Dekabrın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kollegiya iclası dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş şəxslərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbir dilənib, xəsarət alan şəxslərə isə tezliklə şəfa tapmaları arzulanıb.
Baş prokuror Kamran Əliyev çıxışında bildirib ki, təyyarə qəzasının baş verməsindən dərhal sonra Prezident İlham Əliyevin göstərişi əsasında hadisə yerinə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və qəza nəticəsində xəsarət almış vətəndaşlarımıza təxirəsalınmaz və ixtisaslaşmış tibbi, habelə psixoloji yardımın göstərilməsinin təmini məqsədilə zəruri tibbi avadanlıqlarla təchiz olunmuş həkim heyəti ezam olunub, hadisənin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Həmçinin ölkə rəhbəri tərəfindən xəsarət almış vətəndaşlarımızın ölkəmizə təxliyə edilməsi, onların ölkəmizdə müalicəsinin davam etdirilməsi məqsədilə zəruri şəraitin yaradılması, həlak olmuş şəxslərin nəşlərinin gətirilməsi, zərərçəkmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilməsi barədə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, məlumat verilib ki, hadisə baş verdikdən sonra Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb və hazırda İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Bundan əlavə, aidiyyəti dövlət qurumları, habelə Qazaxıstan Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikasının prokurorluq orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və qısa müddət ərzində bu istiqamətdə konkret nəticələrin əldə edilməsi təmin olunacaq.
Diqqətə çatdırılıb ki, cari ildə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri də davam etdirilib, Ağdam, Cəbrayıl, Zəngilan və Şuşada ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulub, çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin, o cümlədən Qarabağ Universitetinin açılışı olub. Sevindirici haldır ki, bütün bu işlər dövlətimizin öz maddi imkanları hesabına həyata keçirilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Laçın, Füzuli, Şuşa, Cəbrayıl və Zəngilan rayonlarına sakinlərin bir qisminin köçürülməsi və onların yaşayış evləri, mənzillərlə təmin edilməsi uğurla həyata keçirilib.
Daha sonra vurğulanıb ki, 2024-cü ildə ölkəmiz, həmçinin bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Belə ki, cari ilin noyabr ayında Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək səviyyədə keçirilib. İllərdən bəri qəbulu uzanan bir sıra mühüm qərarların, o cümlədən iqtisadiyyatı zəif dövlətlərə iqlim dəyişikliyi ilə bağlı mübarizəyə dəstək verilməsi üçün 2030-cu ilədək 300 milyard vəsaitin ayrılması ilə bağlı qərarın yekdilliklə qəbul edilməsi bu tədbirə tarixi əhəmiyyət bəxş edib. Həmin tədbir çərçivəsində noyabrın 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə COP29 Sədrliyinin təşəbbüslərindən (Presidency initiative) biri olan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksəksəviyyəli iclas keçirilib.
Bundan əlavə, Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cari il sentyabrın 27-dən oktyabrın 2-dək 170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə Bakı şəhərində yüksək peşəkarlıqla təşkili və keçirilməsi təmin edilib. Çıxışda, həmçinin ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü bildirilib.
Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin edildiyi diqqətə çatdırılıb. Bundan əlavə, Kamran Əliyev qeyd edib ki, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində ümumilikdə 2548 epizod üzrə ittiham olunan Qukasyan Arkadi Arşaviri, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki və qeyriləri olmaqla, 15 nəfər barəsində istintaq olunmuş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin iş üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı tədbirlərin icrası qanunla müəyyən edilmiş qaydada icra olunacaq.
Eyni zamanda, Baş prokuror tərəfindən Kollegiya iclasında 2025-ci ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarının qarşısında duran digər mühüm məsələlər, o cümlədən 2025-ci il mayın 19-23-də Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin Korrupsiyaya qarşı mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsinin (GLoBE) rəhbər komitəsinin iclasının və altıncı plenar sessiyasına hazırlıq işlərinin görülməsi və həmin beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinin təşkili barədə müvafiq tapşırıqlar verilib.
İclasda, həmçinin Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, 2024-cü ildə keçirilmiş beynəlxalq tədbirlərlə bağlı görülmüş işlər və növbəti ildə keçiriləcək beynəlxalq tədbirlərlə əlaqədar qarşıda duran vəzifələr barədə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov məruzələrlə çıxış ediblər.
Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda Kollegiyanın qərarı ilə bir sıra məsələ üzrə qərarlar qəbul olunub.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqımızın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.