Prezident İlham Əliyevin "Sülh Şurası" toplantısına dəvət olunması ilə əlaqədar ABŞ-yə səfəri müddətində yerləşdiyi hotelin ətrafında bu ölkədə yaşayan, özlərini "siyasi mühacir" adlandıran vətən xainləri təxribat törətməyə cəhd etdilər. Sözsüz ki, bu, əvvəlcədən planlaşdırılmış, müəyyən qüvvələr tərəfindən hazırlanmış ssenarinin bir hissəsi idi.
Bakı Dövlət Universitetinin kafedra müdiri professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti tək regionda deyil, beynəlxalq aləmdə baş verən siyasi proseslərə təsir göstərə biləcək söz sahibinə malik bir ölkəyə çevrilib: "Azərbaycanın dünyanın ən güclü dövləti olan ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalaması, Münxen Təhlükəsizlik Konfransında Avropanın aparıcı dövlətlərinin Azərbaycanın dünyanın siyasi, iqtisadi proseslərdə olduqca önəmli bir dövlət olduğunu vurğulamaları ölkəmizin diplomatik sahədə olduqca böyük uğur qazanmasının nümunəsidir".
Ekspert qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca düşmən qüvvələr də ölkəmizə qarşı təxribatları aktivləşdirməyə çalışır. Bəzi Qərb dairələri ilə yanaşı, ölkəmizin daxilində də dövlətimizə və dövlət başçımıza qarşı təxribatçı hərəkətlər hazırlayan mərkəzlərin olması şübhə doğurmur. ABŞ-də Erməni Milli Komitəsi ilə sıx əlaqədə olan konqresmen Frenk Pelloni, Avropa Parlamentində Avropadakı erməni lobbisinin əlində oyuncağa çevrilən korrupsioner deputatlar, eləcə də ölkəmizin daxilində Ramiz Mehdiyevin əlaltıları olan Əli Kərimli və digərlərinin hərəkətləri dövlətimizə qarşı yönəlmiş iyrənc planların tərkib hissəsidir. "Əlbəttə ki, xaricdə yaşayan, pula görə dövlətini, xalqını satan bir qrup antimilli ünsürlər də bu oyunda iştirak edən xırda tör-töküntülərdir. Düşmən qüvvələr heç zaman xalq-iqtidar birliyinə zərrə qədər də ziyan vura bilməz. Azərbaycan xalqı müdrik xalqdır və bu xalqın milli maraqları hər şeydən uca tutan güclü, cəsarətli, dünyanın bir çox dövlət və hökumət başçısının böyük Lider adlandırdıqları İlham Əliyev kimi Prezidenti və Ali Baş Komandanı var", - deyə K.Əliyeva əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"