24 Dekabr 2024 09:35
358
SİYASƏT
A- A+
İlham Əliyevin zəfər strategiyası

İlham Əliyevin zəfər strategiyası


Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlu nəticələr - yaradılmış iqtisadi, sosial, maliyyə, habelə, hərbi potensial, insan kapitalı, infrastruktur, institusional baza, eyni zamanda əhalinin sosial rifahının yaxşılaşması Prezident İlham Əliyevə dinamik, davamlı inkişaf konsepsiyasına keçidi əməli bir vəzifə kimi qarşıya qoymağa imkan verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinamik və davamlı inkişafa keçidi təmin etmək məqsədilə mərhələ-mərhələ, məntiqi ardıcıllıqla formalaşdırdığı və uğurla reallaşdırdığı islahatlar dönməz xarakter daşımaqla cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə etmişdir ki, bu da son nəticədə milli iqtisadiyyatın keyfiyyətcə yeni mərhələsinə daxil olmasına imkan verdi.

Fundamental əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuş sosial-iqtisadi inkişaf kursu 2003-cü il oktyabrın 31-dən başlayaraq, onun layiqli davamçısı İlham Əliyev tərəfindən varislik prinsipi gözlənilməklə,  uzaqgörənliklə və yaradıcılıqla inkişaf etdirilir. İlham Əliyevdə lider üçün bütün zəruri keyfiyyətlərin olduğunu böyük müdrikliklə və dəqiqliklə hiss edən Heydər Əliyev qeyd etmişdir ki, hər bir peşə üçün hansısa genetik qabiliyyət olmalıdır: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 

Ulu Öndərin ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad olunması idi. İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın dövlət suverenliyinin  bərpasından sonra, Prezident İlham Əliyev Ulu Öndərin məzarı qarşısında fəxrlə bəyan etdi ki, "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim". 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında torpaqlarımızı işğaldan azad etməsi, dövlət suverenliyimizin tam bərpa olunması,  ölkəmizdə həyata keçirilən uğurlu inkişaf strategiyasının məntiqi nəticəsidir. 

Son illərin təcrübəsi birmənalı sübut etdi ki, İlham Əliyev prezident kimi, dünyada baş verən iqtisadi, siyasi, hərbi, qlobal və regional prosesləri öncədən görmək, onları çox dəqiq qiymətləndirmək, müvafiq obyektiv nəticələr çıxarmağı bacaran fenomen qabiliyyətə malik praqmatik bir Liderdir. İlham Əliyev həmçinin sosial-iqtisadi, siyasi vəziyyəti bir qayda olaraq obyektiv dəyərləndirir, ölkəmizdə baş verməsi mümkün ola biləcək böhran hallarının qarşısını al-maq, makroiqtisadi sabitliyi təmin etmək üçün preventiv tədbirlər görür. O, mürəkkəb, ziddiyyətli qlobal maliyyə böhranı, pandemiya və ondan sonrakı dövrlərdə həmişə nəyi nə vaxt və hansı intensivliklə, optimal müddətdə həyata keçirməklə, əslində, iqtisadi ədəbiyyatda "gecikmə effekti" adını almış bir prosesin neqativ nəticələrini minimuma endirir.

 Ölkə Prezidenti İlham Əliyevin iqtisadi, sosial, hərbi islahatlar konsepsiyasının əsasını, xarakterini, ümumiyyətlə, sistem dəyişiklikləri ilə bağlı həyata keçirilən tədbirlərin  istisna bilməyən şərti, bütün səviyyələrdə milli maraq və mənafelərin qorunması, başqa sözlə, iqtisadi təhlükəsizliyin təmin olunması təşkil edir. Koordinasiya, sistemlilik və prioritetlərin düzgün seçilməsinə müstəsna əhəmiyyət verilir. Dövlətimizin başçısı özünün əməli fəaliyyətində həmişə belə bir prinsipial müddəaya əsaslanır ki, milli iqtisadiyyatın cari və perspektiv inkişaf problemlərini həll edərkən hökmən, dövlət və bazar mexanizmlərinin optimal nisbətdə tətbiqinə çalışılmalıdır. Prezident İlham Əliyev eyni zamanda daim ölkədə reallaşdırılan iqtisadi siyasətdə çevikliyin təmin edilməsinə, struktur dəyişiklikləri ilə institusional islahatların sistemliliklə paralel aparılmasına, konkret maliyyə imkanlarına uyğun inkişaf proqramlarının hazırlanaraq icra olunmasına  xüsusi diqqət yetirir. Məhz onun həyata keçirdiyi məqsədyönlü və düşünülmüş iqtisadi siyasətin bariz nəticəsi olaraq, hazırda ölkəmiz yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olmuşdur.

Belə ki, 2003-2023-cü illərdə iqtisadi inkişafın ümumi nəticəsini özündə əks etdirən ümumi daxili məhsul real olaraq 3,6 dəfə, adambaşına düşən ümumi daxili məhsul isə 2,9 dəfə artmışdır. Bu illər ərzində iqtisadiyyata bütün mənbələrdən cəlb edilmiş investisiyaların ümumi həcmi 318,9 milyard dollar, o cümlədən qeyri-neft-qaz sektoruna yönəldilən vəsait 197,8 milyard dollar olmuşdur. 

Son illərdə ölkəmizdə neft-qaz sektoru üzrə ÜDM 2,3 milyard manatdan 45,3 milyard manata çatmışdır. Hazırda Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında neft və qaz gəlirlərinin xüsusi çəkisi kifayət qədər yüksəkdir. Belə ki, 2003-cü ildən 2024-cü ilin oktyabrına kimi olan müddətdə Neft Fondundan Dövlət büdcəsinə 152,7 milyard manat vəsait transfert olmuşdur. Belə bir şəraitdə yaxın perspektivdə qarşıda duran əsas məqsəd ölkə büdcəsinin gəlirlərinin formalaşmasının neft-qaz gəlirlərindən asılılığını mümkün qədər azaltmaqdır.

Ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf strategiyasının xarakterik cəhətlərindən biri də neft-qaz gəlirlərindən əldə edilən böyük maliyyə vəsaitlərinin əhəmiyyətli bir hissəsinin qeyri-neft sektorunun inkişafına yönəltmək təşkil edir. 

Ölkəmizdə son illərdə iqtisadi-sosial inkişafla bağlı qəbul olunmuş proqramlar bir qayda olaraq hər bir mərhələdə milli iqtisadiyyatın güclü və zəif tərəflərini, imkanlarını, təhlükə və təhdidlərini nəzərə almaqla hazırlanaraq reallaşdırılmışdır.

Son 20 ildə ölkəmizdə milli iqtisadiyyatın formalaşdırılması və inkişafı ilə bağlı qəbul olunan və uğurla reallaşdırılan strateji inkişaf proqramlarının, tədbirlərin və qəbul olunmuş qərarların mahiyyətini məntiqi ardıcıllıqla tam xarakterizə etmədən, bu illərdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin ana xəttini, prioritetlərini, miqyasını, effektiv nəticələrini kifayət qədər obyektiv qiymətləndirmək mümkün deyildir. 

Cənab İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildə ilk olaraq həmin dövrdə ölkənin gələcək inkişaf prioritetlərinə uyğun olan "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman imzaladı. Daha sonra, regionların mövcud iqtisadi, sosial potensialına və infrastrukturuna əsaslanaraq 2004-2023-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafına dair" dörd dövlət proqramı qəbul olundu. 

Məlumdur ki, müstəqilliyimizin ilk 10 ilində regionların inkişafının maliyyə mənbələri, əsasən, neft strategiyasının reallaşdırılması nəticəsində yaranan gəlirlər hesabına formalaşırdı. Bu proqramlarda qarşıya qoyulan əsas məqsəd regionların inkişafının dövlət büdcəsindən bilavasitə asılılığını tədricən minimuma endirməkdən ibarət idi. Onların uğurla reallaşdırılması ölkəmizdə məşğulluq səviyyəsinin artmasına, habelə, qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərdi. 

Prezident İlham Əliyev ilk dövrlərdən başlayaraq sosial məsələlərə xüsusi diqqət yetirirdi. Belə yanaşmaya uyğun olaraq ölkəmizdə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında  yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" qəbul olundu. Bu proqramın uğurla yerinə yetirilməsini nəzərə alaraq, 15 sentyabr 2008-ci il tarixində Prezident İlham Əliyev tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı" təsdiq olundu. Sonrakı illərdə də milli iqtisadiyyatın sosial-iqtisadi inkişaf proqramlarında yoxsulluğun və işsizliyin azaldılması, məşğulluğun artırılması və davamlı inkişafa keçid daima mərkəzi bir problem kimi irəli sürüldü. Məhz onun nəticəsidir ki, 2003-2023-cü illərdə yoxsulluq səviyyəsi 8,6 dəfə azalaraq, 44,7 faizdən 5,2 faizə enmişdir. 

 Bütövlükdə 2003-2009-cu illərdə Azərbaycanda milli iqtisadiyyatın formalaşması və təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar strategiyasının müsbət nəticələrini əsas götürərək 2009-cu ildə ölkə Prezidenti İlham Əliyev qeyd etmişdir: "Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatmışdır. Biz mövcud reallıqları təhlil etməklə nəticələr çıxarmalı, yeni paradiqmalar haqqında düşünməli və Azərbaycan iqtisadiyyatının davamlı inkişafa keçidlə bağlı iqtisadi inkişaf modelinin konseptual əsaslarını müəyyənləşdirməliyik. Bütün bu məsələlər yaxın gələcək üçün ölkəmizdə işlənib hazırlanan dövlətin strateji iqtisadi siyasətinin ana xəttini təşkil etməlidir". Məhz bu dövrdən başlayaraq ölkəmizdə işlənib hazırlanan bütün strateji inkişaf proqramlarında iqtisadi, sosial və ekoloji problemlərin həllinə vəhdət halında yanaşılması prioritet bir vəzifə kimi qarşıya qoyuldu. 

Ümumiyyətlə, İlham Əliyevin prezidentliyinin ilk on illiyində ölkəmizin iqtisadi inkişafının xarakterində baş verən mütərəqqi irəliləyişləri nəzərə alaraq, onun müvafiq sərəncamı ilə 2011-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul olundu. Həmin dövrdə ölkəmizin gələcək inkişafı ilə bağlı qəbul olunmuş bu proqram sənəddə, iqtisadi artımın keyfiyyətini yüksəltmək məqsədilə konkret istiqamətlər üzrə tədbirlər planı irəli sürüldü. Konsepsiyada qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit və loqistika infrastrukturunun təkmilləşdirilməsi, informasiya cəmiyyətinə keçidin təmin edilməsi və səmərəli sosial müdafiə sisteminin qurulması və s. kimi məsələlər öz əksini tapmışdır. 

Son illərdə ölkəmizdə iqtisadi inkişafdan xüsusən, neft strategiyasının uğurla reallaşdırılmasından qaynaqlanan maliyyə imkanları növbəti illərdə dayanıqlı sosial-iqtisadi inkişaf üçün güclü  zəmin yaratdı. 

Belə ki, iqtisadi artımın xarakterində baş verən keyfiyyət dəyişikliklərini nəzərə alaraq, ölkə prezidenti İlham Əliyev 16 mart 2016-cı ildə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ni və həmin ilin 6 dekabr tarixində, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin qəbul olunması haqda müvafiq sərəncam imzaladı. Qəbul olunmuş strateji yol xəritələri özündə ölkəmizin yaxın, orta və uzunmüddətli bir dövrdə əsas inkişaf istiqamətlərini və orada irəli sürülən məqsəd və hədəflərə çatmağın başlıca yollarını özündə əks etdirdi. Bu  sənədlərdə ölkəmizin dinamik və davamlı inkişafını təmin etmək məqsədilə real və maliyyə sektorları arasında optimal nisbətin gözlənilməsi problemlərinə xüsusi diqqət yetirildi.

Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin müdafiə qabiliyyətinin kəskin artırılması zərurəti öz növbəsində bu məqsədlərə kifayət qədər maliyyə vəsaitlərinin ayrılması tələbini nəzərə alan ölkə prezidenti çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bu prioritet məqsədlərə bu gün və yaxın gələcəkdə biz tələb olunan qədər vəsait ayıracağıq. O, daim bu problemə  uzaqgörənliklə yanaşaraq, xüsusi vurğulayırdı ki, ölkəmizin milli gəlirini elə optimal nisbətdə bölüşdürməliyik ki, iqtisadiyyatın və əhalinin cari tələbatlarını ödəyərkən, onların gələcəkdə daha yaxşı ödənilməsi imkanlarını məhdudlaşdırmasın, başqa sözlə, milli gəlirin bölgüsünə davamlı inkişaf prinsipləri baxımından yanaşılsın.

Bütövlükdə son illərdə ölkəmizdə təsdiq olunmuş inkişaf proqramlarının, qəbul edilmiş qərarların təhlili göstərir ki, onlar sosialyönümlü bazar iqtisadiyyatının başlıca prinsiplərinə əsaslanaraq formalaşdırılmışdır. Belə ki, 2003-2023-cü illərdə dövlət büdcəsinin gəlirləri 29,1 dəfə, xərcləri isə 29,5 dəfə artmışdır. Bu illərin məlum çətinliklərinə baxmayaraq, büdcə xərclərinin strukturunda sosialyönümlü xərclər 19,3 dəfə artmışdır. Bu dövrdə böyük əhali təbəqəsinin həyat səviyyəsini əks etdirən minimum aylıq əməkhaqqı 38 dəfə, orta aylıq nominal əməkhaqqı 12 dəfə və minimum aylıq pensiya məbləği isə 14 dəfə artmışdır. Bu meyil son illərdə xüsusilə güclənmişdir. Belə ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat planlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti cəmi 2,4 faizdir. Növbəti ilin dövlət büdcəsinin struktur təhlili göstərir ki, əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır. Bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizdən çox hissəsini təşkil edəcəkdir. Növbəti ilin dövlət büdcəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir.  

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi sayəsində yaranan yeni reallıqlara adekvat keyfiyyətcə yeni inkişaf konsepsiyasının işlənib hazırlanmasını obyektiv zərurətə çevirdi. Qeyd olunanlar nəzərə alınaraq, dayanıqlı inkişaf məqsədlərinə əsaslanaraq, ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2021-ci ildə "Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" konsepsiyası qəbul olundu. Bu  konsepsiya növbəti on illikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi kimi 5 Milli Prioritet irəli sürüldü.

Birinci Milli Prioritetin reallaşdırılmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın dünya iqtisadiyyatına fəal inteqrasiya olduğu müasir dövrdə xarici bazarlara rəqabətqabiliyyətli məhsullarla çıxış, qlobal məkanda cərəyan edən  iqtisadi proseslərdə aktiv iştirak və bütün bunların kontekstində milli maraqların müdafiə olunması müasir dövrdə müstəqil dövlətlərin  davamlı inkişafının təmin edilməsinin zəruri şərtinə çevrilib. Bu məqsədin səmərəli reallaşdırılması öz növbəsində dayanıqlı və yüksək iqtisadi artımın, daxili və xarici təsirlərə dayanıqlılığın təmin olunmasını tələb edir. 

İkinci Milli Prioriteti effektiv reallaşdırmaq üçün inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafı problemlərini optimal nisbətdə həll etmək zəruridir.

Üçüncü Milli Prioritet rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı adlanır. Müasir dövrdə inkişaf etmiş ölkələr iqtisadi artımın elə bir mərhələsinə daxil olmuşdur ki, onun gələcəyi bilavasitə insan kapitalının inkişafı ilə bağlıdır. Belə bir şəraitdə yaxın perspektivdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdan ibarət olmalıdır. Bu isə öz növbəsində müasir təhsil, innovasiyaları təşviq edən münbit şəraitin yaradılmasını tələb edir. Müasir dünyada rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı yalnız ölkədə güclü təhsil əsasında mümkündür. Belə ki, ancaq təhsil vasitəsilə insan kapitalını inkişaf etdirməklə onun ölkənin milli sərvətindəki payını stabil artırmaq mümkündür.

İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış 2030-cu ilə qədər ölkəmizdə müəyyənləşdirilən milli inkişaf strategiyasının mühüm prioritetlərindən biridir. İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində bütün tarixi torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın bütün ərazisində dövlət suverenliyimiz tam bərpa olundu. Azərbaycan xalqı öz tarixində ən böyük zəfərə nail oldu. Belə bir şəraitdə Böyük qayıdışla bağlı dövlət proqramının həyata keçirilməsi qarşıya qoyulan məqsədlərin uğurla reallaşdırılması dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya kimi iki mühüm prinsiplərə əsaslanaraq həyata keçirilir. Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə 2020-ci ildən hal-hazıra kimi, ümumilikdə 22 milyard manat vəsait sərf olunmuşdur. Böyük qayıdış çərçivəsində bu günədək 2544 ailənin, başqa sözlə, 9857 nəfərin öz doğma yurduna qayıtması təmin olunmuşdur.

Son illərdə qlobal iqlim dəyişikliklərinin kəskinləşməsini nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqinə geniş yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpası zərurətə çevrildi. Bu problemin müasir dövrdə aktuallığını nəzərə alaraq, Azərbaycanda təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi perspektiv dövr üçün mühüm bir milli prioritet kimi irəli sürüldü. 

Son illərdə təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin reallaşdırılması istiqamətində ciddi işlər görülmüşdür. İlk növbədə Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonaları elan edilmişdi. Bu baxımdan təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmiş və ölkəmizdə "yaşıl enerjiyə" keçidlə bağlı böyük layihələrin konkret reallaşdırılmasına başlanmışdı.

Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında ötən il BƏƏ-nin MASDAR şirkəti Qaradağ rayonunda 230 meqavatlıq günəş enerji stansiyasını istifadəyə vermiş, Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını inşa edir. Ümumiyyətlə, 2027-ci ilə qədər Azərbaycanda "yaşıl enerji" mənbəli 8, 2030-cu ilə qədər isə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, daha bir neçə 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanmışdır. Göründüyü kimi, son illərdə ölkəmizdə "yaşıl iqtisadiyyata" keçidlə bağlı kifayət qədər işlər görülmüş, lakin yaxın gələcəkdə bu istiqamətdə daha böyük layihələrin reallaşdırılması nəzərdə tutulur. Proqnoz məlumatlarına görə, bu layihələrin həyata keçirilməsi nəticəsində, ölkəmizin enerji balansının strukturunda "yaşıl enerjinin" xüsusi çəkisi 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin qoyulmuş gücü üzrə payını 30 faizə çatdırmaq, habelə 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq nəzərdə tutulur. 

2030-cu ilədək müəyyənləşdirilən 5 milli prioritetlərin konkret tələblərinə uyğun olaraq sosial-iqtisadi inkişafı təmin etmək məqsədilə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" qəbul olundu. Bu zərurət ondan yarandı ki, 2023-cü ildə antiterror əməliyyatları nəticəsində bütün ərazilərimizdə dövlət suverenliyinin bərpa olunması, son nəticədə ölkəmizdə sosial-iqtisadi inkişafa dair qəbul olunmuş milli prioritetlərin xarakterinə, əhatə dairəsinə, reallaşdırılması müddətinə və mexanizminə də mühim təsir göstərdi. Ölkəmizdə milli iqtisadiyyat səviyyəsində keyfiyyətcə yeni reallıqları nəzərə alaraq Prezident İlham Əliyev 4 avqust 2023-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında" bir sıra dəyişikliklər etdi. Bu dəyişikliklər, əsasən, "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" kimi adlandırılan birinci Milli Prioritetin daha səmərəli və optimal müddətdə reallaşdırılmasına istiqamətlənmişdir.

İlham Əliyevin iqtisadi inkişaf strategiyasında türk dövlətləri ilə iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi xüsusi yer tutur. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü və burada imzalanan Qarabağ Bəyannaməsi türk dünyasının iqtisadi əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımdır. Zirvə görüşündə qəbul olunan qərarlar "Türk dünyasına baxış-2040" çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsini hədəfləyir. Qarabağ Bəyannaməsi türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm prinsipləri özündə ehtiva edir. Bəyannamə çərçivəsində həyata keçiriləcək tədbirlər ölkələr arasında ticarət maneələrinin azaldılması, nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində vacib addımların atılmasını nəzərdə tutur. Üzv dövlətlər arasında ticarətin artmasında xüsusi önəm kəsb edən Orta dəhlizin Çindən Avropaya gedən ən sürətli marşrut kimi əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Belə ki, 2040-cı ilə qədər bu dəhliz vasitəsilə tranzit yüklərin həcminin illik 500 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.  Bütün bunlar Azərbaycanda beynəlxalq nəqliyyat və logistikanın inkişafı ilə bağlı  dövlət başçısının qəbul etdiyi qərarların tarixi rolunu bir daha aydın ifadə etməklə, ölkəmizdə illər öncədən başlayaraq bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini əyani surətdə göstərir.

Onu da qeyd edək ki, Azərbaycanın inkişaf strategiyasında ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki, dünyanın 200 ölkəsinin yekdil rəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) qlobal Sammitinin Bakıda keçirilməsi qərara alınmışdır. COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstək kimi qiymətləndirilməlidir. 2024-cü il noyabr ayının 11-23 tarixlərində Bakı şəhərində keçirilən COP29 Qlobal Sammitində dünyanın 197-i ölkəsindən 76000 nümayəndə qeydə alınmış, o cümlədən 80 ölkənin prezidenti, vitse-prezidenti və baş nazirləri iştirak etmişdir. 

Konfransın Bakı şəhərində keçirilməsinin əhəmiyyətini prezident İlham Əliyev çox dəqiq və obyektiv dəyərləndirərək COP29-un Liderlər Sammitinin açılış mərasimindəki dərinməzmunlu və proqram xarakterli giriş sözündə qeyd etmişdir: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik". 

Konfransın sonunda qəbul olunmuş qətnaməsində  İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət hədəfi qəbul olundu. Həmin sənəddə inkişaf etmiş ölkələrin  inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə əvvəlki 100 milyard ABŞ dolları həcmindəki məbləğin  artırılaraq, 2035-ci ilədək 300 milyard ABŞ dollarına çatdırılması qərara alınmışdır.  Qeyd etmək lazımdır ki, COP29 iştirakçılarının yekdil rəyinə görə, Bakı Sammiti təşkilatçılıq və idarəetmə baxımından çox yüksək səviyyədə reallaşdırılmışdır. 

COP29 konfransının Azərbaycanda keçirilməsi ölkəmizin  potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaratmışdır. Bütün bunlar bizə belə qənaətə gəlməyə tam əsas verir ki, BMT-nin COP29 Qlobal Sammitinin Bakıda keçirilməsi son 20 ildə ölkəmizdə Prezident İlham Əliyevin bütün istiqamətlər üzrə həyata keçirdiyi inkişaf strategiyasının  nəticə baxımından zirvəsi hesab olunmalıdır. Son nəticədə Azərbaycanın beynəlxalq miqyasda nüfuzu kəskin artmış və o, bu gün regionun aparıcı dövləti kimi statusunu gücləndirmişdir.

Ölkə Prezidenti İlham Əliyev son illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafında əldə olunan uğurlara, yaradılan potensiala və bütünlükdə iqtisadi artım amillərinin strukturunda baş verən keyfiyyət dəyişikliklərinə əsaslanaraq 2024-cü il 23 sentyabr tarixində Milli Məclisdəki çıxışında qeyd etmişdir: "İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır".

Onu da xüsusi qeyd etmək lazımdır ki, 2024-cü il ölkəmiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə zəngin olmuşdur. Belə ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizdə cari ilin fevral ayında növbədənkənar prezident seçkiləri keçirilmişdi. Bu seçkinin nəticəsi birmənalı olaraq Prezident İlham Əliyevin tarixi zəfərlərə yol açan bütün istiqamətlər üzrə müəyyənləşdirilən uğurlu və məqsədyönlü siyasətinə xalqımızın inam və etimadını  nümayiş etdirdi.

Bütün bunlar bir daha onu əyani surətdə sübut edir ki, fundamental əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və müasir dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən reallıqları nəzərə alaraq formalaşdırılan siyasət Azərbaycanın bugünkü və sabahkı zəfərini təmin edən inkişaf strategiyasıdır.


Ədalət MURADOV,

UNEC-in rektoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə

02:39
25 Dekabr

"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:38
25 Dekabr

Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında

02:38
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:37
25 Dekabr

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:35
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 

02:34
25 Dekabr

“Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 Dekabr

“Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)”nin təsdiq edilməsi haqqında

02:32
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:31
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:30
25 Dekabr

Specific Procurement Notice Request for Bids Goods

02:28
25 Dekabr

Təkliflər üçün Dəvət Mallar

02:25
25 Dekabr

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!