2022-ci il dekabrın 24-də, öz ad günündə Qərbi Azərbaycan İcması üçün yeni binanı hədiyyə etdiyi zaman Prezident İlham Əliyev söyləmişdi ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var: "Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən qərbi azərbaycanlılar da qayıdacaqlar, inşallah".
Vətən müharibəsində qazandığı şanlı zəfərlə torpaqlarını işğaldan azad edərək Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış həyata keçirən Azərbaycan dövlətinin qarşısındakı növbəti milli prioriteti Ermənistandan qovulmuş üç yüz mindən çox soydaşımızın hüququnun bərpası, onların tarixi torpaqlarına qaytarılmasıdır. Buna görə də sözügedən istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir, məsələ beynəlxalq gündəlikdə saxlanılır və qərbi azərbaycanlıların yurd nisgilinin bitməsi üçün ardıcıl və effektiv işlər həyata keçirilir.
Qayıdış konsepsiyası
1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adı 2022-ci il avqustun 3-də dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, icmanın yeni Nizamnaməsi təsdiq olunub. Bu təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.
1987-1991-ci illərdə Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisinin) yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kənddən, azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən (kənd, qəsəbə və şəhərdən) 49.928 ailədə 300 min nəfərədək azərbaycanlı ermənilər tərəfindən öz doğma yurdlarından zorla qovulmuşdular. Bu zaman 200 nəfərdən çox soydaşımız erməni şovinistləri tərəfindən öldürülmüş (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və sair), 400 nəfərdən çox azərbaycanlı isə yaralanmışdır. Bir çox azərbaycanlıların evləri, əmlakları yandırılmış və ya talanmış, əvəzi ödənilmədən əllərindən alınmış, mənimsənilmişdir. 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 minədək ailənin 20 minə qədərinə dəymiş ziyan artıq hesablanmış və hazırda bu işlər davam etdirilməkdədir.
Həmin illərdə Qərbi Azərbaycandakı 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması, vəziyyətinin müəyyən edilməsi ilə bağlı sistemli işlər görür.
Qərbi Azərbaycan İcması "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış konsepsiyası"nı qəbul edib.
Konsepsiyaya görə, icma ötən iki əsr ərzində qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir.
Ermənistan hökuməti irqçiliyinə son verməlidir
Azərbaycanlılara qarşı sistemli şəkildə etnik təmizləmə siyasəti həyata keçirdiklərini qondarma dövlət olan Ermənistanın faşist ideologiyalı prezidentləri də etiraf ediblər. Serj Sarkisyan, Robert Köçəryan olduğu kimi, Levon Ter-Petrosyan da azərbaycanlılara milli nifrət zəminində həyata keçirdikləri etnik təmizləməni etiraf edib. Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də - Ağdamın işğalı günündə "Yerkrapa" könüllülər birliyinin toplantısında etdiyi çıxışının bu günlərdə üzə çıxan videoyazısında görünür ki, o, açıq şəkildə ermənilərin həyata keçirdikləri işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı etnik təmizləmədən bəhs edib, düz 6 əsrdir ki, ermənilərin Qarabağ, indiki Ermənistan ərazisini yad millətlərdən, yəni əsrlərdir bu ərazilərdə yaşayan yerli azərbaycanlılardan tamamilə təmizlədiklərini bildirib. Faşist Petrosyan indiki Ermənistan ərazisində vaxtilə azərbaycanlıların çoxluq təşkil etdikləri rayonların adlarını da bir-bir sadalayıb.
Qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdışı ilə razılaşmayan Paşinyan hakimiyyəti də Ermənistanın heç də faşist ideologiyasından əl çəkmədiyini göstərir. Ancaq təcavüzkar, işğalçı və monoetnik dövlət olan Ermənistan öz ayıbına kor olmaqdansa, Azərbaycana qarşı saxta ittihamlar səsləndirməkdən də utanmır.
Bu il yanvarın 15-də Ermənistanın Xarici İşlər Nazirliyinin verdiyi, Azərbaycan SSR-də ermənilərə qarşı qanunsuzluq törədildiyini iddia edən bəyanat da buna misaldır. Həmin əsassız və böhtan dolu bəyanata cavab verən Qərbi Azərbaycan İcması bildirib ki, etnik təmizləməni törədən dövlət Ermənistandır: "Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir. Bəyanatda o da vurğulanır ki, L.Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib: "Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və monoetnik siyasətinə son verməli, qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multietnik mühiti bərpa etməlidir".
Beynəlxalq ictimaiyyət bunu qətiyyətlə qınamalıdır
Qərbi Azərbaycan İcması Ermənistanın irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinə qarşı çağırış ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir.
Baş nazir Nikol Paşinyanın Vətən müharibəsinə qədərki dövrdə işğalçılığı, separatizmi dəstəkləyən siyasət həyata keçirdiyi və özündən əvvəlki Ermənistan liderləri kimi bunu həyasızlıqla dilə gətirdiyi məlumdur. Son dövrlər isə Paşinyan hökumətinin yenidən müharibədən əvvəlki ritorikaya qayıtması, Qərb havadarlarının köməyi ilə silahlanması, revanşa hazırlaşması və 300 mindən çox soydaşımızın dədə-baba torpaqlarına qayıdış hüququna məhəl qoymaması da göstərir ki, "sülh quşu" Paşinyan 44 günlük müharibənin, eləcə də 23 saatlıq antiterror tədbirlərinin Ermənistan üçün ağır nəticələrini unudub. Ancaq dövlət siyasəti faşizmə köklənmiş Ermənistan bu mənfur oyunları ilə yalnız öz başına corab hörür.
Unutmasın ki, torpaqlarını işğaldan azad edərək bölgədə münaqişə ocağını söndürən Azərbaycan indiki Ermənistan ərazisindən zorla qovulmuş yüz minlərlə soydaşımızın tarixi yurdlarına təhlükəsiz, ləyaqətli və sülh yolu ilə qayıdışını da qətiyyətlə gerçəkləşdirəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"