Ötən il ölkəmizin elm və ali təhsil siyasəti, dövlətin strateji inkişaf prioritetlərinə uyğun olaraq, ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan kompleks və sistemli addımlarla xarakterizə olunub.
Dövlətin elm və ali təhsil siyasəti: reallıqlar və perspektivlər
Dövlətin yüksək diqqət və qayğısı ilə ali təhsil müəssisələrində tələbə qəbulunun artırılması və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə ali təhsil sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib. İlk dəfə olaraq, doktorantura səviyyəsində bütün namizədlərin dövlət sifarişi hesabına qəbulunun təmin edilməsi təhsilin daha yüksək səviyyələrdə dəstəklənməsinə yönəlmiş mühüm addımlardan hesab edilir.
Azərbaycan alimlərinin beynəlxalq elmmetrik bazalara çıxış imkanlarının genişləndirilməsi ilə elmi tədqiqatların keyfiyyəti və sayında artım müşahidə olunub. Elm və ali təhsil müəssisələri üçün innovativ texnologiyaların, xüsusilə süni intellekt əsaslı elmi məlumat axtarış sistemlərinin tətbiqi tədqiqatların daha effektiv aparılmasına imkan verir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrlə birgə ikili diplom proqramlarının təşkil olunması və Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələrin sayının artması ali təhsil sisteminin qlobal səviyyədə tanınmasına və beynəlxalq inteqrasiyasına töhfə verir. Bununla yanaşı, yerli universitetlərin beynəlxalq reytinqlərdə irəliləməsi, Azərbaycan təhsilinin keyfiyyətinin və rəqabətliliyinin göstəricisidir.
Qarabağ Universiteti də daxil olmaqla, iki yeni universitetin fəaliyyətə başlaması və mövcud ali təhsil müəssisələrinin imkanlarının genişləndirilməsi təhsilin əlçatanlığını artıraraq daha çox tələbənin keyfiyyətli təhsillə təmin olunmasına şərait yaradır.
Bütün bu reallıqlar Azərbaycanın elm və ali təhsil sahəsində innovativ yanaşmalarını və beynəlxalq səviyyədə tanınma səylərini gücləndirən kompleks inkişaf strategiyasını əks etdirir. Bu strategiya ölkəmizin gələcəkdə rəqabətədavamlı elm və təhsil mərkəzinə çevrilməsinə hədəflənib.
Qarabağ Universitetində ilk tədris ilinə hazırlıq
Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması hadisəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi qələbələrin təntənəsi olmaqla, bütövlükdə Azərbaycanın təhsil sahəsindəki mühüm nailiyyəti hesab edilir. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə həmin ali təhsil müəssisəsinin qurulması bölgənin bərpa və inkişafına töhfə vermək üçün təhsilin gücündən istifadəyə əsaslanan önəmli institusional addımlardan biri olaraq dəyərləndirilir.
Ötən il Qarabağ Universiteti üçün bir sıra yaddaqalan hadisələrlə zəngin oldu. Həmin hadisələri şərti olaraq iki dövrdə qruplaşdırmaq olar: birincisi, Qarabağ Universitetinin qurulması və ilk tədris ilinə hazırlığı, ikincisi isə bu ali təhsil müəssisəsinin açılışı və ilk tədris semestri dövrüdür. Dövlətimizin yüksək diqqət və qayğısı sayəsində bu dövrlərdə görülən işlər uğurla nəticələnib. Hər iki dövrdə həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş nailiyyətlər və qarşıya qoyulmuş strateji vəzifələr Qarabağ Universitetinin potensialının gücləndirilməsinə, milli və beynəlxalq ali təhsil məkanında tanıdılmasına və nüfuzunun artırılmasına xidmət edir.
2024-cü il 6 fevral tarixində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsinin təsdiq edilməsi universitetin hüquqi əsaslarını daha da möhkəmləndirərək, onun fəaliyyətini müasir təhsil standartlarına uyğun şəkildə təşkil etməyə və səmərəli ali təhsil mühitinin qurulmasına imkan verib.
Prezident İlham Əliyevin ötən il iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olması bu ali təhsil müəssisəsinin fəaliyyətinə dövlətin yüksək diqqət və qayğısının bariz nümunələrindən sayılır, bölgənin canlanmasında və hərtərəfli inkişafında universitetin roluna verilən strateji önəm və yüksək dəyər hesab edilir.
Qarabağ Universitetinin ilk tədris ilinə hazırlığı dövrünü xarakterizə edən başlıca nailiyyətlər sırasında təcrübəli, peşəkar akademik və inzibati heyətin formalaşdırılmasını, müasir tələblərə cavab verən tədris və sosial infrastrukturların yaradılmasını, yeni akademik məzmunda kadr hazırlığı proqramlarının qurulmasını, ölkə ərazisində universitetin genişmiqyaslı tanıdılmasının həyata keçirilməsini və yüksəkkeyfiyyətli tələbə qəbulunun reallaşdırılmasını xüsusi qeyd etmək olar.
Həmin nailiyyətləri bir qədər də konkretləşdirsək, böyük fərəhlə qeyd edə bilərik ki, əksəriyyəti nüfuzlu xarici universitetlərdə təhsil almış 160-a yaxın təcrübəli akademik və inzibati heyətlə, 101 nəfəri 600-dən çox bal toplayan və orta balı 470-ə yaxın olan, eləcə də bütün bölgələri əhatə edən 1104 tələbə qəbulu ilə Qarabağ Universiteti cari tədris ilinin ehtiyaclarına uyğun müasir infrastrukturla təmin edilmiş 3 tədris binasında və 6 fakültədə (İncəsənət, İqtisadiyyat, Pedaqoji, Turizm, Mühəndislik, Humanitar və sosial elmlər) 27 ixtisas üzrə yeni akademik məzmunda tədris prosesinin təşkili üçün hazır vəziyyətə gətirilib.
Bununla yanaşı, müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini bitirənlər arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbənin 4 ixtisas üzrə Qarabağ Universitetində SABAH qruplarında ikinci tədris ilində təhsillərini davam etdirmələri üçün müvafiq şəraitin təmin edilməsi də əsas nailiyyətlərdən hesab olunur.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanası tələbələrin istifadəsinə verilib. Kitabxana xidmətlərindən eyni anda 200 tələbənin istifadəsi mümkündür. Kitabxananın kitab fondunda Azərbaycan, ingilis və rus dillərində 6000-dən çox dərslik, dərs vəsaiti və digər ədəbiyyatlar mövcuddur. Eyni zamanda tələbələr "Elektron kitabxana" sisteminin geniş imkanlarından faydalana bilərlər. Bundan başqa, kitabxanada elmi məqalələr, tədqiqatlar və digər akademik materiallarla zəngin "Scopus", "Web of Science" və digər mötəbər elmi məlumat bazalarına çıxış imkanları təqdim olunur. Kitabxanada müəllim və tələbələrin qrup şəklində fəaliyyətləri üçün müzakirə otaqları da yaradılıb.
Xankəndidə dörd binada bütün əməkdaşların və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Tələbələrin yaşaması üçün nəzərdə tutulan mənzil tipli 5 yataqxana binasında yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb.
Qarabağ Universitetinin açılışı və ilk payız semestri
2024-cü il 20 sentyabr tarixdə - dövlət suverenliyinin bərpa edilməsindən düz bir il sonra Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu. Dövlət başçımızın qeyd etdiyi kimi, "Bu gün, eyni zamanda Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu".
Çox qısa zaman ərzində yüksək start parametrləri ilə Qarabağ Universitetinin sentyabrın 23-də ilk tədris ilinə başlaması məhz dövlətimizin gücünün təzahürlərindəndir.
Qarabağ Universitetinin açılışından sonra, ilk payız semestri dövrü də məhsuldarlığı ilə seçilib. Mövcud qanunvericiliyə, qabaqcıl milli və beynəlxalq təcrübələrə əsaslanaraq yeni məzmunda hazırlanmış tədris planları və proqramları üzrə kadr hazırlığına start verilib, elmi fəaliyyətlərin təşviqi ilə bağlı müvafiq addımlar atılıb, faydalı əməkdaşlıqların əsası qoyulub və müxtəlif beynəlxalq nüfuzlu akademik platformalarda universitet fəal təmsil olunub.
Tələbə mərkəzli idarəetmə modeli
Qarabağ Universitetində tələbə-mərkəzli yanaşma əsasında müasir idarəetmə modelinin tətbiqinə xüsusi önəm verilir. Universitetdə davamlı surətdə təşkil olunan sorğular və görüşlər əsasında tələbələrin maraq və ehtiyacları təhlil edilir və bunlara müvafiq olaraq tədbirlər həyata keçirilir. Tələbələrin daha aktiv və motivasiyalı şəkildə universitet həyatına qoşulmalarını dəstəkləyən, onların arzu və istəklərinə uyğun formalaşdırılan belə akademik mühit hərtərəfli inkişaf üçün çoxşaxəli imkanlar təqdim edir.
İlk tədris ilinin başlanğıcında tələbələrin akademik və sosial mühitə adaptasiyası üçün oriyentasiya günləri və şəhər infoturları təşkil olunub. Məqsəd tələbələri universitet və şəhər mühitilə tanış etmək, o cümlədən lazım olan resursları təqdim etmək idi. Bununla əlaqədar olaraq, bütün fakültələrdə akademik infosessiyalar keçirilib. Tələbələr fakültələrin strukturu və heyəti ilə tanış olub, tədrisin təşkili qaydaları, tələbə nailiyyətlərinin qiymətləndirməsi meyarları, dərs cədvəlləri, sillabuslar və digər məsələlər haqda ətraflı məlumatlandırılıblar. Həmçinin rektorun tələbələrlə görüşlərində universitetin hədəfləri, Qarabağda təhsil almağın önəmi və məsuliyyəti diqqətə çatdırılıb, gənclərin gözləntiləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qarabağ Universitetində tətbiq olunan yeni məzmunlu tədris proqramları tələbələrin ixtisasları üzrə əmək bazarının müasir tələblərinə uyğun zəruri kompetensiyalara yiyələnməsinə, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarının da gücləndirilməsinə hədəflənib. Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 laboratoriyada tədris prosesi təşkil olunub: fizika, kimya, mexatronika, robototexnika, Kompüter və qrafiki dizayn, kompüter və proqramlaşdırma laboratoriyaları.
Universitetdə simulyativ dərslərin keçirilməsinə üstünlük verilir. Buna misal olaraq, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün Xankəndi Şəhər Məhkəməsində təşkil olunan məhkəmə simulyasiyasını qeyd etmək olar. Belə simulyativ dərslər tələbələrin hüquqi biliklərinin praktik şəkildə tətbiqinə və hüquqi proseslərdə daha effektiv iştirak etmələrinə şərait yaradır. Bu dərslər vasitəsilə tələbələr real hüquqi mühitə bənzər şəraitlərdə müxtəlif hüquqi məsələləri həll etməyi öyrənirlər. Tələbələr məhkəmə zalında keçirilən prosesləri simulyasiya edərək, hakim, vəkil, prokuror və müdafiə tərəfi kimi rolları öyrənirlər, hüquqi düşüncə və arqumentasiya bacarıqlarını inkişaf etdirirlər. Həmçinin hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr açıq məhkəmə prosesində də müşahidəçi kimi iştirak edərək, məhkəmə prosesinin aparılması qaydaları ilə əyani şəkildə tanış olurlar.
Tələbə mərkəzli yanaşma təhsilalanların biliyinin qiymətləndirilməsində də öz əksini tapıb. Universitetdə tələbələrin öyrənmə prosesinin daha səmərəli, motivasiyaedici və effektiv şəkildə dəstəklənməsinə xidmət edən "Tələbə biliyinin qiymətləndirilməsi və imtahan qaydaları" işlənib hazırlanıb. 2024-cü ilin 04-23 noyabr tarixlərində payız semestrinin aralıq imtahanları təşkil olunub. 2025-ci ilin yanvarın 6-dan etibarən payız semestrinin imtahan sessiyasına start verilib. 1150 tələbənin iştirak edəcəyi payız semestrinin beşhəftəlik imtahan sessiyası müddətində 198 imtahanın təşkili nəzərdə tutulub. İmtahanlar fənnin xüsusiyyətinə uyğun olaraq yazılı, qarışıq, şifahi, baxış və dinləmə formasında keçirilir.
Qarabağ Universitetinin tələbə və müəllim heyəti ilə görüşü zamanı dövlət başçısının vurğuladığı əsas məqamlardan biri gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi və mənəvi hazırlığının önəmi olub. Prezident çıxışında vurğulayıb ki, "Birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır". Bu prinsipi rəhbər tutaraq, Qarabağ Universitetində gənclərin vətənpərvərlik tərbiyəsinin əsasını onların Vətən sevgisinin, tarix və mədəniyyətə hörmətin, milli irsə bağlılığın, dayanıqlı inkişaf düşüncəsinin və sosial məsuliyyət hisslərinin inkişaf etdirilməsi təşkil edir. Qarabağ Universitetində "27 Sentyabr Anım Günü", "8 Noyabr Zəfər Günü, "12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü", "20 Yanvar - Ümumxalq Hüzn Günü" və digər tarixi günlərə, eləcə də COP29 və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş müxtəlif formatlı silsilə tədbirlər məhz bu məqsədlərə xidmət edib.
Tələbələrin kreativ və innovativ bacarıqlara sahib bir mütəxəssis kimi yetişdirilməsi, onların texnoloji biliklərə yiyələnməsi, xarici dilləri mükəmməl mənimsəməsi, tədqiqat, startap, sahibkarlıq və kommunikasiya kimi yumşaq bacarıqlarının inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq, payız semestri ərzində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tələbələr üçün müvafiq təlimlər və maarifləndirici görüşlər keçirilib, idman oyunları və intellektual yarışlar, konsertlər təşkil edilib, tələbə təşkilatları və klublarının yaradılması istiqamətində müvafiq addımlar atılıb. Ötən dövr ərzində Qarabağ Universitetində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Baş Prokurorluq, Gənclər və İdman Nazirliyi, Hesablama Palatası və digər dövlət və özəl qurumlarla keçirilən ortaq layihələrdən tələbələr faydalanıblar.
2024-cü ilin noyabr ayında Qarabağ Universitetində Tələbə Gənclər Təşkilatı (TGT) yaradılıb. TGT-nin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Bunlardan əlavə, 2025-ci ilin yanvar ayından etibarən Qarabağ Universitetində mentorluq proqramı fəaliyyətə başlayıb. Universitetin təcrübəli və peşəkar heyət üzvlərinin mentor qismində qatıldığı bu proqram mentilərin - tələbələrin universitetin müxtəlif sahələrdə uğur qazanmış mütəxəssislərinin təcrübəsindən bəhrələnməsinə şərait yaradacaq. Əsas məqsəd tələbələrə universitet həyatında qarşılaşdıqları çətinliklərin həllində və karyera planlaşdırmasında dəstək olmaq, onların gələcəkdəki iş həyatına hazırlığını artırmaq, liderlik, problem həll etmə, kommunikasiya və digər şəxsi bacarıqlarını inkişaf etdirmək, müxtəlif sahələrdə işgüzar əlaqələrinin qurulmasında onlara kömək etməkdir.
Yüksək potensiallı tələbə heyəti və nailiyyətlər
Qarabağ Universiteti yüksək qəbul göstəricilərinə malik gənclərdən ibarət keyfiyyətli tələbə heyətinə malikdir. Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfər 600-dən çox bal, 385 nəfər isə 500-dən çox bal toplayıb. 683,8 balla ən yüksək nəticə göstərərək, hüquqşünaslıq ixtisası üzrə Qarabağ Universitetinə qəbul olan 1 tələbə Prezident təqaüdünə layiq görülüb. Olimpiada qalibi olan 1 abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Respublikamızın bütün regionlarını əhatə edən tələbələrin 54 faizi oğlan, 46 faizi isə qızdır.
Qarabağ Universitetinin ilk tələbəsi adını qazanan gənclərimiz, qısa zaman keçməsinə baxmayaraq, payız semestri dövründə də bir sıra uğurlara imza atıblar. Həmin nailiyyətlər arasında tələbələrimizin Gürcüstanda Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin ("ICPC - International Collegiate Programming Contest) yarımfinalında, eləcə də Misirdə Ümumdünya Şəhərsalma Forumunda fəal təmsil olunmalarını, "Zəfərimiz əbədidir" regional intellektual yarışda birincilik qazanmalarını xüsusi vurğulamaq olar. Eləcə də, Gənclər Fondunun elan etdiyi "Rəqəmsal" mövzulu Qrant Müsabiqəsində Qarabağ Universitetinin 1 müəllimi və 1 tələbəsinin birgə təqdim etdiyi layihənin qalib olması bu ali təhsil müəssisəsində müəllim-tələbə əməkdaşlığının uğurlu nümunələrindən sayılır.
Bundan əlavə, tələbələrimiz Qarabağ Universitetində Konstitusiya Məhkəməsi tərəfindən "Zəfər çalmış dövlətin Əsas Qanunu" mövzusunda təşkil edilən Hüquq olimpiadasında, Vəkillər Kollegiyası, Hüquq və İnsan haqları İnstitutunun birgə təşkilatçılığı ilə "Qalib Azərbaycan" adlı II Hüquq olimpiadasında, SABAH tələbələri üçün "İqlim dəyişikliyi hər birimizin məsuliyyətindədir" mövzusunda esse müsabiqəsində fərqlənə biliblər.
Həmçinin Qarabağ Universitetinin TGT sədrinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinə üzv seçilməsini tələbə fəaliyyətlərinin önəmli hadisələrindən hesab etmək olar.
Beynəlxalq platformalarda təmsilçilik və faydalı əməkdaşlıqlar
Qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın qurulması məqsədilə Qarabağ Universitetində rəhbərlik səviyyəsində ilk rəsmi xarici səfər qardaş ölkəyə - Türkiyəyə təşkil olunub. 2024-cü ilin oktyabr ayında baş tutan səfər çərçivəsində Qarabağ Universiteti Türkiyənin paytaxtı Ankara şəhərində "2024-2025-ci tədris ilinin açılış mərasimi"ndə təmsil olunub. Ankara Universiteti, Hacettepe Universiteti, Qazi Universiteti və Ankara Hacı Bayram Veli Universitetində rektorlar arasında əməkdaşlıq görüşləri olub və müvafiq birgə akademik fəaliyyətlərin həyata keçirilməsinə dair şifahi razılıqlar əldə edilib. Qarabağ Universitetində ilk tədris ilinin başlanğıcından etibarən iki türkiyəli professor birillik müddətə fəaliyyətə başlayıb.
Qarabağ Universiteti Çinin Lanzou Universitetində Kəmər və Yol Universitetləri Alyansının (UAB&R) 2024-cü il forumunda fəal təmsil olunub. Forumda Qarabağ Universiteti rektoru tərəfindən "Yaşıl inkişaf çağırışlarını cavablandırmaqda universitetlərin rolu: Bir kəmər, bir yol regionunda imkanlar" mövzusunda məruzə təqdim edilib. Bununla yanaşı, Çin səfəri çərçivəsində Lanzou Universiteti, Şimal-Qərb Normal Universiteti, Lanzou Maliyyə və İqtisadiyyat Universiteti rektorları ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
2024-cü ilin 22-24 noyabr tarixlərində Qarabağ Universiteti Yaponiyanın paytaxtı Tokio şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) "Dəyişən dünyada universitet dəyərləri" mövzusunda beynəlxalq konfransında və IAU idarə heyətinin növbəti iclasında təmsil olunub.
Bundan əlavə, Qarabağ Universitetinin tələbə, akademik və inzibati heyət üzvləri Rusiyada, Misirdə, Özbəkistanda, Almaniyada və Gürcüstanda, eləcə də ölkəmizdə təşkil olunan müxtəlif beynəlxalq simpozium, forum, festival, konfrans, sərgi, müsabiqə və digər tədbirlərdə fəal iştirak ediblər.
Ötən dövrdə Qarabağ Universiteti Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq haqqında memorandum imzalamaqla özəl sektorla əməkdaşlığa start verib. Memoranduma əsasən, ABB tərəfindən universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 tələbə qıza adlı təqaüdün verilməsi, təlim və təcrübə proqramlarının, karyera günlərinin keçirilməsi, tədris auditoriyasının yaradılması, birgə elmi konfransların və digər tədbirlərin təşkili, ortaq elmi-tədqiqat layihələrinin reallaşdırılması və qarşılıqlı ekspert-məsləhət dəstəyi nəzərdə tutulub.
Bununla yanaşı, Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi məqsədilə bu ali təhsil müəssisəsinin rektoru baş prokuror yanında Elmi-Məsləhət Şurasına üzv qəbul olunub və sözügedən qurumla memorandum imzalanıb.
Həmçinin 2025-ci ilin yanvarında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında elmi-tədqiqat və təhsil sahəsi üzrə əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Memorandum laboratoriya bazasından müştərək istifadə, müvafiq ixtisaslarda təhsil alan tələbələrin arxeoloji ekspedisiyalarda iştirakının dəstəklənməsi, tələbələrin arxeologiya və antropologiya layihələrində təmsil olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, dövlətimizin hərtərəfli dəstəyi və faydalı tərəfdaşlıqlar sayəsində Qarabağ Universitetində 2024/2025-ci tədris ilinin payız semestri məhsuldarlığı ilə yadda qaldı. Akademik və sosial sahələrdə əldə olunan nailiyyətlər, yeni layihələr və tərəfdaşlıqlar universitetin strateji hədəflərinə çatması yolunda əhəmiyyətli addımlar oldu. Çoxşaxəli akademik və sosial fəaliyyətləri ilə regional ekosistemin drayveri olmağı hədəfləyən Qarabağ Universitetinin potensialının daha da gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər növbəti dövrlərdə də davam etdiriləcəkdir. Məqsəd Prezident İlham Əliyevin vurğuladığı kimi, "Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir".
Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru