30 Dekabr 2024 08:00
593
SİYASƏT
A- A+
MƏN AZƏRBAYCANLIYAM!

MƏN AZƏRBAYCANLIYAM!


Hər bir xalqın milli mənsubiyyəti onunçün doğmadır, əzizdir!

Hər bir millətin keçmişi, indisi, tarixi və gələcəyi var.

Hər bir millətin başqalarından fərqlənən xüsusiyyətləri, milli-mənəvi dəyərləri, müqəddəs saydığı amalları və inancları olur.

Bütün bu dəyərlər, milli inkişaf istiqamətində keçilən yol, uğur və nailiyyətlər onu həm də başqalarından fərqləndirir.

İnsanlar milli mənsubiyyətləri, milli dəyərləri, görkəmli şəxsiyyətləri, keçdikləri yolla fəxr etməyi bacarmalıdırlar.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının hər bir nümayəndəsinə örnək olacaq müdrik deyimi bugünkü və gələcək nəsillər üçün həm də müqəddəs tövsiyədir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Bəli, insan Vətəni, milləti, xalqı ilə qürur duymağı, onu təmənnasız övlad məhəbbəti ilə sevməyi bacarmalıdır!

Həm də öz Vətənini qorumaq, ucaltmaq üçün əlindən gələn hər şeyi etməlidir!

Ulu Öndər Heydər Əliyev kimi!

***

"Mənim böyük vətənimsə, dörd hərfli SSRİ-dir" - şairlər sovet dövründə Vətəni belə vəsf edirdilər.

"Kür, Araz, Ararat,

Gözəldir bu həyat.

Qardaş olub Hayastan, 

Azərbaycan".

Bu mahnını isə məktəbdə bizə öyrədərək xorla oxudardılar.

Məqsəd tariximizi unutdurmaq, bizi kommunizm ideologiyası əsasında tərbiyələndirmək, Moskvaya xidmət etdirmək idi.

Odur ki, əlifbamızı dəyişərək hətta bizi keçmişimizdən də ayırdılar.

Arxivləri üzümüzə bağlayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövrünü unutdurmağa, Azərbaycanın nə vaxtsa müstəqil dövlət kimi mövcudluğunu kimsənin bilməməsinə nail olmağa çalışdılar.

Məsələ təkcə unutdurmaqda, imkan verməməkdə deyildi.

Çox təkmil qorxutma və mükəmməl cəzavermə mexanizmi də vardı.

Səsvermə hüququndan məhrum etməkdən tutmuş sürgünə göndərmək, həbsxanaya atmaq, güllələnmə cəzasınadək.

37-ci il repressiyası dövründə bunları çox fəal və geniş şəkildə edərək, xalqın gözünü qorxudub, canına vahimə salmağı da bacarmışdılar.

1918-ci ildə Bakıda və Azərbaycanın bir sıra bölgələrində azərbaycanlıların soyqırımının təşkilatçısı və baş icraçısı Şaumyanı inqilabçı kimi təqdim edərək əfsanəvi qəhrəmana çevirmişdilər.

Şəninə şeirlər və əsərlər yazılır, paytaxtda və bölgələrdə şərəfinə abidələr qoyulur, Azərbaycanda üç yaşayış məntəqəsi bu cəlladın adını daşıyırdı.

Hünərin vardı cınqırını çıxart!

26 Bakı komissarlarının rəhbərlərindən biri olan Şaumyanın Bakıdakı 26-lar bağındakı məzardan sür-sümüyü tapılmadı...

Vədəsində azərbaycanlılardan taladığı var-dövləti götürərək aradan çıxmış, Hindistanda rahat yaşayaraq gorbagor olmuşdu.

Əslində, erməni üçün vətən, ideya, məslək anlayışı yoxdur. 

Günləri harada xoş keçsə, oranı özlərinə vətən seçirlər.

Qırmızı imperiya çökəndə isə yenidən "Qarabağ problemi" ortaya atıldı, havadarlarının köməyi ilə Ermənistan 20 faiz ərazimizi işğal edərək çapıb-taladı, 20 min vətən övladı şəhid getdi.

30 il doğma el-obasından ayrı düşən azərbaycanlılar isə bir an belə vətəni unutmadılar...

Daim doğma torpaqlara qayıtmaq həsrətilə yaşadılar.

Bu gün isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə geri qayıdaraq xarabalıqlar içində yeni, müasir, "ağıllı şəhər" və kəndlər salmaqla vətən məhəbbətlərini əməli işlə təsdiq edirlər.

***

Azərbaycanlılar illər boyu hər cür hədələrə, təsir və təzyiqlərə məruz qalsalar da, milli-mənəvi dəyərlərini, kimliklərini itirmədilər.

* Rus dili rəsmən ikinci dövlət dili elan olundu, bu dili bilməyənlər vəzifə pillələri ilə yüksələ bilmirdilər.

* Bakı erməniləşdirildi, ruslaşdırıldı, rusdilli şəhərə çevrildi, amma heç kəs doğma dilini unutmadı, ana dilinə dönük çıxmadı!

* Uzun illər boyu bizi ateist kimi tərbiyələndirdilər, bu mövzuda dərsliklər yazaraq tədris etdilər, dini azadlıq elan etsələr də, məscidə gedənləri, ibadət edənləri sıxışdırdılar, qınadılar, müxtəlif formada cəzalandırdılar.

Amma Allahımızdan üz çevirmədik, onu ürəyimizin dərinliklərində qoruyub saxladıq.

* Neftimizi daşıyıb apararaq bizə çirklənmiş torpaq, korlanmış ekologiya qoydular.

* 1941-1945-ci illərdə cəbhənin neft və neft məhsullarına olan ehtiyacının 80 faizini ödəyən Azərbaycanın haqqını tapdaladılar, Bakıya quru Qəhrəman şəhər adını belə vermədilər.

* Bizi qardaş Türkiyədən ayrı saldılar, Bakıya onu düşmən dövlət kimi təqdim etdilər.

* Qarabağa uzanan murdar əllərin qarşısını almaq üçün meydana çıxaraq bu ədalətsizliyə etirazımızı bildirəndə isə tərkibi ermənilərlə möhkəmləndirilmiş "Qızıl ordu"nu Bakıya göndərərək hamımızı qanına qəltan etdilər!

İmperiya ordusu nə qocaya, nə cavana, nə də uşaqlara rəhm etdi!

* Nə qorxduq, nə də geri çəkildik!

Həm də anladıq ki, bizi bu çıxılmaz vəziyyətdən yalnız Ulu Öndərimiz Heydər Əliyev qutara bilər.

Ona qovuşmaq üçün zəruri addımlar atdıq.

Xalqın çağırışına biganə qalmayan Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasını yerinə yetirməkdən ötrü Bakıya döndü:

* Ölkəni xaos və anarxiya bataqlığından çıxardı.

* Qanunsuz silahlı dəstələri ləğv etdi, əhalidəki silah-sursatı yığdırdı.

* İki dəfə - 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısını aldı.

* Azərbaycanda möhkəm və dönməz sabitlik yaratdı!

* Ölkənin gələcək iqtisadi inkişafının əsasını təşkil edən "Əsrin müqaviləsi"ni imzaladı.

Azərbaycanın daim inkişafını və tərəqqisini, təhlükəsizliyini təmin edəcək siyasi kurs hazırlayaraq əbədiyyətə qovuşdu.

***

Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən cənab İlham Əliyevin prezident seçilməsi Azərbaycanın yeni yüksəlişinin başlanğıcı oldu. 

Beynəlxalq hüququn ayaq altında tapdalandığı, beynəlxalq təşkilatların riyakar və qərəzli mövqe sərgilədiyi, ikili standartların hökm sürdüyü dünyada özümüzdən, özümüzünkülərdən başqa güvənc yerimiz yoxdur!

Odur ki, Azərbaycan özünə güvəndi, öz imkanlarına arxalandı, milli maraqlara söykənən siyasət yeritdi, dostlarının sayını artırdı.

Bir-birinin ardınca transmilli layihələrini - BTC, BTƏ, BTQ və "Cənub qaz dəhlizi"ni reallaşdırdı.

Ona mane olmaq istədilər, müxtəlif əngəllər yaratdılar, beynəlxalq banklar maliyyələşdirmədən müxtəlif bəhanələrlə imtina etdilər.

Ancaq bizi dayandıra, yolumuzdan döndərə bilmədilər!

Maliyyəni də özümüz tapdıq, bütün işləri də özümüz gördük, faydasından isə hamı bəhrələndi.

Bu gün 12 Avropa dövləti Azərbaycan qazını yandırır.

Prezident İlham Əliyevin imzaladığı regionların inkişafına dair dörd dövlət proqramının gerçəkləşdirilməsi sayəsində ölkə büsbütün dəyişdi, müasirləşdi, yeniləndi.

Yol infrastrukturu təzələndi, sahibkarlıq fəaliyyəti, xüsusən aqrar sektor yeni inkişaf yoluna çıxdı, ölkədə qazlaşdırma 96 faizə çatdı, qaçqınlar və məcburi köçkünlər üçün 116 şəhərcik və yaşayış kompleksi salınaraq onların həyat şəraiti xeyli yaxşılaşdırıldı, işsizliyin və yoxsulluğun səviyyəsi 4-5 faizədək azaldıldı.

Cənab İlham Əliyevin uzaqgörənliyi və məqsədyönlü fəaliyyəti sayəsində ölkənin siyasi nüfuzu əhəmiyyətli dərəcədə artdı, beynəlxalq mövqeləri möhkəmləndi.

* Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, bir il ərzində onun iclaslarına sədrlik etdi.

* I Avropa Oyunlarını ən yüksək səviyyədə keçirərək ortaya nümunəvi model qoydu.

*IV İslam Həmrəyliyi Oyunlarını mütəşəkkil keçirməklə islam dünyası dövlətlərinə öz töhfəsini verdi.

* Qoşulmama Hərəkatına rəhbərliyi elə səviyyədə etdi ki, onun sədrlik müddəti birgə razılıqla daha bir il artırılaraq 4 ilə çatdırıldı.

* İslam Əməkdaşlıq Təşkilatının işində fəal iştirak etdi, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin canlanmasına, qurumun səmərəliliyinin artmasına hamı tərəfindən etiraf olunan dəyərli töhfələr verdi.

* Türkiyə, Özbəkistan və Qazaxıstanla strateji müttəfiqlik münasibətləri barədə müqavilələr imzaladı.

Yaxınlarda öz işini uğurla başa vuran COP29-un yüksək səviyyədə təşkili isə Azərbaycanın beynəlxalq nüfuzunun pik nöqtəsi oldu, imkan, bacarıq və qabiliyyətlərinin dünya tərəfindən təsdiqinə çevrildi!

***

Tarixinin ən qüdrətli dövlətini yaradan Azərbaycan ikiəsrlik tarixi olan Qarabağ münaqişəsini də öz gücünə güvənməklə "dəmir yumruğ"u sayəsində həll etdi!

Qüdrətli ordu yaratdı, onu ən müasir silahlarla təchiz etdi, vətənpərvər gənclər nəsli yetişdirdi, dünyanın öndə gedən dövlətlərinin hərbi məktəblərində zabit kadrları hazırladı, müntəzəm təlimlər keçirməklə əsgər və zabitlərin hərbi peşəkarlığını yüksəltdi, xalq-iqtidar birliyini ən yüksək səviyyədə təmin etdi.

44 günlük Zəfər müharibəsi təkcə ordumuzun deyil, xalqımızın, dövlətimizin, dünya azərbaycanlılarının sınağına çevrildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə indiyədək görünməmiş hərbi əməliyyatlar aparıldı, XXI əsrin müharibə tarixində yeni bir səhifə açıldı.

* Bu müharibə nümunəyə çevrildi, ən güclü dövlətlər belə, Azərbaycandan öyrənərək onun tətbiq etdiyi strategiya və taktika əsasında öz ordularında islahatlar apardılar.

* Bu müharibə təkcə hərb meydanında olmadı, informasiya, diplomatiya sahəsində  paralel şəkildə getdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hər üç cəbhənin qəhrəmanına çevrildi, düşməni döyüş meydanında, informasiya və diplomatiya sahəsində biyabırçı məğlubiyyətə uğratdı!

"Dəmir yumruq"la Ermənistan ordusunu darmadağın edərək diz çökdürdü, qorxaqlar və fərarilər yığnağına çevirdi.

Bir zamanlar lovğalıqla "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyana havadarlarının dəstəyi də kömək olmadı, kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamalı oldu!

Dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeni ordusunun parlaq qələbəsinə şahid oldu!

Dünya azərbaycanlıları müstəqil Azərbaycanın bu qələbəsini coşqun sevinc və fərəhlə qarşıladılar!

Hamı Azərbaycanın gücünü, qüdrətini, "dəmir yumruğ"un möhtəşəmliyini təsdiq etdi!

Azərbaycan BMT-dən, ATƏT-dən, Aİ-dən, beynəlxalq hüquqdan üstün olduğunu sübut etməklə öz problemini özü çözə bildi!

Bu gün Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınır, bu gün ABŞ, Fransa, Avropa İttifaqı, Hindistan, Yunanıstan Ermənistanı silahlandırmaqla, maliyyə dəstəyi verməklə, onu revanşizmə hazırlayır.

Amma qəhrəman Azərbaycan xalqından kimsə torpaq qopara bilməz!

"Dəmir yumruq" hazır vəziyyətdə gözləyir!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər bayramının dördüncü ildönümü günündə Bakıda Zəfər tağının açılışını etdi.

Buradakı çıxışında Azərbaycanın dostlarına da, düşmənlərinə də mesajlarını göndərdi.

Zəfər tağının yaxınlığında Hərbi Qənimətlər Parkı da yerləşir...

Bir vaxtlar özünü "məğlubedilməz millət", "məğlubedilməz ordu" adlandıran Ermənistanın müharibə dövründə Azərbaycan Ordusu tərəfindən darmadağın edilən zirehli texnikaları və silahlarının dəmir qırıntılarına çevrilmiş hissələrinin nümayiş etdirildiyi bu məkan təkcə Ermənistana yox, Azərbaycana xain nəzərlərlə baxanların hamısına həm də gözdağıdır!

Azərbaycan sülhpərvər, multikultural, güclü və müstəqil dövlətdir!

Dosta dost, düşmənə düşmən, dünya azərbaycanlılarına isə arxa və köməkdir!

Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün qürur və fəxr ünvanıdır!

Azərbaycanı sevən, onun uğurları ilə fəxr edən hər bir kəsi Azərbaycan öz əzizi və övladı hesab edir.

***

Maraqlı bir Azərbaycan rəvayəti var:

Bülbülü qəfəsə salırlar, "ay Vətən, ay Vətən" deyərək fəryad qoparır.

Qəfəsdən buraxırlar, uçub qaratikan koluna qonaraq "can Vətən, can Vətən" söyləyərək ötür!

Sanki bu rəvayətdə bir milyondan çox azərbaycanlının 30 illik vətənsiz müsibəti də əks olunub.

Vətəni ən ağır günlərində də sevdilər, bəzən ac, susuz qalsalar da, qışda soyuqdan, yayda istidən əziyyət çəksələr də, ona dönük çıxmadılar!

Bircə nəfər azərbaycanlı qaçqın və məcburi köçkün belə, Vətəni tərk etmədi, heç bir dövlətə üz tutmadı, kimsənin qoltuğuna qısılmadı.

* Kimsənin qapısına gedərək isti qucaq axtarmadı.

* Yavan çörəyini özgələrinin yağlı yeməyindən üstün tutdu!

Çünki vətənpərvərlik Azərbaycan xalqının genində, canında və qanındadır!

"Qalib" Ermənistanı isə 30 illik işğal dövründə iki milyonadək erməni tərk etdi.

Çünki yaxşı bilirdilər ki, Qarabağ onlarınkı deyil, o torpağın əsl sahibləri azərbaycanlılardır!

23 saatlıq antiterror əməliyyatında isə hamısı başını aşağı salaraq quzu kimi Qarabağımızı tərk etdilər.

Vətən murdar ləpirlilərdən təmizləndi!

Torpaq, uğrunda ölən varsa, Vətəndir - deyiblər!

Hər iki Qarabağ müharibəsində Azərbaycan xalqının mərd övladları əldə silah döyüşərək bunu canları və qanları ilə sübut etdilər!

Azərbaycanı özlərinə doğma Vətən sayanların hamısı!

İndi isə hamı əl-ələ verərək azadlığa çıxmış Vətənin yaralarını sağaltmaqla məşğuldur!

Həm də təkcə bu torpaqda yaşayanlar deyil, dünyanın hər yerində yaşayan, amma Azərbaycanı özlərinə vətən sayanların hamısı!

Bu yerdə Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulovun "Azərbaycan" qəzetinə müsahibəsindəki bir məqama diqqət çəkirik: "Mən avar xalqının nümayəndəsiyəm. Mən Azərbaycan vətəndaşıyam. Bizim bir adımız var, biz azərbaycanlıyıq! Azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik".

Budur bizi güclü edən!

Budur əsl vətənpərvərlik!

Budur vətən sevgisi!

Budur vətənə övladlıq borcunun ödənilməsi!

Övladlarınla fəxr et, Vətən!

Qalib vətənimizlə qürur duyun, dünya azərbaycanlıları! 

Bayramınız mübarək!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - Proqnoz  

15:01
01 Yanvar

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb  

14:48
01 Yanvar

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

14:35
01 Yanvar

Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”  

14:32
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!