BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğurlarla başa çatdı. Azərbaycan qlobal iqlim problemlərinin müzakirəsinə həsr olunmuş tədbirin ən yüksək səviyyədə təşkili üçün üzərinə düşən bütün öhdəlikləri layiqincə həyata keçirdi. Noyabrın 11-dən 23-dək Azərbaycanda keçirilən bu mötəbər tədbir ilk gündən uğurlu təşkili ilə diqqətləri özünə cəlb etdi. Dünyamız üçün olduqca zəruri olan bu qlobal tədbirin ölkəmizdə keçirilməsinə üstünlük verən beynəlxalq birlik əvvəlcədən konfransın uğurla baş tutacağına əmin idi. Çünki indiyə qədər ölkəmizin paytaxtı Bakı şəhərində neçə-neçə beynəlxalq əhəmiyyətli idman yarışları, həmçinin müxtəlif təşkilatların zirvə görüşləri yüksək səviyyədə keçirilmişdi.
Dünyamız üçün vacib olan COP29-un Azərbaycanda reallaşdırılması hər şeydən əvvəl Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin və dövlət başçımızın dünyada daim artan nüfuzunun nəticəsidir. Çünki Azərbaycan öhdəlik götürdüyü, imzasını atdığı bütün beynəlxalq müqavilələrə sadiq qalır. Bunlar isə ölkəmizin beynəlxalq imicini dünyada artırır, onu etibarlı bir tərəfdaş kimi tanıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlar Azərbaycan xalqını sevindirir.
Təəssüflər olsun ki, Azərbaycanın uğurlarına sevinməyənlər də var. Başda Fransa olmaqla xarici dövlətlərdə fəaliyyət göstərən erməni lobbisinin pul kisəsindən asılı olan Qərb dairələri məqam yaranan kimi ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Çirkin məqsədlərinə çatmaq üçün min oyundan çıxıb bütün vasitə və yollara əl atırlar. Azərbaycanın bir-birindən böyük uğurları, daim inkişaf etməsi, dünyada söz sahibinə çevrilməsi, COP29 kimi mötəbər tədbirə evsahibliyi etməsi bir sıra Qərb ölkələrini narahat edir, yuxularını ərşə çəkdirir. Bu işdə Fransa və erməni lobbisinin təsirindən çıxa bilməyən Avropa Parlamenti bütün vasitələrlə çalışırdı ki, bu mötəbər tədbir Azərbaycanda baş tutmasın. Çünki COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzunu dünyada daha da artıracaqdı. Anti-Azərbaycan qüvvələrinin bu istiqamətdəki bütün səyləri iflasa uğradı. Dünya ictimaiyyəti bu mənasız və məntiqsiz çağırışlara, yalandan yoğrulmuş boş hay-küylərə əhəmiyyət vermədi.
Prezident İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəsində COP29-un ölkəmizdə keçirilməsinə əngəl törədən qüvvələrdən də bəhs etmişdir. Dövlət başçısı demişdir ki, daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz idi. Hesab edirəm ki, bu tədbirə evsahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, siz də qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın: "Həmkarlarımdan aldığım məlumata görə, Fransa Prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. 80 dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi".
Bütün maneələrə, qarayaxma kampaniyalarına baxmayaraq, ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən COP29 yüksək səviyyədə təşkil olundu. Bütün iştirakçılar təşkilatçılıq işlərindən razı qaldılar. Buna görə də bu mötəbər tədbir beynəlxalq aləmdə böyük əks-səda doğurdu, Azərbaycanın daim dünyada artan nüfuzunu daha da yüksəltdi. Tədbirdə iştirak edən rəsmi şəxslər, media mənsubları, tanınmış ekspertlər və dünya liderləri Azərbaycanın bu tədbirdəki möhtəşəm təşkilatçılığına yüksək dəyər verdilər. Ən əsası isə Bakı qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələr üçün beynəlxalq platformaya çevrildi. Amma hələ bu uğur da son deyildi. Bakı iqlim problemlərinin müzakirə olunduğu platformaya çevrilməklə yanaşı, həm də qlobal həmrəyliyin gücləndiyi, bəşəriyyətin gələcəyi üçün önəmli addımların atıldığı tarixi məkan kimi yaddaşlara yazıldı.
COP29-da bir sıra mühüm təşəbbüslər də oldu. Prezident İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəsində bu təşəbbüslərə də toxunaraq demişdir: "...Azərbaycanın irəli sürdüyü təşəbbüslərin sayı 14 idi. Onların hamısını sadalamaq istəmirəm. Lakin bu, bizim bu məsələyə nə qədər ciddi yanaşdığımızı göstərir. Əlbəttə ki, digər COP tədbirlərində istifadə olunacaq daha bir miras hazırkı, keçmiş və gələcək COP-a evsahibliyi edən ölkələr arasında "Troyka" mexanizmidir. Bu, bir sinerji yaradır, çünki biz BƏƏ-də əldə edilmiş uğur üzərində uğur qazandıq - mən COP28 BƏƏ Konsensusunu nəzərdə tuturam. Biz onların təcrübəsindən istifadə etdik və bu il Braziliyada keçiriləcək COP zamanı orada BƏƏ və Azərbaycanın əldə etdiyi uğura uğur əlavə olunacaq".
COP29-un başa çatdığı vaxtdan xeyli zaman ötsə də, bu mötəbər tədbir haqqında yenə də ən yüksək səviyyələrdə danışılır, edilən səfərlər, keçirilən görüşlər tez-tez xatırlanır. Yanvarın 13-də Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb. Görüşdə başqa məsələlərlə yanaşı, COP29-un keçirildiyi günlərdə səfərlər də xatırlanıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla yada salıb.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən Prezident İlham Əliyev qeyd edib ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.
Hazırda Azərbaycan COP29-la bağlı üzərinə düşən bütün öhdəliklərə yüksək həssaslıqla yanaşır, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çoxlarına nümunə olacaq inamlı addımlar atır. Bu istiqamətdə həyata keçirilən layihələrdən, aparılan mühüm işlərdən aydın görünən odur ki, ölkəmizin "yaşıl enerji" təşəbbüsləri və ekoloji siyasətinın əsasında insan amili və gələcək nəsillər üçün sağlam bir dünya qurmaq dayanıb.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"