24 Dekabr 2024 09:50
291
SİYASƏT
A- A+
İqtisadi və siyasi müstəqilliyin qarantı

İqtisadi və siyasi müstəqilliyin qarantı


Müasir dövrdə dayanıqlı inkişaf prosesi real təminatlara əsaslanan iqtisadi siyasətin reallaşdırılması ilə yanaşı, ictimai mənafenin nəzərə alınmasını, insan və vətəndaş amilinin ön plana çəkilməsini zəruri edir. Qeyd edilən amillərin vəhdəti hər bir ölkədə ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmə prosesinin vacib amilinə çevrilir. 

Bu gün əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son 30 ildə əldə etdiyi böyük uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi, siyasi, hüquqi liberallaşmaya xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etməkdə olan ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələnin ən mühüm uğurları sırasındadır.

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 21 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirib, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına nail olub. Cənab İlham Əliyevin prezidentliyi iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil edib. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideya səviyyəli hədəflər kimi müəyyənləşdirib. 

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsini dərindən mənimsəmiş cənab İlham Əliyev son 21 ildə idarəçilikdə yeni ənənə və inqilabi xarakterli yeniliklərin müəllifinə çevrilib. Ölkəmizi davamlı tərəqqi yoluna çıxaran, təminatlı gələcəyə etibarlı zəmin yaradan mövcud siyasi kursun davam etdirilməsi cəmiyyətin həlledici çoxluğunun iradəsini əks etdirib. Xalqımız 2024-cü il fevralın 7-də keçirilmiş prezident, sentyabrın 1-də parlament seçkilərində taleyini növbəti dəfə bu siyasətə etibar edib. Bu dəyişməz seçim, eyni zamanda, Azərbaycan cəmiyyətinin öz layiqli liderinin siyasi fəhminə və parlaq şəxsiyyətinə sarsılmaz inamının əyani təcəssümü olub. 

Dövlət başçısının milli maraq və mənafelərə əsaslanan uğurlu diplomatiyası, modern Ordu quruculuğu siyasəti, xalqı ətrafında səfərbər etmək bacarığı sayəsində Azərbaycan bu gün dünyada ərazi bütövlüyünü və suverenliyini hərb meydanında təmin edən, regionda yeni geosiyasi reallıqlar formalaşdıran qalib ölkə kimi tanınır. 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri zamanı qazandığımız parlaq zəfərlər dövlət başçısı İlham Əliyevin son 21 illik fəaliyyətinin nəticələrinin obyektiv dəyərləndirilməsi baxımından ən qürurverici, möhtəşəm hadisələrdir. 

Prezident İlham Əliyevin və ailə üzvlərinin fevralın 7-də Xankəndiyə gələrək, bu şəhərdə səs vermələri Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olması ilə bağlı bütün dünyaya, xüsusilə Ermənistana və onun Qərbdəki bəzi havadarlarına ünvanlanan sərt icmarış olub. Postsovet məkanında itirilmiş torpaqlarını geri qaytaran yeganə ölkə olan Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığın bütün dünyada qəbul olunması bu baxımdan xüsusi vurğulanmalıdır. 

Prezident İlham Əliyevin sözünə imzası qədər sadiq lider olması, ölkəmizi dünyanın bir-birilə geosiyasi rəqabətdə olan əksqütblü güc mərkəzləri üçün etibarlı tərəfdaşa çevirməsi danılmaz reallıqdır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, həm Rusiya, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ-lə münasibətlərini bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq meyarları üzərində qurur. Müxtəlif ölkələrin əlində siyasi alətə çevrilən Ermənistandan fərqli olaraq, ölkəmiz milli maraq və mənafelərini önə çəkərək müstəqil siyasət yürüdür, daxili məsələlərinə müdaxilə cəhdlərinə qarşı barışmaz mövqe tutur. 

Dövlətimizin başçısı İlham Əliyev bir neçə gün əvvəl "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bununla bağlı deyib: "Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur".

Hücum diplomatiyasına üstünlük verən Azərbaycan yekunlaşmaq üzrə olan 2024-cü ildə təkcə Cənubi Qafqazda deyil, ümumən Avropada maraqlarını təmin etməyə, konkret mərhələ üçün müəyyənləşdirdiyi strateji hədəfləri reallaşdırmağa nail olub. İlbəil genişlənən iqtisadi və hərbi potensialı, beynəlxalq əlaqələri rəsmi Bakıya hansısa güc mərkəzindən asılı olmadan qarşıya qoyduğu hədəflərə doğru addımlamaq imkanı yaradıb. Ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, müxtəlif beynəlxalq qurumlarla münasibətlərinin inkişafı, diaspor və lobbi quruculuğu, Ermənistan üzərində hərbi-siyasi üstünlüyünün gücləndirilməsi, danışıqlar prosesinin yeni geosiyasi reallığa, milli maraqlara uyğun aparılması kimi vacib məsələlər xarici siyasətdə prioritet təşkil edib. Öhdəliklərinə sadiq tərəfdaş olması rəsmi Bakının müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterinə də müsbət təsirini göstərib.

Azərbaycan il ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizə qarşı əsassız kampaniyaları zərərsizləşdirib, eləcə də Ermənistanın müharibə cinayətlərinin ifşası istiqamətində fəal iş aparıb. Rəsmi İrəvanın və havadarlarının qarayaxma kampaniyasının qarşısının alınması, yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə izah olunması istiqamətində ardıcıl və sistemli siyasət yürüdülüb. Rəsmi İrəvanla danışıqların ölkəmizin irəli sürdüyü sülh gündəliyi və beş prinsip əsasında davam etdirilməsi, birgə delimitasiya komissiyasının iclaslarının keçirilməsi, Qazaxın işğal altında olan 4 kəndinin ölkəmizə təhvil verilməsi, yekun sülh sazişi üzrə 17 müddəadan 15-nin razılaşdırılması regonda sülh və barışın əldə olunacağına müəyyən ümidlər yaradıb. 

Regional və beynəlxalq münasibətlərdə mühüm oyunçuya çevrilən Azərbaycanın yürütdüyü xarici siyasətin qlobal planda sülh və təhlükəsizliyə xidmət etməsi, sabitləşdirici rol oynaması beynəlxalq səviyyədə açıq etiraf olunur. Qoşulmama Hərəkatının fəal üzvü kimi hərbi bloklara qoşulmamaq, qonşu dövlətlərlə münasibətləri sivil məcrada, qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək, geosiyasi təsirlər altında üçüncü dövlət əleyhinə cəbhə açmamaq xətti yürüdən, münaqişələrin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında həllinə çalışan Azərbaycan bunun nəticəsində etibarlı tərəfdaşa çevrilib. Ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq munasibətləri qurmuş ölkə rəhbərliyi Şərqlə Qərbin iqtisadi tərəfdaşlığını, mədəni dialoqunu möhkəmləndirən səmərəli təşəbbüslərlə çıxış edir, multikulturalizm və tolerantlıq ideyalarını dəstəkləyir, qlobal sülhə, təhlükəsizliyə töhfələrini verir.

Xüsusi vurğulamaq istərdim ki, dünyanın ən əhəmiyyətli, irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabr ayında Azərbaycanda keçirilməsi də ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsi idi. COP29 təkcə iqlim problemlərinin deyil, həm də dünya üçün aktual olan digər problemlərin müzakirəsi baxımından uğurlu platforma kimi tarixiləşdi. Tədbir ərəfəsində "COP atəşkəsi" təşəbbüsü ilə çıxış edən Azərbaycan bu gün də müharibə və münaqişə şəraitində olan dövlətləri dialoqa, atəşkəsə çağırır, həmçinin özünün vasitəçilik səylərini təklif edir. Şiddətli xarakter alan müharibəyə rəğmən, Ukrayna ərazisindən təbii qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən ölkəmizə daxil olan müraciətlər bunu bir daha sübut edir. Bu ölkəmizin regiondakı nüfuzunun, sabitləşdirici rolunun qlobal miqyasda yüksək dəyərləndirildiyinin göstəricisidir. 

Xarici siyasətdəki bu müstəqillik, ilk növbədə, ölkəmizin iqtisadi gücü və qüdrətindən irəli gəlir. Əgər Ulu Öndər Heydər Əliyevin müasirləşmə siyasəti 90-cı illərdə ictimai-siyasi və iqtisadi böhrandan inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü siyasi kurs respublikamızın milli inkişaf modelinin formalaşmasını təmin edib. Son 21 ildə dövlət başçısının iqtisadi siyasətinin əsasında məhz "Güclü dövlət, sabitlik və sosial rifah" tezisi dayanıb. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü və qüdrətli dövlətə nail olmaq, hər bir fərdin mənafeyini müdafiə etmək mümkün deyildir. Güclü iqtisadiyyatı olan qüdrətli dövlətin, modern Ordunun yaradılması, qlobal təhdidləri zərərsizləşdirən hücumçu diplomatiyanın həyata keçirilməsi, dövlətçiliyə sadiq vətənpərvər gəncliyin yetişdirilməsi xalqımızın qəlbində qubara çevrilmiş Qarabağ düyünün milli maraqlarımıza uyğun çözümünə imkan verib. 

Siyasi liderin gördüyü işlər, həyata keçirdiyi layihələr onun müəyyən zaman kəsiyindəki fəaliyyətinin dəyərləndirilməsi baxımından ən obyektiv istinad yeridir. "Mən hər bir azərbaycanlının prezidenti olacağam" - deyərək səlahiyyətlərinin icrasına başlayan dövlətimizin başçısı ötən 21 ildə bu vədini birmənalı doğruldub, sistemli, ardıcıl və koordinasiya olunmuş fəaliyyəti ilə xalq qarşısında verdiyi vədlərə sadiqliyini sübuta yetirib. Azərbaycan Prezidentinin ötən dövr ərzində vahid sistem halına gətirdiyi milli inkişaf modeli, eyni zamanda, onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi diqqət çəkib. 

Ən ümumi şəkildə desək, dövlətimizin başçısının səmərəli iqtisadi siyasəti ötən dövrdə ölkəmizin davamlı tərəqqisinə, xalqın rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, işsizlik və yoxsulluğun səviyyəsinin xeyli dərəcədə azaldılmasına zəmin yaradıb. Cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorurub saxlanılıb, cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizmi təmin edib. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, mövcud imkanlardan Azərbaycan vətəndaşlarının rifahı naminə maksimum istifadə müasir tariximizin son 21 illik dövrünü səciyyələndirən mühüm yeniliklər sırasındadır. 

Ötən dövrdə qazanılan sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən, Azərbaycan Prezidentinin dövlətə rəhbərliyinin ilk aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanın əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz həmin fərmanla start verilib. Konseptual əhəmiyyətli bu sənəd sonrakı mərhələlərdə imzalanaraq uğurla icra edilən regional dövlət proqramları üçün baza rolunu oynayıb, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan verib. 

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkədə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar, urbanizasiya problemlərinin həlli və digər sistemli hədəflərin reallaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirib. Sonrakı mərhələdə qəbul olunan və 2009-2013, 2014-2018, 2019-2023-cü illəri əhatə edən daha 3 regional proqram bölgələrin sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri nəzərəçarpacaq səviyyədə aradan qaldırıb, infrastrukturun yeniləşdirilməsinə imkan verib. Dövlət proqramları əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edib və bu da özəl sektorun, sahibkarlığın inkişafına təkan verib. 

Dövlət başçısı ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Prezident İlham Əliyev istər respublika daxilində, istərsə də xarici səfərlər zamanı keçirdiyi görüşlərdə özəl sektoru dəstəklədiyini, inzibati strukturların iş adamlarının fəaliyyətinə yersiz müdaxiləsinə imkan verilməyəcəyini, orta təbəqənin formalaşması, sahibkarların sosial məsuliyyətinin artırılması məqsədilə maliyyə-kredit, vergi və gömrük rıçaqlarının təkmilləşdirilməsinin zəruri olduğunu bəyan edib. 

Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci ildə ölkə sahibkarları ilə görüşən Prezident İlham Əliyev onların qayğı və problemləri ilə maraqlanıb, irəli sürdükləri təkliflərə əsasən mühüm qərarlar qəbul edib. Sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının, ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya şuralarının yaradılması; yoxlamaların məhdudlaşdırılması, ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi; dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması, güzəştli kreditlərin həcminin genişləndirilməsi öz müsbət nəticələrini verib. 

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənir və cəmiyyətin sosial sifarişini əks etdirir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Ölkədə yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir. 

Prezident İlham Əliyevin yürütdüyü uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın artan iqtisadi imkanları əhalinin sosial müdafiəsi məqsədinə yönəldilir. Xüsusi vurğulamaq lazımdır ki, 2025-ci ildə dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsi və sosial təminatı ilə əlaqədar olacaq, sosial dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edəcək. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə gözlənilən yeni artımların 2 milyondan artıq vətəndaşı əhatə edəcəyi gözlənilir. 

Azərbaycanın möhtəşəm uğurlarında, dünyanın sayılıb-seçilən, mövqeyi nəzərə alınan dövlətlərdən birinə çevrilməsində ötən illərdə böyük uzaqgörənliklə reallaşdırılmış qlobal layihələrin də mühüm payı var. Ümummilli Lider Heydər Əliyevin yeni neft strategiyasının bəhrələri olan "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəmərinin, "Bakı-Tbilisi Ərzurum" qaz kəmərinin istifadəyə verilməsi, "Şahdəniz", "Abşeron", "Ümid" və digər perspektivli qaz yataqlarının istismarı, "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttinin istifadəyə verilməsi, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan "Cənub qaz dəhlizi"nin gerçəkləşdirilməsi, ölkəmizin Orta dəhliz kommunikasiya qovşağındakı rolunun gücləndirilməsi, nəhayət, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan addımlar bu baxımdan xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı, həmçinin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi statusunu getdikcə möhkəmləndirir. Dövlət başçısının çıxışlarında xüsusi vurğuladığı kimi, respublikamızın başladığı meqalayihələr hazırda Avrasiya regionunda enerji və daşımalar yollarını dəyişib. Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsi və tranzit yükdaşımaların təşviqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə də Orta və Şimal-Cənub dəhlizlərinin inkişafı və potensialının artırılması üçün tərəfdaş ölkələrlə davamlı olaraq birgə səylər göstərir.

Azərbaycan qazını alan Avropa ölkələrinin sayının bu il daha da artaraq 12-yə çatması, eyni zamanda ölkəmizin "yaşıl enerji" dəhlizinin əsas resurs mənbəyi kimi Avropanın aparıcı tərəfdaşlarından birinə çevrilməsi qürurverici hadisələr sırasındadır. Mühüm uğurlarla yadda qalan COP29 çərçivəsində aparılan müzakirələr təsdiqlədi ki, respublikamızın təşəbbüsü ilə regionda həyata keçirilən alternativ enerji istehsalı ("yaşıl enerji") layihələri Azərbaycanın qlobal təchizatda sabitləşdirici rol oynamasına zəmin yaradıb. 2030-cu ilədək yaradılacaq azı 8 QVt "yaşıl enerji" güclərinin 70 faizindən çoxunun ixraca yönəldilməsi məqsədilə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir. 

COP29 çərçivəsində əsas məqsədlərdən biri də məhz ölkəmizin bərpaolunan enerji mənbələri barədə dolğun təsəvvür yaratmaq, gələcəkdə "yaşıl enerji"nin ixracı və tranziti sahəsində aparıcı ölkələrdən birinə çevrilmək iddiasını nümayiş etdirmək olub. Avropanın bir sıra aparıcı ölkələrinin liderlərinin COP29-da fəal iştirak etmələri də, ilk növbədə, rəsmi Bakı ilə əməkdaşlığa verilən yüksək önəmin göstəricisi idi. Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları son aylarda rəsmi Bakı ilə "yaşıl enerji" əməkdaşlığının əhəmiyyətinə diqqət çəkiblər. Bunu zəruri edən səbəblərdən biri də respublikamızın etibarlı, sabit mövqeyə malik biznes tərəfdaşı olması, zəngin neft və qaz resurslarından heç zaman siyasi alət kimi istifadə etməməsidir. 

Xatırlatmaq lazımdır ki, 2022-ci ilin dekabr ayında imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" Azərbaycanın alternativ mənbələr hesabına istehsal edəcəyi "yaşıl enerji"nin Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə çəkiləcək 1100 kilometrlik sualtı kabel vasitəsilə Avropa ölkələrinə ixracını nəzərdə tutur. Layihə Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, təchizat mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunda bərpaolunan enerji istehsalı potensialından istifadəyə geniş imkanlar açıb. 

Dövlət başçısı İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi, müstəqil Azərbaycan tarixinin heç bir mərhələsində indiki qədər güclü və qüdrətli olmayıb. Cənab İlham Əliyev bu mərhələdə dövlətin mövcud resurslarından xalqın rifahı və firavanlığı naminə məqsədyönlü istifadəni hökumət qarşısında strateji vəzifə kimi müəyyənləşdirib. "Hər bir məmur xalqın xidmətçisi olmalıdır" - deyən cənab İlham Əliyev hökumətin xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkir. Ötən 21 ildə ayrı-ayrı dövlət məmurlarına etimad meyarı məhz onların fəaliyyətinə əsasən müəyyənləşdirilib, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə dolğun məlumatlandırılması zəruri sayılıb. 

Xüsusi vurğulamaq lazımdır ki, hakimiyyətin icraedici qolunun müasirləşdirilməsi istiqamətində həlledici addımlardan biri də 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikasında vitse-prezidentlik institutunun yaradılması olub. 2017-ci il fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi idarəçiliyin müasirləşdirilməsi, hakimiyyətə ictimai inamın gücləndirilməsi baxımından səmərəli nəticələr verir. Bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların rəğbətini qazanmış layiqli bir şəxsiyyətin təyinatı müasir dövlət idarəetməsində keyfiyyətcə yeni mərhələ açıb. 

Azərbaycanın birinci xanımı formalaşdırdığı mükəmməl komanda ilə Prezident İlham Əliyevin islahatlar kursunun uğurla rellaşdırılmasına layiqli töhfələrini verir. Aztəminatlı insanların, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinin həllində dövlətimizin basçısı ilə yanaşı, Birinci vitse-prezidentin də xidmətləri müstəsnalıq təşkil edir. Onun müasir idarəetmə səriştəsi, yeniliklərə meyilliliyi, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəldib. Yaxından iştirakı ilə inkişafın əsasını müəyyən edən idarəetmənin modern əsaslarla aparılması, situasiyaların səmərəli idarəolunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edir.

Prezident İlham Əliyevin iqtisadi siyasəti, ilk növbədə, hər bir fərdin maraqlarını önə çəkib. "Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır" - deyən dövlətimizin başçısı keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini təmin edib. Bu yanaşma dövlət idarəçiliyində yenilikçi və müasir baxışı, şəffaflığa xidmət edən institusional islahatları genişləndirərək, respublikamızın qısa müddətdə elektron xidmətlər sahəsində mühüm uğurlara imza atmasına şərait yaradıb. Korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmini tədbirləri çərçivəsində yaradılmış "ASAN xidmət", "DOST", "ASAN kommunal", "ABAD" və digər mobil xidmət mərkəzləri hazırda dünyada böyük populyarlıq qazanaraq, Azərbaycanın milli brendi kimi qəbul edilir. Bütün bunlar özəl sektorda geniş yayılmış "müştəri məmnunluğu" ideyasının dövlət idarəçiliyində tətbiqinə, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verib, insanların hakimiyyətə inam və etimadını gücləndirib. 

Son illərdə ictimai həyatın bütün sahələrində aparılan kadr dəyişikliklərinin, şəffaflığa, bürokratik amillərin aradan qaldırılmasına xidmət edən struktur islahatlarının, tətbiq olunan innovativ idarəetmə texnologiyalarının başlıca mahiyyəti insanları önə, diqqət mərkəzinə çəkməkdir: idarəçiliyin müasirləşdirilməsi, bir çoxlarına həlli müşkül görünən neqativ amillərin tədricən aradan qaldırılması üçün siyasi iradə nümayişi, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında aparılan ciddi kadr dəyişiklikləri, yeniliklərlə ayaqlaşa bilməyən kadrların vəzifələrindən uzaqlaşdırılması sistem islahatlarının mühüm elementləri kimi diqqəti çəlb edir.

Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan mütərəqqi ideya və siyasi baxışlarını, gələcəyə hesablanmış planlarını son 21 ildə praktik şəkildə gerçəkləşdirməyə müvəffəq olmuş Prezident İlham Əliyev bu gün Azərbaycanda inqilabi xarakterli islahatlara müəlliflik edir. 

Dövlətimizin başçısı davamlı inkişaf naminə qarşıda müəyyənləşdirdiyi strateji hədəfləri inamla gerçəkləşdirmək, Azərbaycanı daha müasir və inkişaf etmiş dövlətə çevirmək əzmi nümayiş etdirir. Ölkəmizin hər bir vətəndaşı kimi, iş adamları da Prezident İlham Əliyevin yürütdüyü siyasəti ürəkdən dəstəkləyir, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə milli maraqlarımızla bağlı bütün məsələlərin bundan sonra da uğurlu həllini tapacağına ürəkdən inanırlar. 


Qüdrət KƏRİMOV, 

"Xəzər" QSC-nin sədri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə

02:39
25 Dekabr

"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:38
25 Dekabr

Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında

02:38
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:37
25 Dekabr

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:35
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 

02:34
25 Dekabr

“Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 Dekabr

“Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)”nin təsdiq edilməsi haqqında

02:32
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:31
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:30
25 Dekabr

Specific Procurement Notice Request for Bids Goods

02:28
25 Dekabr

Təkliflər üçün Dəvət Mallar

02:25
25 Dekabr

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!