19 Yanvar 2025 08:00
254
SİYASƏT
A- A+
Tariximizin hüzn və şanlı səhifəsi

Tariximizin hüzn və şanlı səhifəsi


1990-cı il 20 Yanvar hadisələrindən 35 il ötür. Ümumxalq Hüzn Gününü ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunduğu bir şəraitdə keçiririk. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki istəkləri yerinə yetirilib, Ermənistanın hərbi təcavüzünə son qoyulub və torpaqlarımızda başqa bir ölkənin hərbçisi yoxdur.  

Bəs 20 Yanvara gətirən yol nədən ibarət olub? Hadisə necə baş verib və nəticələri nə ilə yekunlaşıb?


20 Yanvara gətirən yola qısa nəzər


Ermənistanın Azərbaycana qarşı əsassız iddialarına, tarixi torpaqlarında yaşayan soydaşlarımızın vəhşicəsinə qovulmasına etiraz edən Azərbaycan xalqının haqlı tələblərini yerinə yetirmək əvəzinə SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 20-də Bakıya sovet qoşun hissələri yeridildi, dinc əhaliyə divan tutuldu, günahsız insanlar amansızlıqla qətlə yetirildi. 

Ən mötəbər tarixi mənbələr sübut edir ki, Qarabağ bölgəsinin heç vaxt Ermənistanın tərkibində və erməni kütləsinin təsiri altında olmamasına baxmayaraq, Ermənistan SSR-in onu ələ keçirmək üçün müxtəlif zamanlarda irəli sürdüyü əsassız ərazi iddiaları boşa çıxıb. Lakin 1985-ci ilin martında Mixail Qorbaçov SSRİ rəhbərliyinə gətirildikdən sonra bu iddialar daha da artdı. Ermənistan rəhbərliyi və erməni ictimai xadimləri Azərbaycan ərazisində 1923-cü ildə süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək məqsədlərinə çatmaq üçün qəti hərəkətə keçdilər. Onlar ilk növbədə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin üzərinə böhtan dolu hücuma keçdilər. Sov.İKP MK-nın 1987-ci il oktyabrın 21-də keçirilən plenumunda Heydər Əliyev vəzifəsindən azad olunduqdan bir neçə gün sonra M.Qorbaçovun iqtisadiyyat  məsələləri üzrə müşaviri Abel Aqanbekyanın Parisdə "İnterkontinental" hotelində yerli erməni nümayəndələri qarşısında etdiyi çıxışında Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanla guya əlaqəsini nəzərə alaraq birləşdirilməsi barədə sovet rəhbərinin razılığını aldığını bəyan etdi. Noyabrın 18-də "Humanite" qəzetində, tezliklə digər xarici ölkələrdəki erməni mətbuatının və radiostansiyalarının başlıca mövzusuna çevrilən bu bəyanatın ardınca Ermənistanın  əsassız ərazi iddiaları artdı. Hər şey M.Qorbaçovun ətrafındakı erməni xadimləri tərəfindən idarə edilirdi. Onlar belə hesab edirdilər ki, Dağlıq Qarabağı birləşdirməkdən ötrü əlverişli şərait yaranıb, indi bunu edə bilməsələr, bir də heç bir zaman bu məqsədlərinə çata bilməyəcəklər.

1987-ci ilin noyabrında bir neçə erməni Moskvaya gedərək mərkəzi hakimiyyət orqanları qarşısında əsassız tələblərini irəli sürdü. Həmin ayda Ermənistanın Qafan və Meğri rayonlarında azərbaycanlılara edilən hücumlar nəticəsində yüzlərlə soydaşımız qaçqına çevrilərək Azərbaycana gəldi. 

Ermənistandan bəzi şəxslər 1988-ci il fevral ayının əvvəllərində yenə də Moskvaya gedərək sovet orqanları qarşısında tələblərini irəli sürdülər. Həmin il fevralın 11-də  separatçılığın, terrorçuluğun yuvası olan Xankəndidə mitinqlər və konstitusiya quruluşu əleyhinə fəaliyyətlər başladı. Həmin fəaliyyətlər Ermənistanda və muxtar vilayətdə azərbaycanlılara qarşı zorakılıq, hücumlar, bir müddət sonra isə azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə müşayiət olundu. Ermənistandan gəlib Azərbaycanın Dağlıq Qarabağ regionunda təbliğat aparan "Qarabağ" və "Krunk" təşkilatlarının fəalları separatçılığı qızışdırdılar. Sovet dövlət orqanları isə onların fəaliyyətinə rəvac verdilər. Münaqişəni Azərbaycan cəmiyyəti doğurmamışdı. Bu, SSRİ-nin tərkibində olan bir müttəfiq respublikanın - Ermənistan SSR-in digər bir müttəfiq respublika olan Azərbaycanın daxili işlərinə bilavasitə kobud müdaxiləsinin və qızışdırdığı separatçılığın nəticəsi idi. SSRİ-də gedən daxili siyasi, sosial-iqtisadi proseslər münaqişənin dərinləşməsinə təsir edirdi. Korrupsiyaya uğramış erməni xadimlərinin təsiri altında olan M.Qorbaçov elan etdiyi yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətini həyata keçirə bilmədiyi üçün yerlərdə günahkarlar axtarmağa və onları cəzalandırmağa  cəhdlər göstərir, keçmiş rəqiblərini təqsirləndirirdi.

Dünyanın iki fövqəlgüc dövlətindən biri olan SSRİ-nin dağılmasında maraqlı olan bəzi Qərb ölkələri də milli münasibətləri qızışdırırdılar. Sovet İttifaqının mövcudluğunun zəncirində ən zəif yer milli münasibətlər, burada da Cənubi Qafqaz regionunda toxumları çar Rusiyası tərəfindən ermənilərin gətirilərək Azərbaycan torpaqlarına yerləşdirilməsi ilə səpilmiş, sonralar zaman-zaman öz maraqlarını həyata keçirməkdən ötrü istifadə etdikləri "parçala, hökm et" siyasəti üçün erməni-azərbaycanlı münaqişəsinin törədilməsi idi. Qərb dövlətləri bundan məharətlə istifadə etdilər. Onlar belə hesab edirdilər ki, M.Qorbaçovu islahatları aparmağa təhrik etməlidirlər. Lakin elə olmalıdır ki, islahatlar uğursuz olsun, insanlar bunun günahını ideoloji baxımdan ölkəni ayaqda saxlayan Kommunist Partiyasında görsünlər, iqtisadi cəhətdən vahid təsərrüfat zəncirində birləşən ölkədə təsərrüfat dağılsın, milli münasibətlər kəskinləşsin, rəhbərlik dinc əhaliyə qarşı zor tətbiq etsin və ordu, təhlükəsizlik qüvvələri gözdən düşsün. Bu baxımdan ABŞ-nin 37-ci Prezidenti olmuş Riçard Niksonun sonralar yazdığı xatirələri diqqəti cəlb edir. O yazırdı ki, Fransa Prezidenti Fransua Mitteranın fikrincə, Qərb M.Qorbaçovun hakimiyyətdə qalmasında maraqlı olmalıdır. İslahatları yalnız uğurlu olacağı təqdirdə M.Qorbaçov hakimiyyətdə qala bilərdi. R.Niksonun fikrincə, buradan belə bir nəticə çıxırdı ki, Qərb ölkələri M.Qorbaçova yardım etməli idi. Lakin R.Nikson F.Mitteranın bu mövqeyi ilə razılaşmırdı. O, Qərbin M.Qorbaçov qarşısında altı şərt irəli sürməsini tövsiyə edirdi: SSRİ-də azad bazar iqtisadiyyatının tətbiq edilməsi; Şərqi Avropa ölkələrinin tam müstəqilliyə nail olması; NATO ilə Varşava Müqaviləsi Təşkilatı ölkələri arasında adi silahlara dair tarazlığın yaradılması; SSRİ və ABŞ arasında strateji hücum silahlarına dair real sazişin bağlanması; M.Qorbaçovun üçüncü dünya ölkələrinə qarşı təcavüzkarlıqdan imtina etməsi; Sovet İttifaqında insan hüquqlarına hörmət edilən, xalqın azad seçkilərdə iradəsini ifadə edə bilən siyasi qaydanın yaradılması.

R.Niksonun fikrincə, əgər M.Qorbaçovun islahatları uğurlu olardısa, aşkarlıq SSRİ-də siyasi plüralizmə gətirərdisə, onda amerikalılar güman ki, XXI əsrdə Berinq boğazının o biri sahilində demokratik baxımdan ABŞ-dən fərqlənməyən, lakin Birləşmiş Ştatlardan ərazisi böyük, təbii sərvətləri çox olan bir fövqəldövlət görərdilər. Əgər bu islahatlar kommunist rejiminin iki ayaq üstə durmasına kömək edərdisə, onda növbəti yüzillikdə ABŞ daha güclü, özünəinamlı və təhlükəli bir rəqiblə üz-üzə qala bilərdi. Sovet İttifaqını demokratik və güclü bir dövlət kimi görməkdə maraqlı olmayan bu ölkələr onu daha tez dağıtmağın yolunu mövcudluğundakı ən zəif halqa olan milli münasibətlərin kəskinləşdirilməsindən keçdiyini yaxşı bilirdilər.

M.Qorbaçovun 1988-ci il fevralın 18-də çıxışında SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini söyləməsi erməniləri daha da ruhlandırdı. Onlar fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclasını keçirdilər. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, qalanları isə azərbaycanlılar idi. Azərbaycanlı deputatlar yığıncağa buraxılmadılar. Vilayətin erməni icmasının nümayəndələrinin DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etmələri Azərbaycan ilə Ermənistan arasında münasibətləri daha da gərginləşdirdi. Ermənistan rəhbərliyinin göstərişləri ilə azərbaycanlıların tarixi torpaqlarından vəhşicəsinə qovulmasına başlanıldı. Qafandan qovulan 70 nəfər soydaşımız fevralın 21-də Azərbaycan KP MK-nın qəbul otağına gələrək Ermənistanda yaşamağın mümkün olmadığını söylədi. Onları qəbul edən məsul işçilər bu barədə Ermənistan rəhbərliyinə müraciət etməyi məsləhət bildilər. Ermənistanda isə azərbaycanlıları dinləmirlər, onları tarixi torpaqlarından zorla çıxarır, ictimai iaşə yerlərində xidmət göstərmirdilər.

Sov.İKP MK-nın fevralın 21-də "Dağlıq Qarabağda hadisələr haqqında" qəbul etdiyi qərarda vilayətdə yaranmış vəziyyət siyasi cəhətdən ciddi qiymətləndirilir, regionda milli-ərazi quruluşunun dəyişdirilməsi hərəkətlərinin və tələblərinin Azərbaycan və Ermənistan zəhmətkeşlərinin maraqlarına zidd olduğu, millətlərarası münasibətlərə ziyan vurduğu, məsuliyyətli qərarlar qəbul edilməsə, çətin düzələn nəticələrə gətirə biləcəyi yazılırdı. Vurğulanırdı ki, bütün bunların hamısı ekstremist əhvali-ruhiyyəli şəxslərin məsuliyyətsiz çağırışlarına yerli partiya və sovet orqanlarının tutduqları gözləmə mövqeyinin nəticəsidir. Sov. İKP MK vəziyyəti normallaşdırmaqdan ötrü bütün məsuliyyəti Azərbaycan və Ermənistan KP MK-nın və şəxsən MK-nın birinci katiblərinin üzərinə qoydu, vilayətin sosial-iqtisadi inkişafına dair tədbirləri işləyib hazırlamaq tapşırdı. Bu qərarı fevralın 22-də müzakirə edərək bəyənən Azərbaycan KP MK Bürosu vəziyyəti normallaşdırmaq işini Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinə tapşırdı. Göstəriş verildi ki, vilayətin sosial-iqtisadi inkişafı məqsədilə tədbirlər hazırlanıb Azərbaycan KP MK-ya təqdim edilsin. Əhali arasında təbliğat işləri aparmaq, mətbuat, radio və televiziyanın imkanlarından istifadə edərək erməni və Azərbaycan xalqı arasında dostluğun təbliği vacib sayıldı. Ancaq qərarlar yerinə yetirilməmiş ilk qan töküldü. DQMV Xalq Deputatları Sovetinin ayrılma barədə qərarına qarşı etiraz edən dinc azərbaycanlılara Xankəndi-Ağdam avtomobil yolunun üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlıları fevralın 22-də atəş açdılar. İki azərbaycanlı gənc həlak oldu. Onlar münaqişənin ilk  qurbanları idi. 

İşdə yol verdiyi nöqsanlara görə Boris Gevorkov fevralın 25-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edildi. Həmin vəzifəyə Vilayət Xalq Deputatları Soveti sədrinin birinci müavini, vilayət Aqrar-Sənaye Kombinatının sədri, qatı millətçi Nikolay Poqosyan gətirildi. Bundan sonra vəziyyət daha da pisləşdi. M.Qorbaçov həmin gün Azərbaycan və Ermənistan zəhmətkeşlərinə müraciət etdi. Bu müraciətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi tədbirləri barədə Sov.İKP MK qərar qəbul etdi. Azərbaycan KP MK Bürosunun fevralın 26-da keçirilən iclasında həmin qərar bəyənildi və respublikada əhali arasında geniş iş aparmaq tədbirləri müəyyənləşdirildi. Qərarları pozan Ermənistan Azərbaycan ərazilərini işğal etmək məqsədilə hərbi bazalar yaratmaqdan ötrü hərbi birləşmələrə, böyük miqdarda silah-sursat göndərməyə və sərhəd kəndlərini atəşə tutmağa başladı. Azərbaycanlı əhaliyə və mülki obyektlərə qarşı terror hərəkətləri genişləndirildi. Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilələrini ört-basdır etmək üçün Dağlıq Qarabağ bölgəsində guya ermənilərin öz müqəddəratını təyin etməsi, ermənilərin hüquqlarının pozulması, sosial-iqtisadi inkişafının geri qalması barədə mülahizələr irəli sürdü. Ancaq bütün bunların heç bir əsası yox idi. Çünki DQMV bütövlükdə SSRİ-də mövcud olan muxtar qurumlar içərisində sosial-iqtisadi və mədəni baxımdan ən inkişaf etmişlərindən biri idi. Həm də Cənubi Qafqazda aborigen olmayan, burada heç vaxt dövlətlərini qurmamış, yalnız çarizm tərəfindən gətirilib azərbaycanlıların ərazilərinə yerləşdirildikdən sonra ermənilər öz müqəddəratlarını təyin edərək tarixi türk, Azərbaycan torpaqlarında 1918-ci ildə Ararat Respublikası - Ermənistan adlı bir qurama dövlət qurmuşdular. 

Ermənistandan barbarcasına kütləvi surətdə qovulan azərbaycanlı qaçqınlar Azərbaycanın müxtəlif rayonlarına, xüsusən Bakı və Sumqayıt şəhərlərinə üz tuturdular. Evsiz-eşiksiz qalan və yaşamaq üçün imkanları olmayan bu insanlar hakimiyyət orqanlarından hüquqlarının qorunmasını tələb edirdilər. Onlardan fərqli olaraq ermənilər Azərbaycanda yaşayır və işləyirdilər. Əsgəranda iki nəfər azərbaycanlının öldürülməsi əhalini daha da hiddətləndirmişdi.Yaranmış gərgin şəraitdə fevralın 26-28-də Sumqayıtda sovet rəhbərliyinin və erməni terror-siyasi təşkilatları ilə sıx çulğalaşan Ermənistan xüsusi xidmət orqanlarının təşkil və cinayətkar ermənilərin icra etdikləri qanlı təxribat törədildi. Bu təxribatda sovet rəhbərliyinin məqsədi Azərbaycana təzyiq etmək, Ermənistan rəhbərliyinin niyyəti isə azərbaycanlıların və ermənilərin bir yerdə yaşamasının mümkün olmadığını göstərmək idi. Şəraiti sabitləşdirməkdən ötrü Azərbaycan hakimiyyətinin səyləri nəticə vermədi. Ermənistanın kobud müdaxilələrini dayandırmaq mümkün olmadı. Millətçi əhvali-ruhiyyəli şəxslərin Ermənistandan DQMV-yə gələrək regionun Azərbaycan SSR-in tərkibindən çıxarılmasından ötrü yüksək dairələrə müraciət etmək, Ermənistan SSR-dən və DQMV-dən Moskvaya nümayəndə göndərmək məqsədilə kütləvi imza toplamaq kimi qızışdırıcılıq fəaliyyəti genişlənirdi.  

Sov.İKP MK-da martın 9-da keçirilən müşavirədə Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və iki respublika arasında münaqişə geniş müzakirə edildi. DQMV-də yığılıb qalmış problemləri dərindən və hərtərəfli öyrənmək tapşırığı verildi.  

Azərbaycan KP qarşısında dayanan vəzifələr martın 13-də Azərbaycan KP MK Bürosunun iclasında müzakirə edildi. Qəbul edilən geniş qərarda Sov.İKP MK-nın 9 mart tarixli müşavirəsinin nəticələri bəyənilir, erməni və Azərbaycan xalqı arasında dostluğu möhkəmləndirmək xəttinə dönmədən riayət etmək yerli partiya, sovet və təsərrüfat orqanlarından tələb edilirdi. Lakin sovet rəhbərliyinin qəbul etdiyi qərarları saya salmayan Ermənistan kobud müdaxilələrini davam etdirirdi. 

Siyasi Büronun martın 21-də keçirilən iclasında müttəfiq respublikaların rəyasət heyətlərinin iclaslarının keçirilməsi, Azərbaycana və Ermənistana müvafiq müraciət etmək təklif olundu. İlk olaraq Rusiya müraciət etdi. Bir müddət sonra Ukrayna, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Litva, Moldova, Latviya, Qırğızıstan, Tacikistan, Türkmənistan və Estoniya SSR Ali Soveti Rəyasət heyətləri də münaqişəni dayandırmaqdan ötrü Azərbaycana və Ermənistana müraciət etdilər. Lakin Ermənistan bu müraciətlərə də məhəl qoymadı. 

Zəif Azərbaycan hakimiyyəti Ermənistanın kobud müdaxilələrinin qarşısını ala, respublikanın hüquqlarını qoruya və böhrandan çıxara bilmədi. Yaranmış ağır şərait Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Azərbaycan KP MK-nın  birinci katibi Kamran Bağırov mayın 21-də vəzifəsindən azad edildi. İttifaq mərkəzi tərəfindən həmin vəzifəyə uzun illər Azərbaycandan kənarda yaşamış, milli ruha yad olan Əbdürrəhman Vəzirov, Ermənistanda isə MK-nın birinci katibi vəzifəsinə Karen Dəmirçiyanın əvəzinə Suren Arutunyan gətirildi. Hakimiyyət dəyişikliyi şəraiti nəinki düzəltmədi, əksinə, xeyli ağırlaşdırdı, böhran daha da dərinləşdi. Məsələni həll etməyi bacarmadığından idarəçilik qabiliyyəti olmayan, kosmopolit Ə.Vəzirovun diqqəti ondan yayındırmağa çalışması Azərbaycanın daxilində gərginliyi daha da artırdı. Xalq ilə hakimiyyət arasında uçurum, hakimiyyətin qanadları arasında ziddiyyətlər daha da dərinləşdi. Hər iki respublikada MK-nın birinci katiblərinin dəyişdirilməsi Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulmalarını dayandıra bilmədi. Rəsmi sənədlərdə yazıldığı kimi, qovulmanın motivləri aşağıdakılar idi: azərbaycanlı əhali ətrafında yaradılmış qeyri-sağlam mənəvi-psixoloji mühit; "Ermənistandan rədd olun" şüarı; silahla hədələnmələri və həyatları üçün təhlükənin olması; ticarət obyektlərində azərbaycanlılara xidmət göstərilməməsi; təhqir olunmaları; Ermənistanın partiya və sovet orqanlarında azərbaycanlıların şikayətlərinə baxılmaması və s. 

Sovet rəhbərliyinin müraciətinə məhəl qoymayan ermənilər iyunun 13-də İrəvanda böyük bir mitinq keçirdilər. Bundan bir neçə gün sonra, iyunun 15-də keçirilən Ermənistan SSR Ali Sovetinin sessiya iclası DQMV Sovetinin yuxarıda qeyd edilən müraciətinə baxaraq DQMV-nin Ermənistan tərkibinə girməsinə razılıq verdi. Eyni zamanda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi barədə müsbət qərar qəbul etmək haqqında Bakı və Moskvaya müraciət etdi. Cavab olaraq Azərbaycan SSR Ali Soveti və onun Rəyasət Heyəti iyunun 13-ü və 17-də qəbul etdiyi qərarlarda SSRİ Konstitusiyasının 78-ci və Azərbaycan SSR Konstitusiyasının 70-ci maddələrini əsas gətirərək DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsinin qəbuledilməz və mümkünsüz olduğunu bildirdi. Bu qərardan sonra müttəfiq respublikalar arasında sərhəd dəyişikliyinin mümkünlüyünü müzakirə etmək üçün ciddi bir əsas olmadığı və SSRİ Konstitusiyasının müddəalarını, Azərbaycan SSR və Ermənistan SSR-in qüvvədə olan əsas qanunlarını nəzərə alaraq məsələnin artıq bağlandığı qənaətinə gəlmək olardı. Lakin belə olmadı. Azərbaycanın daxili işlərinə kobud müdaxilələrini daha da genişləndirən Ermənistan xaricdəki erməni diasporunu bu işə daha fəal cəlb etdi. İyunun 16-da 100 minə yaxın erməni SSRİ-nin Parisdəki səfirliyinin binasının qarşısında mitinq keçirərək Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etdi. Onlar bununla dünya ictimai rəyinə təsir etmək məqsədi güdürdülər. Ermənistandan qəddarlıqla qovulan azərbaycanlılar isə mitinqlər keçirərək DQMV-də qayda-qanun yaradılmasını, Ermənistanda yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsini, həyat və əmək fəaliyyətləri üçün normal şəraitin yaradılmasını istəyirdilər. Rəsmi mənbələrə görə, bu zaman Ermənistandan qovulan azərbaycanlıların sayı 16 min nəfəri ötüb keçmişdi. Az sonra onların sayı 18 min 500 nəfərə çatdı. Azərbaycan hakimiyyəti bu haqlı tələbləri yerinə yetirə bilmir, Moskvada isə zəif, xalqdan ayrı düşmüş respublika rəhbərliyini dinləmirdilər. Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulmalarına cavab olaraq qaçqınlar da Azərbaycandakı ermənilərin işdən çıxarılmasını tələb edirdilər. İyul ayının əvvəllərindən etibarən İrəvanda və Ermənistanın digər şəhərlərində kütləvi mitinqlər keçirildi. Bu mitinqlərlə təxminən eyni vaxtda, iyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qərar qəbul etdi. Cavab olaraq  iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanununa əsaslanaraq DQMV Xalq 

Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qərarın qanunsuz olduğuna və heç bir hüquqi qüvvəsi olmadığına dair qərar qəbul etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti iyulun 18-də Ermənistan SSR və Azərbaycan SSR Ali sovetlərinin Dağlıq Qarabağ haqqında məsələyə dair qərarları barədə qərar qəbul etdi. Qərarda Ermənistan və Azərbaycan arasında Konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməzliyi yazıldı. Qeyd edildi ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin ali orqanlarının təsdiqi nəticəsində mümkün ola bilərdi. Həmin müddəa Ermənistan və Azərbaycan SSR konstitusiyalarında da öz əksini tapmışdı. Beləliklə, Ermənistan SSR-in Dağlıq Qarabağ bölgəsini Azərbaycan SSR-dən qopararaq tərkibinə qatmaq məqsədilə başladığı açıq müdaxilə SSRİ Konstitusiyasının kobud şəkildə pozulması ilə müşayiət olunduğundan hüquqi nəticə doğurmadı. 

Buna baxmayaraq, DQMV-də müəssisələr işləmirdi. Az sonra vilayətdə milli zəmində toqquşmalar baş verdi. Qanlı toqquşmaların qarşısını almaq üçün iyulun 28-də burada fövqəladə vəziyyət elan edildi.

Ermənistanda isə azərbaycanlıların qovulması daha da artmışdı. Azərbaycan hakimiyyəti Ermənistandakı azərbaycanlıların hüquqlarını qorumaq iqtidarında deyildi. Avqustun 1-nə olan rəsmi məlumata görə, Ermənistandan qovulan qaçqınlar Azərbaycanın 45 şəhər və rayonuna toplanmışdı. Oktyabr ayının əvvəllərinə olan  məlumata əsasən, Ermənistandan Azərbaycana 28 min 225 nəfər və ya 6 min 516 ailə qovulmuşdu. Xankəndi, Əsgəran, Xocavənd və Hadrutdan Şuşa, Ağdam və digər rayonlara 3 min 69 nəfər və ya 569 azərbaycanlı məcburi köçkün ailəsi gəlmişdi. Azərbaycan hakimiyyəti onların hüquqlarını müdafiə etməkdə aciz idi. Mərkəzi hökumət isə azərbaycanlıları qaçqına çevirən və digər müttəfiq respublikaya qarşı əsassız iddialar irəli sürən Ermənistanı cəzalandırmır, Azərbaycan ərazisində tüğyan edən erməni terrorunu və separatçılığını dayandırmırdı.

1988-ci ilin sonlarına olan məlumata görə, Ermənistandan vəhşicəsinə qovularaq qaçqına çevrilən azərbaycanlıların sayı isə 110 min nəfərə çatmışdı. Onların Dağlıq Qarabağ regionunda yerləşdirilməsinə sovet rəhbərliyi icazə vermədi. Ermənistanda ev-eşiklərini itirmiş, vilayətə yerləşmiş azərbaycanlı qaçqınlar mərkəzi orqanlar və Azərbaycan hakimiyyəti tərəfindən oradan zorla çıxarıldılar. Dekabrın 7-də Ermənistanda 25 min adamın ölümünə və 500 min adamın evsiz-eşiksiz qalmasına gətirən ağır zəlzələ baş verdi. Əsassız ərazi iddiaları irəli sürməsinə və tarixi torpaqlarında yaşayan azərbaycanlıları zorla qovaraq qaçqına çevirməsinə baxmayaraq, Ermənistan üçün Azərbaycanda humanitar yardım toplandı. Humanitar yardım toplayanların arasında Ermənistanda tarixi torpaqlarından qovulan, ev-eşiklərini itirən azərbaycanlılar da var idi. Azərbaycanın dekabrın 12-də humanitar yardımla  və 77 xilasedici ilə göndərdiyi İL-76 təyyarəsi Ermənistan səmasında vuruldu. 

Bir nəfərdən başqa təyyarədəki bütün şəxslər həlak oldular. Bu, erməni barbarlığının hüdudsuz olduğunu göstərirdi. Zəlzələnin nəticələrini aradan qaldıran xarici ölkə xilasedicilərinin rastlaşdığı fakt təyyarə qəzasından da daha dəhşətli idi. Onlar qaz borularından ermənilər tərəfindən diri-diri doldurularaq qaynaqlanmış 30 nəfərədək azərbaycanlı uşağın meyitini tapdılar. Bu, azərbaycanlılara qarşı düşmənçilik və nifrət hisslərinin həddinin olmadığını göstərirdi. Təbii fəlakət Ermənistanın işinə yaradı. Zəlzələdən ziyan çəkən əhaliyə yardım adı altında xarici ölkələrdəki erməni diasporu çoxlu silah və sursat göndərdi.

Bu zaman sovet rəhbərliyi Azərbaycanın hüquqlarını kobud surətdə pozan bir addım atdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il  yanvarın 12-də Azərbaycan SSR Konstitusiyasına zidd olaraq DQMV-də Xüsusi İdarə Komitəsi yaratdı. Ermənilərin separatçılığını və terrorunu dayandırmayan komitənin fəaliyyəti regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı. Terrorçular Azərbaycan dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağ regionunda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa və Topxana meşəsini qırmağa başladılar. Cavab olaraq avqustun 12-də Bakıda kütləvi mitinqlər başladı. Mitinq iştirakçıları Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasının, ermənilərin separatçılığının və terrorunun dayandırılmasını tələb edirdilər. Xalqın haqlı tələblərinin xarakterini dəyişmək, qarşıdakı zamanda görəcəyi tədbirlərə Qərbin gözündə özünə haqq qazandırmaq məqsədilə sovet rəhbərliyinin göstərişi ilə xüsusi xidmət orqanları Azadlıq meydanına İran İslam Respublikasının bayraqlarını göndərirdi. Mitinqlərə "islam fundamentalizmi" xarakteri verməkdən ötrü informasiya yayılırdı. 

Xüsusi İdarə Komitəsinin fəaliyyəti hiddət doğururdu. Azərbaycan hakimiyyətinin etirazından sonra geri çəkilən sovet rəhbərliyi noyabrın 28-də bu komitəni ləğv etdi. Onun əvəzində SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq  Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsini yaratdı. Ermənistan rəhbərliyi SSRİ Ali Sovetinin bu qərarını qəbul etmədi. Ermənistanda Erməni Milli Hərəkatı quruldu. Onun rəhbərliyinə şərqşünas alim Levon Ter-Petrosyan gətirildi. Hərəkatın əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistana birləşdirmək idi. Azərbaycanda isə Xalq Cəbhəsi yaradıldı və onun rəhbəri şərqşünas alim Əbülfəz Əliyev (Elçibəy) oldu.

Ermənistan SSR Ali Soveti bir qədər də irəli gedərək dekabrın 1-də Ermənistan SSR  və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar qəbul etdi. Xankəndidə Ermənistan SSR bayrağı qaldırıldı. Ermənistan qanunverici orqanının bir müttəfiq respublikanın ərazisinin müəyyən hissəsinin digərinin xeyrinə birtərəfli qaydada ələ keçirilməsini qanuniləşdirməyə və digər dövlətin ərazisində konstitusiyaya zidd qurumun yaradılmasına yönəldilmiş bu və bir çox digər qərarı beynəlxalq hüquqa zidd olduğundan Azərbaycan tərəfi dekabrın 2-də həmin qərarın hüquqi əsası olmadığını bəyan etdi. Sovet rəhbərliyinin yürütdüyü siyasətə etiraz olaraq Azərbaycan Xalq Cəbhəsinin fəalları dekabrın 31-də SSRİ-İran sərhədinin Naxçıvandan keçən hissəsində dirəkləri və məftilləri sökdülər. Həmin hadisənin iki tərəfi var idi. Birincisi, bu, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri nəticəsində zorla iki yerə parçalanmış Azərbaycan xalqının vətənin cənub parçası ilə birləşmək, bütövləşmək niyyətini ifadə etdiyindən təbii və başadüşülən idi. İkincisi ondan ibarət idi ki, Azərbaycanda baş verən hadisələrə "islam fundamentalizmi", "islam radikalizmi" və "islam terrorizmi"  kimi qiymət verməkdən ötrü sovet rəhbərliyinin göstərişi ilə xüsusi xidmət orqanları bu hərəkəti törətmişdilər. Müxtəlif ölkələrin hadisəyə verdikləri reaksiya ikinci amilin düşünülmüş surətdə işlənib hazırlandığını göstərirdi.

Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi yer adlarının dəyişdirilərək erməniləşdirilməsi siyasəti davam etdirildi. Azərbaycanlılara məxsus 94 kəndin adı sonralar - 1991-ci il aprelin 9-da  Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi qərara əsasən dəyişdirildi. Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri, məzarlar və məscidlər tamamilə dağıdıldı, yerlə yeksan edildi. Beləliklə, Ermənistan zorakılıqla azərbaycansızlaşdırıldı və başdan-başa erməniləşdirildi. Ermənistan SSR Ali Soveti Azərbaycanın daxili işlərinə müdaxiləni davam etdirərək yanvarın 9-da  Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil etdi. Bu, Azərbaycan ilə Ermənistan arasında münasibətləri daha da kəskinləşdirdi. Həyasızlığın həddi-hüdudu yox idi. 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti  "Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında" qərar qəbul etdi. Qərarda Azərbaycan SSR-in razılığı olmadan Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsinin qanunsuz olduğu bildirilirdi. Buna cavab olaraq Ermənistan SSR Ali Soveti respublikada yalnız Ermənistan qanunlarının qüvvədə olduğunu bildirdi. Mərkəzi hökumətin azərbaycanlıların etirazlarına məhəl qoymaması və hüquqlarını qorumaması nəticəsində Azərbaycanda şərait daha da ağırlaşdı. Uğursuzluqlar daxili siyasi sabitsizliyə və böhrana gətirib çıxardı. Bakıda mitinqlər ara vermirdi. Əhali Ermənistanın müdaxiləsini dayandırmağı, Dağlıq Qarabağ regionunda vəziyyəti normallaşdırmağı, Ermənistandan - tarixi torpaqlarından qovulan adamların problemlərinin həllini tələb edirdi. Xalqdan ayrı düşmüş Azərbaycan hakimiyyəti isə bunları yerinə yetirməyə qadir deyildi. Azərbaycan Xalq Cəbhəsinin fəalları bir neçə rayonda hakimiyyət orqanlarını ələ keçirdilər. Yanvarın 11-12-də yerli mitinqçilər Azərbaycan KP Lənkəran Şəhər Partiya Komitəsinin və yerli radiostansiyanın  binalarını tutdular. Respublika idarəolunmaz həddə gəlib çatdı. Bakı şəhərinə qoşun hissələrini yeritməkdən ötrü sovet rəhbərliyi təxribat törətdi. Xüsusi xidmət orqanları Bakıda yaşayan bəzi ermənilərə qarşı yanvarın 13-də zorakılıq hərəkətlərini təşkil etdilər. Yanvarın 17-dən etibarən Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Azərbaycana yeridilən sovet hərbçilərinin sayı yanvarın 19-da 24 min nəfərə çatmışdı. Bakı şəhərində əhali sovet qoşun hissələrinin qarşısında küçələrdə əliyalın qalmışdı.


İnsanlığa qarşı cinayət


Ordu hissələri şəhərə girməmişdən əvvəl növbəti bir təxribat törədildi. Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku sovet xüsusi xidmət orqanlarının əməkdaşları  tərəfindən partladıldı. Bu addımı atmaqla sovet rəhbərliyi əsasən iki məqsəd güdürdü. Birincisi, sovet ordusunun Bakıda və respublikanın digər rayonlarında törətdiyi vəhşiliklərdən əhali xəbər tuta bilməsin. İkincisi, televiziya işləyəcəyi təqdirdə bütün əhaliyə birbaşa müraciət ola bilər, xalq sovet hakimiyyətinə qarşı üsyana qalxa bilərdi. 

M.Qorbaçov yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan edilməsinə dair dekret imzaladı. Əsasən Rostov, Krasnodar və Stavropoldan gətirilmiş, ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə yanvarın 19-undan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Əsgər və zabitlər arasında ermənilər də var idi.

Sovet ordusu Bakıda və Azərbaycanın digər ərazilərində dinc, əli silahsız əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi. Həlak olanların arasında uşaqlar, qadınlar, qocalar, hətta təcili yardım işçiləri də var idi. Bu, mülki insanlara qarşı törədilmiş cinayət hadisəsi və vəhşilik idi. Dinc əhali arasında kütləvi həbslər aparıldı. Onların bir qismi SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Bundan əlavə, vətəndaşların mülkiyyətinə ziyan dəydi, evləri, maşınları gülləbaran edildi. Dövlət əmlakı ziyan gördü. 

 20 Yanvar hadisəsi Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Əbdürrəhman Vəzirov Moskvaya qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qaldı. Bu hərəkət Azərbaycan xalqının tarixinin utancverici səhifəsidir. Bir neçə gün sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi seçildi.


Ağır gündə Ulu Öndər xalqının yanında oldu


Bu zaman heç bir rəsmi vəzifə daşımayan, Moskvada sərt nəzarət altında yaşayan Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi brifinqdə Bakıda törədilən qanlı hadisəni hüquqa zidd, demokratiyaya yad, humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi, günahkarları ittiham etdi, xalqın ağır günündə yanında oldu. Əvvəllər Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş, dünyada yaxşı tanınan Heydər Əliyevin bu addımı sovet rəhbərliyinin törətdiyi qanlı cinayət haqqında həqiqətlərin dünyaya yayılmasında müstəsna rol oynadı.

20 Yanvar hadisəsi sovet hakimiyyətinin öz vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi. Ordu ölkə daxilində mülki vətəndaşlara qarşı silah işlətmişdi. Şəhidlər 1918-ci il 31 mart soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında torpağa tapşırıldı. Bura Şəhidlər xiyabanı adlandırıldı. 


SSRİ-nin əsaslarının sarsıdılması və Azərbaycan xalqının həyatında dönüş

   

20 Yanvar hadisəsinin bir sıra nəticələri oldu. SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri olan bu hadisə sovet siyasi sisteminin böhranını, M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi. 20 Yanvar hadisəsi SSRİ-nin iqtisadi əsaslarını dağıtdı. Qırğın qurbanlarının xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodlar 40 gün işləmədi. Bu isə zəncir kimi mərkəzdən ən ucqar rayonlara qədər bir-birinə bağlanmış vahid sovet iqtisadiyyatının əsaslarını sarsıtdı. SSRİ iqtisadi baxımdan dağılmağa başladı və sosial-iqtisadi böhran daha da dərinləşdi.

20 Yanvar hadisəsi güc baxımından sovet dövlətinin əsası olan orduya və xüsusi xidmət orqanlarına xalqın inamını sarsıtdı. Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordunun daxildə dinc əhaliyə qarşı silah işlətməsi Azərbaycan xalqında sovet ordusuna nifrəti artırdı. 

20 Yanvar hadisəsi SSRİ-nin ideoloji əsaslarını sarsıtdı. Azərbaycanda kommunistlər partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji təməlinin dağıdılmasında müstəsna rol oynadılar. Moskvadan başlayaraq ən ucqar dağ kəndlərindəki partiya təşkilatlarına qədər bir-biri ilə sıx bağlı olan Kommunist Partiyasının böhranı dərinləşdi və sonu yaxınlaşdı.

Ən başlıcası, 20 Yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş oldu. Xalq bundan sonra ittifaq mərkəzi ilə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk etdi və nicat yolunu yalnız dövlət müstəqilliyində gördü. 


20 Yanvar şəhidlərinin və Azərbaycan xalqının arzularının gerçəkləşdirilməsində ilk addımlar


Bu zaman Moskvada yaşamaq mümkün olmadığından Bakıya gələn Heydər Əliyev ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Bakıda yaşamağa imkan verilmədiyindən doğulduğu Naxçıvana getməyə məcbur olan Heydər Əliyevin 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə həm Naxçıvan MSSR Ali Sovetinin, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməsi ilə təkcə 20 Yanvar şəhidlərinin deyil, bütövlükdə Azərbaycan xalqının tarixi arzularının gerçəkləşdirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edildi. Sovet dövlətinin, Kommunist Partiyasının hələ mövcud olduğu bir şəraitdə bu qərarların qəbul edilməsi müstəqilliyin ilk addımı və 20 Yanvar şəhidlərinin qanını tökən SSRİ rəhbərliyinə qəti etiraz idi. Naxçıvan MSSR Ali Sovetinin sessiya iclasının qərarında Azərbaycan SSR Ali Sovetinə müraciət edilərək "Sovet Sosialist" ifadələrindən imtina etmək, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etmək təklif olundu. Naxçıvanda sovet sistemindən imtina olunması təkcə Azərbaycanda deyil, dünyada geniş əks-səda doğurdu. Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu. Həmin hadisədən bir neçə gün sonra 1990-cı il 21 noyabr tarixdə Naxşıvan Muxtar Respublikası Ali Məclisinin sessiya iclasında "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul edildi. Sənəddə törədilən qanlı hadisələr ittiham olundu, 20 Yanvar Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü elan edildi. Bu, Heydər Əliyevin 20 Yanvar şəhidlərinin ruhuna böyük ehtiramı idi. 

1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədilə təşkil edilən dövlət çevrilişi cəhdi iflasa uğradıqdan sonra kommunist imperiyasının dağılması sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə - oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu.


Şəhid ailələrinə dövlət qayğısı


 Ulu Öndər Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsindən ötrü zəruri addımlar atdı. Onun təşəbbüsü ilə bu hadisəyə 1994-cü il martın 29-da hüquqi-siyasi qiymət verildi, totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 31 mart tarixli fərmanı ilə  "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Şəhid ailələri dövlətin qayğısı və himayəsi altına alındılar. Ölkəmizdə 20 Yanvar şəhidlərinin ruhu daim ehtiramla yad edilir. Şəhidlər xiyabanını ziyarət etmək dövlət protokoluna daxil edilib. Ölkəmizə gələn rəsmi xarici qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək abidə önünə əklil qoyurlar. Hər il yanvarın 20-də Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə ehtiramlarını bildirirlər. 


20 Yanvar şəhidlərinin ruhu şaddır


Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Onların istəkləri həyata keçirilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlar təcavüzkar Ermənistanın işğalından azad edilib, ölkəmizdə separatçılığın kökü birdəfəlik kəsilib. Dövlət sərhədlərimizin üzərində tam nəzarət qurulub. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və digər yerlərdə müqəddəs bayrağımız dalğalanır. Dövlət suverenliyimiz tam bərqərar edilib. 

 

İbrət dərsləri


20 Yanvar hadisəsi bir sıra ibrət dərsləri almağa imkan verir. Hər şeydən əvvəl millət öz idealları və qarşıya qoyduğu məqsədlər uğrunda əzmkar olmalı, kimsədən yardım ummamalı, yalnız özünün daxili enerjisindən güc almalı və özünə güvənməlidir. 

20 Yanvar sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən qanlı cinayət, qara səhifə olsa da, şəhidlərimizin arzularının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi, müstəqil, suveren, güclü Azərbaycan dövlətinin olması işığın qaranlığı yarıb param-parça edərək qalib gəldiyini göstərdiyindən və Azərbaycan xalqı məğlub durumdan qalib millətə çevrildiyindən tariximizin şanlı, şərəfli səhifəsidir.

20 Yanvar belə bir dərs də verir ki, xaos, anarxiya və zəif hakimiyyət millətimizin yolunda başlıca əngəldir. Azərbaycan millətinin inkişafının və qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində güclü millət, qüdrətli ölkə və qətiyyətli dövlət rəhbəri amilləri dayanır. 


Musa QASIMLI,

Milli Məclis Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Politico”: Brüssel və London Vaşinqtonla mümkün ticarət müharibəsinə hazırlaşır  

13:00
22 Yanvar

AMB sədri: Uçot dərəcəsinin azaldılması ilə bağlı qərara yenidən baxa bilərik  

12:59
22 Yanvar

Tramp süni intellektin inkişafı üzrə 500 milyard dollar dəyərində layihənin icrasının başlandığını elan edib  

12:55
22 Yanvar

Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat toplanıb, proses davam edir

12:54
22 Yanvar

Qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

12:53
22 Yanvar

Qırğızıstan parlamentarisi: İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir

12:52
22 Yanvar

Kolumbiyada silahlı toqquşmalar nəticəsində 30 min insan evini tərk edib

12:50
22 Yanvar

Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq

12:48
22 Yanvar

Ayın səthində ilk məlumat mərkəzi yaradılır

12:47
22 Yanvar

Mərkəzi Bank neft və qazın 2025-ci il üzrə orta qiymətini açıqlayıb

12:46
22 Yanvar

Anqolada vəba epidemiyası 32 nəfərin həyatına son qoyub

12:43
22 Yanvar

Dövlət Komissiyasının işçi qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında tədbirlər planı imzalanıb  

12:42
22 Yanvar

Kitabxanada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

12:09
22 Yanvar

Hava şəraiti arabir yağıntılı olacaq

12:09
22 Yanvar

Taleh Kazımov: Bu il Azərbaycan iqtisadiyyatında 3,3 faiz artım proqnozlaşdırılır  

12:07
22 Yanvar

Əhliman Əmiraslanov: İqlim dəyişiklikləri həyatımızın bütün sahələrinə təsir edən ciddi çağırışdır

12:06
22 Yanvar

AMB sədri: Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib

12:05
22 Yanvar

CAR-ın G20-yə sədrliyi həmrəylik və bərabərlik prinsipini rəhbər tutacaq

12:03
22 Yanvar

Bakıda TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir

12:01
22 Yanvar

TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər  

11:57
22 Yanvar

Son 4 ildə 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib 

11:55
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!