Rebeka Aibanga Çad Respublikasındandır. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə III kursda oxuyur. Özü də Hökumətlərarası Təqaüd Proqramı ilə. Rebeka Aibanga qazandığı bu şans, eləcə də Azərbaycandakı tələbə həyatı, təhsili, gələcək hədəfləri ilə bağlı fikirlərini AZƏRTAC-a bölüşüb:
- Necə oldu ki, təhsil almaq üçün məhz Azərbaycanı və BDU-nu seçdin?
- “Beynəlxalq münasibətlər” ixtisası üzrə xaricdə təhsil almağı düşünürdüm. Təqaüdlə təhsil almaq fürsəti əldə etmək istəyirdim. Azərbaycan bu baxımdan mənə yaxşı imkanlar təqdim etdi. Təhsil müəssisəsinin yüksək səviyyəsi və təqaüd imkanları bu qərarıma təsir etdi. Qeyd etmək istəyirəm ki, ailəmin BDU-da təhsil alan tək üzvü mən deyiləm. Əmim də BDU-da eyni ixtisas üzrə təhsil alıb, mənə bura gəlməyi də o, tövsiyə edib. O, hazırda Kanadada yaşayır.
- Dərslərini necə oxuyursan?
- Əlaçı tələbə deyiləm, amma bütün dərslərə ciddi yanaşıram. Tələbə yoldaşlarım da çox çalışqan və motivasiyalıdır. Ümumi Orta Müvəffəqiyyət Göstəricilərim 80-dən yuxarıdır və bu, mənim üçün yaxşı bir nəticədir.
- BDU-da təhsil həyatı sənə nə qazandırıb?
- BDU mənə geniş biliklər, inkişaf etmək şansı qazandırıb. Buradakı təhsil sistemi mənim düşüncə tərzimi dəyişdirdi, əlaqələr qurmaq, yeni insanlarla tanış olmaq və təcrübə toplamaq baxımından çox faydalı oldu.
- Azərbaycan və Çad təhsil sistemi arasında fərqlər varmı?
- Ümumi olaraq böyük fərqlər yoxdur, amma bəzi metodlar fərqli ola bilər. Məsələn, bizim təhsil sistemimizdə seminarlar daha az təşkil olunur, daha çox layihələr və təqdimatlar üzərində işləyirik. Hər iki təhsil sistemində konfranslar və müzakirələr keçirilsə də, Azərbaycanın təhsil sistemində praktiki işlərə və müstəqil tədqiqatlara daha çox önəm verilir.
- Tələbə həyatın necə keçir? Sosial tədbirlərə qatılırsanmı?
- Tələbə həyatım maraqlı və dinamikdir. Mən Tələbə Gənclər Təşkilatına qoşulmuşam, müxtəlif sosial və mədəni tədbirlərdə iştirak edirəm. Yeni mədəniyyətləri öyrənmək, yeni insanlarla tanış olmaq və müxtəlif fəaliyyətlərdə iştirak etmək mənim üçün çox əhəmiyyətlidir. Bu cür tədbirlər həm sosial bacarıqlarımı inkişaf etdirir, həm də yeni dostlar qazanmağa kömək edir.
- Boş vaxtlarında nə edirsən?
- Azərbaycan dilini öyrənirəm. Azərbaycan mənə çoxlu sadiq dostlar bəxş edib. Birlikdə təhsillə məşğul oluruq, Azərbaycanın müxtəlif bölgələrinə səyahət edirik. Xüsusilə Şuşa və Qəbələ məndə böyük təəssürat yaradıb. Şuşada tarixi və mədəni abidələr çox maraqlı idi, Qəbələdə isə təbiətin gözəlliyi mənim üçün unudulmaz oldu. Hər iki şəhər özünəməxsus gözəlliyi ilə yadımda qalıb.
- Tələbəlik illərində yaddaqalan xatirələrin varmı?
- Tələbəliyin ilk illərindən sosiallaşmağa çalışdım. Çaddan və digər Afrika ölkələrindən olan tələbələri bir araya gətirmək üçün platforma yaratdıq. Bu platforma vasitəsilə həm sosiallaşdıq, həm də tədbirlər təşkil etdik. Bu, mənim üçün əhəmiyyətli bir hadisə idi.
- Karyeranı necə planlayırsan?
- Azərbaycanda magistr təhsili almaq niyyətindəyəm. Bununla yanaşı, Kanadada da magistratura təhsili üçün müraciət etməyi planlaşdırıram. Qazandığım biliklərlə ölkəmin inkişafı, daha da tanınmasına töhfə vermək istəyirəm. Xüsusilə gənclərin təhsil və iqtisadiyyat sahəsində məlumatlandırılması, beynəlxalq təşkilatlarla əlaqələrin yaxşılaşdırılması üçün bir sıra işlər həyata keçirmək istəyirəm. Fərqli ölkələrdəki inkişaf modellərini öyrənmək mənim peşəkar bacarıqlarımı genişləndirəcək və ölkəmdə yeni layihələr, təşəbbüslər həyata keçirməyimə şərait yaradacaq.
- Azərbaycan mədəniyyəti barədə nə deyə bilərsən?
- Bəli, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmuşam. Azərbaycanlılar çox qonaqpərvər və köməksevər insanlardır. Burada qaldığım müddətdə milli bayramlarda iştirak etmək fürsətim oldu. Novruz bayramı ən gözəlidir. Novruzun ənənələri, xüsusilə şəkərbura və paxlavanı yemək çox xoşuma gəldi. Bir dəfə qonşularım mənə papaq atdılar və bu ənənəyə uyğun olaraq bayram şirniyyatı qoymalı idim. Ocaqdan tullanma mərasimində iştirak etmək də çox əyləncəli və maraqlı idi. Azərbaycan mədəniyyətinin bu cür unikal ənənələri çox diqqətimi çəkdi.
- COP29-da iştirak etdinizmi?
- Əlbəttə. COP29 böyük bir platformadır. Konfrans ərəfəsində bir çox yerli və beynəlxalq rəsmilərlə tanış oldum. Bu konfransa dünyanın hər yerindən çox sayda insan toplaşmışdı. Həmçinin Çaddan da rəsmilər iştirak edirdi. Onlarla söhbət zamanı bildirdilər ki, bu qədər tələbənin burada təhsil almağını yüksək qiymətləndirirlər. Onlar bizə çox çalışmaq və yaxşı kadr olmaqla bağlı tövsiyələrini verdilər. Düşünürəm ki, Azərbaycan ilə Çad mədəni əlaqələri çox yaxşıdır və gələcəkdə daha da inkişaf etdiriləcək.
- Azərbaycanın xarici siyasətini, beynəlxalq əlaqələrini izləyirsənmi? Azərbaycanla Çad Respublikası arasında əlaqələri necə dəyərləndirirsən?
- Bəli, Azərbaycanın beynəlxalq əlaqələrini izləməyə çalışıram. Ölkənizin dünya miqyasında güclü xarici siyasət aparması və beynəlxalq təşkilatlarda aktiv iştirakı mənim üçün çox maraqlıdır. Azərbaycanın beynəlxalq əlaqələri müxtəlif sahələrdə genişlənir və çoxsaylı ölkələrlə, o cümlədən inkişaf etməkdə olan dövlətlərlə sıx əlaqələr qurulur. Azərbaycanla Çad Respublikası arasındakı əlaqələr də diqqətəlayiqdir. Hər iki ölkə arasında diplomatik münasibətlər mövcuddur. Bu münasibətlər ticarət, enerji və digər sahələrdə əməkdaşlığı əhatə edir. Azərbaycanın Çad ilə əməkdaşlığı inkişaf etdirmək üçün potensialı böyükdür. Bu, regional və qlobal məsələlərdə mövqeləri gücləndirmək baxımından da önəmlidir.
- Gələcəkdə Azərbaycanla Çad Respublikası arasında münasibətlərə töhfə vermək istəyirsənmi?
- Bəli, gələcəkdə Azərbaycanla Çad Respublikası arasında və ümumilikdə beynəlxalq münasibətlərə töhfə vermək istəyirəm. Bu sahədə həm nəzəri, həm də praktiki təcrübə qazanmağa çalışıram. Azərbaycanla Çad arasında əlaqələrin inkişafı, beynəlxalq münasibətlər, xüsusən mədəniyyət sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mənim maraq dairəmdədir. Beynəlxalq təşkilatlarda fəaliyyət göstərməyi planlaşdırıram. Bu cür təşkilatlarda iqtisadi inkişaf, təhsil, sosial və humanitar məsələlərlə bağlı problemlərin həll yollarının tapılmasında iştirak etmək istəyirəm. Həm ölkəmə, həm də digər dövlətlərə töhfə vermək mənim peşəkar hədəflərimdən biridir.