Azərbaycan
həmkarlar ittifaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il münasibətilə gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri
keçirir, hədiyyələrlə sevindirir və onlara xoş ovqat bəxş edir.
Bayram
tədbirləri uşaqların asudə vaxtlarının səmərəli, mənalı və maraqlı keçməsi məqsədi
daşıyır. Bu dəfə də şəhid övladları diqqətdən kənarda qalmamış, şənliklərə
onlar da qatılmışlar. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
(AHİK) “Alov Qüllələri” Kompleksindəki bayram şənliyində şəhid övladlarının iştirakını
təmin edib.
Yüksək
zövqlə al-əlvan bəzədilən və nağıllar aləmini xatırladan məkanda yeni tərtibatda
hazırlanan proqram balaca iştirakçıların böyük marağına səbəb olub. Şaxta baba
və Qar qızın səhnəyə gəlişi, şən zarafatları, uşaqlarla birlikdə yolka ətrafında
yallı getməsi onları hədsiz sevincə qərq edib.
Biri-birindən
gözəl rəqs və səhnəciklər, şux və oynaq mahnılar balacaları daha da şənləndirib
və alqışlarla müşayiət olunub.
Şəhidlərimizin
bizə yadigar qalan balaları onların ixtiyarına verilən əsl bayram əhval-ruhiyyəli
məkanda rəqslərə qoşulub, şənlənib və unudulmaz anlar yaşayıblar. Mənalı istirahətləri
və əylənmələri üçün yaradılmış şəraitdən razılıqları gülüş dolu çöhrələrindən
sezilən şəhid övladlarına şənliyin sonunda Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının bayram sovqatları da verilib.
Bundan
əlavə, Azərbaycan həmkarlar ittifaqları tərəfindən paytaxtın başqa məkanlarında,
həmçinin respublikamızın müxtəlif şəhər və rayonlarında, o cümlədən uşaq evlərində,
internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum
olan uşaqlar üçün şənliklər keçirilir və bu, qarşıdakı bayram günlərində də
davam etdiriləcək. Qeyd edək ki, bütün tədbirlərdə balacalara bayram sovqatları
paylanılır.