15 Yanvar 2025 08:55
127
SİYASƏT
A- A+
Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!


Atalarımız çox gözəl deyib ki, dost dar gündə tanınar. Deməli, dar günlər, çətin anlar dostları tanımaq, necəliyini öyrənmək üçün sanki bir sınaq meydanıdır. İndiyə qədər dar gündə tanınan və tanınmayan dostlarımızı çox görmüşük. Gördüklərimizə və şahidi olduqlarımıza əsaslanıb deyə bilərik ki, Qazaxıstan Respublikası, qazax xalqı həmişə bizə çox doğma dost olub. 

Türk dünyasının önəmli bir ölkəsinin - Qazaxıstanın adını  çəkəndə ilk olaraq yadımıza qazax xalqının böyük oğlu,  Azərbaycanın əsl dostu şair, tədqiqatçı, tarixçi Oljas Süleymenov düşür. O Oljas Süleymanov ki, sovet imperiyasının 1990-cı ildə ölkəmizin paytaxtı Bakı şəhərində müstəqilliyimiz və azadlığımız uğrunda başlanan mübarizədə iştirak edənlərə qarşı törətdiyi qanlı qırğın - 20 Yanvar hadisələri zamanı həyatını təhlükəyə ataraq xalqımızın yanında olduğu günlər və bu dəhşətli faciəyə göstərdiyi sərt reaksiya gözlərimiz önündə canlanır. Həmin çətin günlərdə, keçmiş sovet imperiyasının ölkəmizin paytaxtında törətdiyi qanlı faciə zamanı xalqımız sanki təklənmişdi, köməksiz qalmışdı. Bütün dövrlərdə qəddar və amansız olan sovet rejimi azərbaycanlılara qarşı gözlənilməyən, ağlagəlməyən faciə törətmişdi. Həmin tarixdə, soyuq bir qış günündə başımıza gətirilən faciənin ağırlığından, bu dəhşətdən nə edəcəyimizi, hansı addımları atacağımızı bilmirdik. 

Bizim üçün belə çətin olan günlərdə qazax xalqının fədakar oğlu Oljas Süleymenovu Bakıda, qanlı qırğının baş verdiyi küçə və prospektlərdə gördük. Bu, həmin çətin günlərdə çoxlarının bacarmadığı, cürət etmədiyi əsl qardaşlıq və dostluq addımı idi. Biz həmin günə qədər SSRİ Xalq deputatlarının qurultaylarında da, Ali Sovetin sessiyalarında da böyük şairin xalqımıza dost olduğunu dəfələtlə görmüşük. Qazax xalqının böyük oğlu verdiyi müsahibələrində xalqımızın başına gətirilmiş 20 Yanvar qırğınını qətiyyətlə pisləyir, etirazını bildirirdi. Oljas Süleymenovun zamanında nümayiş etdirdiyi qətiyyətli hərəkətləri, xalqımızın ünvanına dediyi təskinlik dolu sözləri ürəyimizdə təkcə ona qarşı deyil, bütövlükdə qazax xalqına qarşı sevgi və rəğbət hissi oyatdı.


İki xalqı bir-birinə daha da sevdirən Oljas Süleymenov 


Şair, tədqiqatçı və tarixçi Oljas Süleymenov sonrakı illər də Azərbaycanı unutmadı, tez-tez ölkəmizə gəldi, həmişə xalqımızın yanında oldu. Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixli sərəncamı ilə qazax xalqının iftixarı, xalqımızın dostu Oljas Süleymenovu, Azərbaycan xalqının dostunu bu diqqət və hörmətə görə "Şərəf" ordeni ilə təltif etdi. Dövlət başçısının bu sərəncamını Azərbaycan xalqı böyük coşqu və sevgi ilə qarşıladı.

Ötən ilin son günlərində Azərbaycan və qazax xalqı arasında olan bu dostluq, bu mehribanlıq sanki yenidən sınağa çəkildi. 2024-cü il dekabrın 25-də səhər-səhər eşitdiyimiz kədərli bir xəbər bizi sarsıtdı, ürəyimizi yandırdı, qəlbimizi göynətdi. Həmin gün "Azərbaycan Hava Yolları"na məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak oldu, 29-u sağ qaldı. 

Azərbaycan Prezidenti İlham Əliyev faciə ilə əlaqədar dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzaladı. Qəzada həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq bayraqlar yarıya qədər endirildi, şənlik və konset proqramları təxirə salındı. 

Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi qəzaya uğrayan gün Prezident İlham Əliyev Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gedirdi. Rusiyanın hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında dövlət başçımıza məruzə edilmişdir. Bu kədərli məlumatı alan Prezident İlham Əliyev dərhal geri dönmək barədə tapşırıq vermişdir. Təyyarə yerə endikdən sonra isə dövlət başçımız hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında operativ müşavirə keçirmişdir. Prezident İlham Əliyev müşavirədə çıxış edərək qəzanın baş veməsinin səbəblərinin öyrənilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlər vermişdir.

Prezident İlham Əliyevin göstərişi əsasında hadisəni araşdırmaq barədə Dövlət Komissiyası yaradılmış, müvafiq qurumların nümayəndələrindən ibarət heyət, eyni zamanda Azərbaycan həkimlərindən ibarət qrup təcili olaraq Aktau şəhərinə ezam edilmişdi. 


Təyyarə qəzaya uğrayan kimi qazax qardaşlarımız köməyə tələsdilər

 

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəza enişi etdikdən sonra hadisəni görən qazax xalqının cəsur oğulları təcili olaraq hava gəmisində olanların köməyinə atılıblar. Köməyə gələnlər ilk növbədə insanlıq borclarını yerinə yetirməyə tələsiblər. Təyyarə qəzaya uğrayan ilk dəqiqədən yanğın baş verib. Yanğının tez bir zamanda qarşısının alınması məqsədi ilə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi təyyarənin qəzaya uğradığı yerə 52 yanğınsöndürən və 11 müvafiq texnika cəlb edib. Buna görə də qısa müddət ərzində yanğının qarşısı alınıb və yaralıların xilasına başlanılıb. Qəzada sağ qalanların həyatını xilas etmək məqsədilə onlar təcili olaraq xəstəxanaya aparılıb. Sevindiricidir ki, şəfa ocağına çatdırılan yaralıların hamısının həyatı xilas edilib. 

Qazax xalqı yenə də xeyirxahlıq, insanpərvərlik nümayiş etdirərək qəzada yaralananlara kömək göstərib. Təkcə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin işçiləri deyil, adi vətəndaşlar da insanlıq borclarını böyük şərəf və ləyaqətlə yerinə yetiriblər. Təbiidir ki, dara düşən insanlara kömək etmək üçün hansısa bir təşkilatın, ya bir şirkətin işçisi olmaq vacib deyil. Əsas odur ki, sinəndə döyünən ürəkdə insanlığa kömək etmək istəyi və təpəri olsun. Qəzada yaralanmış insanların köməyinə Fövqəladə Hallar Nazirliyindən və həkimlərdən əvvəl əraziyə yaxın olan Mangistau Regional Elektrik Enerjisi Şirkətinin işçiləri özlərini çatdırıblar. Onların sözlərinə görə, təyyarə qəzaya uğrayan kimi köməyə tələsiblər. Həkimlər gələnə qədər sərnişinləri təyyarənin qalıqları arasından çıxarıblar. Bu işçilər hər şeydən əvvəl insanlıq borclarını yerinə yetiriblər.

Qazaxıstan mətbuat orqanlarının verdiyi məlumata görə, təyyarə qəzasında yaralananlar təcili olaraq Mangistau regional xəstəxanasına çatdırılıb. Xəstəxanaya daxil olan andan yaralıların həyatını xilas etmək üçün həkimlər müqəddəs borclarını yerinə yetirməyə başlayıblar. Xəstəxanalara qəzada yaralanmış sərnişinlərin yerləşdirildiyini eşidən qazax xalqı qan verməyə tələsib. İnsanlar heç kimdən çağırış, göstəriş gözləmədən qan vermək üçün xəstəxanya axışıblar. Verilən məlumatlarda o da bildirilir ki, iki gün ərzində ölkə üzrə qan mərkəzlərinə 1,5 mindən çox insan müraciət edib. Aktau və Astana da daxil olmaqla, respublikanın müxtəlif bölgələri qanvermə işinə fəal şəkildə qoşulublar. Yaralılara həyat nəsib etmək üçün qan veriblər. Bütün bunlar qazaxların necə də insanpərvər bir xalq olduqlarını bir daha dünyaya göstərdi. 


Qazaxlar özlərini dünyaya xilaskar xalq kimi tanıtdılar


Qəzada yaralanmış, darda qalmış insanların sağalması üçün atılan, bu və ya digər alqışa layiq olan addımlar hər birimizdə qazax xalqına qarşı xoş hisslər oyatdı. Onların necə böyük bir xalq olduğunu yenidən gördük. Təbiidir ki, dünyaya şair, tarixçi, tədqiqatçı, Azərbaycan sevdalısı Oljas Süleymenov kimi böyük bir şəxsiyyət bəxş edən qazax xalqından hamı yalnız və yalnız belə xeyirxah və cəsaətli addımlar gözləyirdi. Gözlənilənlərin də hamısı oldu. Amma bu da hələ son deyil. Yayılan məlumatlarda o da qeyd olunur ki, Aktau şəhərindəki taksi sürücüləri çox ürəkaçan bir jest ediblər. Onlar Azərbaycan təyyarəsinin qəzaya uğraması zamanı yaralananlara qan vermək üçün xəstəxanaya üz tutanlardan gediş haqqı belə almayıblar. Şəhər sakinlərini xəstəxanaya pulsuz çatdırıblar. Bundan başqa, xəstəxanaya yaxın ərazidə yerləşən dükan və marketlər kofe və şirniyyat almaq üçün ora gələn yaralılardan pul götürməyiblər. Bütün bu addımları qardaşlarımız Azərbaycan, azərbaycanlılar və insanlıq naminə atıblar. 

İnsanlıq naminə görülmüş bütün bu xeyirxah işlər, atılmış xoşniyyətli addımlar, göstərilmiş fədakarlıq və cəsurluq heç vaxt diqqətdən kənarda qalmır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda təyyarə qəzası zamanı köməyə, yardıma ehtiyacı olan yaralı sərnişinlərin xilas edilməsində vətəndaş məsuliyyəti, şücaət və peşəkarlıq göstərmiş bir qrup ölkə vətəndaşını təltif edib. Təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının işçiləri var. Azərbaycan xalqı bu insanların xeyirxah əməllərini, həyata keçirdikləri xilaskarlıq missiyasını heç vaxt unutmayacaq, heç vaxt yaddan çıxarmayacaq. Qazax xalqını həmişə xoş hisslərlə xatırlayacaq.

Prezident İlham Əliyev 29 dekabr 2024-cü ildə Azərbaycan Televiziyasına verdiyi müsahibəsində  Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirərək demişdir: "Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissə də yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar".


Ekipaj üzvlərinin qəhrəmanlığı layiqincə qiymətləndirildi


Təyyarə qəzası zamanı pilotlarımız yüksək peşəkarlıq, bacarıq və igidlik göstərmişdilər. Məhz onların peşəkarlığı nəticəsində 29 nəfərin həyatını xilas etmək mümkün oldu. Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə baş vermiş təyyarə qəzası zamanı xidməti vəzifələrini yerinə yetirərkən sərnişinlərin həyatının xilas edilməsi üçün yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə ekipaj üzvlərindən ölümündən sonra İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə, Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olundular.

Qazaxıstanlı bəstəkarlar Aktau yaxınlığında baş vermiş faciəli təyyarə qəzasının qurbanlarının xatirəsinə mahnı bəstələyiblər. Qazax və Azərbaycan dillərində ifa olunan kompozisiya artıq qısa müddət ərzində xalqlar arasında birlik və səmimi dostluğun rəmzinə çevrilib.  "Dərya boyda ürəklər" adlanan musiqinin bəstəkarı və ifaçısı Renat Qaysindir. Mahnının sözlərini Daniyar Aldaberq və Elmira Dehqani yazıb. Verdiyi müsahibə zamanı ifaçı Renat Qaysin deyib ki, mahnının iki dildə oxunması Qazaxıstan-Azərbaycan dostluq və qardaşlıq əlaqələri ilə bağlıdır. O xüsusi olaraq vurğulayıb ki, bizi bir ürəkdə birləşdirən Xəzər dənizidir və o, bir ritmdə döyünür: "Hörmət və ehtiramımı ifadə etmək üçün sonuncu nəqarəti Azərbaycan dilində oxudum. İstəyirəm ki, dostluğumuzu daim qoruyaq". Bu, xüsusilə belə həssas vaxtlarda çox vacib və zəruridir. İnanırıq ki, qazax bəstəkarları tərəfindən bəstələnən və ifa olunan bu mahnı bütün dünyaya yayılacaq, dillər əzbəri olacaq. Bütün zamanlarda hörmət və ehtiramla səslənəcək. Azərbaycan və qazax xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq və sevdirəcək.

Qəza zamanı yaralı insanların xilası naminə atılan bütün bu və ya digər addımlar Azərbaycan və Qazaxıstan respublikalarını, qazax  xalqı ilə Azərbaycan xalqını bir daha bir-birinə yaxınılaşdırdı, doğmalaşdırdı. Bu addımların səsi həmişə eşidiləcək. Qazax xalqının təyyarə qəzası zamanı göstərdiyi fədakarlığı, xeyirxahlığı Azərbaycan xalqı heç vaxt unutmayacaq. Qəza zamanı elə ilk dəqiqədən yaralılara göstərilən bu xeyirxahlığı, fədakarlığı, diqqət və qayğını görən anlarda xalqımızın qəlbindən, ürəyindən dilinə kövrək hisslərlə bu sözlər süzüldü: "Çox sağ ol, Qazaxıstan, çox sağ ol, qazax xalqı!" 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!