"Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması və ağır nəticələri ilk anlardan dövlətimizin xüsusi diqqətindədir. Möhtərəm Prezident faciə ilə əlaqədar MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün Rusiya Federasiyasına etdiyi səfərini yarımçıq qoyaraq ölkəyə dönmüş, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Aktau şəhərində təyyarənin qəzaya uğraması ilə bağlı müşavirə keçirmişdir. Dövlət başçısının sərəncamı ilə Baş nazirin rəhbərliyi altında qəzanın səbəblərinin tam, hərtərəfli, obyektiv araşdırılması üçün Dövlət Komissiyası yaradılmış və dekabrın 26-sı ölkədə birgünlük matəm elan edilmişdir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, aidiyyəti Dövlət Komissiyası hazırda tam gücü ilə fəaliyyətdədir, dövlətimizin və vətəndaşlarımızın maraq və mənafelərinin hərtərəfli müdafiəsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Lakin təəssüflə müşahidə etməkdəyik ki, Azərbaycanın artan güc və imkanları qarşısında aciz duruma düşən ayrı-ayrı subyektlər və onların Azərbaycandakı uzantıları Bakı-Qroznı təyyarəsində yaşanan faciəni fürsətə çevirərək ölkəmiz əleyhinə istifadə etməyə cəhd göstərirlər. Xüsusən təyyarə qəzasını Azərbaycanın quru sərhədlərinin müvəqqəti olaraq vətəndaşların gediş-gəlişi üçün bağlı qalması ilə əlaqələndirməyə, bu prosesdə qeyri-sağlam məntiqə əsaslanan tezislər tirajlamağa çalışırlar. VII çağırış Milli Məclisin ilk iclasındakı tarixi nitqində Prezident İlham Əliyev bəyan etmişdi ki, quru sərhədlərimizin vətəndaşların gediş-gəlişi üçün hələ də bağlı qalması müəyyən çətinliklər yaratsa da, bugünkü geosiyasi vəziyyətdə daxili təhlükəsizliyi təmin etmək üçün yeganə düzgün addımdır. "Həqiqətən də, qütblərarası ziddiyyətin dərinləşməsi fonunda dəyişməz reallıqdır ki, dünyanın bölünməsi və ayırıcı xətlərin daha da dərinləşməsi prosesi sürətlə davam edir. Özlüyündə mürəkkəb bölgə olan Cənubi Qafqazı gərginlik ocağına çevirmək niyyəti qarşısında əsas sədd kimi isə Azərbaycan və cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr çıxış etməkdədir. Nəticədə dörd bir yanımızda qanlı toqquşmalar yaşandığı halda, Cənubi Qafqaz qütblərin toqquşma platformasına çevrilib. Xalq-iqtidar birliyi dövlətimizin iqtisadi-siyasi cəhətdən tam suverenliyi, enerji müstəqilliyimiz, ələlxüsus Qarabağ Zəfərindən sonra artan imkanları Azərbaycana bölgədə öz gündəliyini diktə etməyə, regionda həyata keçirilməsinə cəhd olunan təcavüzkar planlara qarşı qəti mövqe sərgiləməyə və bu prosesdən qalib kimi çıxmağa, nəticədə Azərbaycana regionda sabitləşdirici faktor kimi hərəkət etməyə imkan verir. Təsadüfi deyil ki, möhtərəm Prezidentin ötən ilin 10 may tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa Şuşadan müraciətində də qeyd etdiyi kimi, "dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan isə sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir", - deyə deputat əlavə edib.
Siyasətçi qeyd edib ki, Azərbaycanın sabitlik adası kimi mövqeyinin qorunması dövlətimizin quru sərhədləri ilə bağlı yanaşmasının birmənalı şəkildə zərurətdən doğduğunu bir daha göstərir, eyni zamanda bizim güc və imkanlarımızın inikasıdır. Təbii ki, bütün təhdidlərə adekvat reaksiya qabiliyyətinə malik qüdrətli Azərbaycan bölgədə qeyri-adekvat maraqları olan güclər üçün arzuolunan deyil. Özünü qlobal ombudsman kimi aparmağa cəhd edən güclərin ölkəmizin artan imkanları fonunda bizdən əl çəkməyəcəkləri aydın idi. Təəccüblü deyil ki, dünya bazarında neftin ucuzlaşmasına və bununla da ölkənin iqtisadi qabiliyyətinin zərər görməsinə, yaxud Vətən müharibəsi və antiterror tədbirlərində, eləcə də aralıq əməliyyatlarda şəhid xəbərlərinə sevinən zehniyyət bu faciə fonunda da danışmağa söz tapdıqları üçün sevinc içindədirlər. Artıq iki gündür ki, antimilli ünsürlər və onların trolları faciəni quru sərhədlərin bağlı qalması ilə əsaslandıraraq dövlətin özünü doğrultmuş təhlükəsizlik konsepsiyasını zədələməyə çalışırlar, çünki yaxşı başa düşürlər ki, nə qədər ki Azərbaycan güclüdür, nə qədər ki milli iradə hakimiyyətdədir, bunlar kimi kənardan idarə olunan marionetlərə dövlətin idarəçiliyində və cəmiyyətin siyasi həyatında yer yoxdur. Əslində, bu ünsürlər üçün nə vətəndaş, nə də faciənin o qədər də önəmi var, bu qruplar üçün vacib xaricdən aldıqları tezislər əsasında dövlətin müdafiə və təhlükəsizlik qabiliyyətini zəiflətməyə çalışmaq və bu məqsədlə faciə qurbanları üzərindən onları öz çirkin niyyətlərinə alət etməklə oyun qurmaqdır ki, nə qüdrətli dövlətimiz, nə də müdrik Azərbaycan xalqı buna imkan verər.
B.Məhərrəmov vurğulayıb ki, təyyarə qəzası və faciənin nəticələri ilə bağlı proseslərin gedişatı şəxsən Prezidentin nəzarətindədir: "Cənab İlham Əliyevin özünün də ifadə etdiyi kimi, dövlət başçımız MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa yollanarkən uçuş zamanı faciə ilə bağlı məlumatı alan kimi səfərini təxirə salaraq Bakıya dönüb, hələ havada ikən göstəriş verərək Baş nazirin rəhbərliyi ilə komissiya yaradıb, eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət yüksəksəviyyəli heyəti qəzanın baş verdiyi Aktau şəhərinə ezam edib. Eləcə də Azərbaycan həkimlərindən ibarət briqadaların Aktauya ezam olunması ilə bağlı göstəriş verib. Yəni bu gün hər bir vətəndaş əmin ola bilər ki, faciənin səbəbləri araşdırılır və sonda gəlinən nəticələrə müvafiq olaraq bütün lazımi tədbirlər görüləcək. Azərbaycan xalqının və dövlətinin maraqları arasında heç bir ayırıcı xətt olmadığına görə psevdovətənpərvərliyə, o cümlədən "Google" axtarış sistemi hesabına uçuş təhlükəsizliyi eksperti kimi davranan sosial media özfəaliyyətinə, habelə vəziyyəti süni surətdə gərginləşdirəcək digər addımlara lüzum yoxdur. Cənab Prezidentin müşavirədə də ifadə etdiyi kimi, müxtəlif versiyalar var və məsələlər araşdırılmadan hadisə barədə qəti fikir söyləmək hələ tezdir".
Deputat xatırladıb ki, hazırda Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və Azərbaycan ictimaiyyəti dövlət başçısının göstərişinə müvafiq olaraq komissiyanın işinin nəticələri, habelə cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılır və məlumatlandırılacaq.
Prezident İlham Əliyevin liderliyində dövlət maraqlarını və vətəndaşların mənafelərini hansı səviyyədə və hansı səpkidə lazımdırsa, qorumağa qadirdir. Heç kim unutmamalıdır ki, Azərbaycanı ucuz açıqlamalar verən hansısa psevdovətənpərvərlər yox, məhz mövcud siyasi iradə qalib dövlətə çevirib. Bu mənada, cari məsələdə də dövlətin mövqeyi ilə hesablaşmaq birmənalı şəkildə zərurətdir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"