Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının (MR) Ali Şurasının sədri David Qabaidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ali Şuranın sədri “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.
Baş konsul bu ağır gündə dərdimizə şərik olduğuna görə qarşı tərəfə minnətdarlığını bildirib, həmçinin baş konsulluğun inzibati binasında hadisə ilə əlaqədar başsağlığı kitabının açıldığını qeyd edib.
Söhbət zamanı müxtəlif sahələr üzrə münasibətlərin inkişafı fonunda parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. F.Əzizov deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Dövlət və hökumət başçılarımızın dostluğu ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır.
Naxçıvan və Batumi şəhərlərinin qardaşlaşmış şəhər olmasından məmnunluqla söhbət açılıb. Ali Şuranın sədri Batumi Şota Rustaveli Dövlət Universitetində Naxçıvanın və Heydər Əliyevin adları verilmiş otaqların fəaliyyət göstərdiyini qeyd edib. Gələcəkdə iki şəhər arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və bu baxımdan qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.
Görüşdə 2025-ci ildə ölkələrimiz arasında iqtisadiyyat, logistika, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verilib. Batumi şəhərində il ərzində biznes-forum və sərgilərin keçirilməsinin mümkünlüyü bildirilib.