27 Dekabr 2024 08:20
238
SİYASƏT
A- A+
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müəllifi İlham Əliyevdir

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müəllifi İlham Əliyevdir


Şərqlə Qərbin qovuşağında körpü rolunu oynayan Azərbaycanda son illər iqtisadi, siyasi, mədəni, ən nəhayət, insanların sosial şəraitinin yaxşılaşdırılmsına, habelə təhlükəsizliyinə dövlət səviyyəsində zəmin yaradan  layihələr, tədbirlər həyata keçirilir. Ötən əsrin əvvəllərindən bu yana Cənubi Qafqazda, xüsusən də Ermənistanla sərhəd bölgələrində ermənilərin işğalçılıq ənənələrinə son qoyan, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündən sonra noyabrın 8-də  Zəfər qələbəsi ilə başa çatan Vətən müharibəsinin baş qəhrəmanı isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm İlham Əliyevdir. 

Bu tarixi Zəfər işığında işğaldan azad edilmiş bölgələrimizdə bərpa, quruculuq və tikinti işləri, eləcə də Qarabağa Böyük qayıdış geniş vüsət alıb. Qısa müddət ərzində 2444 ailə - 9458 nəfər doğma yurduna geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 268 ailə (987 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 237 ailə (912) Cəbrayıl şəhərində, Xocalı rayonunun Ballıca kəndində 27 ailə (152 nəfər) məskunlaşıb və bu qayıdış davam edir. Yeni il ərəfəsində onlarla qarabağlı təqvim yenilənməsini öz doğma yurd-yuvalarında qeyd edəcək. 

Ötən əsrin müəyyən dövrlərində Qərbi Azərbaycandakı  dədə-baba yurdlarından zorla qovulmuş, deportasiyalara məruz qalmış insanlar da belə bir günü həsrətlə gözləyirlər. Xalqımız, xüsusən də vaxtilə respublikamızın bölgələrinə, kənd və qəsəbələrinə pənah aparmış qərbi azərbaycanlılar bu problemin reallığa çevrilməsində - tarixi ədalətin bərpa olunmasına və tapdanmış hüquqlarına yardımçı ola biləcək bir liderə - Prezident, Ali Baş Komandan İlham Əliyevə ümid bəsləyirlər. 

44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda qazanılmış zəfərdən sonra dövlət başçısının məqsəd və məramı qərbi azərbaycanlıların doğulub boya-başa çatdıqları kənd, qəsəbə, şəhərlərə qayıdışını təmin etmək, soydaşlarımızı  öz doğma yurd-yuvalarına qovuşdurmaqdır. Cənab İlham Əliyev bunun üçün Qərbi Azərbaycan ziyalılarını, ağsaqqal və ağbirçəklərini bir araya gətirən Qərbi Azərbaycan İcmasının yaradılmasını gündəmə gətirmişdi. Prezidentin tapşırığına əsasən,  əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və "Qarabağa dönüş" İctimai Birliyinin yerləşdiyi  bina icmanın istifadəsinə verildikdən sonra əsasən təmir edilmiş, zəruri avadanlıqlarla təchiz olunmuşdu. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. 

2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdür. Səmimi keçən bu görüş zamanı dövlət başçısı nəinki Qərbi Azərbaycandan olan qaçqınların,  bütün dünya azərbaycanlılarının ürəyində illərlə qövr edən nisgilə, istəyə toxunaraq demişdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı ilk dövrdən dünya siyasətində fəal rol oynayır.  Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi üçün böyük uğurdur. Sözügedən müraciətin BMT rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə bu məsələ barədə xəbərdar olub. İlham Əliyevin ideyalarına dəstək kimi respublikamızın rayon mərkəzlərində və kəndlərində icmanın özəkləri yaradılıb. Bu ilin oktyabr ayında "Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar" İctimai Birliyi fəaliyyətə başlayıb. Birliyə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Abdullayev rəhbərlik edir.  Özbəkistanda yaşayan,  əslən Qərbi Azərbaycandan olan Vidadi Qurbanov,  İlham Abdullayev, Qalib Müslümov və digərləri Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı yürütmüş olduğu siyasəti tam dəstəkləyirlər, onların dünyanın harasında yaşamasından asılı olmayaraq, öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrinin vacibliyini yüksək dəyərləndirirlər. Qonşu və qardaş ölkə olan Türkiyədə bu gün təxminən 1,5 milyon nəfərdən çox qərbi azərbaycanlı yaşayır. Qərbi Azərbaycan İcmasının  ideya xəttini və  fəaliyyətini dəstəkləyən Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisinin açılışı olub. Türkiyənin dövlət rəsmilərinin, vilayət rəhbərliyinin, ziyalıların və İzmirdə yaşayan azərbaycanlıların iştirakı ilə təşkil olunan mərasimdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. 

Xatırladaq ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatdırılmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar.

Qərbi Azərbaycan İcması 1988-1991-ci illərdə indiki Ermənistandan qovulmuş 50 mindən çox ailənin yarıdan çoxuna dəymiş ziyanı hesablamış, hazırda bu işlər dəqiqliyi ilə davam etdirilir. Yerlərdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdə Ermənistandan zorla qovulan hər bir ailə üzvü və sənədləri ilə maraqlanır, icmanın Qayıdış Konsepsiyasının qayda və tövsiyələri ilə onları tanış edirlər. Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılır. Artıq 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması üzərində də ciddi iş aparır. Xatırladaq ki, sovet dönəmində erməni daşnakları məqsədli şəkildə mədəniyyətimizin, zəngin irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya ermənilərə mənsub olduğunu iddia etməyə çalışıblar. Eyni zamanda ermənilər tərəfindən azərbaycanlıların mənfi obrazının formalaşdırılması cəhdləri də unudulmayıb. 

Xalqımıza qarşı soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilib və tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində törədilib. 1905-ci ildən intensivləşməyə və açıq forma almağa başlamış bu soyqırımı siyasəti Azərbaycanın qərb hissəsində xüsusilə amansız həyata keçirilib. Ermənistan ordusu 1918-1920-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə aparıb.

Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başlamışdır. 1948-1952, 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda Ermənistan adlanan ərazidə bir nəfər də olsun azərbaycanlı qalmayıb və azərbaycanlılara məxsus mədəni irs tamamilə dağıdılıb.

Ermənistan beynəlxalq öhdəliklərinə rəğmən irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur, soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirir, Njdeizm kimi irqçi ideologiyanı dövlət səviyyəsində təşviq edir. QAİ-nin verdiyi bəyanatlarda dəfələrlə xüsusi vurğulanıb ki, biz Ermənistandan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməyi və barışıq naminə zəruri addımları atmağı tələb edirik. Ermənistan hökuməti qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir.

Erməni silahlı qruplaşmalarının 106 il bundan öncə Bakıda martın əvvəllərindən başlayaraq Azərbaycanın müxtəlif bölgələrində yerli müsəlman əhaliyə qarşı həyata keçirdikləri çoxsaylı soyqırımı aktı 1988-1991-ci illərdə, eləcə də 30 il işğal altında saxladıqları Qarabağ bölgəsində də həyata keçirilmişdir. 

Qərbi Azərbaycan İcmasının fəaliyyəti dünyanın seçilən dövlət başçılarının, tanınmış politoloqların və mətbuat təmsilçilərinin maraq dairəsindədir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədən də görmək mümkündür. Müsahibə zamanı bu həssas məsələdən bəhs edərkən İlham Əliyev demişdir: "... Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

- Artıq Ermənistana?

- Artıq Ermənistana. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq, hələ də sağalmayıb. Yəni bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir".  

Görünən odur ki, Qərbi Azərbaycandan deportasiya olunmuş insanların varislərinin bir araya gələrək Qərbi Azərbaycan İcmasını təsis etmələri tarixi bir hadisədir. Bu icmanın yaradılmasının təşəbbüskarı olan dövlət başçısının ona diqqət və qayğısı daim hiss olunmaqdadır. Erməni terroru nəticəsində uzun illər boyu öz doğma torpaqlarından uzaq düşmüş insanlar nə vaxtsa öz yurdlarına qayıdacaqlarına və hüquqlarının bərpasına böyük inam bəsləyirlər. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Xorvatiyada ehtiramla anılıb  

00:08
28 Dekabr

Avstriya Parlamentinin üzvü təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyinə baş çəkib  

00:08
28 Dekabr

Bosniya və Herseqovinada təyyarə qəzası qurbanlarının xatirəsi anılır

23:28
27 Dekabr

Qazaxıstanın ictimai xadimləri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Astanadakı səfirliyinə baş çəkiblər  

23:27
27 Dekabr

Qazaxıstanda Aktauda qəzaya uğrayan təyyarə qurbanları üçün qanvermə aksiyaları keçirilib  

23:25
27 Dekabr

Azərbaycanın Polşadakı səfirliyində matəm günü ilə bağlı başsağlığı kitabı açılıb

23:23
27 Dekabr

Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib

23:20
27 Dekabr

Pedaqoji Universitetdə Aktau faciəsinin qurbanları anılıb

23:19
27 Dekabr

Təyyarə qəzası qurbanlarının xatirəsi UNESCO-da anılır

23:16
27 Dekabr

“AZAL”ın təyyarəsinin qəzası ilə əlaqədar Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb

23:15
27 Dekabr

Vinisius “Globe Soccer Awards”a görə ilin ən yaxşı futbolçusu seçilib  

23:13
27 Dekabr

SN: Vyanada bazarda terror aktı planlaşdıran əfqan saxlanılıb  

22:21
27 Dekabr

Türkiyəli idman mütəxəssisləri ölkəmizdə səfərdədir  

22:10
27 Dekabr

"Suzuki"yə təxminən 50 il rəhbərlik edən Osamu Sudzuki 94 yaşında vəfat edib

21:17
27 Dekabr

Almaniya Prezidenti parlamenti buraxıb və yeni seçkilər təyin edib

21:16
27 Dekabr

Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq

21:15
27 Dekabr

“Olimpiya dünyası” qəzeti ilin ən yaxşılarını seçdi  

21:12
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Fələstində ehtiramla yad edilir

21:01
27 Dekabr

Təyyarə qəzasının qurbanları Tacikistanda anılıb

20:59
27 Dekabr

Azərbaycanın Batumidəki baş konsulu Acarıstan MR Ali Şurasının sədri ilə görüşüb

20:59
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Özbəkistanda anılıb

20:57
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!