24 Oktyabr 2026 08:20
216
PARLAMENT
A- A+
Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı


Oktyabrın 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə özünün başçılığı ilə nümayəndə heyətinin oktyabrın 18-dən 20-dək Qırğız Respublikasına etdiyi rəsmi və işgüzar səfərlər barədə məlumat verib. Rəsmi səfərin gedişində Qırğız Respublikasının Prezidenti Sadır Æaparov ilə görüş olub. Görüşdə Qırğızıstanla Azərbaycan arasında münasibətlərin xüsusi xarakter daşıdığı vurğulanıb.  Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyəti qeyd edilib. Görüşdə parlamentlərarası əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub.

Səfər çərçivəsində Milli Məclisin Sədri  və nümayəndə heyəti Qırğız Respublikası Æoqorku Keneşinin Sədri Marlen Mamataliyev ilə görüşüb. Görüşdə Azərbaycanla Qırğızıstanın müttəfiqlik münasibətlərinə uyğun olaraq, parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyinə toxunulub, dostluq qrupları arasında  təmasların artırılmasının zəruri olduğu bildirilib, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi məsələsi nəzərdən keçirilib.

Milli Məclis Sədrinin sözlərinə görə, Qırğız Respublikasına işgüzar səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək idi. Oktyabrın 20-də Parlament Assambleyası Şurasının iclasında təşkilatın fəaliyyəti ilə bağlı məsələlər və onu gücləndirməyin perspektivləri nəzərdən keçirilib. Həmin gün TÜRKPA-nın 15-ci plenar iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclasda çıxış edərək türk dövlətlərinin qarşılıqlı əlaqəsinin gücləndirilməsində və parlament diplomatiyasının inkişafında təşkilatın artan rolundan danışıb. Spiker çıxışında model qanunvericilik bazasının formalaşdırılmasına, daimi komissiyaların fəaliyyətinə, qadın parlamentarilərin və gənc parlamentarilərin işinə xüsusi diqqət yetirib. 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin indiki dövrdə ölkələrimizin qarşılaşdığı təhdidlər barədə fikirlərini çatdırdım. Bu baxımdan gənclər siyasəti sahəsində birgə işi gücləndirməyin zəruriliyini də qeyd etdim. 

Müzakirələrdə süni intellekt və rəqəmsal inkişaf məsələləri mühüm yer tuturdu. Mən dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən siyasət barədə məlumat verdim. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətindən danışdım. Həmçinin Milli Məclisin bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi üzərində fəal iş apardığını da qeyd etdim. Onu da deyim ki, hörmətli həmkarlar, nümayəndə heyətimizin üzvləri həm TÜRKPA-nın plenar iclasında, həm də digər tədbirlərdə fəal iştirak etdilər. Parlament Assambleyasında komitə sədri, komitə sədrinin müavini və seçki müşahidə missiyasının üzvü olan deputatlarımız plenar iclasda hesabat, tövsiyə qərarları və seçkilərin müşahidəsinin nəticələri barədə məlumat təqdim etdilər. Milli Məclis Aparatının əməkdaşı müəllifi olduğu model qanun layihəsi barədə fikirlərini bildirdi. Eyni zamanda deputatlarımız üzvü olduqları qadın parlamentarilər qrupunun və gənc parlamentarilər qrupunun iclaslarında da çıxış etdilər", - deyə spiker bildirib. 

Milli Məclisin Sədri bildirdi ki, iclasdan sonra parlament rəhbərlərinin birgə mətbuat konfransında qeyd edilib ki, aparılmış müzakirələr və qəbul edilmiş qərarlar TÜRKPA çərçivəsində əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır. 

Diqqətə çatdırılıb ki, səfər çərçivəsində Qırğızıstan Prezidenti TÜRKPA üzvü olan parlamentlərin rəhbərlərini qəbul edib. Aparılan söhbət zamanı türk xalqları arasında inteqrasiya proseslərinin dəstəklənməsində və qarşılıqlı etimadın möhkəmləndirilməsində assambleyanın rolu nəzərdən keçirilib. 

Milli Məclisin Sədri səfərin gedişində Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebay ilə də görüşüb. Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının rolu vurğulanıb. Həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə işin əhəmiyyəti qeyd edilib. 

Bildirilib ki, nümayəndə heyətimiz "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksini də ziyarət edib, həmçinin Bişkekdə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyində olub. 

Çıxışına yekun vuran Milli Məclisin Sədri Qırğız Respublikasına rəsmi və işgüzar səfərlərin uğurlu keçdiyini qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirib. 

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Milli Məclisin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Kamal Cəfərov, Azay Quliyev, Rizvan Nəbiyev, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Tural Gəncəliyev, Razi Nurullayev, Ceyhun Məmmədov gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini bölüşüblər. Bildirilib ki, Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları sülh prosesinə ciddi maneə törədir. Ermənistan tərəfinin sülh gündəliyi ilə bağlı nümayiş etdirdiyi qeyri-ardıcıl mövqe, rəsmi İrəvanın regional sabitliyə qeyri-ciddi yanaşdığını göstərir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi bəyanatlarında vurğulandığı kimi, Ermənistandan süni şəkildə "sülh göyərçini" yaratmaq istəyənlər bu ziddiyyətli mənzərəni düzgün qiymətləndirməlidirlər. Dövlət başçımızın "Ermənistanla sülh kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" xəbərdarlığı İrəvanın qeyri-konstruktiv addımlarına qarşı verilmiş ciddi siqnaldır. 

Dövlətlərarası əlaqələrin nizamlanmasında sülh müqaviləsinin imzalanmasının önəmi qeyd olunaraq diqqətə çatdırılıb ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, o cümlədən regional kommunikasiyaların açılması, öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarının aradan qaldırılması və etimad mühitinin yaradılması istiqamətində real addımlar atmalıdır.

Müzakirələr zamanı Azərbaycan xalqının öz əzəli torpaqlarını işğaldan azad etdiyi tarixi günləri böyük qürur hissi ilə qeyd etdiyi, o cümlədən 25 oktyabr tarixinin Qubadlı Şəhəri Günü kimi qeyd olunduğu bildirilib. Diqqətə çatdırılıb ki, hazırda bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri, habelə bu ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində görülən təqdirəlayiq tədbirlər regionun sürətli dirçəlişini təmin edir və Böyük qayıdış proqramının uğurla reallaşdırılmasının bariz nümunəsidir.

Milli Məclisin Sədri Sahibə Qafarova iclasda 12 məsələnin müzakirə ediləcəyini söyləyib. O qeyd edib ki, gündəliyin birinci məsələsi  Azərbaycan Respublikası Hesablama Palatası auditorunun təyin edilməsi haqqında qərar layihəsidir. 

Spiker nəzərə çatdırıb ki, Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinin 4-cü hissəsinə və "Hesablama Palatası haqqında" qanunun 11.3-cü maddəsinə uyğun olaraq, bu vəzifəyə təyinat Milli Məclis Sədrinin təqdimatı əsasında parlament tərəfindən həyata keçirilir. Sahibə Qafarova Hesablama Palatasının auditoru vəzifəsinə Hafiz İsmayılbəylinin yenidən təyin olunmasını tövsiyə etdiyini bildirib. Qeyd edib ki, Hafiz İsmayılbəyli ötən 7 ildə Hesablama Palatasının auditoru olub. O vəzifədə özünü səriştəli mütəxəssis kimi göstərib, lakin vaxtı bitib. Yenidən təyin ediləcəyi halda vəzifəsinin öhdəsindən uğurla gələcək. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclis Sədrinin təqdimatı əsasında Hafiz Mahir oğlu İsmayılbəylinin Hesablama Palatasının auditoru vəzifəsinə yenidən təyin edilməsi məsələsinə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib. Namizədliyin yenidən irəli sürülməsinin onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olduğunu deyib. Komitə sədri Hafiz İsmayılbəylinin fəaliyyəti barədə ətraflı məlumat verərək onun təhsilini, peşəkarlığını, maliyyə idarəçiliyi və dövlət auditi sahəsində təcrübəsini nəzərə alaraq, parlament sədrinin təqdimatının komitə üzvləri tərəfindən dəstəkləndiyini bildirib.

H.M.İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin Sədri bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyqun olaraq bir oxunuşda qəbul ediləcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov məsələ barədə məlumat verərək bildirib ki, qanun layihəsi ilə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində Dubay şəhərində keçirilmiş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilməsi nəzərdə tutulur. 

Qeyd olunub ki, Radiorabitə Reqlamenti - qlobal telekommunikasiya xidmətlərinin ahəngdar inkişafı, radiotezliklərin dövlətlər arasında qarşılıqlı koordinasiyası, maneəsiz fəaliyyəti üçün Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnamə və Konvensiyasına əlavə olaraq qəbul edilən beynəlxalq hüquqi sənəddir və radiotezliklərin spektrinin, habelə peyk orbitlərinin qlobal səviyyədə istifadəsi üçün nəzərdə tutulub. Reqlamentdə edilmiş dəyişikliklər radiotezliklərin xidmətlər üzrə bölgüsünü, peyk şəbəkələri və sistemlərinin koordinasiyasını, tezlik təyinatları barədə bildirişlərin verilməsini və onların qeydiyyatını əhatə edir.

Diqqətə çatdırılıb ki, qanun layihəsinə əlavə edilmiş bəyanat Azərbaycan Respublikasının suveren hüquqlarının və telekommunikasiya sahəsində milli maraqlarının qorunmasına yönəlib. Bəyanata əsasən, BTİ-nin hər hansı üzv dövləti İttifaqın Nizamnaməsinə və Konvensiyasına, Radiorabitə Reqlamentinə və Konfransın Yekun Aktlarının müddəalarına riayət etmədikdə və ya onların yerinə yetirilməsini dayandırdıqda Azərbaycan Respublikası öz maraqlarını qorumaq üçün zəruri hesab etdiyi tədbirləri görmək hüququnu saxlayır. Bu hüquq digər ölkələrin bəyanat və qeyd-şərtlərinin Azərbaycanın telekommunikasiya xidmətlərinin dayanıqlı işini təhlükə altına qoyduğu və ya Azərbaycan Respublikasının suveren hüquqlarının həyata keçirilməsini pozduğu hallara da şamil edilir. 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə təmsil etdiyi komitənin müsbət rəy verdiyini vurğulayıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda daha sonra "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri qəbul olunub.

Daha sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.

Layihə ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 42-ci maddəsinə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 32-ci maddəsinə yeni müddəalar əlavə olunur. Həmin müddəalara əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur. 

Bundan əlavə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 45-ci maddəsinin və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 31.5-ci maddəsinin "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəaları yeni redaksiyada verilir. Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyənləşdirilir.

Müzakirələrdə parlament sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Siyavuş Novruzov, deputatlar Sahib Alıyev və Bəhruz Məhərrəmov çıxış ediblər. Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri bildirib ki, növbəti iki məsələ mahiyyətcə bir-birinə yaxın qanun layihələridir  və Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. Spiker bildirib ki, müzakirə olunan məsələlərlə bağlı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və nazirliyin Hüquq şöbəsinin müdiri Yaşar Abdullayev də iclasda iştirak edirlər.  Təklifə əsasən, qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə, səsvermələri isə ayrı-ayrılıqda keçirilib.   

Gündəliyin doqquzuncu məsələsi olan "Aqrar sahə haqqında" qanun layihəsi (birinci oxunuş) barədə məlumatı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib. Komitə sədri bildirib ki, yeni qanun layihəsi aqrar sahədə dövlət tənzimləməsinin və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir. Aqrar sektorun müxtəlif istiqamətlərini əhatə edən sənəd bu sahənin idarə olunması və inkişafı üçün hüquqi çərçivə yaradır. Qanun layihəsinin əsas məqsədləri ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd yerlərinin dayanıqlı inkişafı, məşğulluğun artırılması, kənddən şəhərə miqrasiyanın azaldılması, aqrar sahənin rəqabət qabiliyyətinin və investisiya cəlbediciliyinin yüksəldilməsi, ixrac potensialının genişləndirilməsidir. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, ixtisaslı kadrların hazırlanması, bitki və heyvan sağlamlığının qorunması, eləcə də iqtisadi fəaliyyətin şaxələndirilməsi də layihənin əsas istiqamətlərindəndir.

Layihədə torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi kimi müəyyənləşdirilir. Torpaq sahələrinin konsolidasiyasının və kooperativləşmənin təşviqi, əkin sahələrinin yandırılmasının qarşısının alınması və torpaqlardan səmərəli istifadə ilə bağlı müddəalar nəzərdə tutulur. Həmçinin aqrokimyəvi xəritələrin yenilənməsi, müasir suvarma sistemlərinin tətbiqi kimi məsələlər tənzimlənir.

Qanun layihəsində ərazilərin bitki növləri və heyvan cinsləri üzrə rayonlaşdırılması, bunun dövlət dəstəyi tədbirlərində nəzərə alınması, növbəli əkin sisteminin tətbiqi və aqrotexniki tələblərə əməl olunması, heyvandarlıq sahəsində yem payı və minimal kəsim çəkisi kimi məsələlər də əksini tapıb.

Sənədə əsasən, aqrar kooperativlərə satış məntəqələri təşkil etmək və bazarlarda ticarət yerləri əldə etmək hüququ verilir. Bundan əlavə, müvafiq qurum tərəfindən göstərilən 30-dan artıq aqrar xidmətin ilk dəfə vahid siyahı şəklində qanunvericilikdə təsbit olunması təklif edilir.

Komitə sədri vurğulayıb ki, aqrar sektorda səmərəli idarəetmə, dövlət qurumları arasında koordinasiya və bütün iştirakçılar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Təqdim olunan qanun layihəsi məhz bu münasibətlərin hüquqi əsaslarını müəyyənləşdirməklə aqrar sahənin vahid və sistemli şəkildə tənzimlənməsinə, dayanıqlı inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin daha etibarlı təmin olunmasına xidmət edir.

Gündəliyin onuncu məsələsi olan Mülki Məcəllədə, "Kredit ittifaqları haqqında", "Büdcə sistemi haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı da Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. O bildirib ki, sənəd  "Aqrar sahə haqqında" yeni qanun layihəsindən irəli gələrək hazırlanıb və onun normalarının, o cümlədən həmin qanunda istifadə olunan anlayışların müvafiq sahəvi qanunlarda əks etdirilməsi məqsədi daşıyır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov onuncu məsələ ilə bağlı komitələrinin müsbət rəylərini diqqətə çatdırıblar. 

Hər iki qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri bildirib ki, gündəliyin sonuncu iki məsələsi də mahiyyətcə bir-birinə yaxın qanun layihələridir və Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. Spikerin təklifi ilə qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə, səsvermələri isə ayrı-ayrılıqda keçirilib.

"Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsi (birinci oxunuş) barədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Komitə sədri bildirib ki, layihə aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanmışdır. Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir. 

İstehsalçılar hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə maliyyə təşkilatlarına və təchizatçılara təklif edirlər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur.

Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər.

Qanun layihəsinin qəbulu aqrar istehsalçıların maliyyə resurslarına çıxışını genişləndirəcək, kənd təsərrüfatının maliyyələşdirilməsi mexanizmlərini təkmilləşdirəcək və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək.

On ikinci məsələ - Mülki Məcəllədə və "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, dəyişikliklər "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsindən irəli gələrək hazırlanıb. Belə ki, aqrar sektorda yeni maliyyə aləti kimi qanunvericiliyə daxil edilən məhsul şəhadətnaməsinin qiymətli kağız kimi hüquqi statusu Mülki Məcəllədə təsbit olunur. Həmçinin "İcra haqqında" qanuna təklif olunan dəyişikliklərə əsasən, məhsul şəhadətnaməsinin müstəqil icra sənədi kimi tanınması və icraya yönəldilməsi nəzərdə tutulur. 

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu qanun layihəsinə dair rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirib. 

Qanun layihələri birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!