Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı müşavirə keçirilib.
AZƏRTAC “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, o, bir daha həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib, bir neçə gün əvvəl Manqistau vilayətində təyyarə qəzası nəticəsində həlak olanlar arasında Qazaxıstan vətəndaşlarının da olduğunu xatırladıb.
Kasım-Jomart Tokayev vurğulayıb ki, təbii fəlakət zamanı fövqəladə hallar xidmətləri ahəngdar və operativ hərəkət ediblər.
“Biz qəzanın daha ciddi nəticələrinin qarşısını ala bildik və bir çox insan həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə həyata keçirilib. Hadisə ilə bağlı hərtərəfli məlumat operativ şəkildə ictimaiyyətə çatdırılıb. Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülürdülər. Bir çox soydaşlarımız Azərbaycan səfirliyinin binası önünə gül dəstələri qoyublar. Bu reaksiya həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılıb. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin, könüllülərimizin fədakar əməyinin şahidi oldu. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya, Qırğızıstan vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş ən fərqlənən vətəndaşların dövlət mükafatlarına təqdim olunmasını hökumətə tapşırıb.
Dövlət başçısı hökumət komissiyasına xəsarət almış əcnəbi vətəndaşlara bütün zəruri tibbi və psixoloji yardımın göstərilməsini təmin etməyi, habelə həlak olan Qazaxıstan vətəndaşlarının doğmalarına xüsusi diqqət yetirməyi tapşırıb.
Hökumət Komissiyasına və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək tapşırılıb.
Qazaxıstan Prezidenti informasiya təxribatlarının və saxtakarlıqların qarşısının alınmasının vacibliyini qeyd edib. Bundan əlavə, o, bütün ölkə üzrə aviasiya təhlükəsizliyinin vəziyyətinin diqqətlə öyrənilməsinin vacibliyini bildirib.