Qarabağ Milli Parkı və "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması bölgənin təbii və tarixi irsinin qorunmasında yeni mərhələdir
Qarabağ Azərbaycanın zəngin tarixi, füsunkar təbiəti və əsrarəngiz gözəllikləri ilə seçilən diyarıdır. Bu torpağın hər guşəsi özünəməxsus təbiət mənzərələri, yaşıl meşələri və canlı aləmi ilə insanı valeh edir. Təbiətin bu gözəlliklərini qorumaq, gələcək nəsillərə çatdırmaq və onun zənginliyini tanıtmaq hər birimizin borcudur.
Qarabağın təbii sərvətlərinin dövlət səviyyəsində mühafizəsi, bölgənin ekoloji potensialının qorunması və ətraf mühitlə insan arasında harmoniyanın möhkəmləndirilməsi yolunda yeni bir səhifə açan Qarabağ Milli Parkının yaradılması çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 20 oktyabr 2026-cı il tarixli "Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında" sərəncamı bölgənin təbii zənginliklərinin mühafizəsi, ekoloji tarazlığın bərpası və dayanıqlı turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncama əsasən, Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının dövlət mülkiyyətində olan torpaqlarından ümumilikdə 88418 hektar ərazi Qarabağ Milli Parkına ayrılıb. Bu ərazi xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasına daxildir.
Sərəncamda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, təbii sərvətlərdən dayanıqlı istifadə, sosial-iqtisadi imkanların artırılması və ekoturizmin inkişafı əsas məqsədlər sırasında yer alır. Bu hədəflər regionun təbii potensialının qorunması və mövcud imkanlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində böyük rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpasından sonra daha bir təbiət guşəsinin yaradılması burada ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin əhatə dairəsini bir qədər də genişləndirir. Milli Parkın geniş ərazisi müxtəlif landşaftları, zəngin bitki örtüyünü və canlı aləmi əhatə edir. Bu, təbii ekosistemlər arasındakı əlaqələrin qorunmasına kömək edir.
Qarabağ Milli Parkı ekoturizmin inkişafı, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi və elmi araşdırmaların aparılması üçün də geniş imkanlar yaradır. Həmin imkanlardan düzgün istifadə yerli əhali üçün yeni iş yerlərinin açılmasına, xidmət sahələrinin inkişafına və bölgəyə turist marağının artmasına kömək edə bilər. Düzgün idarə olunması, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə Qarabağın təbiətinin gələcək nəsillərə çatdırılmasına və regionun inkişafına xidmət edəcək.
Qarabağın yeni yaşıl sərvətinin yaradılması "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan hədəflərlə də uzlaşır. Regionlarda turizm fəaliyyətinin təşviqi, rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması və bu sahəyə investisiyaların cəlb edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Milli Park zəngin təbiəti, rəngarəng landşaftları və özünəməxsus ekosistemləri ilə ekoturizmin inkişafı üçün yeni imkanlar yarada, Azərbaycanın turizm xəritəsində bölgənin mövqeyini daha da gücləndirə bilər.
Qarabağın təbii sərvətlərinin qorunması ilə yanaşı, bölgənin qədim tarixinin və zəngin mədəni irsinin mühafizəsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması tarixi-mədəni dəyərlərin qorunması istiqamətində mühüm addımdır. Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin dövlət qoruğu elan edilməsi bu qədim insan məskənlərinin mühafizəsinə, elmi əsaslarla tədqiqinə və beynəlxalq səviyyədə tanıdılmasına geniş imkanlar yaradır. Bu arxeoloji abidələr qədim insanların həyat tərzinin öyrənilməsi və Azərbaycanın bəşər tarixindəki yerinin daha dərindən araşdırılması baxımından qiymətli mənbələrdir. Qoruğun yaradılması Qarabağda mədəni turizmin və ekoloji-maarifləndirici fəaliyyətlərin inkişafı üçün yeni imkanlar aça bilər.
Milli Parkın və "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun əhəmiyyəti təbiətin və tarixi abidələrin mühafizəsi ilə yanaşı, digər sahələri də əhatə edir. Bu ərazilərin mühafizəsi və səmərəli idarə olunması turizmin inkişafı, yeni iş imkanlarının yaradılması və yerli sahibkarlığın genişlənməsi üçün də əlverişli şərait yarada bilər. Ekoturizm və mədəni turizm, bələdçilik xidmətləri, yerli məhsulların istehsalı və satışı, eləcə də maarifləndirici ekskursiyalar bölgənin iqtisadi potensialının reallaşdırılmasına xidmət edə bilər.
Hər iki ərazinin qorunması və düzgün idarə olunması Qarabağın təbii və tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradacaq. Milli Parkın zəngin biomüxtəlifliyi və füsunkar landşaftları, Azıx və Tağlar mağaralarının qədim tarixi və elmi əhəmiyyəti bölgənin turizm potensialını daha da rəngarəng olmasına imkan verəcək. Bu imkanlardan davamlı və məsuliyyətli şəkildə istifadə Qarabağın həm təbii, həm də mədəni sərvətlərinin gələcək nəsillərə çatdırılmasına, regionun sosial-iqtisadi inkişafına və Azərbaycanın beynəlxalq turizm məkanında tanıdılmasına xidmət edəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"