Azərbaycanda
hələ sovetlər dönəmi zamanı orijinal yaradıcılıq üslubu ilə fərqlənən və müasir
sənət üsullarından bəhrələnməklə cəlbedici sənət nümunələri yaradan rəssamlardan
biri də Fərhad Xəlilovdur.
Fərhad
Qurban oğlu Xəlilov 1946-cı ildə tanınmış dövlət xadimi Qurban Xəlilovun ailəsində
dünyaya göz açıb. O, lap kiçik yaşlarından rəsm çəkməyə, rəssamlıq sənətinə
maraq göstərib. Bu barədə F.Xəlilovun atası öz xatirələrində belə qeyd edib:
"Hələ xeyli gənc yaşlarında Fərhadın rəngli karandaşlarla çəkdiyi təbiət mənzərələri
insanın gözünü oxşar, gözəlliyi ilə hamını valeh edərdi".
F.Xəlilov
ilk ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunda (1961-1966), sonra Moskva Bədii Ali Sənaye Məktəbində (1966-1968),
daha sonra isə Moskva Poliqrafiya İnstitutunda (1969-1975) alıb. O, 1967-ci ildən
yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak etməyə başlayıb. 1969-cu ildən
SSRİ Rəssamlar İttifaqının üzvü olmuş rəssamın əsərləri doğma vətəni ilə
yanaşı, müxtəlif ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında
saxlanılır.
İndiyədək rəssam
bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Ölkəmizlə yanaşı, Rusiya,
Fransa, Almaniya, İngiltərə, Gürcüstan və digər ölkələrdə əsərlərindən ibarət fərdi
yaradıcılıq sərgiləri təşkil olunub. F.Xəlilov həmçinin ictimai fəaliyyətlə də
məşğuldr. O, uzun müddətdir Azərbaycan Rəssamlar İttifaqının sədridir.
F.Xəlilovun
uğurlu yaradıcılıq və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
O, 2002-ci ildə Xalq rəssamı fəxri adına, 2006-cı ildə "Şöhrət",
2016-cı ildə "Şərəf" və nəhayət, "İstiqlal" ordenlərinə
layiq görülüb. Rəssam həmçinin Fransanın "Şevalye" ordeni ilə
mükafatlandırılıb, Rusiya Bədii Akademiyasının akademiki seçilib, Rusiya Rəssamlıq
Akademiyasının gümüş və qızıl medalları ilə təltif olunub. F.Xəlilov 2016-cı
ildən Roma Rəssamlıq Akademiyasının fəxri professorudur.
Adətən, rəssamın
yaradıcılıq nümunələrinə nəzər yetirdikdə, onun hansı janrda və hansı üslubda
işləmiş olduğunu müəyyən etməyə çalışırsan. Amma yaradıcılığına bələd olduğumuz
F.Xəlilovun yaradıcılığında bu istiqamətin müəyyən edilməsi bir qədər çətindir.
Bunu rəssamın yaradıcılığa və sənətə olan fərdi münasibəti kimi dəyərləndirmək
doğru olardı. Rəssama görə, janrın və ya üslubun seçilməsi o qədər də önəmli
deyil. Əsas odur ki, sən yaratmış olduğun əsərinlə nə demək istədiyini
tamaşaçıya hiss etdirə, çatdıra biləsən.
Rəssamın
yaradıcılığını şərti olaraq iki dövrə bölmək olar: yaradıcılığının ilk
vaxtlarından müstəqillik illərinə qədər olan və müstəqillik illərindən sonrakı
dövrlər.
F.Xəlilovun
yaradıcılığında mənzərə janrında yaradılmış əsərlər üstünlük təşkil edir. Rəssam
təbiəti, xüsusən də Abşeronu təsvir etməkdən yorulmur. O, artıq bir çox sənətşünaslar
tərəfindən qəbul edilən "Abşeron rəssamlıq məktəbi"nin tanınmış nümayəndələrindən
biridir. O, Abşerona məxsus tipik memarlıq nümunələrini, qədim yaşayış tikililərini
və hamamları, dolanbac yolları, tükənməz ilham mənbəyi olan Xəzər dənizini,
onun qızılı qumlu sahillərini və ecazkar dəniz ləpələrini ilin müxtəlif
vaxtlarında və günün müxtəlif saatlarında təsvir etməkdən böyük zövq alır. F.Xəlilov
yaradıcılığının birinci dövründə daha çox təbiətə bağlanmış, ona yer ayırmış,
sirlərlə dolu mistik təbiət dəyişikliklərini, təbiətdə mövcud olan incə
nüansları incə rəssam qəlbi və xüsusi həssaslıqla müşahidə edərək özünün
lirik-emosional və ekspressiv duyğulu bədii tablolarında ustalıqla əks
etdirmişdir. Sadaladıqlarımıza və eyni zamanda rəssamın yaradıcılığının birinci
dövrünə aid olan əsərlərinə misal olaraq "Buzovnada" (1964),
"Görədildə" (1966), "Görədil" (1967), "Mərdəkanda
yağış" (1967), "Yağışdan sonra" (1967), "Buzovnada küçə"
(1968), "Dənizə yol" (1969), "Buzovnada qayalıqlar" (1971),
"Çiçəklənən nar ağacı" (1973), "Buzovna" (1973),
"Buzovnada payız" (1973), "Avqust" (1973), "Buzovnada
yay" (1975), "Buzovna. İsti küçə" (1975), "Çiçəklənən badam
ağacı" (1976), "Buzovnada bahar" (1976), "Sahildə küləkli
axşam" (1976), "Yağışlı gün" (1976), "Payız
günü"(1979), "Zirədə gecə"(1982), "Sahildə qar"(1982),
"Qala kəndində" (1984), "Maştağada axşam" (1985), "Çiçəklənən
heyva ağacı" (1989) və başqa əsərlərini göstərmək olar.
F.Xəlilovun
əsərlərində insan təsvirlərinə çox az-az rast gəlirik. Rəssamın təbiəti təsvir
etdiyi tablolarında isə, demək olar ki, insanlara yer ayrılmayıb. Bəlkə də rəssam
ilahinin lütfü ilə yaradılmış, ən sirli mətləbləri özündə gizlədən, hələ bəşər
övladının dağıdıcı müdaxiləsinə düçar olmamış, özünün heyrət doğuracaq paklığı
və heyranedici füsunkarlığı ilə insanı valeh edən sonsuz ideal məkan anlayışını
maddi materiya səviyyəsində qavranılmasını və qəbul edilməsini istəmir. Rəssam
daha çox insanı düşündürən, onu mənəvi saflığa, kamilliyə səsləyən və onda təbiətə,
insana və gözəlliyə sevgi oyadan fəlsəfi baxışları ayrı-ayrı kompozisiyalar şəklində
kətan üzərində, əlvan rəng çalarları və özünün fərdi yaradıcılıq üslubu ilə əks
etdirir. Musiqiyə xüsusi sevgisinin olması da rəssamın yaradıcılığına təsirsiz
ötüşməyib. Onun yaradıcılığında və müəllifi olduğu sənət nümunələrində
poetiklik, lirizm, melodiklik xüsusiyyətləri özünü qabarıq surətdə büruzə
verir.
F.Xəlilovun
yaradıcılığının ikinci dövrünü əhatə edən əsərlərə tamaşa etmiş olsaq, yenə də
zamanın, məkanın, mövzunun eyni olduğunu hiss edərik. Lakin burada artıq rəssamın
sadalananlara münasibətinin tamam fərqli olduğunu, obyektə başqa aspektdən
yanaşdığını və tam fərqli bir ovqat yarada biləcək tablolar yaratdığının fərqinə
vardığını müşahidə etmək mümkündür. İnsan vaxt ötdükcə həyatda təkrarlanan eyni
hadisəni və faktı ikinci dəfə tam fərqli biçimdə qəbul etdiyini, yanaşdığını və
qavradığını bəlkə o qədər də dərindən hiss etmir. Bu, artıq onun idrakı,
dünyagörüşü və intellektual səviyyəsinin insanın özündən asılı olmayan səbəblərdən
doğan əlamətlərlə bağlıdır. Haradasa bu amilin inkişafını sürətləndirən mühit
faktını vurğulamaq doğru olar.
F.Xəlilovun
yaradıcılığının ikinci dövrünə "Nardaranda qış" (1991),
"Nardaranda bahar" (1992), "Görədildə dəniz" (1993),
"Yolda" (1993), "Dənizdə işıq" (1993), "Yolda
görüş" (1997), "Bahar" (1997), "Sahədə" (1998),
"Paris motivi" (2000), "Musiqi pillələrdə" (2001),
"Yay" (2001), "Dağlarda yağış" (2003), "Sahildə
axşam" (2003), "Görüş" (2004), "Maştağada bahar"
(1989-2001), "Sahildə yay" (1989-2001), "Sahildə ev"
(1989-2002), "Qış günü" (1983-2003) əsərlərini və "Görüş"
(1983-2003), "Torpağın naxışları", "Gözlənilməz baxış"
(1977-2006), "Dərketmə" seriyalarına daxil olan və müxtəlif vaxtlarda
yaradılmış çoxsaylı maraqlı və diqqəti cəlb edən əsərləri daxil etmək olar. Bu əsərlər
daha çox fəlsəfi mahiyyəti və özünün məna-məzmun dolğunluğu ilə diqqəti çəkir.
Rəssamın əsərlərinin
kolorit həlli xüsusi ilə qeyd edilməlidir. O, daha çox isti rənglərə üstünlük
verir. Onun palitrasında rənglərin bolluğu, rəng yaxılarının ekspressivliyi, əlvan
yaxı manerası və işıq-kölgə həllinin mükəmməlliyi tam aydınlığı ilə nəzərə çarpır.
Rəssam əksər hallarda rəng amilini və kompozisiyanın ümumi kolorit həllini əsərin
ifadəsinin əsas özəyi kimi qəbul edir. Bu baxımdan onun əsərlərində kolorit həllinin
kamilliyi diqqəti cəlb edən mühüm cəhətlərdəndir.
80 illiyi
münasibətilə qələmə aldığımız bu qeydləri rəssamın öz sözləri ilə bitirmək istərdik:
"Bütün Qarabağı ayaqyalın gəzmişəm. Bu gün mənim əsərlərimə baxsanız görərsiniz
ki, Azərbaycan, Qarabağ, Bakı, Abşeron hamısı bir-birinə qarışıb. Amma Abşeron
fərqlidir. Onun gözəlliyini hər adam görə bilmir. Sadəlik və gizli gözəllik -
bax, budur mənim sevdiyim cəhətlər".
Əsəd
QULİYEV,
sənətşünas,
Azərbaycan
Milli İncəsənət Muzeyinin şöbə müdiri,
Rəssamlar
İttifaqının üzvü