"Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır".
Heydər Əliyev
Ümummilli Lider
Xalqımız tarixinin, taleyinin ən əlamətdar, ən şərəfli günlərini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə yazılan müasir tariximizin hər səhifəsi qəlbimizi qürur hissilə doldurur.
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Prezidentin uzaqgörən daxili və xarici siyasəti nəticəsində sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasının bir araya gəldiyi, aktual qlobal problemlərin müzakirə olunduğu mühüm strateji mərkəzə çevrilib. Respublikamızın beynəlxalq arenada tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız dünyanın ən inkişaf etmiş qüdrətli dövlətləri ilə müqayisə oluna bilər.
Təbii ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu tərəfindən işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası qazanılan uğurların zirvəsində dayanır.
Ulu Öndərin ordu quruculuğu istiqamətində apardığı siyasəti, həyata keçirdiyi islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı. Nəticədə qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsində tətbiq etdiyi dünya hərb tarixində misli görünməmiş unikal döyüş taktikası ilə hətta ən mükəmməl silahlı qüvvələrə malik olan supergücləri belə heyrətləndirdi, "Dəmir yumruq" əməliyyatı nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı dədə-baba torpaqlarımızı azad etdi. Haqqın və ədalətin bərpa edilməsi naminə başlanan müharibə Xalq-Prezident-Ordu birliyinin yenilməz güc olduğunu bütün dünyaya göstərdi. 2023-cü il sentyabrın 19-20-də keçirilən və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyuldu, Azərbaycanın dövlət suverenliyi tam şəkildə bərpa olundu və ölkə ərazisinin hər qarışında Konstitusiyanın qüvvəsi təmin edildi. 2023-cü il oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdərə, Xocavənd, Xankəndi və Xocalı şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bununla da Azərbaycan Prezidenti bu vəzifəyə seçilməsinin 20-ci ildönümündə öz xalqına daha bir möhtəşəm qələbə sevincini yaşatdı.
Zəfərdən sonra dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma, quruculuq-abadlıq işlərini şəxsən nəzarətdə saxlamaları nəticəsində ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur, bu torpaqlara həyat geri qayıdır.
Tarixinin ən qüdrətli dövrünü yaşayan bugünkü Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsini özünün ən ali vəzifələrindən hesab edir. Qüdrətli Azərbaycanın banisi, bütün dövrlərin ən böyük azərbaycanlısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə təbii və texnogen hadisələrə çevik və uzaqgörən reaksiyası, faciə ilə üzləşmiş vətəndaşların yanında olması, dövlətin bütün resurslarını insanların düşdüyü çətin vəziyyətin aradan qaldırılmasına yönəltməsi Ulu Öndərin xalqın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə nə qədər əhəmiyyət verdiyini göstərirdi. Dahi rəhbər fəlakətlərin vaxtında xəbərdar edilməsi, qarşısının alınması, nəticələrinin effektli şəkildə aradan qaldırılması üçün aidiyyəti strukturlardan vəzifələrinə məsuliyyətli yanaşmağı hər zaman tələb edir, bu işi daim nəzarətində saxlayırdı. Respublikanın rəhbəri Heydər Əliyevin 1971-ci il oktyabrın 20-də indiki Neft Emalı Zavodunun 7-ci rezervuar stansiyasının 3-cü sexində güclü yanğın baş verən əraziyə gəlməsi, yanğınsöndürənlərlə birgə olması ölkəmizin yanğın təhlükəsizliyi tarixinə şanlı səhifələrdən biri kimi daxil olub. 1974-cü il sentyabrın 13-də Biləcəri dəmiryol stansiyasında sərnişin və yük qatarlarının toqquşması səbəbindən xeyli sayda insanın ölümü ilə nəticələnən hadisə zamanı dərhal əraziyə gələn respublikanın rəhbəri Heydər Əliyevin göstərişi ilə xəsarət alanlara yüksəkkeyfiyyətli tibbi yardım göstərildi, həlak olanların yaxınları diqqət və qayğı ilə əhatə olundu, onlara yardımlar edildi. 1981-ci ilin noyabr-dekabr aylarında İsmayıllı rayonunda baş vermiş güclü zəlzələ ilə əlaqədar hadisə yerinə gələn respublikanın rəhbəri zəlzələnin fəsadları ilə yerindəcə tanış oldu, təbii fəlakətdən zərərçəkənlərlə görüşdü, aidiyyəti qurumlara verdiyi tapşırıqlar əsasında qısa vaxt ərzində zərərçəkmişlər müvəqqəti çadırlarda yerləşdirildi, onlar lazımi ərzaq, içməli su və isti geyimlə təmin olundu, dağılan infrastrukturun bərpası sürətlə həyata keçirildi. 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş güclü partlayış, 1986-cı il avqustun 30-da Novorossiysk yaxınlığında sərnişin teploxodu "Admiral Naximov"la yük gəmisi "Pyotr Vasev"in toqquşması ilə əlaqədar yaranmış ağır nəticələrin aradan qaldırılmasında dahi rəhbər əsl lider, müdrik və uzaqgörən şəxsiyyət kimi tarixdə silinməz izlər qoydu.
1994-cü ilin mart və iyul aylarında Bakı Metropolitenində törədilmiş terror aktları, 1995-ci il oktyabrın 28-də tarixin ən böyük metro qəzası - "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində yaşanan faciələr, 2000-ci ilin mart ayında Bayıl yamacında torpaq sürüşməsi, həmin ilin noyabr ayında Bakı şəhərində baş vermiş zəlzələ və digər təbii və texnogen qəzalar zamanı Ulu Öndər dərhal hadisə yerinə gəlir, yaranmış vəziyyətlə yerində tanış olur, dövlətin bütün aidiyyəti strukturlarını yaranmış fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına səfərbər edirdi. Ümummilli Lider fövqəladə hallarla mübarizəyə məsul idarə və təşkilatların ayrı-ayrılıqda vəzifələrinin öhdəsindən istənilən səviyyədə gəlmək iqtidarında olmadığını və yalnız bu sahədə vahid dövlət orqanının yaradılması ilə mövcud vəziyyətin aradan qaldırılmasının mümkünlüyü ideyasını müdrik uzaqgörənliklə ortaya qoydu. Hökumətin əhalinin mühafizəsinə hazırlıq məsələsini bir daha gündəliyə gətirən Ulu Öndər 8 iyun 2001-ci ildə Rusiya Federasiyasının keçmiş fövqəladə hallar naziri Sergey Şoyqunu qəbul edərkən Azərbaycanda yaradılmasını nəzərdə tutduğu Fövqəladə Hallar Nazirliyinin əsas fəaliyyət istiqamətlərini bəyan etdi.
Fövqəladə Hallar Nazirliyi yaradılana qədər ölkəmizdə baş verən təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması, nəticələrinin aradan qaldırılması işləri müxtəlif qurumlar tərəfindən ayrı-ayrılıqda həyata keçirildiyi üçün pərakəndəliyə yol verilirdi. Eyni zamanda yanğın-xilasetmə əməliyyatlarında istifadə olunan texniki vasitələrlə təminat çox aşağı səviyyədə olmaqla qurumların balansındakı bina və qurğurların, xüsusi təyinatlı texnika və avadanlıqların xeyli hissəsi fiziki və mənəvi köhnəlməyə məruz qalmışdı.
Beləliklə, Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə son dərəcə həssas yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci il dekabrın 16-da təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və effektli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Bununla da fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyuldu. Əhalinin mülki müdafiəsinin, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmini, xilasetmə və qəza-xilasetmə işlərinin təşkili, ölkə ərazisində radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələri yerinə yetirən bir neçə dövlət qurumunun Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi əhalinin və ərazilərin fövqəladə hallardan etibarlı müdafiəsinin təmin olunması sahəsində köklü dəyişikliklərin əsasını qoydu.
Fövqəladə Hallar Nazirliyi yaradılandan dərhal sonra fəaliyyətinin düzgün qurulması üçün vahid strategiya formalaşdırılaraq inkişafın ən vacib istiqamətləri müəyyənləşdirildi. Bunlar nazirliyin maddi-texniki təminatı və kadr potensialının gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, infrastrukturunun və beynəlxalq əlaqələrinin formalaşdırılması və digər istiqamətlər idi. Çünki qeyd etdiyim məsələlər həll edilmədən fövqəladə hallarla uğurlu mübarizədən söhbət gedə bilməzdi. Xüsusi vurğulamaq istəyirəm ki, məhz Prezident İlham Əliyev tərəfindən nazirliyə ilk gündən göstərilən diqqət və qayğı sayəsində bu məsələlər ən yüksək səviyyədə öz həllini tapdı, bütün mütərəqqi təşəbbüslər reallığa çevrildi.
Qısa müddətdə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün onlarca normativ hüquqi sənəd hazırlandı, qüvvədə olan qanunvericilik aktlarına əlavə və dəyişikliklər edildi, nazirliyin strukturuna daxil olan dövlət agentlikləri və xidmətlərin əsasnamələri, nazirliyin və onun müvafiq qurumlarının rəmzləri təsdiq olundu.
Fövqəladə Hallar Nazirliyi yaradılarkən tabeliyinə verilən qurumların balansında olan xüsusi təyinatlı texnika və avadanlıqların əksər hissəsi fiziki və mənəvi köhnəlməyə məruz qalmış və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının diqqət və qayğısı sayəsində qısa zamanda nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atıldı, büdcə vəsaitləri hesabına dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və avadanlıqlar alınaraq istismara verildi. Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə texnika və avadanlıqlarının, müasir radiosistemli və çoxfunksiyalı xüsusi təyinatlı avtomobillərin, mina və hərbi sursatların aşkar edilməsi və zərərsizləşdirilməsi vasitələrinin, dənizdə xilasetmə əməliyyatları üçün yüksəksürətli və çoxfunksiyalı katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən "Be-200ÇS" amfibiya-təyyarəsinin, helikopterlərin, tikintilərin mövcud texniki təhlükəsizlik norma və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyaların, müasir dozimetrik, radiometrik və spektrometrik vasitələrin, fövqəladə hadisə baş vermiş müxtəlif ərazilərdə qısa müddət ərzində zərərçəkmiş və xəstələrə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki vasitələrin imkanlarından iş prosesində bacarıqla istifadə edilir. Ötən illər ərzində alınan tək xüsusi texnikaların sayı 1134, o cümlədən yanğınsöndürmə avtomobillərinin sayı 789-dur. Bundan əlavə, yüzlərlə digər texniki vasitələr alınıb.
Qısa müddətdə Bakıda və bölgələrdə 9 regional mərkəzin fəaliyyəti təmin edildi, qurumların istifadəsi üçün yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olundu, yeniləri tikildi. Təkcə bir faktı qeyd edim ki, yola salınan illər ərzində yalnız yanğından mühafizə üzrə 80 yeni depo binası tikilərək istifadəyə verilib.
Kadr potensialının gücləndirilməsi məqsədilə gənc və perspektivli əməkdaşların yüksək bilik və təcrübəyə yiyələnmələri üçün xarici ölkələrin mötəbər ali təhsil müəssisələrinə göndərilməsi, müxtəlif kurs və təlimlərdə iştirakları təşkil edildi. Bununla belə, bu addımlar bütövlükdə kadr hazırlığı sahəsində qarşıda dayanan məsələlərin köklü həllini təmin etmirdi. Odur ki, 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamla xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ümumilikdə fövqəladə hallarla mübarizə sahəsində mühüm hadisə sayılmalıdır. 2009-cu ildən kursant qəbulunu həyata keçirən akademiyada qısa müddətdə müasir tipli şəhərcik salınıb, beynəlxalq tələblərə cavab verən təhsil infrastrukturu yaradılaraq ən son avadanlıqlarla təchiz edilib. Nazirliyin fəaliyyətinin cəmi üçüncü ilində yaradılan akademiya hazırda bir sıra xarici ölkələrin analoji ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq münasibətləri quraraq, intensiv təcrübə mübadiləsi həyata keçirir. Son elmi-texniki nailiyyətlərin tədris prosesində tətbiq olunması, pedaqoji heyətin gündəlik fəaliyyətinin yeni, mütərəqqi iş metodları ilə qurulması sayəsində yüksəkkeyfiyyətli təhsil alan kursantlar bu gün nazirlik sistemində ən müxtəlif vəzifələrdə uğurla xidmət aparırlar. Qeyd edim ki, ötən müddət ərzində akademiya bakalavriat pilləsi üzrə 1650, magistratura pilləsi üzrə 121 nəfər məzun yetişdirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il dekabrın 17-də Bakıda, Azadlıq meydanında Fövqəladə Hallar Nazirliyinin aldığı xüsusi təyinatlı texnika və avadanlıqların təqdimatında, 2008-ci il noyabrın 12-də nazirliyin yeni istifadəyə verilmiş inzibati binasının açılış mərasimində, 2011-ci il fevralın 23-də Mülki müdafiə qoşunlarına döyüş bayrağının təqdimatında, 2012-ci il yanvarın 24-də Xəzər Hövzə Qəza-xilasetmə Xidməti üçün alınmış kəsici-sorucu yerqazan qurğuların, tədqiqat katerlərinin və yedək gəmilərinin təqdimatında, 2013-cü il aprelin 17-də Mingəçevir Su Anbarının perimetr və akvatoriya sərhədlərində qurulan inteqrə olunmuş təhlükəsizlik sisteminin təqdimatında, 2013-cü il dekabrın 27-də FHN Akademiyasının beynəlxalq standartlara cavab verən yeni binasının açılış mərasimində, 2018-ci il dekabrın 27-də nazirliyin İdman-Sağlamlıq Mərkəzinin açılışında, 2022-ci il dekabrın 9-da nazirlik tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikaların təqdimatında iştirakı Fövqəladə Hallar Nazirliyinin 20 illik tarixinin unudulmaz hadisələridir. Hər gəlişində kollektivimizə sonsuz sevinc bəxş edən dövlətimizin başçısının dərinməzmunlu, proqram xarakterli çıxışı, tapşırıq və tövsiyələri fəaliyyət istiqamətləri kimi qəbul edilib.
Nazirliyin fəaliyyət sahələrinə uyğun texnoloji yeniliklər daim izlənilir, iş prosesində ən son innovativ yanaşmalar tətbiq edilir. Mütəmadi olaraq nazirliyin Aparatı və struktur bölmələrinin daxili proseslərinin avtomatlaşdırılması, məlumatların proqram təminatları vasitəsilə vahid mərkəzi məlumat bazasına ötürülməsi, sürətli və dayanıqlı məlumat mübadiləsinin təmin edilməsi, kritik sistemlərin təhlükəsizlik nəzarətinin gücləndirilməsi və kibertəhdidlərin aşkarlanması üçün müasir texnoloji yanaşmalar və süni intellekt əsaslı analiz metodları tətbiq olunur.
Qısa zamanda fəaliyyəti yüksək səviyyədə təşkil edilən "112" qaynar telefon xətti bu gün vətəndaşlarımızın, habelə ölkəyə gələn qonaqların təhlükə anında müraciət edərək operativ yardım aldığı mühüm bir vasitəyə çevrilib. Təkcə bir rəqəmi qeyd etsək, insanların Fövqəladə Hallar Nazirliyinə olan güvəni barədə aydın təsəvvür yaranmış olar. Belə ki, yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı "112" qaynar xəttinə 2024-cü il ərzində 2,2 milyona yaxın və ya orta hesabla hər gün 6 mindən artıq zəng daxil olub.
Kadrların peşəkar səviyyədə formalaşması üçün nəzəri bilik nə qədər vacibdirsə, praktiki vərdişlər də bir o qədər əhəmiyyətlidir. Məhz bu səbəbdən, mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. Təlimlərdə şəxsi heyətə həm də yeni texnika və avadanlıqlarla işləmək qaydaları praktiki olaraq real əməliyyat vəziyyətinə yaxın şəraitdə aşılanır. Bu çərçivədə, "Xəzər-2009", "Xəzər-2010", "Xəzər-2013", "Xəzər-2015" taktiki, "Xəzər-2017", "Bakı-2023" beynəlxalq, "Bakı-2025" əməliyyat-taktiki təlimlərini xüsusi qeyd etmək istəyirəm. Göstərilən təlimlər FHN-in malik olduğu maddi-texniki bazanı, kadr potensialını və fövqəladə hadisələrə çevik reaksiya imkanlarını nümayiş etdirməklə yanaşı, mülki müdafiə işinin lazımınca təşkil olunmasında, komandir-rəis heyətinin idarəetmə qabiliyyətinin yüksəldilməsində, axtarış, yanğın-xilasetmə işlərində iştirak edən şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayıb.
Ümummilli Lider Heydər Əliyevin "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır" kəlamını öz fəaliyyət prinsipi kimi qəbul edən Fövqəladə Hallar Nazirliyi fövqəladə halların vaxtında xəbərdar edilməsi və maarifləndirməni zəruri fəaliyyət istiqamətləri sırasında müəyyən edib. Nazirliyin nəzarət qurumları tərəfindən ölkə ərazisi üçün xarakterik olan təbii və texnogen mənşəli fövqəladə halların mütəmadi monitorinqi aparılır, mümkün fövqəladə hal riski mütəxəssislərimiz tərəfindən qiymətləndirilir və bunun nəticəsindən asılı olaraq zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir. Belə ki, ötən illər ərzində orta hesabla hər il 70 minə yaxın obyektdə yanğın-texniki müayinə, 4 minə yaxın obyektdə tikintiyə dövlət nəzarəti, 3,3 mindən artıq obyektdə təhlükə potensiallı qurğu və avadanlıqlar üzrə texniki müayinə, 200-ə yaxın obyektdə nüvə və radioloji təhlükəsizlik üzrə nəzarət-yoxlama tədbirləri həyata keçirilib, 1700-dən artıq kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.
Məhz bütün bunların nəticəsidir ki, nazirliyin geridə qoyduğumuz illər ərzində baş vermiş müxtəlif mürəkkəblik dərəcəsinə malik fövqəladə hallarla mübarizədən uğurla çıxdığını əminliklə deyə bilərik. Ötən illər ərzində yaşayış, sənaye və iaşə sektorunda, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı və sürüşmə hadisələri, zəlzələlər, çoxsaylı qəza və digər fövqəladə hadisələr zamanı operativ və effektli müdaxilə tədbirləri ilə nazirliyin yanğın-xilasetmə qurumları öz peşəkarlıqlarını nümayiş etdiriblər. Bununla bağlı belə bir statistik rəqəmləri bölüşmək yerinə düşərdi - bütövlükdə, son 20 il ərzində ölkə iqtisadiyyatının üç dəfədən çox böyüdüyünü, çoxsaylı yeni istehsal müəssisələri və iş yerlərinin yaradıldığını, çoxşaxəli kommunikasiya sistemlərinin istifadəyə verildiyini, irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, əhalinin sayının 2007-ci ildə təxminən 8 milyon yarımdan artaraq 2024-cü ildə 10 milyonu keçməsini nəzərə almaqla, 2007-ci ildə ölkə üzrə 4517 təbii və texnogen mənşəli hadisə qeydə alınmışdısa, 2024-cü il ərzində bu rəqəm 14856-ya bərabər olub. Bununla belə, hadisələrin sayında böyük artıma baxmayaraq, 2007-ci ildə göstərilən hadisələrdə 131 nəfər insan tələfatı qeydə alınmışdısa, 2024-cü ildə təbii və texnogen mənşəli hadisələrdə 83 nəfər həyatını itirib. Hesab edirəm ki, hadisələrin sayında bu qədər artım qarşısında insan itkisinin sayında azalma Fövqəladə Hallar Nazirliyinin çevik və effektli fəaliyyətinin mühüm göstəricisi olmaqla əldə etdiyimiz ən ciddi uğurlardan biri kimi dəyərləndirilməlidir. Bundan əlavə, nazirlik yaranandan 2024-cü il də daxil olmaqla, yanğın-xilasetmə qurumları tərəfindən yanğınlar, dağıntılar, qəzalar və digər fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş, o cümlədən su hövzələrində batma təhlükəsində olan 5700-ə yaxın şəxs xilas edilib.
Nazirliyin qüvvələri ötən illər ərzində müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını da uğurla yerinə yetiriblər. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, 2010-cu ildə Rusiyada, 2010-cu və 2016-cı illərdə İsraildə, 2017-ci ildə Gürcüstanda, 2021-ci, 2022-ci və 2024-cü illərdə qardaş Türkiyədəki meşə yanğınlarının, 2010-cu ildə Pakistandakı daşqınların, 2011-ci və 2023-cü illərdə Türkiyədəki zəlzələlərin, 2012-ci ildə Rusiyadakı daşqınların, həmin il İrandakı zəlzələnin, 2014-cü ildə Əfqanıstanda leysan yağışlarının törətdiyi fəsadların, Serbiya və Bosniya və Hersoqovinada daşqınların nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq kömək göstərilib. Həmçinin Azərbaycan Respublikasının Hökuməti səviyyəsində 2010-cu ildə Haitidəki zəlzələnin, 2013-cü ildə Filippindəki qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilib. 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepaldakı zəlzələ nəticəsində fəlakət zonasındakı soydaşlarımızın və xarici ölkə vətəndaşlarının nazirliyin təyyarəsi ilə təcili təxliyəsi həyata keçirilib. 2017-ci ildə Azərbaycan Hökuməti adından Cibutiyə, həmçinin Myanmada Rohingya müsəlmanlarına qarşı kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara humanitar yardımlar çatdırılıb. Nazirlik əməkdaşlarının bacarıq və peşəkarlığı, fövqəladə hallarla mübarizədə tətbiq etdikləri səmərəli üsul və vasitələr, göstərdikləri şücaət xarici tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir, dünyanın bir çox ölkələrinin müvafiq xidmətləri üçün nümunə hesab olunur.
Nazirliyin əməkdaşlarının fiziki sağlamlığına xüsusi diqqət yetirilir və onların idmanla məşğul olması hər zaman təşviq edilir. Bunun nəticəsidir ki, müxtəlif idman növləri üzrə (taekvondo, karate, güləş, cüdo, boks, kikboksinq, ağırlıqqaldırma, stolüstü tennis, voleybol, minifutbol və s.) nazirliyin komandaları, əməkdaşları və idmançı üzvləri Olimpiya Oyunları, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları, Dünya və Avropa çempionatları, beynəlxalq turnir və respublika yarışlarında uğurla çıxış edərək 256 qızıl, 318 gümüş və 532 bürünc medal qazanıblar.
Fövqəladə halların sərhəd tanımaması və onun istənilən vaxt istənilən ölkənin ərazisində baş verməsi ehtimalı dövlətlərin bu sahədə əməkdaşlıq münasibətlərini labüd edir. Bu səbəbdən, ötən illər ərzində dünyanın bir çox ölkələrinin uyğun qurumları, habelə müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlər qurulub. Bu münasibətlər çərçivəsində müxtəlif səviyyəli qarşılıqlı səfərlər təşkil olunur, təcrübə mübadiləsi aparılır, əməkdaşlarımızın beynəlxalq təlim, seminar və treninqlərdə fəal iştirakı təmin olunur. Yeri gəlmişkən, bu ilin iyul ayında Bakı şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci və təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sessiya iştirakçılarına müraciətində qeyd edildiyi kimi, bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir. Assambleyanın növbədənkənar sessiyasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin BMMT-nin Baş katibi seçilməsi isə sözsüz ki, ölkəmizin qlobal nüfuzundan, durmadan artan beynəlxalq çəkisindən xəbər verir.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim təbii və texnogen hadisələr zamanı zərərçəkən insanların yanında olur, onların problemlərinin həllinə xüsusi həssaslıqla, diqqət və qayğı ilə yanaşır, operativ olaraq irimiqyaslı hadisələrin baş verdiyi bölgələrə səfərləri zamanı fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətin bütün resurslarını səfərbər edirlər. 2010-cu ilin yaz aylarında Aran bölgəsində Kür və Araz çaylarında yaranmış daşqınların vurduğu ziyanın, 2012-ci ilin may ayında Zaqatala, Balakən və Qax rayonlarında, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər ölkə rəhbərliyinin ağır məqamda daim xalqla bir yerdə olmasının, insanların dərd-sərinin, problemlərinin həllini həmişə diqqətdə saxlamasının bariz nümunələridir. Dövlət başçısının xüsusi nəzarəti altında daşqın və zəlzələlərin ziyan vurduğu rayonlarda ən müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının, sosial təyinatlı və infrastruktur obyeklərinin tikintisi həyata keçirilib, əhali yeni, müasir evlərlə təmin edilib. Dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, Kür-Araz daşqınları ilə əlaqədar ümumilikdə 4481 ev, şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar 5668 ev, 2019-cu il zəlzələsi ilə əlaqədar isə 695 ev və 3 ədəd çoxmənzilli bina tikilib, 2247 ev isə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü böyük işlər də xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Həmçinin bütün dünya ölkələrinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə üzləşdiyi vaxtda atılan cəsarətli və müdrik addımlar sayəsində Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında ön cərgədə qərar tutdu. Ölkə rəhbərliyinin tapşırıqlarına əsasən Fövqəladə Hallar Nazirliyi də həmin dövrdə tam səfərbər olaraq üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdi. Bu tapşırıqlara uyğun olaraq, sərhəd-keçid məntəqələri yaxınlığında qəbul-çeşidləmə məntəqələri yaradıldı, qısa müddətdə modul tipli hospitalın fəaliyyəti, karantin rejimi tətbiq olunan müddətdə vətəndaşlara təcili psixoloji yardımın göstərilməsi və əhali arasında maarifləndirmə işləri təşkil olundu, müvafiq obyektlərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirildi.
Belə nümunələr çox çəkmək olar. Heç bir fəlakətin qarşısında tək olmayan vətəndaşlarımız 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilərkən dediyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" sözünə sadiqliyinin ən müxtəlif və mürəkkəb hadisələr zamanı canlı şahidləri olublar.
Olduqca qürurvericidir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın taleyüklü məsələlərin həllində yaxından iştirakı, cəmiyyətin bütün sahələrini əhatə edən əməli fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva daim təbii və texnogen hadisələr zamanı zərərçəkən insanların yanında olur, onların problemlərinin həllinə xüsusi həssaslıqla, diqqət və qayğı ilə yanaşır, hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işləri diqqətində saxlayır. Operativ olaraq irimiqyaslı hadisələrin baş verdiyi bölgələrə səfərləri zamanı fəlakətin nəticələrinin çevik aradan qaldırılması üçün dövlətin resurslarını səfərbər edən Birinci vitse-prezident elə 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən güclü zəlzələnin fəsadlarının qısa müddətdə aradan qaldırılmasını nəzarətdə saxlayıb, nəticə etibarilə, ən müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binaları, sosial təyinatlı və infrastruktur obyekləri tikilib, əhali yeni, müasir evlərlə təmin edilib.
Bir məqama xüsusi toxunmaq lazımdır. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan, paytaxt Bakı dünya əhəmiyyətli qlobal tədbirlərin uğurla keçirildiyi məkana çevrilib. Bu çərçivədə, böyük təcrübəyə, güclü kadr potensialına və müasir maddi-texniki bazaya malik Fövqəladə Hallar Nazirliyi ölkəmizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə də öz töhfəsini verir. Belə ki, ən müxtəlif istiqamətlər, istər mədəniyyət, istər idman, istər ekoloji və digər sahələr üzrə mötəbər beynəlxalq tədbirlərə, o cümlədən "Eurovision-2012" mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, XV Avropa Gənclər Yay Olimpiya Festivalına, "Formula-1" yarışlarına, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), III MDB Oyunlarına və digər tədbirlərə uğurla evsahibliyi edən respublikamızda təhlükəsizliyin yüksək səviyyədə təşkil olunması, baş verə biləcək istənilən fövqəladə hadisənin qarşısının vaxtında alınması istiqamətində nazirliyin aidiyyəti üzrə gördüyü tədbirləri qeyd etmək istərdim.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistanla apardığı 44 günlük şanlı Vətən müharibəsi zamanı Fövqəladə Hallar Nazirliyinin də qüvvə və vasitələri səfərbər olunaraq, əhalinin aidiyyəti üzrə təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdi. Nazirliyin qüvvələri Vətən müharibəsi günlərində cəbhəboyu zonada yaşayan əhalinin təhlükəsiz məntəqələrdə yerləşdirilməsi və hər cür təminatının təşkili, döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin təyyarə və helikopterlərlə təxliyəsi, Ermənistanın mülki obyektlərə endirdiyi zərbələr nəticəsində yaranan yanğın və dağıntıların operativ aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, onlara psixoloji yardımın təşkili kimi vəzifələri şərəflə yerinə yetirdi. Bu gün isə nazirliyin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatını, aparılan irimiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı tikinti, texniki, yanğın və nüvə təhlükəsizliyinə nəzarəti həyata keçirir, doğma Qarabağ və Şərqi Zəngəzurda fövqəladə hallarla uğurla mübarizə aparır.
20 il ərzində hər zaman ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi bu gün istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik peşəkar bir qurumdur. Ötən dövr ərzində maddi-texniki baza və infrastrukturun möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, strukturun optimallaşdırılması, istər regional, istərsə də beynəlxalq səviyyədə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, fövqəladə hadisələrə çevik reaksiya imkanlarının artırılması, ən başlıcası isə insan həyatının qorunması sahəsində əldə etdiyimiz bütün nailiyyətlərin əsasında dövlətimizin başçısının bizə göstərdiyi ali etimadı, diqqət və qayğısı dayanır. Nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mütəmadi olaraq xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşımızda qoyduğu mühüm vəzifələrin uğurla yerinə yetirilməsi üçün bizi daha da həvəsləndirir. Geridə qoyduğumuz illər ərzində cənab Prezidentin imzaladığı müvafiq sərəncamlarla nazirliyin xidmətdə fərqlənən 513 əməkdaşının müxtəlif orden və medallara, 34 nəfərin fəxri adlara layiq görülməsi dövlət başçısının kollektivimizə olan ali diqqət və qayğısının bariz göstəricisidir.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə ən yüksək qiyməti də möhtərəm Prezidentimiz cənab İlham Əliyev verib: "Fövqəladə Hallar Nazirliyinin yaranması, formalaşması və bugünkü uğurlu fəaliyyəti Azərbaycanın inkişafı üçün çox müsbət rol oynamışdır. İstər mülki məsələlərdə, istər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini biz görürük, Azərbaycan ictimaiyyəti də görür və bunu yüksək qiymətləndirir".
Kəmaləddin HEYDƏROV,
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik