Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq
və daxili ictimaiyyətə çatdırılması real faktlara, konkret nəticələrə və müasir
kommunikasiya vasitələrinə əsaslanmalıdır.
Prezident İlham Əliyevin YAP-ın 8-ci
qurultayında bəyan etdiyi kimi, milli inkişaf informasiya məkanında təqdim
edilməli, məqsədli şəkildə Azərbaycan dilində yaradılmış təxribatçı informasiya
resurslarının yaratdığı risklər zərərsizləşdirilməli, həmçinin ölkəyə qarşı yönələn
qarayaxma kampaniyalarına faktlarla cavab verilməlidir.
Bu yanaşma Azərbaycanın müasir inkişaf mərhələsində
ideoloji fəaliyyətin və informasiya təhlükəsizliyinin əhəmiyyətini ön plana
çıxarır. Dövlət başçımızın müəyyənləşdirdiyi əsas vəzifələrdən biri ölkənin əldə etdiyi nailiyyətlərin
çatdırılması, milli maraqların müdafiəsi, informasiya məkanında yaranan
çağırışlara müasir və sistemli yanaşmanın formalaşdırılması ilə bağlı idi.
Bu gün Azərbaycan ərazi bütövlüyü və
suverenliyini bərpa etmiş, beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirmiş
dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, keçmiş
məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və ölkənin digər bölgələrində həyata
keçirilən layihələr Azərbaycanın inkişaf gündəliyinin mühüm istiqamətləridir.
Bu reallıqların cəmiyyətə və beynəlxalq ictimaiyyətə çatdırılması həm də ölkəmizin
milli maraqlarının müdafiəsinin tərkib hissəsidir. Bu, bəzi üzdəniraq
qaraguruhçu dairələrin təxribatçı davranışları fonunda xüsusi aktuallıq kəsb
edir.
Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən
məqamlardan biri xaricdə Azərbaycan dilində fəaliyyət göstərən təxtibatçı
informasiya resursları ilə bağlı idi. Təəssüf ki, belə resursların bəziləri ölkəmizə
qarşı təxribat və dezinformasiya məqsədi daşıyır. Rəqəmsal informasiya mühitində
bu məsələ həqiqətən də həssas yanaşma tələb edir. Əsas meyar yayılan məlumatların
dəqiqliyi, mənbələrin etibarlılığı və faktların təqdim edilmə üsulu olmalıdır.
Azərbaycan əleyhinə qarayaxma kampaniyalarının
əsas məqsədlərindən biri ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək və ictimai
rəydə mənfi təsəvvür formalaşdırmaqdır. Ölkənin suveren qərarları, beynəlxalq tərəfdaşlıqları
və davam edən inkişaf layihələri Azərbaycan haqqında formalaşdırılan təsəvvürlərin
mühüm faktoloji əsasını təşkil edir.
Bu baxımdan, qarayaxma kampaniyalarına qarşı ən
təsirli yanaşma dəqiq və operativ məlumatlandırma, peşəkar kommunikasiya
olmalıdır. Dezinformasiyanın təsirini azaltmaq üçün vətəndaşların, xüsusilə gənclərin
media savadlılığının artırılması, müxtəlif mənbələrdən gələn məlumatların
müqayisə edilməsi vacibdir. Prezident İlham Əliyevin ideoloji işdə şablonlardan
imtina və müasir üsullara keçid çağırışı da bu baxımdan mühüm əhəmiyyət kəsb
edir.
Bu gün Azərbaycanın milli maraqlarının
qorunması həm real inkişafın davam etdirilməsini, həm də həmin reallıqların
informasiya məkanında düzgün təqdim olunmasını tələb edir. Ölkəmizə qarşı yönələn
qarayaxma kampaniyalarının təsir imkanlarını məhdudlaşdırmaq üçün faktlara əsaslanan
ictimai kommunikasiya, güclü informasiya savadlılığı və milli həmrəylik olduqca
vacibdir.
Prezident İlham Əliyevin ideoloji risklərdən
qorunmaq üçün təhsil və vətənpərvərliyi ön plana çəkməsi müasir dövrün
çağırışları baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın bu bəyanatı
da göstərir ki, informasiya təhlükəsizliyi artıq yalnız dövlət sərhədlərinin və
rəqəmsal sistemlərin qorunması ilə məhdudlaşmır. İnternetin, sosial şəbəkələrin
və süni intellekt texnologiyalarının geniş yayıldığı bir şəraitdə insanların
düşüncəsinə, ictimai rəyə və milli kimliyə təsir göstərmək cəhdləri də yeni
forma alır.
Burada əsas faktorlardan biri təhsildir. Çünki
intellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur.
Saxta xəbərlər, təhrif edilmiş faktlar, süni intellekt vasitəsilə hazırlanmış
saxta görüntülər və məqsədli informasiya kampaniyaları insanların hadisələri
düzgün qiymətləndirməsini çətinləşdirə bilər. Belə şəraitdə bilik həm də informasiya təhlükəsizliyinin mühüm təminatlarından
birinə çevrilir.
Burada əsas faktorkardan biri, heç şübhəsiz, vətənpərvərlikdir.
Vətən müharibəsində qazanılmış Zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpası Azərbaycan
xalqının tarixində mühüm mərhələdir. Bu nailiyyətlər milli özünəinamı gücləndirən,
dövlətə bağlılıq hissini möhkəmləndirən amillərdir. Vətənpərvərlik həm də ölkənin
maraqlarına təsir göstərən məsələlərə məsuliyyətlə yanaşmaq və milli dəyərləri
qorumaq deməkdir.
Burada mühüm məqam təhsil və vətənpərvərliyin
bir-birini tamamlamasıdır.
İdeoloji təhlükəsizliyin məqsədi manipulyasiya
və məqsədli dezinformasiyanı müəyyənləşdirə bilən cəmiyyət formalaşdırmaqdır.
Beləliklə, təhsil və vətənpərvərliyin
uzlaşdırılması informasiya məkanında mümkün çağırışlara daha hazırlıqlı olmağa,
milli maraqların qorunmasına və ictimai dayanıqlılığın möhkəmlənməsinə xidmət
edir.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı