Beynəlxalq dərəcəli hakim 25 illik karyerasını yekunlaşdırdı
Bütün zal ayaqda idi…
Hamı onu alqışlayırdı...
Hər kəs duyğulanmışdı, kövrək anlar yaşanırdı...
O, idman hakimliyi karyerasını başa vururdu...
O - Hicran Şərifov ömrünün 25 ilini həsr etdiyi missiyasını onunla görüşə gəlmiş sevənlərinin əhatəsində yekunlaşdırdı...
"Şöhrət", "Olimpiya", "Qüsursuz xidmət"...
Hicran Şərifovu Azərbaycan ictimaiyyəti yalnız dünya və milli idman tarixinə şərəfli imzasını atmış həmyerlimiz kimi yox, həm də ictimai xadim, tədqiqatçı alim kimi də tanıyır. Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim, tanınmış idman ustası ömrünün 26 ilini daxili işlər orqanlarında xidmətə həsr edən zabit və pedaqogika üzrə fəlsəfə doktorudur.
İctimai və idman karyerası dövründə o, dövlətin ali orden və medalları, fəxri adları ilə təltif edilib, beynəlxalq dərəcəli kateqoriyalara sahiblənib: "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Azərbaycan Prezidentinin Fəxri Diplomu", Milli Olimpiya Komitəsinin "Olimpiya" ordeni, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim, "Qızıl Fit" mükafatı, "İlin ən yaxşı idman hakimi", DİN-də "Qüsursuz xidmətə görə" hər 3 dərəcəli medal, Müdafiə Nazirliyinin "Vətən müharibəsində Azərbaycan Ordusuna göstərdiyi dəstəyə və qayğıya görə" fəxri fərmanı...
Bütün bu yüksək mükafatlar Hicran Şərifovun tərcümeyi-halına qeyd olunanların heç də tam siyahısı deyil. Əlbəttə ki, bu təltiflər onun Azərbaycan idmanına, daxili işlər orqanlarındakı fəaliyyətinə verdiyi töhfələrin və qüsursuz fəaliyyətinin dəyərli qiymətləndirilməsidir.
İstər idman sahəsində, istərsə də daxili işlər orqanlarında çalışdığı zaman Hicran Şərifov peşəkarlığı, bacarığı ilə diqqət çəkmişdir. 1965-ci ildə Əmircan qəsəbəsində anadan olan H.Şərifov Azərbaycan Neft və Kimya İnstitutunu və Polis Akademiyasını bitirib. 1993-cü ildən 2019-cu ilədək daxili işlər orqanlarında fəaliyyət göstərib, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasını doktorantura üzrə bitirən Hicran Şərifov hazırda pedaqogika üzrə fəlsəfə doktorudur. Həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsilin təşkili və idarə olunması üzrə elmlər doktoru təhsilini davam etdirir. Xeyli məqalə və tezislərin müəllifidir.
Zəhmətlə zəfərə doğru
Hicran Şərifov Milli Olimpiya Komitəsi Nəzarət-Təftiş Komissiyasının, eləcə də Azərbaycan Milli İdman Növləri Assosiasiyası Hakimlər kollegiyasının sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın təkmübarizlik növləri kafedrasının baş müəllimidir. "Cəngi" Güləş Klubunun sədri, məşqçi-müəllimdir.
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) tanınmış güləş hakimi, Əməkdar idman xadimi Hicran Şərifovun 50 illik yubileyinə həsr olunmuş "Zəhmətlə zəfərə doğru" kitabının təqdimat mərasimi də keçirilib.
Hicran Şərifov beynəlxalq dərəcəli hakim kimi "Pekin-2008", "London-2012" və "Rio-2016" Yay Olimpiya Oyunlarında, Surdo (eşitmə və görmə əngəlli idmançıların yarışı) Olimpiya və Hərbçilərin Olimpiya Oyunlarında yarışları idarə edib.
Bu missiyanı yerinə yetirmək Azərbaycanda onun qədər heç kəsə nəsib olmayıb. Ölkəmizdə bu rekord göstərici hələlik Hicran Şərifova məxsusdur. Əlbəttə ki, bütün bunlar ümumilikdə Azərbaycanın idman tarixinə onun verdiyi əvəzsiz töhfələr kimi yazılıb. Xüsusən də "Rio-2016" Yay Olimpiya Oyunlarında "Ən yaxşı hakim" seçilərək "Qızıl Fit" mükafatına layiq görülməsi onun peşəkarlığının ən bariz göstəricisidir. O, Azərbaycanın tanınmış futbol hakimi Tofiq Bəhramovdan sonra "Qızıl Fit" mükafatına layiq görülən ikinci azərbaycanlı hakimdir.
Hicran Şərifov 2015-ci ildə Azərbaycanda keçirilən və ilk dəfə ölkəmiz tərəfindən standartlarının müəyyənləşdirildiyi I Avropa Oyunlarında, 2017-ci ildə ölkəmizin evsahbliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında beynəlxalq dərəcəli hakim kimi Azərbaycanı təmsil edib. Onun ədalətli hakim kimi tanınması verdiyi düzgün qərarların nəticəsidir.
Uğurlu missiya
Azərbaycanı beynəlxalq turnirlərdə - Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında uğurla təmsil edən Hicran Şərifov dekabr ayında 25 illik idman hakimliyi karyerasını başa çatdırıb.
Olimpiya kateqoriyalı hakimin Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatının ilk günündə azarkeşlərin və tələbələrinin alqış sədaları altında hakimliklə vida mərasimində maraqlı anlar yaşanıb. Ədalət təmsilçimiz təəssüratlarını bölüşərkən güləş üzrə hakimlik karyerasında əməyini yüksək qiymətləndirdiklərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Sevənləri qarşısında çıxış edən Hicran Şərifovun fikirləri hər kəsi duyğulandırıb: "Hər zaman hakimlik edəndə düşünmüşəm ki, qərəzli ola bilmərəm. Çünki ilk növbədə Azərbaycanı təmsil etmişəm. Hər zaman bu fikirlərlə ədalətli olmağa çalışmışam".
Hazırkı diqqət və qayğıya görə Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirən Hicran Şərifov hakimlik karyerasını başa vursa da, bundan sonra dövlətə və Azərbaycan güləşinin inkişafına xidmət edəcəyini vurğulayıb: "Mən güləşlə yaşayıram. Bu gün ölkəmizdə rəhbəri olduğum "Cəngi" Güləş Klubu fəaliyyət göstərir. Məşqçi kimi də çalışıram ki, güləş idman növünün inkişafına öz töhfəmi verim. Bu gün həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdmanın təkmübarizlik idman növləri kafedrasının baş müəllimiyəm. Elmi dərəcəm var. Bir sözlə, bundan sonra da öz bilik və bacarığımı gənc nəslə ötürməyə çalışacağam".
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"