İlham Əliyevin BƏƏ-yə növbəti səfəri həmçinin iqtisadi tərəfdaşlığın genişlənməsinə xidmət edir
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı iqtisadi əlaqələr son illər xeyli inkişaf edib. Hər iki ölkənin strateji mövqeyi, iqtisadi potensialı və qarşılıqlı maraqları əməkdaşlığın genişlənməsinə əlverişli zəmin yaradıb. Ticarət dövriyyəsinin artması, investisiya layihələrinin reallaşması və enerji sektorunda əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir.
Azərbaycan - BƏƏ iqtisadi əlaqələrinin indiki vəziyyəti, uğurları və perspektivlərinə daha ətraflı nəzər salaq. Ondan başlayaq ki, 3 ay öncə - sentyabrın 16-da BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri tarixi əhəmiyyət kəsb edən hadisə kimi yadda qaldı. Xüsusən işğaldan azad edilmiş Şuşada BƏƏ Prezidentinin qarşılanması iki ölkə arasındakı dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyəsini nümayiş etdirdi. Səfər çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davamını nəzərdə tutan 14 sənəd imzalandı ki, bu da tərəflərin münasibətlərinə verilən yüksək qiymətin göstəricisidir. Əsasən də "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə"nin əhəmiyyətini qeyd etmək lazımdır. Bəyannamədə iki dövlət arasındakı iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin inkişafının zəruriliyi vurğulanır və bu inkişafın hər iki tərəf üçün faydalı olduğu xüsusi qeyd edilir.
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasının da iki ölkə üçün böyük əhəmiyyəti var. Sirr deyil ki, Azərbaycan və BƏƏ neft ixracatçıları kimi zəngin təcrübəyə malikdirlər. Ona görə də təcrübə mübadiləsi hər iki ölkə üçün qarşılıqlı fayda gətirir və əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradır. Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edərək Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) və Zəngəzur dəhlizi (TRIPP) kimi beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyan infrastruktur layihələrini uğurla həyata keçirib. BƏƏ isə neft gəlirlərini ölkənin turizm və texnologiya sektoruna yönəldərək iqtisadiyyatını şaxələndirib, neftdən asılılığını minimuma endirib.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında "Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında imzalanan Anlaşma Memorandumu" da iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini genişləndirib. Bu günə qədər BƏƏ Azərbaycana təxminən 2,24 milyard dollar sərmayə yatırıb və bu rəqəmin yaxın gələcəkdə daha da artacağı gözlənilir. BƏƏ-nin tanınmış şirkəti "Masdar" Azərbaycanın enerji sahəsində fəal investor kimi önəmli rol oynayır. Şirkətin tikdiyi 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası bir neçə ildir fəaliyyət göstərir. Bu qəbildən icrasının müxtəlif mərhələlərində olan digər layihələr də var. Bundan əlavə, ölkəmizin Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında imzalanan "yaşıl enerji" zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu şirkətin Azərbaycanda bərpaolunan enerji istehsalının genişlənməsinə, investisiyaların artırılmasına və istehsal gücünün yüksəlməsinə şərait yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi, enerji və investisiya sahələrindəki əməkdaşlıq Azərbaycan - BƏƏ münasibətlərinin yalnız sözdə deyil, real layihələrdə də güclü tərəfdaşlıq olduğunu göstərir.
Söz yox ki, Azərbaycan və BƏƏ arasındakı iqtisadi əməkdaşlıq ildən-ilə genişlənir. Ticarət dövriyyəsinin artması, birgə investisiya layihələrinin həyata keçirilməsi və enerji, infrastruktur, eləcə də turizm sahələrində əməkdaşlıq münasibətlərin əsas sahələrini təşkil edir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon dollara çatıb. Bu yüksəliş iki ölkə arasındakı qarşılıqlı iqtisadi maraqların genişləndiyini və imzalanmış sazişlərin konkret, real nəticələr verdiyini təsdiqləyir. Ticarətdəki uğurlar Azərbaycan məhsullarının BƏƏ bazarına çıxışını asanlaşdırır və BƏƏ-nin investisiya potensialının ölkəmizə yönəlməsinə şərait yaradır.
İnvestisiya sahəsində qeyd olunan əməkdaşlığın perspektivləri aydın görünür. Bu mənada Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə Əbu-Dabi İnkişaf Holdinqi tərəfindən yaradılmış Birgə İnvestisiya Fondu prioritet layihələrin maliyyələşdirilməsinə dəstək verir, uzunmüddətli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradır və bölgədə davamlı inkişaf üçün yeni imkanlar açır. Bu addımlar iki ölkə arasındakı strateji tərəfdaşlığın sadəcə rəsmi sənədlərdə qalmadığını, konkret layihələr və uğurlu nəticələr vasitəsilə reallaşdığını göstərir. Unutmayaq ki, BƏƏ şirkətlərinin Azərbaycana qoyduğu investisiyalar ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir, regionda iqtisadi inteqrasiyanı gücləndirir.
İnvestisiya və iqtisadi əməkdaşlıqda əldə olunan nəticələr fonunda Prezident İlham Əliyevin BƏƏ-yə növbəti işgüzar səfəri strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
İlham Əliyevin "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirakı isə Azərbaycanın beynəlxalq idman platformalarında fəal iştirakını və qlobal idman əməkdaşlığına verdiyi töhfəni nümayiş etdirir. Bu səfər həm də 2025-ci il iyulun 9-da imzalanmış "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin praktiki icrasına yeni dinamika verir. Səfər sözügedən sənədin konkret mexanizmlər və real əməkdaşlıq formatları vasitəsilə həyata keçirildiyini göstərir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"