Türk dövlətləri arasında münasibətlərin inkişafında avqust ayında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri mühüm rol oynadı. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Əfqanıstanla həmsərhəd, əhalisinin sayına, təbii sərvətlərinə, sənaye potensialına görə açar ölkə olan Özbəkistanla əməkdaşlıq bütün baxımlardan əhəmiyyətlidir. Azərbaycan da Özbəkistan üçün Qərbə çıxmaqda vacib ölkədir. Qardaş ölkənin məhsulları Azərbaycandan keçərək dünya bazarlarına çıxır.
Türk Dövlətləri Təşkilatına dair Prezident İlham Əliyevin strateji baxışları
Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri zamanı keçirilən danışıqlar, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar böyük tarixi əhəmiyyət daşıyırdı. Prezidentlərin "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalamaları bütün digər sahələrdə olduğu kimi, müdafiə və təhlükəsizlik sahələrində də bərabər hərəkət etməyə beynəlxalq hüquqi əsas verdi.
Özbəkistan tərəfindən Xankəndidə yüngül sənaye müəssisəsinin inşa edilməsi və açılması təkcə iqtisadi məsələ deyildir. Şübhəsiz, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə gördüyü digər dirçəliş işləri kimi, bunu da özü görə bilər. Amma Özbəkistanın belə bir qərarı qardaşlıq nümunəsi, digərlərinə örnək, bədxahlara isə bir işarədir. Əsrlər ötəcək, belə işlər qardaşlığımızı daha da möhkəmləndirəcəkdir. Bu mövqeyini Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya dövlət başçılarının avqust ayında keçirilən görüşündə də bəyan etdi. Dövlət başçısının bu və bundan əvvəlki görüşə dəvət edilməsi bilavasitə şəxsi nüfuzu, ona olan hörmət və ehtiramla bağlı idi. Prezidentin həcm etibarilə kiçik, lakin məzmun və mahiyyətinə görə dərin olan nitqində vurğuladığı bir neçə məsələ Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin bu günü və gələcəyi baxımından böyük əhəmiyyət daşıyırdı. Azərbaycan xalqını Mərkəzi Asiya xalqları ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Təməlləri möhkəm olan bu kökləri qoparmaq mümkün deyildir. Nitqində Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələrini artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni, coğrafi region kimi qiymətləndirdi. Bu isə dünyanın ürəyi hesab edilən Avrasiyada gedən proseslərdə qardaş və dost dövlətlərin rolunun artırılmasına yönəlmiş aydın siyasətin olduğunu göstərirdi. Prezidentin nitqində işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə qardaş Özbəkistan, Qazaxıstan və Qırğızıstanın dəstək vermələrinin vurğulanması təkcə birliyin nümayişi deyil, eyni zamanda dünyaya bir mesaj idi. O deməkdir ki, türk dünyası birdir, bir yerdədir, Türk Dövlətləri Təşkilatını parçalamaqdan, zəiflətməkdən ötrü aparılan açıq və gizli fəaliyyətlər nəticə verməyəcəkdir. Nəhayət, nitqində Prezidentin dünyada artan təhdid və çağırışların olduğu bir şəraitdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etməsini səsləndirməsi qarşılıqlı münasibətlərin yeni keyfiyyət mərhələsinə keçirilməsini zəruri edir. Bu istiqamətdə artıq bir neçə addım qardaş Qazaxıstanla atılıb, "Birləşdik-2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçirilib, Mərkəzi Asiyadan olan gənclər Azərbaycanın hərbi məktəblərində təhsil alırlar.
Türk Dövlətləri Təşkilatına dair Prezident İlham Əliyev strateji baxışlarını noyabr ayında Qırğızıstanın paytaxtı Bişkekdə Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki nitqində də bəyan etdi. Bildirdi ki, Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatının güclənməsinə bundan sonra da qətiyyətlə çalışacaqdır. Dünyada təhlükələr artdığından müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində türk dövlətlərinin əməkdaşlığı, Silahlı Qüvvələrin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi bütün türk dünyasının maraqlarına uyğundur. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən keçməklə daşımaların həcminin artması Azərbaycanın və bütün türk dövlətlərinin dünyada yerini möhkəmləndirir. Bu, Azərbaycanın Türküstan və Türkiyə arasında əməkdaşlıqda etibarlı körpü rolu oynadığını göstərir.
İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin görülməsi Azərbaycanın qüdrətindən xəbər verməklə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzi türk birliyinin nümunəsidir. Türk dünyası daim Azərbaycanın yanındadır.
Müharibə zamanı ədalətsiz mövqe tutanlar Prezident İlham Əliyevin əlini sıxmağa tələsirlər
44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycana təzyiq etməyə cəhd göstərənlərin, təcridçilik siyasətindən danışanların fevral ayında Münhendə keçirilən təhlükəsizlik konfransında Prezident İlham Əliyevin əlini sıxmaq üçün növbə gözləmələri qürurverici idi. Bu, bir zamanlar türk millətinin istiqlal savaşında onu məhv etmək istəyən, lakin məğlub olan ölkələrin rəhbərlərinin Mustafa Kamal Paşa ilə görüşməyə can atmalarına bənzəyirdi.
Londonda Avropa Siyasi Birliyinin iyul ayında keçirilən 4-cü Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərin, söhbətlərin hamısı, xüsusən Almaniyanın federal kansleri Olaf Şolts və Böyük Britaniya və Şimali İrlandiya Krallığının Kralı Çarlz Filip Artur Mauntbatten-Vindzorla söhbətin mənası daha dərin idi. Olaf Şoltsla ona görə ki, Avropa İttifaqının üzvü, G7-nin cərgəsində olan, Vətən müharibəsinə yanaşmada ədalətsiz mövqe tutan bu şəxs idi.
G7-nin sıralarında olan, Azərbaycanın haqq işini müdafiə edən, Azərbaycanı özünə köhnə, sınanmış dost hesab edən Britaniya Kralının söhbətinə bir çoxu həsəd apara bilərdi. Sammitdə iştirakı və keçirilən görüşləri ilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, dövlətin qüdrəti təkcə ərazisinin böyüklüyü və əhalisinin sayının çox olması ilə ölçülmür, milləti və dövləti böyük, başını uca edən və qələbələrə aparan rəhbərin zəkası və bacarığıdır.
Dünya mediası gerçəkləri Prezidentin dilindən eşidir
Məlumdur ki, dünyada yalan informasiyalar baş alıb gedir, onların düzgünlüyünü yoxlamaq zaman aparır, uydurmalara bəzi insanlar inanır, mənfi təsirləri çox olur. Xüsusən dövlətlər arasında rəqabətin artdığı, süni intellektdən istifadənin genişləndiyi bir zamanda yalanlar daha da çoxdur. Prezident İlham Əliyevin Azərbaycan gerçəklərini müstəsna ustalıqla dünyaya çatdırmasında Şuşada iyulun 23-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 50 ölkədən media nümayəndəsinin iştirakı ilə keçirilən 2-ci Şuşa Qlobal Media Forumu əhəmiyyətli oldu.
"Euronews" televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthamın moderatorluğu ilə keçirilən forumda Prezident İlham Əliyevin verilən suallara cavabları çoxlu məsələlərə həm aydınlıq gətirdi, həm də yalan informasiya yayanlara bir dərs oldu. Prezidentin giriş nitqində dediyi üç fikir yaranmış yeni reallıqlardan və Azərbaycanın artan rolundan xəbər verirdi. Birincisi, Cənubi Qafqaz regionunda tarixi, geosiyasi dəyişikliklər baş verir, ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Bu o deməkdir ki, əvvəllər hökm edənlər artıq sıradan çıxır, Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzi kimi yaranır və digər ölkələrlə uğurlu əməkdaşlıq formaları qurulur. İkincisi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı Azərbaycan cəmiyyəti olduqca nikbindir, bu, müvəffəqiyyətə nail olmaq üçün əsas amildir. Bilindiyi kimi, nikbinlik öz-özündən yaranmır. Bu nikbinlik onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti uzun illər can atdığı məqsədlərin artıq reallığa çevrildiyini görüb. Üçüncüsü, hər bir ölkədə rahatlıq və təhlükəsizlik vacib amildir. Bu gün Azərbaycan rahat və təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir.
Qonşularla bərabərhüquqlu münasibətlərin davam etdirilməsi
Prezident İlham Əliyev qonşu dövlətlərlə bərabərhüquqlu münasibətləri uğurla davam etdirir. Belə qonşu və dost ölkələrdən biri Gürcüstandır. İrakli Kobaxidzenin Gürcüstanın Baş naziri vəzifəsində ilk xarici səfərini mart ayında Azərbaycana etməsi göstərdi ki, Azərbaycan Gürcüstanın xarici siyasətində ən vacib ölkələrdən biridir. İki dost, qardaş, mehriban qonşular kimi həyata keçirdikləri enerji, nəqliyyat layihələri ilə Avrasiya üçün önəmli ölkələrə çevrilən Azərbaycan və Gürcüstan daim bir-birinin yanındadırlar. Gürcüstan Azərbaycanın Qərbə, Azərbaycan da Gürcüstanın Şərqə açılan qapısıdır. Bu ölkənin müstəqilliyi Azərbaycanın dövlət müstəqilliyi qədər vacibdir.
Azərbaycan Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizliyin olmasında maraqlıdır. Prezident İlham Əliyev Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq belə müdaifə etdi: "Bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir".
Rusiya ilə bərabərhüquqlu mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlı olan Prezident İlham Əliyevin aprel ayında Moskvada Prezident Vladimir Putinlə təkbətək görüşü tarixi yaddaş baxımından önəmli idi. Görüş Rusiya və bir sıra ölkələr üçün strateji əhəmiyyət daşıyan Baykal-Amur magistralının açılışının 50 illiyinə tən gəlirdi. Hələ XX əsrin 20-ci illərinin sonlarından sovet dövləti BAM-ın tikintisinə nə qədər çalışmışdısa, hətta məhkumları bu işə cəlb etmişdisə, on minlərlə insan bu yolda həyatlarını itirmişdilərsə də, nəticə hasil olmamışdı. Bu iş yalnız Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi altında başa çatdırılmışdı.
Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına mane olan və ya ola biləcək prinsipial amillər (vaxtilə işğalçıya yardım edilməsi, qoşunların ərazimizdə olması və s.) aradan qaldırılıb, onlar işlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə əsasında qururlar.
Prezident Vladimir Putinin avqust ayında Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyevlə görüşü, danışıqlarda müzakirə edilən məsələlər və imzalanan sənədlər qarşılıqlı münasibətlərin yüksək səviyyəsini göstərdi. Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti ayırıcı, intriqalar yaradan deyil, birləşdirici, əməkdaşlığa cəlb edən gücdür. Azərbaycan Rusiya ilə mehriban qonşuluq münasibətlərinin daim tərəfdarı olub, bundan ötrü özündən asılı olanları edib. Hazırda şimal qonşu ilə qarşılıqlı müttəfiqlik münasibətləri mövcuddur. Heç bir zaman qonşulara qarşı digər ölkələrin əlində alət olmayan, yalnız milli maraqlara əsaslanan siyasət yürüdən Azərbaycanın Rusiyada, Rusiyanın da Azərbaycanda geniş maraqları vardır. Təcrübə göstərir ki, Cənubi Qafqazda şərait bir çox halda Azərbaycan və Rusiya arasında münasibətlərin səviyyəsindən asılıdır. Birgə mətbuat konfransında Prezident İlham Əliyevin dediyi aşağıdakı fikirlər qarşılıqlı münasibətlərdə keçilən yolu, mövcud vəziyyəti və perspektivləri özündə əks etdirir: "Biz eyni zamanda məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox halda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır".
Mədəniyyət yeni hədəflərin xidmətində: Aşıq Ələsgərin abidəsinin açılışı
Dövlətimizin bir indiki coğrafi-siyasi sərhədləri var, bir də tarixi torpaqlarımız. Vaxtilə vəhşicəsinə deportasiya olunan azərbaycanlıların tarixi torpaqlarına - Qərbi Azərbaycana dinc qayıdışını yeni mərhələdə milli hədəf kimi müəyyənləşdirən Prezident İlham Əliyevin bir sıra fəaliyyətləri örnəkdir. Xankəndidə bayrağımızı ucaltmaqla dövlət başçısı millətdə bütün tarixi torpaqlarımıza qayıtmağa inam hissi yaradıb və bu ideyanın müəllifidir. Uzun illər boyu ərazimizdə oynanılan "futbol topu" müstəqillik tarixində ilk dəfə olaraq coğrafi-siyasi sərhədlərimizdən kənara çıxarılaraq tarixi torpaqlarımıza - konkret olaraq Qərbi Azərbaycana atılıb. Yeni şəraitdə bütün azərbaycanlıların vahid amal, milli hədəf uğrunda birləşməsinin düsturunu Aşıq Ələsgərin abidəsinin açılışı mərasimindəki nitqində Prezident İlham Əliyev aşağıdakı kimi ifadə etdi: "Bu gün qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".
Bu, sadəcə abidə açılışı deyil, müəyyənləşdirilmiş hədəfə çatmaqda vasitələrdən biri idi. Xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını söyləyən dövlət başçısı dedi: "1918-ci ildə birinci, 1940-1950-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar".
Zəfər parkı
Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri millətdəki məğlubiyyət psixologiyasını aradan qaldırması, qalibiyyət hissini aşılaması, başını dik tutaraq gəzməsi düsturunu verməsidir. Qalibiyyət duyğusunu gələcək nəsillərə ötürmək üçün tariximizdə ilk dəfə olaraq Bakıda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, oğulları Heydər Əliyevin iştirakı ilə noyabrın 8-də Zəfər parkı açıldı. Açılış mərasimində etdiyi nitqində dövlət başçısı 44 günlük Vətən müharibəsini Azərbaycan millətinin şanlı tarixi kimi qiymətləndirərək həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanının döyüş meydanında alındığını, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edildiyini vurğuladı. Torpaqlar uzun illər işğal altında olsa da, Azərbaycan xalqı və rəhbərliyi bununla heç vaxt barışmamış, mövqeyindən geri çəkilməmişdi. 2003-cü ildə İlham Əliyev ilk dəfə Prezident vəzifəsinə seçiləndə verdiyi vədi yerinə yetirmişdi. Çıxışında tövsiyə etdi ki, Azərbaycan milləti, gələcək nəsillər bu tarixi bilməli, Ermənistanın törətdiklərini heç bir zaman unutmamalıdırlar. Şanlı qələbəni öz qanı və gücü ilə qazanan Azərbaycan milləti və dövləti müzəffər kimi yaşayacaqdır. Qazanılan qələbə təkcə Ermənistan, dünya erməniliyi deyil, onların arxasında dayananların da üzərində olduğundan onlar bunu bağışlaya bilmir, çirkin kampaniya aparırlar.
Boykot çağırışları iflasa uğradı: dünya birləşdirici güc olan Bakıya toplaşdı
Bununla bağlı iyrənc kampaniya Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və keçirildiyi günlərdə özünü göstərdi. Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevin tarixi əhəmiyyət daşıyan nitqi özündə bir sıra vacib məsələləri ehtiva etdi. 200 ölkənin yekdil rəyi ilə Azərbaycanın COP29-a evsahibliyi etməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevə olan hörmət, ehtiram, inam və Azərbaycan dövlətinin beynəlxalq aləmdə oynadığı rolu təsdiqləyirdi.
Azərbaycan gerçəklərini bütün dünyaya çatdıran Prezident Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu yerdə yerləşən Azərbaycanın müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticarət və nəqliyyat körpüləri qura bilmək imkanlarını təqdim etdi. Bildirdi ki, Azərbaycanın başladığı böyük layihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib, məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. İştirakçılara çatdırılan digər bir gerçəklik Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və 1 milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bilməsi barədə idi. Təqdim edilən başqa bir gerçəklik birləşdirici güc olan Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forumu təşkil etməsi barədə idi. Azərbaycan xalqının etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşaması bəzi dövlətlər üçün nümunədir. Digər bir gerçəklik təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın iqlim dəyişmələri məsələsində də əməkdaşlıqda imkanları ilə bağlı idi. İqlim dəyişmələri məsələsində fərqli iştirakçılar arasında körpülərin salınmasında Azərbaycanın faydalı və yardımçı ola bilmək imkanları və çoxtərəfliliyə tərəfdar olduğu bəyan edildi. Azərbaycan ərazisinin demək olar ki, dörddəbir hissəsini təşkil edən Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları "yaşıl enerji" zonaları elan olunub. Bu isə o deməkdir ki, dünya Azərbaycanın "yaşıl gündəliy"indən öyrənə bilər.
Bəzilərinin yanlış olaraq Azərbaycanı neft ölkəsi adlandıraraq ətraf mühitin çirklənməsinin günahını onda axtarmağa cəhd edənləri, böhtan atan dairələri fakt və materialların əsasında alt-üst edən Prezident İlham Əliyev bildirdi ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılıb. XIX əsrdə dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Həmin əsrdə bəzi Qərb siyasətçiləri və media Azərbaycanı neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin indi Azərbaycanın neft dövləti adlandırılması ədalətsizlikdir, yalnız siyasi mədəniyyətin və biliklərin çatışmamasından xəbər verir. Dünyada birnömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediasının Azərbaycanı neft dövləti adlandırması riyakarlıqdır. Dövlət başçısının nitqində söylədiyi bu sözlər belələrinin üzünə tərs şillə kimi dəydi: "Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir".
Dövlət başçısı bildirdi ki, ölkələrə qiymət verərkən Allahın verdiyi təbii sərvətlər - neft, qaz, külək, günəş, qızıl, gümüş və mis deyil, işsizliyin, yoxsulluğun səviyyəsi, xarici borclar meyarlar kimi götürülməli, ölkələr təbii sərvətlərin olmasına görə günahlandırılmamalı, tələbatın olması səbəbindən bazara çıxardıqlarına görə təqsirləndirilməməlidirlər, çünki onlar insanlara lazımdır.
Həmin dairələrin COP29-u boykot çağırışları iflasa uğramışdı. Nitqinin sonunda Prezident İlham Əliyev dediyi aşağıdakı sözlərlə belələrinin siyasətini ayaqlar altına atdı: "Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"
Əzilən xalqların ümid yeri və haqq-ədalət rəmzi
Prezident İlham Əliyev dünyada yeni müstəmləkəçilik metodlarından əziyyət çəkən xalqların ümid yeri və haqq-ədalət rəmzidir. Aprel ayında Prezident İlham Əliyev Konqo Prezidenti ilə keçirilən mətbuat konfransında Qoşulmama Hərəkatına sədrliyi illərində Azərbaycanın təşəbbüsü ilə Bakıda yaradılmış Təşəbbüs Qrupunun başlıca məqsədinin yeni müstəmləkəçilik metodlarına qarşı mübarizə aparmaq olacağını söylədi. Yeni müstəmləkəçilik siyasəti yürütmüş və onu müxtəlif formalarla davam etdirən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, işğalçı Ermənistanın "böyük bacısı", nüvə dövləti olan Fransadır.
Mövqeyini Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində bir daha bəyan edən Prezident İlham Əliyev onların yanında olduğunu, beynəlxalq aləmdə haqq səslərinin eşidilməsinin vacibliyini bildirdi. Bu o demək idi ki, ölkələrin ərazisinin kiçikliyi, əhalisinin sayının azlığı onların səsinin boğulması olmamalıdır. Azərbaycan kiçik ada dövlətlərinə yardım etməklə bir çox ölkəyə nümunədir. İşğaldan azad edilmiş ərazilərini təkbaşına bərpa etməsinə baxmayaraq, Azərbaycan bir neçə ölkəyə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaqdan ötrü yardım göstərib, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib, onlar üçün kadrlar hazırlayıb. 10-dan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan Respublikası 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Özünün ehtiyacı olmasına baxmayaraq, Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırması Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dövlətinin böyüklüyüdür.
Dövlət başçısı nitqində beynəlxalq münasibətlər tarixində ilk dəfə olaraq neokolonializmin iqlim dəyişmələrinə təsiri məsələsini dünya siyasətinin gündəliyinə gətirdi. Neokolonializm siyasətinin başında gələn Fransa və Niderland kimi ölkələrin dəniz ərazilərinin əhalisinin səsi metropoliyalardakı rejimlər tərəfindən susdurulması müasir dünya üçün utancdır. Fransanın bu əraziləri nüvə silahlarının sınağı meydanına çevirməsi nəticəsində torpaq və suyun zəhərlənməsi və radiasiyanın səviyyəsinin artması həm ətraf mühitə, həm də insanlığa qarşı ağır cinayətdir.
Yeni müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqlar Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinə dayaq kimi baxırlar.
Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində etdiyi nitqindən sonra keçilən yolun bəzi səhifələrinə diqqət yetirilməsi göstərir ki, dövlət başçısı söylədiklərini ardıcıl olaraq həyata keçirir. O, zamanın seçdiyi, lakin zamandan uca olan liderdir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyev haqqında söylədikləri aşağıdakı sözlər bu fikrin dəqiq təsbitidir: "Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız".
Tarixən belə olub: bilənlər, bacaranlar, böyük dövlət adamları millətlərinin qarşısında dayanan problemi həll edib, inkişafı üçün yeni üfüqlər açıblar. Az bilənlər özlərini çoxbilmiş kimi göstərib təkliflər veriblər. Bilməyənlər daim tənqid ediblər. Heç bir şeyi bacarmayanlar, əllərindən heç bir iş gəlməyənlər isə bilənlərə, bacaranlara, böyük dövlət adamlarına böhtan, şər, çamur atmaqla, qara yaxmaqla məşğul olublar, amma heç bir zaman istəklərinə çatmayıblar. Belələrinin üzünə bütün qapıları bərk bağlayan Azərbaycan milləti xəyallarını gerçəkləşdirən, üstündəki ləkəni silən, yüzilliklərin problemini kökündən kəsib atan, başını uca edən və gələcək yolunu göstərən Prezident İlham Əliyevin ardınca gedir. Doğru yol budur! Zamanın yetişdirdiyi, lakin zamandan uca olanlar dahi olurlar.
Musa QASIMLI,
Milli Məclis Sədrinin müavini