14 Noyabr 2026 08:00
879
SİYASƏT
A- A+
Zəfər yolundan başlayan Böyük qayıdış

Zəfər yolundan başlayan Böyük qayıdış


6 il öncə Füzuli-Şuşa yolunun təməli qoyulmuşdur


2020-ci il noyabrın 16-da Füzulidə atılan addım Qarabağda Zəfərlə başlayan yeni tarixin növbəti mərhələsinin - işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasının, dağıdılmış yurd yerlərinin dirçəldilməsinin və Böyük qayıdışın gerçəkləşdirilməsinin başlanğıcını qoydu. Vətən müharibəsində qazanılmış qələbənin sevinci bütün ölkəni bürüdüyü, Şuşanın azadlığı ilə milli qürur və iftixar hissinin zirvəyə yüksəldiyi vaxtda Azərbaycan Qarabağın gələcəyini qurmağa başlamışdı. 

Müharibənin başa çatmasından cəmi 6 gün sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri, Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması bu quruculuq salnaməsinin ilk səhifələrindən biri idi. Füzulinin Alxanlı istiqamətində atılan həmin addımın arxasında yüz minlərlə insanın yurduna qayıdış arzusu, bütöv bir xalqın yaddaşı və gələcəyə böyük inamı dayanırdı. Sonradan  Zəfər yolu adlandırılan 101 kilometrlik bu magistral, sadəcə, Füzulidən Şuşaya uzanan yol deyildi, həm də 30 ilə yaxın davam edən ayrılığın aradan qaldırılmasının, azad edilmiş torpaqlara qayıdışın və yeni həyatın başlanmasının rəmzi idi. 

6 il sonra həmin tarixi günə nəzər salarkən görürük ki, Füzulidə qoyulan təməl üzərində bütöv bir quruculuq strategiyası formalaşıb. Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın ən genişmiqyaslı bərpa, infrastruktur və iqtisadi inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdir. Burada yollar çəkilir, tunellər salınır, körpülər tikilir, elektrik, su, qaz və rabitə xətləri yenilənir, yaşayış məhəllələri, məktəblər, xəstəxanalar və istehsal müəssisələri yaradılır. Dağıntıların yerində müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni yaşayış məkanları formalaşır.

Zəfər yolunun əhəmiyyəti isə onun tarixi rəmzi mənası ilə yanaşı, Qarabağın nəqliyyat xəritəsində açdığı yeni imkanlarla da ölçülür. Bu gün azad edilmiş ərazilərdə müxtəlif istiqamətləri birləşdirən geniş nəqliyyat şəbəkəsi formalaşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Ağbənd və digər strateji yollar bölgənin nəqliyyat əlçatanlığını artırır. Bu yollar təkcə şəhərləri və rayonları birləşdirmir, həm də iqtisadi fəallıq, turizm, ticarət və insanların doğma yurdlarına qayıdışı üçün yeni imkanlar yaradır.

Bütün bu layihələrin mərkəzində insan amili dayanır. Qarabağın dirçəlişi, insanların doğma evlərinə qayıtması təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması deməkdir. "Böyük qayıdış" proqramı məhz bu tarixi missiyanın həyata keçirilməsinə xidmət edir. Bu gün Füzuli, Zəngilan, Laçın, Ağalı, Talış, Suqovuşan, Şuşa, Xocalı, Xankəndi, Ağdam, Cəbrayıl və digər yaşayış məntəqələrində mərhələli şəkildə məskunlaşma prosesi davam edir. 

2026-cı ilin sentyabrında açıqlanan məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə 40 mindən çox keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb, 45-dən çox yaşayış məntəqəsi bərpa olunub. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda yaşayan, işləyən və təhsil alan insanların sayı 100 minə yaxınlaşıb. Bu rəqəmlər Böyük qayıdışın ayrı-ayrı yaşayış məntəqələrinin bərpası çərçivəsindən çıxaraq geniş sosial-iqtisadi prosesə çevrildiyini göstərir.

Quruculuğun digər mühüm istiqaməti yeni iş yerlərinin açılması, bölgədə sahibkarlığın və istehsalın inkişafıdır. Ağdam Sənaye Parkı və Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada istehsal, emal, logistika və xidmət sahələrinin inkişafı üçün şərait yaradılır. Xankəndi və Xocalıda yeni müəssisələrin fəaliyyətə başlaması, Ağdərə rayonunda Dağ-mədən emalı kompleksinin işə düşməsi bölgənin iqtisadi həyatının canlanmasının konkret nümunələridir. Cəbrayılın kənd təsərrüfatı və logistika imkanları, Füzulinin nəqliyyat mövqeyi, Kəlbəcər və Laçının təbii sərvətləri, turizm potensialı yeni iqtisadi imkanların formalaşmasına zəmin yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il iyunun 5-də açıqladığı məlumata əsasən, doğma yurdlarına qayıtmış iqtisadi fəal sakinlərdən 10623 nəfərin məşğulluğu təmin edilib. Onlardan 7915 nəfəri işlə təmin olunub, 1828 nəfəri müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinə cəlb edilib. Bundan başqa, ailə təsərrüfatlarının yaradılması, peşə hazırlığı və əmək yarmarkaları vasitəsilə insanların iqtisadi həyata inteqrasiyası dəstəklənir. Bu, Böyük qayıdışın mühüm şərtini - insanın öz torpağında məskunlaşmasını deyil, həm də iqtisadi baxımdan dayanıqlı həyat qurmasını təmin etmək məqsədini əks etdirir.

Qarabağın gələcəyini müəyyənləşdirən istiqamətlərdən biri də "yaşıl enerji" potensialının reallaşdırılmasıdır. Təbii su ehtiyatları, dağ çayları, günəşli günlərin çoxluğu və külək potensialı bu regionu bərpaolunan enerji istehsalı üçün əlverişli məkana çevirir. İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji zonası"na çevrilməsi konsepsiyası çərçivəsində su-elektrik stansiyalarının bərpası və yenilərinin tikintisi, günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi davam edir. Artıq bölgədə onlarla kiçik və orta güclü su-elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalar həm yerli enerji təminatına töhfə verir, həm də təbii resurslardan səmərəli istifadə üçün yeni imkanlar yaradır. Xüsusilə Cəbrayıl rayonunda həyata keçirilən layihələr diqqətəlayiqdir. 2024-cü ilin noyabrında təməli qoyulan 240 meqavat gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyası layihəsi BP, "SOCAR Green" və Azərbaycan Biznesinin İnkişafı Fondunun iştirakı ilə reallaşdırılır. Layihənin illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. Bundan əlavə, Cəbrayılda "Üfüq" və "Şəms" günəş-elektrik stansiyaları layihələri də həyata keçirilir. Bu təşəbbüslər Qarabağın enerji potensialının iqtisadi dövriyyəyə cəlb edilməsinə, təbii qaza qənaətə və karbon emissiyalarının azaldılmasına xidmət edir. 

Bütün bunlarla yanaşı, Qarabağın dünyaya açılması təkcə yolların və hava limanlarının tikilməsi, yaxud enerji layihələrinin reallaşdırılması demək deyil, həm də bölgənin zəngin tarixi-mədəni irsinin, turizm imkanlarının, milli mətbəxinin, sənətkarlıq ənənələrinin beynəlxalq miqyasda tanıdılmasıdır. Şuşanın mədəniyyət paytaxtı kimi inkişafı, beynəlxalq tədbirlərə evsahibliyi etməsi, "Xarıbülbül" festivalı, Vaqif Poeziya Günləri, Ağdamın və digər şəhərlərin yenidən qurulması Qarabağın mədəni həyatının bərpası deməkdir. 

Təbii ki, qarşıda hələ işlər çoxdur. Minalanmış ərazilərin təmizlənməsi, infrastrukturun tam bərpası, bütün keçmiş məcburi köçkünlərin təhlükəsiz və mərhələli şəkildə doğma torpaqlarına qayıtması, yeni iqtisadi fəaliyyət sahələrinin genişləndirilməsi davamlı diqqət və böyük resurslar tələb edir. Buna görə də Qarabağda quruculuq prosesini indiyədək görülmüş işlərin nəticəsi kimi deyil, uzunmüddətli inkişaf strategiyası kimi də qiymətləndirmək lazımdır. 6 il əvvəl Füzulidə səslənən fikirlər bu gün tamam başqa bir miqyasda öz əksini tapır. O zaman Şuşaya aparan yolun təməli qoyulurdu, bu gün isə həmin yolun başlanğıcından bütün Qarabağa uzanan yeni həyat yolları çəkilib. Bir vaxtlar viran qalmış şəhərlərdə indi məktəb zəngləri çalınır, yaşayış evlərinin pəncərələrindən işıq gəlir, istehsal müəssisələrinin qapıları açılır, yeni ailələr doğma yurdlarında gələcək qururlar. Bütün bunlar bir həqiqəti göstərir - qələbədən sonrakı ən böyük vəzifə qazanılmış tarixi nəticələri davamlı inkişafla möhkəmləndirmək, azad edilmiş torpaqlarda insanların xoşbəxt və təhlükəsiz həyatını təmin etməkdir.

16 noyabr 2020-ci ildə Füzulidə atılan ilk quruculuq addımı ilə bu gün Qarabağda davam edən böyük dəyişikliklər arasında qırılmaz bir bağlılıq var. Qarabağın dünəni ağrı və ayrılıqla, bu günü qayıdış və quruculuqla, sabahı isə iqtisadi inkişaf, müasir texnologiyalar, "yaşıl enerji" və beynəlxalq əməkdaşlıq perspektivləri ilə səciyyələnir. Tarixin bu 6 ili xalqımızın yaddaşında təkcə azad edilmiş torpaqlara qayıdış dövrü kimi deyil, həmin torpaqlarda yeni həyatın, iqtisadiyyatın və gələcəyin qurulduğu mərhələ kimi qalır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!