25 Fevral 2026 10:58
175
SİYASƏT
A- A+
Yaponiya Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır  

Yaponiya Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır  


Dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş olan yapon xalqı öz ulu tarixinə həmişə sayğı və qayğı ilə yanaşır, ona yüksək dəyər verir. Bu füsünkar gözəlliyə malik olan çoxsaylı adalar ölkəsində hər il Əlahəzrət İmperatorun doğum gününün təntənəli surətdə bayram edilməsi bu xalqın həyatın müxtəlif sahələrində əldə etmiş olduğu mühüm nailiyyətlərlə yadda qalır. Təsadüfi deyil ki, yapon xalqı dünya mədəniyyəti xəzinəsinə vermiş olduğu mühüm töhfələrlə öyünə bilər. Təbiət də öz səxavətini Yapon və Azərbaycan xalqlarından əsirgəməyib. Belə ki, Yaponiyanın sahil sularında molyuskadan tutmuş balinayadək 3.492 növ canlı yaşayır ki, bunlar da yaponların minerallarla zəngin süfrəsini, milli mətbəxini daha da zənginləşdirir. Obrazlı ifadə ilə desək, adətən sübh tezdən okean və dəniz arxasından doğan günəş yapon xalqı kimi Azərbaycan xalqına da sevinc bəxş edir. Yaponlarda qədim zamanlardan Günəş ilahəsi Amaterasuya pərəstiş də buradan qaynaqlanır. Yüksək mənəvi keyfiyyətlərə malik olan yapon xalqı günəş diskini öz bayraqlarına həkk etməklə həm də 701-ci ildə ən qədim dövlət atributuna malik olmuşlar.  

Yaponiya müasir dümya iqtisadi sistemində sanballı çəkiyə malik olan söz sahibi kimi çıxış edir. 2025-ci ildə bu ölkənin  nominal (cari) ümumi daxili məhsulu 4,28 trilyon dollar olmuşdur. Əhalisi 123 milyon nəfərdən çox olan Yaponiyada adambaşına düşən ümumi daxili məhsulun miqdarı 2025-ci ildə 34,713 dollar təşkil etmişdir. Bu da 2024-cü ildəki göstəricidən 2,270 dollar çoxdur. Bu isə adambaşına düşən ümumi daxili məhsulda 7 faiz dəyişiklik deməkdir. 

Yaponiyanın qızıl ehtiyatları 2025-ci ilin sonunda təxminən 846 ton təşkil edib ki, bu da əvvəlki illərdə qeydə alınan səviyyələrlə uyğundur. Pul baxımından Yaponiyanın qızıl ehtiyatları keçən il rekord həddə çataraq 120 milyard dolları keçib. 

Əsas ixrac artımı elektrik avadanlıqları və qida sektorlarında müşahidə olunub. 2025-ci ildə ixracın həcmi əvvəlki dövrlə müqayisədə 3,1 faiz artım göstərərək 694 milyard dollara çatıb. İdxal isə 2,1 faiz artaraq 713 milyard dollar təşkil edib. Əsas ixrac olunan mallar sırasına maşınqayırma (19 faiz), nəqliyyat (19 faiz) və elektrik (18 faiz) avadanlıqlarını aid etmək olar. İdxal isə əsasən kimyəvi məhsullardan, qida məhsullarından, mineral yanacaqlardan və xammaldan ibarət olmuşdur. Belə ki, əsas idxal malları sırasında kimyəvi məhsullar (ümumi həcmin 20 faizi), qida məhsulları (19 faiz), mineral yanacaqlar (16 faiz), maşın və elektrik avadanlıqları (22 faiz) və xammal (8 faiz) olub.

2025-ci ildə Yaponiyanın əsas ticarət tərəfdaşları Çin, ABŞ, Aİ, Cənubi Koreya və Tayvan olmuşdur. Çin idxal həcmində liderlik edir, ABŞ isə ən böyük ixracat 

istiqamətlərindən biridir və xüsusilə maşınqayırma, nəqliyyat avadanlığı və elektronikaya üstünlük verir. Avstraliya xammalın mühüm təchizatçısı, Vyetnam isə əsas idxalçı olaraq qalır. Dünyanın böyük siyasi, iqtisadi gücə malik dövlətlərindən sayılan, böyük güclərinin bir araya gəldiyi G7 qrupuna daxil olan Yaponiya bir sıra beynəlxalq iqtisadi layihələrin də iştirakçısıdır. 

 Yaponiya ilə Azərbaycan arasında əlaqələr tarixin orta çağlarına gedib çıxır. Təsadüfi deyil ki, Azərbaycan Səfəvi imperatorluğunun saraylarını həm də dost və etibarlı ticarət tərəfdaşı olan Yapon imperatorlarının göndərdiyi qiymətli hədiyyələr – nəfis çini qablar da bəzəyirdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması qarşılıqlı münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. 

Yaponiyanın birincilər sırasında 1991-ci il dekabrın 28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıması haqqında bəyanatla çıxış etməsi gənc Azərbaycan dövlətinin böyük uğuru idi. Azərbaycan və Yaponiya arasında siyasi dialoq və münasibətlər bu dövrdən etibarən qurulan möhkəm təməllər üzərində inkişaf etməyə başladı. Dövlət və hökumət başçıları arasımda mövcud olan isti münasibətlər siyasi əlaqələrin yaxşı səviyyədə olması qənaətinə gəlməyə əsas verir. Yaponiya-Azərbaycan parlamentlərarası əlaqələrin güclənməsi də siyasi dialoqun dərinləşməsinə xidmət edir. Bu isə öz növbəsində iqtisadiyyat, ticarət, mədəniyyət, elm və təhsil sahəsində də əlaqələrin inkişafına müsbət təsir göstərir. 

Yaponiya ilə Azərbaycan arasında 1992-ci ildə qurulan siyasi münasibətlər dostluq və sabitlik kimi xarakterizə olunur və burada iqtisadi əməkdaşlığa, enerjiyə və regional sabitliyə dəstək məsələlərinə diqqət yetirir. Yaponiya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyir, neft-qaz sektorunda fəal iştirak edir və ekoloji layihələrdə əməkdaşlıq edir.

2025-ci ildə Yaponiya-Azərbaycan iqtisadi əlaqələri yüksək səviyyədə inkişaf edərək, enerji, investisiya və ticarət sahələrini əhatə edib. Sentyabrın 26-da Tokioda Dövlət Komissiyasının 12-ci iclası keçirilib. Burada ikitərəfli biznes dialoqu, vergitutma sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Hazırda Yaponiya şirkətləri ilə Azərbaycan arasında əməkdaşlıq xüsusilə enerji, infrastruktur və texnologiya sahələrinə yönəlib. Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası və həmçinin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin fəaliyyət göstərməsi qarşılıqlı ticarət-iqtisadi münasibətlərin inkişafına ciddi təsir göstərir. 

2025-ci il sentyabrın 26-da Tokio şəhərində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası və Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü keçirildi. Orada Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub arasında etibarlı tranzit körpü rolunu oynadığı bildirildi. Ölkəmizin Ələt Beynəlxalq Ticarət Limanı, müasir dəmir yolu xətləri, beynəlxalq hava limanları və yol infrastrukturu ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olundu. Görüşün sonunda yekun Protokolu imzalandı. İclas çərçivəsində, həmçinin AZPROMO ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu imzalandı.

Yaponiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan geniş investisiya imkanlarını araşdırmağa dəvət olunublar. Hazırda ölkəmizdə Yaponiyanı təmsil edən 47 şirkət, sənaye, tikinti, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərməkdədir.

İki ölkə arasında enerji sektorunda əməkdaşlıq genişlənir. Qeyd etmək lazımdır ki, ITOCHU və INPEX şirkətləri “Azəri-Çıraq-Günəşli” və Bakı–Tbilisi–Ceyhan layihələrində mühüm tərəfdaş kimi iştirak edirlər. Həmçinin enerji keçidi və dekarbonizasiya sahələrində Yaponiya şirkətləri ilə əməkdaşlıq inkişaf etdirilir. 

SOCAR ilə Yaponiya şirkətlərinin “Upstream” əməliyyatları üzrə əməkdaşlığı, TEPSCO şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr müsbət nəticələr verir. 25 noyabr 2025-ci il tarixində SOCAR|ın prezidenti ilə Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və ITOCHU Korporasiyasının baş əməliyyat direktoru arasında görüş olub. Görüşdə SOCAR ilə “ITOCHU” Korporasiyasının birgə iştirakı ilə icra olunan layihələrə dair fikir mübadiləsi aparılıb, həmçinin enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Məşhur "Mitsui", "Sumitomo" və "Marubeyni-İtoçu Stil" şirkətləri Azərbaycanda neft kəmərinin tikintisində də bilavasitə iştirak ediblər.

Yaponiya Azərbaycana əsasən yüksək texnologiyalı məhsullar, o cümlədən avtomobillər, avadanlıqlar, maşınqayırma məhsulları, elektronika və kimyəvi məhsullar ixrac edir. İkitərəfli iqtisadi əlaqələr çərçivəsində həmçinin qeyri-neft sektorunda birgə layihələr və texnologiya transferi də genişlənir. 

Yaponiya və Azərbaycan arasında ticarət əlaqələrinin əsas istiqamətləri Yaponiya istehsalı olan minik və yük avtomobillərinin ixracından, sənaye və kənd təsərrüfatı üçün texnikalardan, məişət texnikasından və informasiya texnologiyaları avadanlıqlarından ibarətdir. Bundan əlavə, Yaponiya şirkətləri Azərbaycanda qeyri-neft sektorunun inkişafında, xüsusilə logistika və ticarət şəbəkələrinə inteqrasiya sahəsində maraqlıdırlar.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 0,9 faizi Yaponiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 1,8 faizi Yaponiya ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.     

Sərgilərin təşkili də Azərbaycanın bu dost ölkədə daha yaxından tanıdılmasında mühüm rol oynayır. 2025-ci il iyunun 5-də Azərbaycanın Yaponiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tokioda 28 May - Müstəqillik Günü və “Osaka Ekspo 2025” çərçivəsində tədbir keçirilib. Xoş haldır ki, Azərbaycan milli pavilyonu “A” kateqoriyalı pavilyonlar sırasında olub. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon “Dayanıqlı inkişafa doğru yeddi körpü” mövzusunu əhatə edirdi. 

Yaponiya Azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə yardım məsələsində də həmişə Bakının yanında olub. O, 1993-cü ildən bəri Azərbaycandakı qaçqın və məcburi köçkünlərə ən çox yardım göstərən ölkələrdən biridir. Bu proses 2020-ci ildə Azərbaycan Vətən müharibəsində zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edəndən sonra da davam etdirilmişdir. 

18 noyabr 2025-ci il tarixində Qobustan rayonunun Qurbançı kəndində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində icra olunan “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsinin təqdimat mərasimi keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya iştirak etdi. Bu layihənin əsas məqsədi Qobustan rayonu Qurbançı və Ərəbşahverdi kəndlərində mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsi ilə yanaşı, yeni su hovuzu (60 ton), su nasosu, transformator, su borusu (ümumi uzunluq 6,600 metr), 5 bulaq (tap-stand) ilə təmin olunmuş su sistemini inşa etməklə, kəndlərin su infrastrukturunun təkmilləşdirməsi və yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır. Bu layihədə nəzərdə tutulan su sisteminin inşası, avadanlıqların alınması, quraşdırılması üçün Yaponiya hökuməti 90 min dollar (təqribən 152,100 manat) məbləğində qrant ayırmışdır.

Səhiyyə sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Belə ki, 2025-ci il 7 may tarixində Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasına ianə edilmiş tibbi avadanlıqların təqdimat mərasimi keçirildi. Bu layihə Yaponiya hökumətinin qrant layihəsi olan İqtisadi və Sosial İnkişaf Proqramı çərçivəsində baş tutdu. Layihə çərçivəsində xəstəxanaya angioqrafiya, daşınabilən rentgen və ultrasəs müayinə cihazları təqdim olundu.

14 avqust 2025-ci il tarixində "Fuji Optical" şirkətinin nümayəndə heyəti Azərbaycan Səhiyyə Nazirliyini ziyarət etmiş və orada görüş keçirmişdir. Bu şirkət indiyədək 17 dəfə, təxminən 20 ilə yaxın bir müddət ərzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq çərçivəsində, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan daxilində məcburi köçkün olmuş insanlara görmə qabiliyyətinin yoxlanılması və eynəklərin pulsuz verilməsi ilə bağlı yardım fəaliyyətləri həyata keçirmiş, ümumilikdə 40 min nəfərə 74 min ədəd eynək hədiyyə etmişdir. Şirkət bu dəfə, Azərbaycandakı fəaliyyətinin başa çatması münasibətilə görmə yoxlama cihazları, test linzaları və test çərçivələri, eləcə də 1,500 ədəd eynəyi Azərbaycan tərəfinə bağışlamaq qərarına gəlmiş və görüş çərçivəsində hər iki tərəf bağışlama haqqında razılaşmanı imzalamış və mübadilə etmişdir. Bağışlanan bu avadanlıqlar və eynəklər gələcəkdə optometrist olmaq istəyən tələbələrin praktikasında və universitet xəstəxanalarında istifadə olunacaq.

Eyni zamanda Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşəbbüsü ilə 2025-ci il sentyabrın 26-da “Digital Knowledge” şirkətinin nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Səfərin məqsədi səhiyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə tədqiqatların aparılması və potensial əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində görüşü təşkil edilib. Görüş zamanı səhiyyə sistemində rəqəmsal həllərin tətbiqi, ana və uşaq sağlamlığının qorunması üzrə müasir yanaşmalar, həmçinin tibb bacılarının peşəkar hazırlığının gücləndirilməsi məqsədilə elektron təhsil imkanları müzakirə olunub.

Fövqəladə hallar sahəsində də əməkdaşlıq inkişaf edir. 2025-ci ilin dekabrında Tokioda “Yaponiyada 2025-ci il Fəlakətlərin Azaldılması üzrə Asiya Konfransı” keçirildi. Konfransa Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə üzrə nümayəndələri də qatıldılar. Konfrans fəlakət riskinin azaldılmasının gücləndirilməsinə, onun dayanıqlı inkişafın əsas sütunu kimi ümumiləşdirilməsinin təşviqinə və regional əməkdaşlığın inkişafına yönəldilmişdir.

İki ölkə arasında təhsil sahəsində əlaqələr əməkdaşlığın üstün sahələrindən biridir.  Yaponiya hökuməti, əsasən "Ot Kökləri və İnsan Təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində, Azərbaycanda onlarla məktəb binasının tikintisi və ya əsaslı təmiri layihəsini həyata keçirib. Bu proqram çərçivəsində təhsil infrastrukturunun yaxşılaşdırılması məqsədilə müxtəlif bölgələrdə məktəblər yenidən qurulmuşdur. Bu proqramın həyata keçirilməsində əsas məqsəd təhsil imkanlarının artırılması və məktəblərin infrastrukturunun bərpası olmuşdur. Bu layihələr ölkənin müxtəlif regionlarında, xüsusilə kənd yerlərində icra edilib. Tam qətiyyətlə deyə bilərik ki, Yaponiya Azərbaycanda ən çox məktəb binası inşa və təmir edən dost ölkədir.  

      2025-ciilin mayında 2026-cı il Texnologiya kolleclərində təhsil, bakalavr təhsili, elmi-tədqiqat (tədqiqatçı, magistr və doktorant) üzrə Yaponiya Dövlət Təqaüd proqramı elan olunmuşdu. Yaponiya dövlət təqaüd proqramları vasitəsilə 2025-2027-ci illər üçün Azərbaycanlı gənclərin elmi-tədqiqat sahəsində təhsil alması dəstəklənir.

2026-cı il 5 dekabr tarixində səfir Vatanabe Katsuya, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Uzaq Şərq Dilləri və Ədəbiyyatı kafedrasında açılmış “Yapon dili və  ədəbiyyatı” ixtisasının yaradılmasının 25 illik yubiley mərasimində iştirak etmişdir. Yaradıldığı gündən bəri 200-dən çox məzun yetişdirərək uzun illər boyunca Yaponiya–Azərbaycan münasibətlərinin gücləndirilməsinə töhfə vermiş bu ixtisasa ”Yaponiya Səfiri” Diplomu təqdim olunmuşdur. Azərbaycanın şərq ölkələri üzrə diplomat kadrlarının hazırlanmasında flaqman rolunu oynayan bu fakültədə Regionşünaslıq Yaponiya üzrə ixtisasda hazırda təhsil alır. Fakültədə yapon dilini və ədəbiyyatını tədris edən 1 yapon və 5 yerli müəllim fəaliyyət göstərir. 

Qardaşlaşmış şəhərlər təcrübəsi də öz müsbət bəhrəsini verir. İsmayıllı şəhəri ilə qardaşlaşmış şəhər olan Şizuoka prefekturası İto şəhəri arasında uzunmüddətli mübadilə və Yaponiyanın “Ot kökləri və İnsan təhlükəsizliyi” qrant yardımları vasitəsilə müxtəlif sahələrdə sıx əlaqələr qurulmuşdur. İsmayıllıda “Yapon bağı” da salınmışdır. Həmçinin Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında qurulmuş münasibətlər, Ağdam ilə Hirosima, Şuşa ilə Okayama şəhərləri arasındakı əlaqələr hər iki xalqın bir-birilə yaxınlaşmasına böyük töhfələr verir.  

Tam əminliklə deyə bilərik ki, Yaponiya-Azərbaycan əməkdaşlığı əhatə etdiyi geniş sahələrə, qarşısına qoyulmuş əhəmiyyətli hədəflərə, həyata keçiriləcək layihələrin həcminə və miqyasına görə artıq strateji səviyyəyə yüksəlib. Bu əməkdalıq təkcə Şərqi Asiya və Cənubi Qafqaz regionu ölkələri üçün deyil, eyni zamanda Avrasiya hüdudlarında dinc əməkdaşlığa və iqtisadi dirçəlişə, tərəqqiyə can atan digər ölkələr üçün də faydalı olacaqdır.


Atamoğlan MƏMMƏDLİ, 

BDU-nun dosenti. 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı əldə edilən nəticələr ardıcıl siyasətin bəhrəsidir   

17:39
25 Fevral

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

16:10
25 Fevral

Sabah gündüzdən başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq  

14:24
25 Fevral

Rusiyanın neft və qaz gəlirləri azalır

14:23
25 Fevral

ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır

14:21
25 Fevral

Akkan Suver: Xocalı faciəsi insanlığın üz qarasıdır və gənc nəsillərə unutdurulmamalıdır  

14:19
25 Fevral

Azərbaycandakı dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar  

14:14
25 Fevral

Ötən ay sosial sahə üzrə elektron xidmətlərə 626 min müraciət edilib  

14:00
25 Fevral

Ankarada Xocalı faciəsindən bəhs edən “Haradasınız 13-lər?” kitabının türk dilində nəşrinin təqdimatı olub  

13:57
25 Fevral

Moskvada “Ramazan çadırı” layihəsi çərçivəsində Azərbaycan Respublikası axşamı keçirilib  

13:55
25 Fevral

Kanar adaları yaxınlığında ələ keçirilən kokainlə bağlı Türkiyədə istintaq davam edir  

13:53
25 Fevral

İKTA sədri: Azərbaycanda internetin orta sürəti 150–200 Mbit/s-ə çatıb 

13:43
25 Fevral

Ukrayna Silahlı Qüvvələri Odessa vilayətini dairəvi müdafiəyə hazırlayır  

13:20
25 Fevral

Xanyurdu öz sakinlərini qarşılayır

12:33
25 Fevral

Polşa Prezidentinin ofisindən 140 min dollardan çox pul oğurlanıb  

12:23
25 Fevral

Pakistanda terror aktı: 4 polis həlak olub

12:18
25 Fevral

Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib  

12:15
25 Fevral

Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir

12:03
25 Fevral

Sabah Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq  

11:18
25 Fevral

AMEA: Ramiz Mehdiyevin həqiqi üzvlükdən xaric edilməsi məsələsi qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək  

11:16
25 Fevral

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha

11:09
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!