Azərbaycanın dövlətçilik tarixinin ən qürurverici səhifələrindən olan, Ali Baş Komandan, Prezident İlham Əliyevin mahir sərkərdəliyi ilə müzəffər Azərbaycan Silahlı Qüvvələrinin şücaəti nəticəsində Böyük Qələbəmizlə bitən Vətən müharibəsi, dövlət siyasətinin strateji istiqamətləri, savaşda tətbiq edilən döyüş taktikaları, müharibəsonrası Böyük qayıdış proqramı, azad edilən torpaqlarımızda həyata keçirilən işlərin uğurlu konsepsiyası bir neçə ildir ki, bütün dünyanın diqqətini Azərbaycana yönəltmişdir.
Dünya ictimaiyyəti Qarabağın qısa müddət ərzində işğaldan azad edilməsindən sonra geri qaytarılmış torpaqlarda aparılan sürətli quruculuq və bərpa işlərini heyrət və təəccüb içərisində izləməkdədir. Maraq doğuran əsas məqamlardan biri də Qarabağ bölgəsində gedən gərgin və intensiv bərpa prosesinin, bu ərazilərə yönəldilən böyük investisiyaların, ümumilikdə, Azərbaycanın digər bölgələrinin inkişafına mane olmaması, bu inkişafı ləngitməməsidir.
Prezident İlham Əliyevin müəllifi olduğu Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdış proqramının strateji planlaması heyrət doğurur. Bu səbəbdən də Azərbaycan dövlətinin keçdiyi bu tarixi mərhələ hələ uzun müddət dünya ekspertləri tərəfindən dərindən araşdırılacaq, ölkəmizin istər döyüşdə və müharibədə əldə etdiyi, istərsə də siyasi və iqtisadi arenada qazandığı uğurun əsasları öyrəniləcək, müxtəlif elmi tezislərin meydana çıxmasına və tətbiqinə səbəb olacaqdır.
Aradan keçən qısa müddət ərzində Qarabağda mühüm əlamətdar hadisələr baş verdi. Sürətli bərpa-quruculuq işləri ilə, böyük infrastruktur layihələrlə, beynəlxalq səviyyəli ictimai-mədəni hadisələrlə də dünyanın diqqətini Qarabağa çəkməyi bacardıq. Silahlı Qüvvələrimizin postmüharibə dövründə Zəfər missiyasını davam etdirməsi, Xankəndi və ətraf ərazilərin azad edilməsi, unikal antiterror əməliyyatı və separatçıların təslim olması, müharibənin nəticələrinin və yaratdığı reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinə necə nail olunduğu, Azərbaycan diplomatiyasının bu sahədə qazandığı uğurlar, Qarabağ regionunun intensiv şəkildə bərpası prosesinin başlanması və digər vacib məsələlər Prezident İlham Əliyevin liderliyində Azərbaycanın qazandığı əlahiddə nailiyyətlərdir.
Akademik politologiyada ədalətli müharibədən bəhs edən "Maykl Uoltser nəzəriyyəsi" mövcuddur. Bu nəzəriyyəyə əsasən, o müharibə ədalətli hesab edilir ki, döyüşlərdən əvvəl ("just ad bellum") olduğu kimi, döyüşlərin gedişatı zamanı da öz ədalətliliyini qoruyub saxlamış olsun ("just in bellum"). "Ad bellum" ədalət meyarı müharibənin məqsədinə mənəvi bəraət qazandırılmasını, Ali Baş Komandanın legitimliyini, döyüşən tərəfin "xeyirxah məramını", müharibəyə məcburiyyət qarşısında və ən son vasitə kimi üz tutulmasını, uğur qazanmaq üçün mövcud olan real ehtimalları və müharibənin ağırlığının onun məqsədlərinə adekvat olduğunu özündə ehtiva edir.
Qarabağ uğrunda Vətən müharibəsi də məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi hərbi strategiyaya uyğun olaraq, "ad bellum" ədalət meyarı çərçivəsində baş tutmuşdur. Eynilə 44 günlük müharibə kimi, 2023-cü ildə keçirilən birgünlük antiterror əməliyyatı da özünümüdafiə məqsədilə və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər çərçivəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası naminə aparılmışdır. Hərbi əməliyyatlara isə məhz ümumxalq seçkilərində dəfələrlə legitimliyi təsdiq olunmuş bir Lider rəhbərlik edirdi.
Vətən müharibəsinin xeyirxah məqsədlər naminə aparılması amili həm də onunla özünü təsdiq edir ki, Prezident İlham Əliyev hər zaman hər iki icmanın Azərbaycanın öz yurisdiksiyası daxilində sülh şəraitində yaşaması çağırışını etmiş, bunun üçün real şərait də yaratmışdı. Eynilə 2023-cü ildə keçirilən birgünlük antiterror əməliyyatı da 44 günlük müharibə kimi qeyri-adekvat siyasi ambisiyalar naminə və ya ölkənin həyati əhəmiyyət daşımayan hansısa maraqları üçün reallaşdırılmamışdı. Azərbaycan otuz il ərzində böyük səbir və ümidlə münaqişənin zorakılığa yol verilmədən həll edilməsi üçün bir çox danışıqlara getmişdir. Hərbi əməliyyatlar isə yalnız qarşı tərəf danışıqları məqsədli şəkildə çıxılmaz bir dalana saldığı, üstəlik, Azərbaycan ərazilərini yenidən atəşə tutduğu zaman başladılmışdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan müharibədə qələbə qazanmaq üçün real hüquqi bazaya sahib idi. Yəni müharibədə müharibə etmək xatirinə iştirak etmirdi.
"Just in bellum" ədalət meyarı özündə proporsionallığı, mülki əhali və hərbçilər arasında fərq qoyulmasını ehtiva edir. Qeyd edək ki, Azərbaycanın hərbi əməliyyatlarda iştirakı, əslində, Ermənistanın hücumuna qarşı əks-hücum əməliyyatı idi. Yəni cavab idi. Başladığı ilk gündən sonuncu - 44-cü günə qədər müharibədə olduğu kimi, antiterror əməliyyatı da, istisnasız olaraq, öz xarici himayədarlarına ümid bağlayan qarşı tərəfin mənasız inadkarlığı üzündən zərurətə çevrilmişdi.
Azərbaycan bu müharibəni apara bilmək üçün yüksək dəqiqliyə malik silahlar əldə etdi. Döyüşlər zamanı yalnız və yalnız hərbi hədəflər vuruldu, mülki əhaliyə zərər yetirilmədi. Ən əsası, bu faktlar çoxsaylı beynəlxalq ekspert tərəfindən də təsdiqləndi.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda həyata keçirilən antiterror əməliyyatı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Qarabağda qazanılan Böyük Qələbə regionda və dünyada yeni reallıqların meydana çıxmasına şərait yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan və Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan 44 günlük müharibə regiondakı vəziyyəti kökündən dəyişdi. Regional təhlükəsizlik və geosiyasi konfiqurasiya tamamilə yeni bir hal aldı, bununla da, erməni məsələsi uzun illərdən bəri ilk dəfə olaraq öz mövcudluq perspektivini itirdi.
Əslində, bəşəriyyətin tarixi bir çox hallarda mənəvi cəhətdən əsaslandırılmamış, ədalətsiz, qanlı, dağıdıcı və mənasız müharibələrin tarixindən ibarətdir. Təqdirəlayiq haldır ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan yuxarıda qeyd edilən məsələlərlə bağlı öz adına zərrə qədər də olsa, ləkə vurmadı. Əksinə, dövlətimizin adı ədalətin yaradıcıları və qoruyucuları cərgəsinə yazıldı.
Çünki İkinci Qarabağ müharibəsindən əvvəl uzun-uzadı, səbirlə aparılan danışıqlar prosesinin mövcudluğu heç kəsə sirr deyil. Bu məsələnin beynəlxalq hüquq müstəvisində və BMT-nin qətnamələri çərçivəsində həll edilməsi ilə bağlı səsləndirilmiş çoxsaylı çağırışlar mövcuddur. Və müharibə tarixini əks etdirən mühüm sənədlər təhlil olunarkən açıq-aşkar görünür ki, məsələnin hərbi yolla həlli üçün əsaslı bir hüquqi baza yaradılmışdı.
Bir tarixçi kimi qeyd edə bilərəm ki, bəşəriyyətin tarixində baş vermiş hərbi hərəkatların bütünlüklə hüquqi cəhətdən əsaslandırılması ilə bağlı faktlar elə də çox deyildir. Vətən müharibəsinin, daha sonra həyata keçirilən antiterror əməliyyatının hüquqi cəhətdən əsaslandırılması isə Prezident İlham Əliyevin idrakının, diplomatik istedadının nəticəsidir. Bu eyni zamanda onu nümayiş etdirir ki, müstəqillik dövründə Azərbaycan dövlətinin qarşısına qoyulmuş vəzifələr yerinə yetirilmiş, ölkənin ən taleyüklü problemi olan Qarabağ problemi məhz bunun sayəsində həll edilmişdir.
Müharibəsonrası mərhələ Ali Baş Komandanın parlaq diplomatik qələbəsindən başlayır. Xüsusi olaraq vurğulanmalıdır ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata müvafiq bəndi salmaqla Prezident İlham Əliyev Azərbaycan əsgərlərinin dəyərli həyatını qoruyaraq Ermənistanı Ağdamdan, Kəlbəcərdən və Laçından çıxmaq məcburiyyətində qoydu. Azərbaycan ermənilərə yuxarıda adı qeyd edilən rayonları dinc bir şəkildə tərk etmək üçün şərait yaratdı.
Daha sonra - 2023-cü ildə isə birgünlük antiterror əməliyyatı həyata keçirərkən Qarabağın erməni icmasının dinc sakinlərinə Azərbaycan öz yurisdiksiyası altında yaşamağı təklif etdi. Lakin bu alicənablığa qarşı ermənilər meşələri qırmaqla, evləri yandırmaqla, eyni zamanda da könüllü şəkildə Qarabağdan çıxmaqla cavab verdilər. Azərbaycan Qarabağın dinc mülki sakinlərinin təhlükəsizliyi ilə bağlı zəmanət verdiyini dəfələrlə bəyan etdi. Ozamankı hərbi xunta Qarabağın erməni sakinləri arasında guya "aclıq" hökm sürdüyünü bildirdikdə Azərbaycan Ağdamdan keçməklə humanitar yardım göstərilməsini təklif etdi. Azərbaycan tərəfinin hər zaman nümayiş etdirdiyi humanist münasibəti bu dəfə də erməni icmasından əsirgənmədi.
Lakin Qarabağın azad edilməsi ilə gözlərimizin önündə meydana çıxan mənzərə, dağıntıların miqyası və digər hadisələr arasında paralellər və müqayisələr aparmağa şərait yaradır. Yaddan çıxarmayaq ki, Birinci Qarabağ müharibəsi zamanı yaşadıqları yeri tərk etmək məcburiyyətində qalan azərbaycanlılar özləri ilə yalnız evlərinin açarlarını və sənədlərini götürmüşdülər. Çünki tezliklə geri qayıdacaqlarına əmin idilər. Ermənilər isə Qarabağdan çıxarkən evləri yandırır, məhv edirdilər. Bu isə o deməkdir ki, onlar özlərinə aid olmayan, sahibi olmadıqları evləri tərk edirdilər. Artıq "artsax" adlandırdıqları qurumun diriləcəyinə, yaxud "böyük Ermənistan"ın geri qayıdacağına inanmırdılar.
Azərbaycanlılar isə əksinə, Qarabağa qayıdacaqlarına inandıqları kimi, onu dirçəldəcəklərinə, ayağa qaldıracaqlarına, öz evlərini yenidən quracaqlarına ürəkdən inanırdılar. Bu inamın arxasında isə Ali Baş Komandanın sözü, bu sözə olan etimad hissi dayanırdı.
Prezident İlham Əliyev özünün andiçmə nitqində müharibəsonrası mərhələ ilə bağlı dəyərləndirməni çox dəqiq vermişdir: "Yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. ...Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik".
Postmüharibə dövründə baş verən hadisələrin, proseslərin gedişatını izlədikdə sistemli, məqsədyönlü və ən incə detallarına qədər işlənmiş bir fəaliyyət planının reallaşdığını görməmək mümkün deyil. Əvvəla, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlamazdan əvvəl qarşıda duran əsas vəzifələrdən biri, hətta birincisi hərbi bölmələrin bu ərazilərdə yerləşdirilməsi, əhalinin etibarlı müdafiəsinin təşkili oldu. İlk növbədə, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi həyata keçirilməyə başlanıldı.
Digər mühüm vəzifə düşmən tərəfindən aparılacaq kəşfiyyat-diversiya fəaliyyətinin və təxribatların qarşısının alınması idi. Azad edilmiş torpaqların bərpa olunması prosesi isə demək olar ki, sıfırdan başladı. Bir zamanlar çiçəklənən, inkişaf edən bu şəhərlərin bütünlüklə dağıntılar altında qalmış mənzərəsi insanı vahiməyə salırdı. Eyni zamanda da XXI əsrdə belə bir dağıntıların ola biləcəyi heyrət doğururdu. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Zəngilan, demək olar ki, bütünlüklə yer üzündən silinmişdi.
Böyük Qayıdışa dair I Dövlət Proqramında əsas hədəflərdən biri bölgədə beynəlxalq statuslu hava limanlarının tikintisi, magistral, rayonlararası yol infrastrukturunun inşa edilməsi idi. Bu hədəflərə sistemli ardıcıllıqla nail olunur. Qarabağda avtomobil magistral yolları, dəmir yolları çəkilir, aeroportlar tikilir, şəhər və kənd təsərrüfatı infrastrukturu bərpa edilir və qurulur. Prezident İlham Əliyevin təşəbbüsü ilə qısa müddətdə çəkilən Zəfər yolu Füzuli Hava Limanından Şuşaya ən yaxın yol oldu. Bu yola alternativ olaraq Füzuli-Şuşa yolu çəkilir. Böyük infrastruktur layihələrindən biri də tikintisinə 2021-ci ildən başlanılmış və uzunluğu 81 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
İşğaldan azad edilmiş bölgələrimizdə enerji təminatının həyata keçirilməsi ilk görülən işlərdən oldu. İstər infrastruktur layihələrin hazırlanmasında, istərsə də sosial obyektlərin tikintisində, şəhər, qəsəbə və kəndlərin salınmasında reallaşdırılan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası artıq özünü doğruldur. Təbiətin qorunması məqsədilə Qarabağ və Şərqi Zəngəzur ekoloji cəhətdən təmiz əraziyə çevrilir. COP29-u qəbul edən bir ölkə olaraq Qarabağın bərpasında ekoloji komponentə xüsusi diqqət yetirilməsinin özü də bir qanunauyğunluq hesab oluna bilər. Biomüxtəlifliyin bərpa edilməsi və genişləndirilməsi, ekoloji tarazlığa nail olmaq üçün təbii resurslardan, su ehtiyatlarından effektiv istifadə və "yaşıl energetika" layihələrinin reallaşdırılması ilə bağlı vəzifələr müəyyənləşdirilir və yerinə yetirilir.
Tamamlanmış layihələr arasında "Güləbird" Su-Elektrik Stansiyası, Suqovuşan və Talış yolları, Ağalıdakı "ağıllı kənd" layihəsi, Şuşa şəhərinin su və elektrik təminatı qeyd edilə bilər. Bülbülün ev-muzeyi, Kərim bəy Mehmandarovun malikanə kompleksi, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir bəy Hacıbəylinin abidəsi görülən bərpa işləri sırasındadır. "Xarıbülbül" və "Qarabağ" mehmanxanaları, Şuşa Rəqəmsal İdarə Mərkəzinin açılışı xüsusi olaraq qeyd edilməlidir. Bundan başqa, Şuşada hər il bir neçə beynəlxalq və respublika əhəmiyyətli ictimai-siyasi, iqtisadi, mədəni-humanitar tədbirlər keçirilir. "Xarıbülbül" Festivalı, Vaqif Poeziya Günləri və bu tədbirlərdə Türk Dövlətləri Təşkilatı ölkələrinin mədəniyyət, incəsənət xadimlərinin iştirakı qarşıya qoyulan məqsədlərin reallaşdırılması istiqamətində atılan əhəmiyyətli addımlardır.
Qarabağın bərpa edilməsi haqqında danışarkən Qarabağ Universitetinin açılması kimi əhəmiyyətli bir hadisənin üstündən sükutla keçmək mümkün deyil. Qarabağın düz mərkəzində - Xankəndi şəhərində açılan Qarabağ Universiteti bu ilin sentyabr ayından altı əsas istiqamət üzrə öz fəaliyyətinə başlamışdır: pedaqogika, iqtisadiyyat, mühəndislik, sosial-humanitar elmlər, incəsənət və turizm. Prezidentin məşhur hikmətamiz kəlamının təməl daşı olan "Əziz Şuşa (Qarabağ), biz səni dirçəldəcəyik!" ideyası bu istiqamətdə də həyata keçirilir. Axı Qarabağın iqtisadiyyatını və turizmini dirçəltmək üçün mövcud problemləri elə yerindəcə həll edə biləcək kadrlara ehtiyac var: dağıdılmış memarlıq və incəsənət abidələrini bərpa etmək üçün o abidələrlə bilavasitə tanış olan mühəndislər və sənətşünaslar lazımdır. Qarabağdakı sosial həyatı canlandırmaq və Azərbaycanın beynəlxalq meydanlarda mövqeyinin möhkəmləndirilməsi üçün təcrübəli pedaqoqlar, sosioloqlar, tarixçilər, beynəlxalq hüquq mütəxəssisləri və hüquqşünaslar lazımdır. Məhz onlar kimin etnik təmizləməyə və genosidə məruz qoyulduğunu hər kəsə göstərəcək və sübut edəcəklər.
Azərbaycan Prezidentinin bu gün apardığı təhlilin, planlaşdırdığı hərəkət taktikasının hərtərəfli olmasına və dərinliyinə heyrət etməmək mümkün deyil. Qarabağın bərpa olunması ilə bağlı Prezident İlham Əliyevin tətbiq etdiyi proqramı nüfuzlu mütəxəssislərin, elmi mərkəzlərin hazırladıqları qanunlarla, iqtisadi nəzəriyyələrlə müqayisə etməklə təhlil etmək mümkündür. Azərbaycan rəhbərliyinin nəzəri biliklərinin ölçüyəgəlməz dərəcədə böyük olan idarəetmə təcrübəsi ilə sintezi Qarabağın hərtərəfli şəkildə bərpa və inkişafı üçün hərəkətverici qüvvəyə çevrilib.
Bir daha qeyd edək ki, Qarabağın bərpa olunması ölkənin başqa bölgələrinin rifahına və inkişafına mənfi təsir göstərmir. 2022-ci ildən 2023-cü ilə qədər istehsal müəssisələrinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadə olunmasının effektivliyinin artırılması, aqrar sektorun inkişaf etdirilməsi, həmçinin müasir infrastrukturun və yeni iş yerlərinin yaradılması ilə bağlı 4 dövlət proqramı üzrə regionlara qoyulan investisiyanın həcmi 104 milyard manat təşkil etmişdir. Bu günün özündə belə Qarabağın bərpası paytaxtın, yaxud ölkənin digər regionlarının inkişaf sürətinin azaldılması hesabına baş vermir. Cənab İlham Əliyevin balanslaşdırılmış yanaşması və məharətli strateji idarəetməsi sayəsində ölkənin müxtəlif regionlarının inkişaf sürəti bir-birinə yaxınlaşır, bu sahədə titanik işlər aparılır.
Təqdiredici haldır ki, münaqişəsonrası mərhələdə Azərbaycanın azad olunmuş ərazilərinə Avropa İttifaqı ölkələrinin, NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Qoşulmama Hərəkatı ölkələrinin nümayəndələri də baş çəkmişlər. 30 il ərzində Ermənistan və erməni diasporu Birinci Qarabağ müharibəsinin tarixini təhrif etmək və məhz Azərbaycanı təcavüzkar tərəf kimi göstərmək üçün xeyli zaman və resurs sərf etmişdir. Qarabağa səfər edən dövlət başçıları, eyni zamanda da Azərbaycanda olan diplomatik korpusun nümayəndələri iki vacib həqiqəti öz gözləri ilə gördülər. Birincisi, Ermənistan sistemli şəkildə Qarabağın maddi və mənəvi irsini məhv etmiş, ərazilərin talanması ilə məşğul olmuşdur. Azərbaycanın boş qalmış rayonları Ağdamın timsalında "Qafqazın Xirosiması" adlandırılaraq "Qarabağ ermənilərin vətənidir" mifini bütünlüklə darmadağın etdi. İkinci həqiqət isə budur ki, Qarabağ azərbaycanlıların vətənidir, çünki məhz Azərbaycan müharibə başa çatdıqdan dərhal sonra Qarabağın bərpası prosesinə başladı.
Bütün bunlar Ermənistanın Praqada Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi diplomatik bir qələbə ilə müşayiət olundu. Prezident İlham Əliyev ona nail oldu ki, hələ 2019-cu ildə "Qarabağ Ermənistandır və nöqtə", - deyən adam bütün dünyaya "Qarabağ Azərbaycandır" həqiqətini elan etmək məcburiyyətində qaldı. Bu diplomatik uğur tərəflərin Rusiyada Soçi deklarasiyasını imzalayaraq qəbul olunmuş beynəlxalq sərhədlər çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıması ilə daha da möhkəmləndirildi.
Dahi şəxsiyyət İlham Əliyev elə bir Liderdir ki, özünün prezidentlik dövründə Rusiya qoşunlarını ərazilərimizdən iki dəfə çıxarmağa, həm də bunu Moskva ilə münasibətləri pozmadan etməyə nail olmuşdur. Birinci belə bir hadisə Qəbələ RLS-nin bağlanması zamanı, ikinci dəfə isə Rusiya sülh-məramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılması ilə reallaşdı. Onu da qeyd edək ki, 2020-ci ildə üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 il və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır" olaraq nəzərdə tutulurdu. Lakin Azərbaycan Ermənistanın bütün gözləntilərinin, səylərinin və ümidlərinin əksinə, Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına nail oldu.
Bir məqam da xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın Qələbəsi eyni zamanda bütün türk dünyasının qələbəsidir. Təəccüblü deyildir ki, türk dövlətlərinin rəhbərləri bu qələbəni çox yüksək qiymətləndirdilər və Azərbaycan Prezidentinə "Türk Dünyasının Ali Ordeni" təqdim edildi. Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixdəki andiçmə nitqində ifadə olunan "Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirməliyik. Bu bizim üçün prioritetdir. Çünki bu bizim ailəmizdir. Bizim ailəmiz türk dünyasıdır" sözləri də təkcə Azərbaycan üçün deyil, bütün türk dövlətləri üçün aktualdır.
Bu gün otuzillik tarixə nəzər saldıqda aydın olur ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev kimi liderlərlə bizim qələbəmiz qaçılmaz idi. İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Edvard Preskott və Finn Kidlandın "İqtisadi siyasətlərin və biznes dövrlərinin zaman ardıcıllığı" nəzəriyyəsinə əsasən, yaxşı hazırlanmış və elan edilmiş strategiyaya əməl olunması situativ taktiki manevrlərdən daha sərfəlidir. 44 günlük müharibə zamanı Ermənistan öz xarici siyasət doktrinasını dəfələrlə dəyişdi. Əvvəlcə Qarabağ hərbi xuntası ilə hərbi-siyasi ittifaq haqqında söhbət gedirdi. Daha sonra onun müstəqilliyinin qəbul edilməsindən, sonra isə "xilas olmaq naminə ayrılma"dan və "birləşmək naminə ayrılma"dan danışılırdı. Qeyd edək ki, beynəlxalq hüquqda və təcrübədə bütün yuxarıda sadalanan doktrinalar bir-birindən fərqlidir və birindən digərinə keçmək mümkün deyil.
Ermənistandan fərqli olaraq, Azərbaycan Heydər Əliyevin konseptual siyasi görüşlərindən və hərbi maksimlərindən başlayaraq bütün bu illər ərzində yeganə, ölçülüb-biçilmiş və zamanına görə uyğunlaşdırılmış strategiyaya sadiq qalmışdır - bu strategiya da bizi Prezident İlham Əliyevin rəhbərliyi altında çoxdan gözlənilən Qələbəyə gətirib çıxardı. İndi isə müzəffər Lider Azərbaycan xalqını əmin bir halda Qarabağın bərpasına, keçmiş məcburi köçkünlərin Qarabağa, Şərqi Zəngəzura qayıtması kimi bir çox başqa qələbələrə doğru aparır.
Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin müəllifi olduğu Azərbaycan dövlətinin iqtisadi və siyasi model siyasəti özünün yüksək effektivliyini sübut edərək sınaqdan uğurla çıxmışdır. Diplomatik sahədə və informasiya mübarizəsində qazanılan qələbə inkişafın müdrik strategiyasının göstəricisidir. Ərazilərin hərbi yolla və minimal qurbanlar verməklə azad edilməsi, bu ərazilərin tez bir zamanda respublikanın digər hissələrinin inkişafını ləngitmədən bərpa edilməyə başlanması Azərbaycan dövlətinin iqtisadi imkanlarının və onun rəhbərinin müdrikliyinin göstəricisidir.
İkinci Qarabağ müharibəsinə qədər və ondan bu günədək olan vəziyyəti təhlil edərkən Prezident İlham Əliyevin görkəmli siyasətçi və müasir Azərbaycanın Dahi Şəxsiyyəti faktorunu görməmək, etiraf etməmək, sadəcə, mümkün deyil.
Eldar ƏZİZOV,
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü