19 Dekabr 2024 08:00
596
SİYASƏT
A- A+
Azərbaycan mühakimə edir

Azərbaycan mühakimə edir


1389 cinayət işi, 15 hərbi cinayətkar... və 30 illik işğalçılıq siyasəti


Əllərini Azərbaycan xalqının qanına bulamış 15 erməni qatil məhkəmə qarşısına çıxarılır. 30 illik işğalçılıq siyasətinin qisasını döyüş meydanında alan Azərbaycan indi heç vaxt həyata keçməyəcək xəstə ideologiyalara qapılaraq xalqımıza qarşı faşist əməllər törətmiş uşaq qatillərini mühakimə edir... 

İlahi ədalət də bu olsa gərək...


Düşmənlərini tanı


Milli kimliyimizə düşmən kəsilərək qoca, uşaq, qadın demədən xalqımızın başına olmazın müsibətlər gətirən, onlara qarşı bəşər tarixində rastlanmamış cinayət əməlləri törədən və hazırda Azərbaycan qanunları ilə yarqılanan hərbi cinayətkarların hər birinin adını qan yaddaşımıza yazmaq milli borcumuzdur... 

Qukasyan Arkadi Arşaviri, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi, Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli, Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti...

Şərəfsizlərin sıralandığı bu siyahının sonuna üç nöqtə ona görə qoyuruq ki, milli kimliyimizə düşmən kəsilərək azərbaycanlılara qarşı kütləvi qətllər, soyqırımlar törədən faşist xislətli erməni cinayətkarlarının sayı bunlarla bitmir. Hələ Azərbaycan qanunları ilə mühakimə olunacaq neçə-neçə hərbi canilər növbələrini gözləyir, başda Xocalı qatili Serj Sarkisyan olmaqla... 

2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində Xocalıdakı qanlı əməlləri nə üçün törətdiklərini vəhşiliyə xas qürrə ilə etiraf etmiş, jurnalistin "Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?" sualına "Heç bir peşmanlığım yoxdur" deyə cavab verən rəzil Serj Sarkisyan...

Həmin qatillərin də layiqli cəzalarını alacaqlarına şahidlik edəcəyimiz gün  uzaqda deyil...


1987-ci ilin oktyabrından 2024-cü ilin 22 aprelinədək...


Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 2 may 2024-cü il tarixdə Azərbaycan Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər (yuxarıda adlarını sadaladığımız - red.) cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilib. 

Həmin maddələr 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digərləridir. 


İki əsrin hesabı 


Amma sözügedən hərbi cinayətkarlar təkcə bu maddələrləmi ittiham olunurlar? 

Bəs onlar azərbaycanlılara vurduqları mənəvi zərərin, yaşatdıqları travmaların hesabını necə ödəyəcəklər? 

Dinc sakinlərimizə qarşı törədilən bu qanlı əməllərin günahı təkcə adları çəkilən 15 hərbi cinayətkarın yox, ümumilikdə dünya erməniliyi, onların arxasında duran xarici havadarların boynunadır. Məhz xaricdə yuvalanan ermənilərin və hamilərinin düzüb-qoşduqları planlar verdikləri hərtərəfli dəstəklə düz iki əsr boyu erməni faşistləri Azərbaycan xalqına müsibət ardınca müsibət yaşadıb. 

Hələ 1992-ci il fevralın 26-na - əsrin faciəsi olan Xocalı soyqırımına qədər  erməni qatilləri azərbaycanlılara qarşı ard-arda kütləvi qətliamlar törətmişlər. Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax rayonunun Bağanıs Ayrım kəndinin, keçmiş Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi. Ermənilərin təkcə Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olmuş, 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülmüş, onlardan 80 nəfəri qətlə yetirilmişdi. 

1992-ci il fevralın 26-da Xocalıda erməni qatillərinin törətdiyi soyqırımı nəticəsində isə 613 nəfər qətlə yetirilib. Həmin zaman erməni vəhşiləri tərəfindən girov götürülən 1275 nəfərə ağlasığmaz işgəncələr verilib. Bu gün də həmin girovlardan 150 nəfərin taleyi məlum deyil. 


Şahidlərin tükürpərdici ifadələri


1991-ci ildə Xocalının Meşəli kəndində qətliamlar törədən, girovlara tükürpərdici işgəncələr verən erməni canilərinin başçısı Vaqif Xaçatryanın məhkəməsində ifadə verən şahidlərin bir neçəsinin ifadələrinə diqqət edək: 

Meşəli kəndinə qəfil hücum olduğunu söyləyən zərərçəkmiş Kamal Rəcəbov bunları deyib: "Evdə yatmışdım. Gördüm ki, güllə yağış kimi yağır və ermənilər tərəfindən kəndə od vurulub. Onların atəşi nəticəsində sağ budumdan güllə yarısı aldım. Qışın günündə ailəmdən uzaq qaldım. Güllə atışından 2 metrliyimdə olan ailə üzvlərimi təxliyə etməyə imkan yox idi. Yoldaşımı və 2 azyaşlı körpəmi itirdim. Onların qadınlara da yazığı gəlmədi. Gözümün qabağında 2 və 17 yaşında olan qızı vəhşicəsinə qətlə yetirdilər".

Prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Təmraz Məmmədov bildirib ki, Əsgəranda ermənilərin qətlə yetirdiyi sakinlərin meyitlərini yığıblar: "Orada bir qadını yandırmışdılar. Dedilər ki, Vaqif yandırıb. Mən Vaqifi hadisələr zamanı görmüşdüm. Ondan qabaq da Meşəlidə döyüşlər zamanı adını eşitmişdim. Laçın postunda saxlanılanda tanıdım, dedim ki, bu, Vaqifdir".

Meşəli hadisələrində atılan ilk güllənin atasına dəydiyini söyləyən zərərçəkən İbrahim Nurməmmədov isə gördüyü dəhşətləri belə dilə gətirib: "Atamı, bibilərimi, qayınatamı, qayınanamı, iki baldızımı, qaynımı öldürdülər. Ümumilikdə 9 ailə üzvüm şəhid olub. Hadisə günü şəhidləri, yaralıları ərazidən "Zil" markalı avtomobillə çıxarmışam. Bu Vaqifi çox yaxşı tanıyıram, bu da sürücü olub. Sürücülər bir-birini çox yaxşı tanıyırlar. Buna ömürlük cəza tələb edirəm".

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Şakir Qonaqov deyib ki, qardaşı Musa Qonaqov Meşəli kəndində şəhid olub: "Könüllü kimi oralarda xidmət edirdi. Hadisələr baş verəndən 3 gün sonra nəşi bizə verildi, həmin gecə dəfn elədik. Döyüş yoldaşları deyir ki, sona qədər vuruşub, son gülləsi ilə özünü öldürüb. Lakin nəşinin üstündə güllə izləri çox idi. Demək ki, şəhid olmuş qardaşımın nəşinə də güllə vurublar..." 


Qisas qiyamətə qalmadı


Xocalı soyqırımından sonrakı dövrlərdə də Azərbaycan xalqı dəfələrlə erməni faşizmi ilə üz-üzə qaldı. Eləcə də Vətən müharibəsi dövründə savaş meydanından uzaqda yerləşən şəhər və kəndlərimizə raket zərbələri endirilərək mülki əhalimiz hədəfə alındı. Həmin zaman Gəncə şəhərini "vur" əmrini verdiyini kamera önündə fəxrlə dilə gətirən qatil Arayik Harutyunyan erməni xislətini dünyaya göstərməkdən çəkinmədi.  

Qaniçən ermənilər iyrənc əməllərinin qisasının heç zaman alınmayacağının arxayınlığına qapılaraq elə düşünürdülər ki, Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə ilə barışacaq, xalqımıza qarşı soyqırımları törədən qatilləri cəzasız qoyacaq. 

Amma biz düşmənə nifrət və qəzəb hissimizi daim o faciələrin yaşandığı tarixlərdə olduğu kimi saxladıq.

Düzdür, ötən illər ərzində çox çarəsiz anlarımız oldu. 20 Yanvar, 26 fevral, 18 aprel günlərində...  rayonlarımızın işğalı zamanlarında yaşanan müsibətlərə görə illərlə acı göz yaşları tökdük, erməni faşistləri tərəfindən qəddarlıqla öldürülən insanlarımızın taleyinə ağladıq. Məhrumiyyətlər içərisində zülm-zillətlə yurdlarından ayrı yaşamağa məcbur olan insanların halına ürəyimiz ağrıdı. Doğmaları gözləri önündə tikə-tikə doğranan xocalılılara təsəlli verməyə söz tapmadıq... Dərddən havalanan, qol götürüb saçlarını yola-yola oynayan anaların halına yandıq...

Xocalının bağrı qanlı körpələrinə, uşaqlarına ana-atalarının yoxluğunu izah edə bilmədik... 

Bəli, Azərbaycan xalqı olaraq son dörd ilə qədər çox ağır sınaqlarla, dərd, ələmlə dolu zaman yaşadıq, amma düşmənə olan nifrətimizi heç zaman unutmadıq.

 Xocalıda, Ballıqayada, Meşəlidə, Ağdabanda, Başlıbeldə və daha neçə-neçə sadalamadığımız ərazilərimizdə xalqımızın başına müsibətlər açan qaniçən düşmənə olan qəzəb hissimizi daim saxladıq. 

Bir gün mütləq erməni qatillərindən intiqamımızı alacağımızın, Yer üzündən silinən ailələrin, süngülənən körpələrin, başı kəsilən uşaqların, təhqir olunan, diri-diri yandırılan, basdırılan qadınların, qocaların ruhları qarşısında onların qisasını qiyamətə qoymayacağımızın müqəddəs andını içdik.  

Yurdundan didərgin salınaraq səfalət içərisində yaşamağa məcbur olan yüz minlərlə keçmiş məcburi köçkünümüzün bir gün mütləq torpaqlarına qovuşdurulacağının sözünü verdik. 

Elə bəlkə də bu müqəddəs and sayəsində qəddimizi əyən ağrı-acı, kədər yükünə dözüm gətirə bildik, qəlbimizdə alışan birqərinəlik qisas alovu ilə düşmənlərin külünü göyə sovuraraq 44 günlük Vətən müharibəsində zəfərə yetdik. 

2020-ci ildə Vətən müharibəsində qəhrəman Azərbaycan oğulları cəmi 44 günə əliyalın insanlarımızın qatilinə çevrilən qaniçən ermənilərin nəfəslərini kəsdilər. Torpaqlarımızı işğaldan azad edərək, Qarabağın, Şərqi Zəngəzurun ən uca zirvələrində üçrəngli bayrağımızı dalğalandırdılar. 

2023-cü ildə Qarabağda keçirdikləri antiterror tədbirləri sayəsində cəmi 23 saata erməni quldurlarının mənfur yuvasını darmadağın edən yenilməz igidlərimiz bizə suverenliyimizi bəxş etdilər. 

Polad iradəli azman oğullarımız ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, erməni faşizminin qurbanı olan günahsız mülki vətəndaşlarımızın da qisaslarını layiqincə aldılar.  

Bu igidlərimizin şücaəti sayəsində xalqımızın qanına susamış erməni qatilləri bir-bir tutularaq qanunlarımız qarşısında sorğulanırlar. 


Ən böyük cəza


Çağdaş Azərbaycan vətəndaşları olaraq, xalqımızın milli qürur yaşadığı bu tarixi hadisələrin şahidinə çevrilməyimizlə ikiqat qürur duyur, fəxr və xoşbəxtlik hissi keçiririk. 

Onsuz da bilirdik, əmin idik ki, bir gün erməni cəlladlarından qisasımızı alacağıq. Amma Tanrıya şükürlər edirik ki, bu intiqamın alındığını, erməni qatillərinin cəzalarını aldıqları günləri gözlərimizlə gördük. 

Xocalılılar, meşəlililər, ballıqayalılılar, ağdabanlılar, başlıbellilər... bir zaman onlara dəhşət yaşadan erməni qaniçənlərinin indi qorxudan tir-tir əsdiklərini, layiqli cəzalarını aldıqlarını gördülər. 

O da haqqın yerini tapmasının bir ayrı təzahürüdür ki, Azərbaycanın torpaqlarını işğaldan azad edərək cənnətə çevirməsini, didərgin insanlarını qayıdış karvanları ilə yurda döndərməsini, Xocalıya yenidən həyatı qaytarmasını, Qarabağda separatizmin başını əzməsini, suverenliyini tam bərpa etməsini, xalqımıza qarşı cinayət əməlləri törədən qatilləri qanunları qarşısında cavab verməyə məcbur etməsini görmələrinin özü də elə erməni faşistləri, dünya erməniliyi, onlara havadarlıq edənlər üçün dünyadakı ən dəhşətli cəzadır...


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!