasının kökünü kəsməlidir. Əks halda Azərbaycan dövləti bu ideologiyanı məhv edəcək".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi məsələsinə də toxunaraq bildirib ki, Ermənistan qardaş Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməlidir: "Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk və bu məsələnin danışıqlar yolu ilə həll olunmasını gözləyirik. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Ermənistan anlamalıdır ki, Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatı, hərbi gücü olan qüdrətli dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və Ermənistan bunu unutmamalıdır. Zəngəzur dəhlizi açılmalıdır və açılacaq".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"