Ona qarşı irəli sürülən ittihama əsasən müəyyənləşdirilib ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz olunmasında iştirak edib.
Bundan başqa, o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.
Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Məhkəmənin hökmü ilə Ruben Vardanyan da layiq olduğu cəzasını aldı!
Ömürlük milyardlarından kənarda qaldı.
Digər silahdaşları kimi, onun da kifayət qədər düşünməyə və Azərbaycan çayı içməyə vaxtı var.
***
Daha bir zəruri əlavəyə ehtiyac duyuruq.
Deyirlər dünyada "insan haqlarının müdafiəsi ilə məşğul olan" çoxsaylı təşkilatlar var:
"Human Rights Watch", "Amnesty İnternational", "Freedom House", "Sərhədsiz reportyorlar", Beynəlxalq Ədalət Məhkəməsi və s.
Nədənsə bu təşkilatlar əvvəlcə insanları dini, milli, irqi, böyük dövlətlərin himayəsində olub-olmamasına görə "sort"lara ayırır, sonra özünə sərf edənlərinin və yaxın saydıqlarının "hüquqlarını qoruyurlar".
Məsələn, yuxarıda adları qeyd olunan qurumlar:
* Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək əhalini kütləvi şəkildə, zorakılıqla doğma el-obasından qovanda heç bir reaksiya vermədilər;
* Otuzillik işğal faktını, insan hüquqlarının kobud şəkildə pozulmasını qulaqardına vurdular;
* Qaradağlı, Xocalı, Bağanıs Ayrım soyqırımlarını, Azərbaycan vətəndaşlarının kütləvi qırğınlarını görmək istəmədilər;
* Hərbi əsirlərlə, girov götürülmüş mülki vətəndaşlarla vəhşi və qəddar davranışlara heç bir reaksiya vermədilər;
* Kütləvi məzarlıqların aşkara çıxarılmasına, qətlə yetirilənlərin nəşlərinin sahiblərinə qaytarılmasına dəstək olmadılar;
* Tarixi, dini, mədəni abidələrimizin, qəbiristanlıqlarımızın dağıdılaraq yerlə-yeksan edilməsinə göz yumdular;
* Bu gün də mina sahələrinin həqiqi xəritələrinin Ermənistandan alınaraq Azərbaycana verilməsinə heç bir yardım etmirlər.
Amma məhkəmənin ədalətli hökmündən sonra yəqin ki, ağız-ağıza verərək ermənilərin müdafiəsinə qalxacaqlar.
"İnsan haqları", "siyasi məhbus", "hərbi əsir", "günahsız insanların həbsdə saxlanılması" kimi saxta terminlərdən gen-bol istifadə edəcəklər.
Amma bundan əvvəl bir "vicdan tərəzisi" taparaq öz əməllərini, habelə mühakimə olunanların etdiklərini baş verənlərlə müqayisəli şəkildə çəksələr, daha ədalətli və obyektiv ola bilərlər.
***
Məhkəmənin yekun hökmü ən ədalətli yekun cəza sayıla bilər.
Doğrudur, bu, tam cəza deyil.
Qarabağda axıdılan qanlar hesabına özlərinə hədsiz sərvət toplayan, sonra Ermənistana gedərək bu marionet dövlətə prezidentlik edən əsas müharibə caniləri R.Koçaryan, S.Sarkisyan, S.Ohanyan və digərlərinin müttəhimlər kürsüsündə yerləri daim görünür.
Amma dünyanın işini bilmək olmaz: bəlkə nə vaxtsa həmin boş yerlər də doldurulacaqdır.
Hökmlərin ədalətliliyi isə heç bir şübhə doğurmur!
Əgər Azərbaycanda güllələnmə cəzası qalsaydı, onların hamısı güllələnməyə layiq idi!
Müddətli cəza alanların da hamısı ömürlük həbs çəkməliydilər.
Lakin yaşları 65-i keçdiyindən Azərbaycan məhkəməsi yenə ədaləti pozmadı, onlara ömürlük həbs cəzası vermədi.
***
Azərbaycan dövləti müharibədə qalib gələrək ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməyi də, işğalçı müharibənin səbəbkarlarını və iştirakçılarını cəzalandırmağı da, yeri gələndə alicənablıq göstərərək bağışlamağı da bacarır.
Və bütün bunları hüququn aliliyini və yüksək humanistlik prinsiplərini uca tutmaqla edir.
Uzun müddət məhkəmə istintaqı apararaq müttəhimləri və şahidləri dinlədikdən, ifadələri qiymətləndirdikdən sonra Azərbaycan məhkəməsinin çıxardığı hökm belədir:
Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Mnatsakanyan Levon Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan David Klimi qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsinlər və cəzalarını həbsxanada çəksinlər.
Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Sahakyan Bako Sahaki bir sıra cinayətlər törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsinlər və cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksinlər.
Babayan Madat Arakeli təqsirli bilinərək qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Paşayan Melikset Vladimiri təqsirli bilinərək qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Martirosyan Qarik Qriqori təqsirli bilinərək qəti olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Allahverdiyan Davit Nelsoni təqsirli bilinərək qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Balayan Levon Romiki təqsirli bilinərək qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Beqlaryan Vasili İvani təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Stepanyan Qurgen Homerosi təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Qazaryan Erik Roberti təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
***
Bu gün də Ermənistanda qisasçılıq niyyətilə yaşayan, əli Azərbaycan vətəndaşının nahaq qanına bulaşmış çoxsaylı generallar, müxtəlif ranqlı hərbçilər çoxdur.
Həm də onların əlləri təkcə azərbaycanlı qanına batmayıb...
Onlar həm də Erablurun yaranmasının və ilbəil sahəsinin genişlənməsinin başlıca təqsirkarlarıdır.
Xam xəyallara düşərək öz cavanlarının ölümünə səbəb olanları bəlkə də nə vaxtsa ağıllanan, baş verənlərdən doğru-düzgün nəticələr çıxaran ermənilərin özləri cəzalandıracaqlar.
Bu gün faşist Njdeyə heykəl qoyub onu ilahiləşdirmək olar və edirlər də...
Amma daha heç kəs ölmüş oğullarını dirildərək erməni analarına qaytara bilməyəcəkdir.
Tarixi saxtalaşdırmaq yox, onu olduğu kimi öyrənərək doğru nəticə çıxarmağı da bacarmaq lazımdır.
Daha bir zəruri əlavə:
"Ermənilərlə azərbaycanlılar genetik olaraq bir yerdə yaşaya bilməzlər" - R.Koçaryanın işğal ərazilərində bir nəfər belə azərbaycanlı olmadığı dövrdə lovğalıqla söylədiyi faşist ruhlu tezisdir.
Bu gün Ermənistan ərazisində bir nəfər də azərbaycanlı yaşamır.
Amma bir qrup erməni uzun müddət və ömürlük Azərbaycanda yaşayacaqdır.
Həm də Azərbaycan çayı içə-içə.
Bəxtiyar SADIQOV