18 Yanvar 2025 08:00
148
SİYASƏT
A- A+
İLAHİ ƏDALƏTİN HÜQUQİ BƏRPASI

İLAHİ ƏDALƏTİN HÜQUQİ BƏRPASI


Bir nəfər hamını aldada bilər.

Hamı hamını aldada bilər.

Hamı  bir nəfəri aldada bilər.

Amma kimsə Tanrını aldada bilməz!

Bu, mümkünsüzdür!

Tanrı həm aldadılmazdır, həm də ədalətlidir!

İstədiyi vaxt öz ədalətini bərpa edə bilir...

Bizim  istək və arzularımızdan, hətta yalvarışlarımızdan asılı olmayaraq!

Buna ilahi ədalətin  bərpası deyilir!

***

Hərdən biz insanlara elə gəlir ki, ilahi ədalətin təmini gecikir.

Bəlkə də bizim zaman ölçümüz  özgə cürdür.

Amma həqiqət budur ki, ilahi ədalət gec-tez öz yerini alır!

Bu, birmənalıdır!

Dünyanı lərzəyə salan, milyonlara zülm edərək qanını tökən, həyatdan  məhrum edən  cahangirlərin  sonunu  və aqibətini  yada salın.

Qurduqları imperiyalar, yığdıqları pullar, qızıllar, sərvətlər, saraylar...

Nə yeyib qurtara bilirlər, nə xərcləyib tükəndirə, nə də özləri ilə o dünyaya aparırlar.

Biz insanlar isə  azğınların, işğalçıların, qəddarların,  tamahları naminə minlərə, milyonlara zülm edənlərin təkcə o dünyada deyil,  bu dünyada da cəzalandırılmasını,  etdikləri qəddarlıqların əvəzini almalarını,  talan edərək  yediklərinin  burunlarından gətirilməsini  qəlbən istəyir,  əllərimizi göyə qaldıraraq uca  Tanrıdan diləyirik!

Tanrımız daha bir istəyimizi reallaşdırır.

Erməni faşizminin  və separatçılarının əvvəlcə üstün gəldiyi,  sonra isə 44 günlük Zəfər müharibəsində məğlub olduqları Azərbaycanın hüquq sistemi vasitəsilə sorğu-suala tutulmasını, bir vaxtlar bizə sığınanların sonradan  cəlladımıza  çevrilərək otuz il ərzində başımıza olmazın müsibətlər gətirənlərin  tezliklə ədalət məhkəməsi tərəfindən  mühakimə olunaraq cəzalandırılmasının şahidinə çevriləcəyik!

Tanrı əlləri günahsız insanların qanına batanların cəzalandırılmasının  sevincini də  bizə yaşadacaqdır!

***

Məhkəmə qarşısında cavab verən hərbi cinayətkarlıqda təqsirləndirilənlərin ən mənfur əməlləri ilk növbədə onlara öz torpaqlarında yer verənlərə, uzun müddət mehribanlıq şəraitində yaşayan azərbaycanlılara qarşı qəddarlıqları və xəyanətləridir.

Törətdikləri cinayət əməllərinin sayı-hesabı isə yoxdur!

Həm də  uzun illər cəzasız qaldıqlarından daha da azğınlaşaraq bir-birindən qanlı cinayətlər ediblər:

* Azərbaycan vətəndaşlarının hüquqlarını kütləvi şəkildə pozublar.

* Yaşadıqları evlərindən zorla qovublar.

* Əmlaklarını mənimsəyiblər, dağıdıblar.

* Vətəndaşlarımıza külli miqdarda maddi ziyan vurublar.

* Torpaqlarımızı işğal edərək  əkin dövriyyəsinə qatıblar.

* Təbii sərvətlərimizi istismar edərək  çapıb talayıblar.

* Meşə və bağları qırmaqla ekoloji cinayətlər törədiblər.

* Çaylarımıza və göllərimizə zəhərli maddələr axıdaraq flora və faunaya  böyük zərər vurublar.

* Mülki vətəndaşları işgəncələrə məruz qoyublar.

* Günahsız insanları qanunsuz həbs edib, ağır şəraitdə saxlayıblar.

* İnsanları məhkəmə qurmadan qətlə yetirərək  kütləvi şəkildə  basdırıb, məzarlıqların yerini gizlədiblər.

* Bir neçə yaşayış məntəqəsində  soyqırımları törədiblər.

* Tarixi, mədəni abidələrimizi dağıdıblar.

* Məzarlıqlarımızı yerlə yeksan ediblər.

* Məscidlərimizdə donuz, mal-qara  saxlayaraq dinimizi təhqir  ediblər.

* Kütləvi terror əməllərinə  rəvac veriblər.

* Terrorçuluğu maliyyələşdiriblər.

* Qanunsuz qurumlar yaradıb, separatçılıqla məşğul  olublar.

* Bir-birindən ağır hərbi cinayətlər törədiblər.

* Beynəlxalq hüququ sistemli şəkildə, kobudcasına pozublar.

* Dini,  milli  ayrı-seçkiliyə yol verib, buna görə insanlarımızı  təqib ediblər.

44 günlük Zəfər müharibəsində isə  cəbhə xəttindən  yüz kilometrlərlə uzaqda  yerləşən Gəncə, Tərtər, Bərdə və  Goranboyu  ballistik raketlər və qadağan olunmuş kassetli, fosforlu bombalarla  vurulmasını əmr edərək daha  ağır cinayətlər törədiblər.

Azərbaycan vətəndaşlarına qarşı vəhşilikləri məhz azərbaycanlı olduqlarına görə ediblər.

Azərbaycan vətəndaşlarına qarşı vəhşilikləri məqsədli, planlı və düşünülmüş şəkildə törədiblər.

Bütün bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində  tövsif  olunan cinayətlərdir!

***

Azərbaycan  Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunanlar bunlardır:

1. Arkadi Arşaviri (Arşaviroviç);

2. Harutyunyan Arayik Vladimiri (Vladimiroviç);

3. Sahakyan Bako Sahaki;

4. İşxanyan Davit Rubeni;

5. Babayan Davit Klimi (Klimoviç);

6. Mnatsakanyan Lyova Henrixi;

7. Manukyan Davit Azati;

8. Martirosyan Qarik Qriqori;

9. Paşayan Melikset Vladimiri;

10. Allahverdiyan Davit Nelsoni;

11. Stepanyan Qurqen Homerosi;

12. Balayan Levon Romiki;

13. Babayan Madat Arakeli (Arakeloviç);

14. Beqlaryan Vasili İvani;

15. Qazaryan Erik Robertiyə. 

Uzun müddət davam edən istintaq  prosesi ilə bağlı  Azərbaycan Respublikası  Baş Prokurorluğunun açıqlamasında bildirilir:

"2024-cü il mayın 2-də baş prokurorun qərarı ilə 1987-ci ilin oktyabr ayından 2024-cü il aprelin 22-dək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub".

 "Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən 2024-cü il dekabrın 16-da təsdiq edilərək baxılması üçün aidiyyəti  üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib".

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Təqsirləndirilən şəxslər vəkillə təmin olunub, habelə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hüququn aliliyini daim rəhbər tutan Azərbaycan  həm  canilərin həbsi, həm  saxlanılması, həm də  istintaq dövründə  heç bir pozuntuya yol verməyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi  mütəmadi olaraq  məhbuslarla görüşüb,  onların saxlanma şəraitini izləyib,  ailələri ilə birbaşa  əlaqə yaradılmasında  vasitəçilik edib.

İlahi ədalətin bərpası düz otuz il çəkdi.

Bu otuz ildə doğma el-obalarından zorla qovulan, malları-mülkləri talan olunan, özləri çadır şəhərciklərində, yük vaqonlarında, qeyri-yaşayış yerlərində, yataqxanalarda və ictimai binalarda ömür sürən məcburi köçkünlər nə əziyyət, ehtiyac və məşəqqətlər çəkdilər...

Bunu Tanrı da gördü, biz də!

* Yalnız  gözlərini ikili standartlar  kor etmiş dünya görmək istəmədi.

* Yalnız beynəlxalq hüquq erməni diasporunun əlində oyuncağa çevrilərək özünü aciz kimi qələmə verdi.

* Yalnız ATƏT-in Minsk qrupu özünün  urvatsız və riyakar donuna  bürünərək çoxüzlülük etdi.

* Yalnız  həmsədr dövlətlər  "diplomatiya oyunu"  oynamaqla üzdə bir, arxada başqa mövqe sərgilədilər.

Tanrı bütün bunları gördü, bildi, bizə səbir və dözüm verdi!

Sonra isə öz ədalətini bərpa etmək üçün  zəruri addımlar atdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevə  arxa və kömək durdu!

Ordumuzu  qüdrətli və məğlubedilməz etdi!

Xalqımızı ordumuzla bir edərək "dəmir yumruğ"a çevirdi!

44 gün ərzində otuzillik işğala son qoyan "dəmir yumruğ"a!

Düşməni qarşımızda diz çökdürərək zəlil günə salan "dəmir yumruğ"a!

Baş sərkərdəmizin polad iradəsi, qətiyyət və dönməzliyi sayəsində müqəddəs torpaqlarımız murdar ləpirlilərdən təmizləndi.

Həkəri çayı üzərindəki  körpüdə unikal əməliyyat  keçirərək nəzarət-buraxılış məntəqəsi yaradıldı, illər boyu bizə qarşı  xəyanət və şər yoluna çevrilən Laçın yolu  bağlandı, ərazi bütövlüyümüz təmin olundu!

2023-cü ilin 19-20 sentyabrında  cəmi  altı saat çəkən antiterror  əməliyyatı keçirildi, bütövlükdə 23 saat ərzində Ermənistana məxsus hərbi birləşmələr,  separatçı tör-töküntülərinin terrorçu qruplaşmaları ağ bayraq qaldıraraq təslim oldular, silah-sursatlarını təhvil verərək gəldikləri yerə qayıtdılar.

Çörəyimizə xəyanət edənlər, bizimlə birlikdə yaşamağa  haqqı olmayanlar qanunlarımızı qəbul edib ölkəmizdəki  digər millətlər kimi  olmayacaqlarını dərk etdiklərindən könüllü surətdə "real Ermənistan"a  getdilər!

Dövlət suverenliyimiz tam təmin edildi!

Gec oldu, güc oldu!

İndi isə İlahi ədalətin hüquqi bərpası prosesi  başlayır.

Bakıda  içdikləri çay  uzun illər ərzində xalqımıza qarşı  çoxsaylı cinayət əməli  törədənlərin  dillərini də açıb.

Etdiklərini  istintaq dövründə  verdikləri ifadələrdə təsdiqləyiblər.

İndi isə məhkəmə iclaslarında etiraf edəcəklər!

Çoxsaylı faktlar, dəlillər, şahid ifadələri,  sübutlar bütün murdar əməllərinin, düşmənçilik hərəkətlərinin əyani  şəkildə təsdiqinə çevriləcəkdir!

Bir vaxtlar qudurğanlıq edənlər, özlərini Qarabağın və Şərqi Zəngəzurun   ağası kimi aparanlar, bu yerlərin əsl  sahiblərini terrora, soyqırımına, işgəncələrə məruz qoyanlar, ev-eşiklərindən qovaraq məşəqqət dolu illər yaşamağa məcbur edənlər, yalnız azərbaycanlı olduqları üçün həyatdan məhrum edənlər qanun qarşısında cavab verəcəkləri günə çatdılar!

Bir vaxtlar onları silah-sursatla təmin edənlər, beynəlxalq qurumlarda murdar əməllərinin müdafiəçilərinə çevrilənlər daha müdafiə edə bilməyəcəklər!

Nə əlləri çatacaq, nə telefon zəngləri  kara gələcək, nə də  təhdid, təzyiqlərinə əhəmiyyət verən olacaq!

Azərbaycan xalqının mal-mülkünün, təbii sərvətlərinin talanması sayəsində qazandıqları pullar kara gəlməyəcək, əlləri yığdıqları sərvətlərə çatmayacaq, Ermənistanda, Rusiyada, Avropanın şəhərlərində taladıqları vəsaitlə aldıqları obyektlərin, qurduqları biznes şəbəkələrinin faydasını görə bilməyəcəklər.

Restoranlarda, istirahət mərkəzlərində, hotellərdə yeyib-içərək şellənə bilməyəcəklər...

Etdiklərinin cəzasını "ağzıbirdə" çəkəcəklər!

Bütün canilər kimi eyni xörəkdən yeyib, eyni qabdan su içəcəklər.

Düşünməyə kifayət qədər vaxtları da olacaq.

Keçmiş kabinetlərini, silahsız əhaliyə qarşı törətdikləri "qəhrəmanlıqları" acı xatirə kimi anacaqlar...

Qətlə yetirdikləri  qocalar, uşaqlar, qadınlar tez-tez yuxularına  girəcək, "xoş günlər"ində gördükləri, yedikləri dönə-dönə  burunlarından gələcək.

İndi ilahi ədalətin bu mərhələsi, yeni mərhələsi başlayır.

Tanrı böyükdür!

Səbri də böyükdür!

Səbri daşanda isə  cəzası çox ağır olur!

Tanrı və ədalət məhkəməsi layiq olduqları cəzalarını verəcəkdir!

Necə ki verir!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir

10:30
18 Yanvar

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

10:28
18 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

10:19
18 Yanvar

Kiyevə raket hücumu olub, ölənlər var

10:10
18 Yanvar

Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

09:59
18 Yanvar

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

09:41
18 Yanvar

Cəbrayıl sakini: Bizə bu xoş günləri yaşadan Prezidentimizə minnətdarıq

09:30
18 Yanvar

Viktor Orban Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərdə “qızıl dövr”ü gözləyir

09:22
18 Yanvar

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər  

09:17
18 Yanvar

Böyük Qayıdış: Cəbrayıl şəhərinə daha 42 ailə yola salınıb

09:13
18 Yanvar

Gürcü analitik: Prezident İlham Əliyevin bəyanatı iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər  

09:10
18 Yanvar

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Baş nazir İrakli Kobaxidze ilə görüşünü geniş işıqlandırıb  

09:09
18 Yanvar

Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb

08:55
18 Yanvar

Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi

08:50
18 Yanvar

Qubada 20 Yanvar şəhidləri yad edilib

08:45
18 Yanvar

Paşinyan ikibaşlı oyun oynayır

08:40
18 Yanvar

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası olacaq

08:35
18 Yanvar

Cənubi Qafqazda təsir dairəsi yaratmaq siyasəti

08:30
18 Yanvar

Bildirişlər paylanılır

08:25
18 Yanvar

Lənkəranda Turizm İnformasiya Məntəqəsi açılıb

08:20
18 Yanvar

Masallıda daxili imkanlar hesabına şəhid ailəsi üçün ev tikilmişdir

08:15
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!