Tarixin bütün dövrlərində Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarı olub. Xalqımız heç vaxt özgə ərazilərinə göz dikməyib. Əksinə, hər zaman qonaqpərvərliyi, humanisttliyi ilə örnək olub. Bərəkətli süfrəsi açıq olub, qapısını döyəni naümid qaytarmayıb. Təbiətinin gözəlliyi, sərvətlərinin bolluğu bineyi-qədimdən çoxlarını cəlb edib. Uzaq-uzaq məmləkətlərdən Odlar yurduna gəliblər. Dünyanın məşhur səyyahları bu məmləkəti gördükdən sonra onun haqqında heyrət və məmnunluqla danışıb və yazıblar.
Bu ölkənin təbii sərvətlərindən yalnız öz əhalisi bəhrələnməyib. Bəzən kənardan gəlmələr hətta öz yerli sakinlərindən çox faydalanıblar. Təəssüf ki, yaxşılığına yamanlıqla cavab verənlər də az olmayıb. Süfrəsindən yemək, ocağından od götürənlər, yurdunda sığınacaq verdikləri bəzən düşmənlərinə çevrilib. Ermənilərə torpaqlarında yaşamaq üçün yer verəndə də babalarımız onların bu qədər namərdlik edəcəklərini, xalqımızın başına fəlakətlər gətirəcəklərini bilməyiblər. Özlərini mehriban, fağır kimi göstərib yaşamaq üçün yer alan ermənilər iki yüz il ərzində dondan-dona giriblər. Fürsət tapan kimi məkrli niyyətlərini reallaşdırmağa, özlərinə dövlət yaratmağa cəhd ediblər. Onların tarixdə heç zaman mövcud olmamış və olmayacaq "böyük Ermənistan" xülyaları başqalarına gülünc, sərsəmləmə kimi görünüb.
Azərbaycan ərazilərinin bir hissəsində özlərinə Ermənistan adlı dövlət yaratdıqdan sonra da ermənilər işğalçılıq planlarından əl çəkməyiblər. XX əsrin sonlarında erməni quldurlarının Qarabağda, Şərqi Zəngəzurda yaratdıqları münaqişələr, qırğınlar da bu planın hissəsi idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqı 1990-cı illərdə ağır faciələrlə üzləşdi, soyqırımlarına məruz qaldı. O illərdə Ermənistan Azərbaycanın ərazisinin iyirmi faizini zəbt etdi, işğalçılar bir milyon soydaşımızı evindən, yurdundan qovdu. Otuz il işğal altında saxladıqları Qarabağ və Şərqi Zəngəzur ərazilərimizdə erməni vandalları daşı daş üstə qoymadılar.
Ancaq Azərbaycan dövləti, xalqı bir daha torpaqlarını güzəştə getmək niyyətində deyildi. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik.
Azərbaycan öz torpaqlarını sülh yolu ilə almaq niyyətində idi. Bunu dövlətimizin siyasəti, xalqımızın məramı təsdiq edirdi. Azərbaycanın sülh məramı işğalçı Ermənistan və onun havadarlarının məkri sayəsində gerçəkləşmədi. Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində diqqətə çatdırdığı kimi, Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi: "Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu "üçlüklə" çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini".
Xarici havadarları Ermənistana dəstək verərək Qarabağ və Şərqi Zəngəzur ərazilərinin işğalını uzatmağa nail olmaqla bərabər, sülhə də zərbə vurdular. Nəticədə Azərbaycan ədaləti özü bərpa etdi.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi qırx dörd gün sonra Azərbaycan Ordusunun böyük Zəfəri ilə başa çatdı. Müzəffər Ordumuzun şücaəti ilə Qarabağ və Şərqi Zəngəzur düşməndən azad edildi. 2023-cü ilin sentyabrında bir gündən də az çəkən lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə Qarabağda qalaraq terror əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və seperatçılar məğlub oldu. Beləliklə, Azərbaycan suverenliyinin tam bərpasına nail oldu.
Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan sabitliyin, əmin-amanlığın, təhlükəsizliyin möhkəmlənməsinə səy göstərir. Təəssüf ki, regionumuzda sülhün bərqərar olmasını istəməyən qüvvələr öz bədxah əməllərindən əl çəkmirlər. Onlar Ermənistanı silahlandırmaqla Cənubi Qafqaz üçün yeni təhlükə, təhdid yaradırlar. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində nəzərə çatdırdı ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir: "Ermənistanın silahlanması sadəcə olaraq yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir".
Dövlət başçısı bildirdi ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir, çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır: "Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni bu ideologiya orada yaşayır və bunun daşıyıcıları sadəcə olaraq bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz sadəcə olaraq müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"