01 Yanvar 2025 00:01
498
Məktublar
A- A+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti


Əziz həmvətənlər.

2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.

Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.

2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.

Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir.

Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.

Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.

Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır.

Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.

Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.

Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram.

Bayramınız mübarək olsun!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq  

23:38
03 Yanvar

“Le Figaro”: Sorğuda iştirak edən fransızların 60 faizdən çoxu Makronun istefasını istəyir  

22:12
03 Yanvar

AZAL: Bakı–Kazan reysi beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib  

21:56
03 Yanvar

Federal Təhqiqatlar Bürosu terror təhlükəsi barədə xəbərdarlıq edib

19:57
03 Yanvar

Qazaxıstanla Özbəkistan arasında yeni dəmir yolu çəkilir

18:53
03 Yanvar

Rəcəb Tayyib Ərdoğan : Türkiyənin ötənilki ixracat göstəriciləri respublika tarixində rekord olub

18:22
03 Yanvar

Araz Vadisi İqtisadi Zonasında kənd təsərrüfatı texnikaları və yük avtomobillərinin lizinqi təşkil olunur, servis xidmətləri göstərilir  

17:51
03 Yanvar

Lukaşenko: Belarusda prezident seçkiləri zamanı Amerika şousuna ehtiyac yoxdur

15:29
03 Yanvar

Tokayev: TDT üzvləri arasında ticarət dövriyyəsi 45 milyard dolları ötüb

14:56
03 Yanvar

Sabah hava əsasən yağmursuz olacaq

14:32
03 Yanvar

Almaniyanın və Fransanın xarici işlər nazirləri Suriyaya səfər ediblər

13:59
03 Yanvar

“Azəriqaz”ın abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verilib

12:51
03 Yanvar

Ötən il Almaniyada məşğulluq rekord səviyyədə olub

12:48
03 Yanvar

Türkiyənin 17 vilayətində İŞİD-lə əlaqədə şübhəli bilinən 42 nəfər saxlanılıb

12:46
03 Yanvar

Tokayev AZAL-a məxsus təyyarənin “qara qutu”larının Braziliyaya göndərilməsini yeganə düzgün qərar adlandırıb

12:32
03 Yanvar

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı

12:28
03 Yanvar

ABŞ-da terror hücumu törədən sürücü tək hərəkət edib

12:21
03 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüş üçün müəyyənləşdirilən yerlərin siyahısı açıqlanıb

11:47
03 Yanvar

Kot d'İvuar rəhbərliyi Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir

11:27
03 Yanvar

Tunis sahillərində qeyri-qanuni miqrantları daşıyan 2 qayıq batıb

10:23
03 Yanvar

“Jeju Air” şirkətinin rəhbərinin Koreyadan çıxışına qadağa qoyulub

09:18
03 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!