12 Dekabr 2025 09:05
889
SİYASƏT
A- A+
Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət

Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət


Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 22 il keçir.  Heydər Əliyev müasir, müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır, müstəqil  milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir. 

Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, sözündə yox, əməlində idi. Onun tərcümeyi-halı aydın göstərir ki, bu dahi şəxsiyyət bütün ali keyfiyyətlərini xalqının və Azərbaycanın azad və xoşbəxt  gələcəyinə  xidmət etməyə səfərbər etmişdi. XIX əsrin tanınmış Amerika şairi Henri Longfello yazır: "Böyük insanlar əbədiyyətə qovuşanda onların saxladıqları nur çox uzun illər sonra da bəşəriyyətin yolunu işıqlandırmaqda davam edir". Ümummilli Lider Heydər Əliyev elə bir nadir şəxsiyyət və möhtəşəm dövlət  xadimi idi ki, onun işığı daim bütün varlığı ilə sevdiyi Azərbaycanın və xalqımızın yoluna nur saçacaq. 

Azərbaycanı sivil dünyanın və Avropa ailəsinin bir üzvünə cevirmiş Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində göstərdiyi xidmətlər göz qabağındadır və onları sadalamaqla qurtaran deyil. Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Ümummilli Lider Heydər Əliyevin zəhməti olmasın. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. 

"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram", - deyən Ümummilli Lider Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Ulu Öndər bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdir. Gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Ümummilli Lider Heydər Əliyevin ömrünün davamıdır. 

1990-cı illərin əvvəllərində Azərbaycanın həlli görünməyən kifayət qədər problemləri vardı. Ölkə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin eyni zamanda bu ölkəni öz canı qədər sevən Ümummilli Lider Heydər Əliyev kimi böyük şəxsiyyət vardı. Xalqın müraciəti ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin bu həlledici anında vətənin harayına yetişərək onu bütün təhlükələrdən xilas etdi.

Respublika rəhbərliyinə qayıtdığı ilk gündən başlayaraq Ümummilli Lider Heydər Əliyev ölkədə həyata keçirilən bütün islahatların, ümumiyyətlə, cəmiyyətin həyatında baş verən köklü dəyişikliklərin əsas təşkilatçısı, ilhamvericisi və istiqamətvericisi olmuşdur. Müdrik rəhbərin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində köklü islahatların aparılması üçün başlıca şərt olan ictimai-siyasi sabitlik təmin edilmişdir. Ölkəmizin daxilində yaranmış sabitlik və beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraq 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması ilə müşayiət olundu. 

Ancaq ölkədə başlanan bu böyük quruculuq işləri daxili və xarici düşmənlərimizin müqavimətinə rast gəlirdi.  Lakin Heydər Əliyev onların hamısının qarşısını aldı. 1995-ci ilin noyabrında ölkəmizin ilk Konstitusiyası qəbul edildi və Milli Məclisə demokratik seçkilər keçirildi. Beləliklə, müstəqil dövlətimizin təsisatlarını qurmaq və yaratmaq işi başlandı. Ümummilli Lider Heydər Əliyevin apardığı məqsədyönlü iqtisadi siyasət nəticəsində Milli Məclis torpaq və aqrar islahat, özəlləşdirmə, sahibkarlıq fəaliyyəti, vergi, maliyyə-bank sisteminin yenidən qurulması haqqında, ticarətin liberallaşdırılması, inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafı, əhalinin sosial müdafiəsi və digər vacib vəzifələri reallaşdıran qanunlar qəbul etdi. Həyata keçirilən bu və digər kompleks tədbirlər nəticəsində Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı dövrü başlandı.

 Həmin dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoydu. 

Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyev demokratik hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün real zəmin yaratmışdır. Ulu Öndərin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlanmışdır. 

Bu gün müstəqil dövlətimiz   BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür. Hazırda Azərbaycan Qafqaz kimi geosiyasi əhəmiyyətli bir bölgədə sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən qüdrətli bir dövlətdir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin və "Cənub qaz dəhlizi"nin təşəbbüskarı və müəllifidir. Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikasını bölgədə lider mövqeyə yüksəltmişdir. 

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Bu o deməkdir ki, Ümummilli Lider Heydər Əliyev tək müasir Azərbaycanın yox, sabahkı əbədi Azərbaycanın da memarıdır. Bu gün  Heydər Əliyev siyasi yolunun möhtərəm Prezident İlham Əliyev kimi layiqli davamçısı var. Prezident İlham Əliyevin müəllifi Ümummilli Lider Heydər Əliyev olan enerji startegiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın dünyada müsbət imicinin daha da möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında müstəsna xidmətləri vardır. Azərbaycan xalqı İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasətinin prinsiplərinə əsaslanaraq, ölkəmizin xoşbəxt gələcəyi naminə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir və buna görə də öz gələcəyinə nikbin baxır. 

XX əsrin 90-cı illərində Azərbaycanın qarşısında dayanan çətin vəzifələr yalnız Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı  Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Prezident İlham Əliyevin müdrik siyasəti həm də torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Düşmənin növbəti hərbi təcavüz cəhdinə cavab verən Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən müharibə nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən icra edilmiş "dəmir yumruq" əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 

2023-cü il sentyabrın 19-da isə respublikamızın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı. Azərbaycan öz ərazisində separatçılığa son qoydu. Bununla da dövlət suverenliyimiz tam bərpa edildi. 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident  İlham Əliyevin səyi nəticəsində müstəqil Azərbaycan güclü addımlarla inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu uzun illər boyu Azərbaycanın tərəqqisi və yüksəlişinin baş xətti olaraq ölkəni yüksəlişə və tərəqqiyə aparacaqdır. Azərbaycanın neçə-neçə nəsli Ümummilli Lider Heydər Əliyev məktəbindən, zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq və xalqımız var olduqca onu qəlbində əbədi yaşadacaqdır! 


Şahin SEYİDZADƏ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş matəm tədbiri keçirilib  

16:20
20 Yanvar

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

16:16
20 Yanvar

Qərbi Azərbaycan İcmasının üzvləri Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər  

16:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb YENİLƏNƏCƏK  

16:13
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

16:12
20 Yanvar

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib  

16:11
20 Yanvar

Əbədiyyət ünvanında çiçək təravəti, yağış təmizliyi

16:09
20 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

15:53
20 Yanvar

NİİM sürücülərə müraciət edib

15:46
20 Yanvar

Qazaxıstan Prezidenti parlamenti “Qurultay” adlandırmağı təklif edib

15:32
20 Yanvar

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik  

14:01
20 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb 

13:58
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!